ÜNLÜ TÜRK FİLOSOFU ƏBDÜLHƏSƏN BƏHMƏNYAR ƏL-AZƏRBACANİNİN FƏLSƏFİ DÜNYAGÖRÜŞÜ
22-01-2024, 11:24
Türk fəlsəfi fikir tarixi lazımınca araşdırılmadığından bəzi tədqiqatçılar tərəfindən belə bir yanlış fikir irəli sürülmüşdür ki,orta əsrlərdə Fərabidən,İbn Sinadan və Birunidən başqa peşəkar Türk filosofu olmamış,Türk fəlsəfi fikri yalnız ayrı-ayrı şair və yazıçıların əsərlərində bu və ya digər dərəcədə öz əksini tapmışdır. Doğrudur,Türk şair və yazıçılarının əsərləri fəlsəfi,etik,estetik fikir,bədii düşüncə və ictimai ideyalarla zəngindir .Bütün bunlara baxmayaraq adları çəkilən filosoflar və ayrı-ayrı şair və yazıçılarla yanaşı Bəhmənyar , Eynəlqüzat Miyanəci,Şihabəddin Yəhya Sührəverdi,Siracəddin Urməvi,Nəsirəddin Tusi və s.kimi peşəkar Türk filosofları da Türk fəlsəfi fikir tarixinin üfüqlərini daha da genişləndirmiş, bəzi yanlış fikir və mülahizələri alt-üst etmişlər.
XI əsrdə yaşayıb yaratmış ən ünlü Türk filosofu Əbülhəsən Mərzban oğlu Bəhmənyar əl-Azərbaycanidir .Bəhmənyar Şərqin Fərabi, İbn Sina və İbn Rüşt kimi dörd böyük filosofundan və Şərq peripatetizminin ən görkəmli nümayəndələrindən biri , Azərbaycan peripatetik fəlsəfi məktəbinin banisidir.
Bəhmənyarın anadan olma tarixi tam bəlli olmasa da tədqiqatçılar onun böyük Türk filosofu İbn Sinanın ölümündən 30 il sonra ,yəni 1066-cı ildə vəfat etdiyini göstərmişlər. (Bax:Əl- Beyhəqi Zəhirəddin,Tətimmət “Sauan əl-hikmə “, Lahur ,hicri 1351,səh.92; Məhəmmədəli Tərbiyət,Danişməndani- Azərbaycan, Bakı 1987,səh.52;Zakir Məmmədov,Bəhmənyarın fəlsəfəsi ,Bakı 1983,səh.61 ).
Bəhmənyarın yaradıcılığına bir sıra əsər və məqalə həsr edilsə də onun fəlsəfi dünyagörüşü haqqında ən sanballı tədqiqat əsəri Azərbaycan alimi Zakir Məmmədovun “Bəhmənyarın fəlsəfəsi “ adlı əsəridir ( Bax:Zakir Məmmədov , Bəhmənyarın fəlsəfəsi , “ Elm “Nəşriyyatı, Bakı 1983 ) .
Tədqiqatçılar göstərirlər ki , Mövlana Bəhmənyar fəlsəfənin ən çətin və mürəkkəb məsələləri ilə bağlı tədqiqat aparmış , ömrünün çox hissəsini fəlsəfi məsələlərin həllinə və hikmət sirlərinin aydınlaşdırılmasına həsr etmişdir ( Seçmələr bizimdir – A.M. Bax : Məhəmmədəli Tərbiyət ,Danişməndani- Azərbaycan , Görkəmli elm və sənət adamları , Azərbaycan Dövlət Nəşriyyatı , Bakı 1987 , səh .52 ) .
Filosofun “ Təhsil kitabı “, “ Məntiqə dair zinət kitabı”, “ Gözəllik və səadət kitabı “,“ Musiqi kitabı “,“Metafizika elmi- nin mövzusuna dair traktat “ və “ Mövcudatın mərtəbələri “ adlı əsərləri müəllifinə Şərqdə böyük şöhrət qazandırmış , özündən sonrakı filosofların yaradıcılığına qüvvətli təsir gös- tərmişdir . Əbül Abbas Ləvkəri , Əfzələddin Xunəci ,Nəsirəd – din Tusi və Siracəddin Urməvi kimi filosoflar onun davamçıla-rı olmuşlar
Bəhmənyarın əldə olan əsərlərini geniş şəkildə təhlil edən fəlsəfə elmləri doktoru Zakir Məmmədov qeyd edir ki, “ Təhsil “ əsəri Bəhmənyarın yaradıcılığında xüsusi yer tutur.
“ Təhsil “ əsərinin birinci hissəsi öz-özlüyündə var olan “ Zəruri Varlığın “ ( Allahın-A. M. ) dərk olunması və onun atri- butlarının sayı haqqındadır . Burada müəllif göstərir ki ,Vacib ( və ya Zəruri ) Varlıq Təkdir , substansiya deyildir, cisim de – yildir .Onun Varlığı əqlidir, dərkedən və dərkolunandır.Vacib Varlıq xalis xeyirdir , Haqdır .
Bəhmənyarın “ Təhsil “ əsəri riyaziyyat istisna olmaqla Şərq peripatetizminin nəzəri fəlsəfəsinin məzmununu əks et- dirir . Müəllifin“Təhsil “ əsəri orta əsrlərə aid Məntiq , Meta- fizika və Fizikanı ,yəni Təbiət elmlərini və Təbiətşünaslığın fəlsəfi məsələlərini öyrənmək baxımından mühüm əhəmiy-yət kəsb edir .
Filosofun “ Varlıq təlimi “ nin əsasını Varlıq və onun hissələri , Materiya və forma , Cisim və onun hərəkəti təşkil edir . Müəllifə görə , hər şeyin əsasını ən ümumi mənada Var- lıq təşkil edir .Bütün Varlığı “ Vacib “ və “Mümkün “ olmaqla iki qismə ayıran Bəhmənyara görə , Vacib Varlıq zəruridir , mütləq mövcuddur , səbəbsizdir .Mümkün Varlıq isə qeyri – mövcud və mövcud fərz ediləndir. Onun varlığı və yoxluğu birsəbəblidir , daha doğrusu , o , nəticədir .
Bəhmənyarın “ Varlıq təlimi “ ndən bəhs edən onun ən mükəmməl tədqiqatçısı Fəlsəfə Elmləri Doktoru Zakir Məmmədov bununla bağlı Yunan və Şərq filosoflarının fikir və mülahizələrini müqayisəli şəkildə şərh edərək göstərir ki , Bəhmənyarın ontoloji görüşləri ilə Aristotelin ,Fərabinin və xüsu- silə İbn Sinanın ideyaları arasında hədsiz yaxınlıq olsa da mühüm məsələlərin şərhində və təhlilində XI əsr Azərbaycan filosofunun orijinal və özünəməxsus fikirləri əsas yer tutur .Belə ki,Bəhmənyarın fikrinə əsasən,Varlığın məntiqi tərifinin çətinliyi üzündən Onun şərhində çoxları səhvə yol vermişlər.Filosofa görə ,həmin şəxslər Varlığın real gerçəkliyinə onun təsir edən və ya təsirlənən olması baxımından yanaşdıqları üçün məsələnin mahiyyətini şərh edə bilməmişlər . Zira təsir edən və təsirlənən şeylər Mövcudatın hissələridirlər .Mövcu- dat təsir edən və təsirlənən şeylərdən daha artıq dərəcədə məlumdur .Bəhmənyar Vacib Varlıq haqqında “ Səbəbi olma- yan Varlıq “ , “ İlk səbəb “ və “ Tək “ ifadələrini işlətmiş və gös- tərmişdi ki , “ Qarşımıza çıxan iki şeydən biri səbəb , digəri nəticədir” ( Seçmələr bizimdir –A. M . Bax : Zakir Məmmədov, göstərilən əsəri , səh.93,94,95,96 ) .
Bəhmənyar fəlsəfəsinin əsaslarından biri də onun “İdrak nəzəriyyəsi “dir . Bəhmənyar idrak prosesinin iki mərhələdən -- hissi və əqli mərhələdən keçdiyini göstərmişdir .
Bəhmənyar İdrakın hissi mərhələsini də iki qismə bölmüş və göstərmişdir ki , hisslər xarici və daxili duyğulardan ibarətdir. Xarici hisslərə toxunma , dadbilmə , iybilmə , eşitmə və görmə üzvləri daxildir . Canlıvarlıq toxunma üzvü sayəsində canlıdır . Toxunma duyğusundan məhrum olub diri üalmaq mümkün deyil. Ən güclü həzzlər və ələmlər toxunma duyğusu ilə baş verir . Toxunma duyğusu ilə istilik , soyuqluq , rütubət və quruluq, ağırlıq və yüngüllük , bərklik və yumuşaqlıq ,kələkötürlük və hamarlıq kimi keyfiyyətlər qavranılır . Toxunma duyğusu ən çox ürəyə və ondan çıxan Ruha təsir göstərir .
Dad bilmə duyğusu dadılan şeylə təmasda olanda bilinir.İy bilmə duyğusu iybilmə orqanı, yəni burunla duyulur .Eşitmə duyğusu eşitmə orqanı , yəni qulaqlar vasitəsilə duyulur.Görmə duyğusu,gözlə bağlı olub görünən şeyin gözdəki inikaşıdır .( Seçmələr bizimdir – A.M.Bax:Bəhmənyar Əbülhəsən ibn Mərzban,Kitab ət-Təhsil,Tehran 1971 , səh.820 ) .
Daxili duyğulara isə filosof müştərək hissi , fəhmi ,xəyalı, yaddaşı və təfəkkürü aid edir.Bu duyğulardan bəzisi hissi şeylərin surətlərini,bəziləri isə onların mənalarını qavrayır . Surətləri qavrayan qüvvə “ Müştərək hiss “ adlanır . Müştərək hiss bütün duyulan şeyləri xarici hisslər yolu ilə qəbul edən bir qüvvədir.Müştərək hissin saxlama yeri yaddaşdır .Xəyal surəti , yaddaş isə surətlə bərabər alınmış mənanı da yadda saxlayır .
Bəhmənyar xarici və daxili hissi qüvvələri vəhdətdə --biri digərini tamamlayan İdrak mərhələsi kimi götürmüş və göstərmişdir ki,duyğu təkrarlandıqda yaddaş olur,yaddaş tək- rarlandıqda isə təcrübəyə çevrilir . Filosof hiss İdrak formalarının sadədən mürəkkəbə doğru inkişafını şərh etmiş və göstərmişdir ki,yaddaş qüvvəsi fəhmə,zəkaya və idraka xidmət edir . Bədəndə fəhmdən,zəkadan və idrakdan öncə olan qüvvələrin hamısı yaddaş və təxəyyül qüvvəsinə,qalan beş duyğu isə müştərək hissə xidmət edir.Təxəyyül qüvvəsi heyvani Nəfsə, təfəkkür qüvvəsi isə İnsani Nəfsə xidmət edir.Təfəkkür qüvvəsi əqli İdrakın mümkün olmasını təmin edir,daha doğrusu,İnsani Nəfs əqli İdraka da malik olur ( Seçmələr bizimdir- A . M . Bax : Bəhmənyar ,Kitab ət-Təhsil ,səh.819 ) .
Əqli İdrakdan bəhs edən filosof göstərir ki, şeylərin real gerçəkliyinin dərk olunması hisslərin , duyğuların işi deyildir . Belə ki , hisslər , duyğular dəyişə bilən zahiri cəhət- ləri qavradığı halda,əql şeylərdə sabit olan real gerçəklikləri və mahiyyətləri dərk edir ( Seçmələr bizimdir –A.M. Bax : Bəhmənyar , Kitab ət –Təhsil , səh .561 ) .
Bəhmənyar əqlin nəzəri və əməli ( praktik ) əqlə bölündüyünü qeyd edərək göstərir ki , bilən Nəfsi qüvvə nəzəri əqli , fəal Nəfsi qüvvə isə əməli əqli şərtləndirir .Bəhmənyar nəzəri əql ilə əməli əql arasındakı münasibətdə nəzəri əqlə üstünlük verərək göstərir ki , Nəfs üçün ən yaxşısı budur ki , əməli əql nəzəri əqlə tabe ola və bədən qüvvələrinin hökmləri olmadan əqlin hökmləri ilə bədən qüvvələrinin hamısını idarə edə ( Seçmələr bizimdir –A.M. Bax : Bəhmənyar ,Kitab ət-Təhsil , səh . 807 ) .
Filosof nəzəri əqlin , potensial əql , vərdişlə olan əql və qazanılmış əql kimi mərhələlərini qeyd etmiş və göstərmişdir ki , potensial əql , əqli şüylərin dərk olunması üçün xalis qabi- liyyət sayılır .Vərdişlə olan əql ,hisslərin ,duyğuların , qavrayışların vasitəsilə qazanılmış anlayışları , sübuta ehtiyacı olmayan müddəaları , aktual əql isə ikinci əqli məlumatları ,yə - ni birinci əqli məlumatlar əsasında qazanılan anlayış və müd- dəaları dərk etmək qabiliyyətidir .Qazanılmış əql isə filosofun fikrincə ,bütün əqli şeyləri dərk etmək mərtəbəsində olan ak- tual əqldir ,yəni əqli məlumatları aktual surətdə düşünürsə və onların düşündüyünü düşünürsə , bu , qazanılmış əql adla- nır .Heyvani cins və insani növ məhz qazanılmış əqldə tamamlanır ( Seçmələr bizimdir –A.M.Bax :Bəhmənyar , Kitab ət-Təhsil , səh.819 -829 ) .
Bəhmənyar İdrak məsələlərindən bəhs edərkən, fikir , zehin , zəka və intuisiya kimi terminlərin daşıdığı mənalara da diqqət yetirərək göstərir ki , fikir əqlin faydalandığı bir qüvvədir . Fikir mətləblərin baçlanğıclarına doğru insan elə hərəkətidir ki ,onlardan mərtəbələrə gedib çıxılır.Zehin elm əldə etmək üsulunu hazırlayan Nəfs ( Şüur ) qüvvəsidir. Zəka intuisiya qabiliyyətidir .İntuisiya məlumdan məchula keçmə surətidir .Başqa sözlə , intuisiya axtarılan məlum olduqda orta termini tapmağa və onun vasitəsilə əsas termini tapmağa yönəlmiş Nəfsin hərəkətidir ( Seçmələr bizimdir –A.M.Bax: Bəhmənyar , Kitab ət-Təhsil ,səh.264 ) .
Fəlsəfi biliyə əxlaqi baxımdan yanaşan Bəhmənyar qeyd edir ki ,qazanılmış hər bir bilik insanın əxlaqını zənginləşdirir,onda gözəl mənəviyyat aşılamağa xidmət edir.Əgər bu bilik əxlaqa xidmət etmirsə,o,faydasızdır .Var-dövlətə həris bir şəxsin elmi olsa da ,o şəxsin hikmət ( fəlsəfə ) zövqü yoxdur.Belə ki,Kamil İnsanda əqli həzz,ehtiras həzzindən güclüdür .Daha doğrusu,həqiqi həzz əqli həzzdir.Əqli həzzlər,xəstəliklərin yaxın düşə bilmədiyi sağlamlıqdır,şəfadır ( Seçmələr bizimdir –A.M.Bax: Bəhmənyar,Kitab ət-Təhsil,səh.834).
Bəhmənyardan bəhs edən orta əsr filosofları göstərirlər ki ,Bəhmənyar bütün var-dövlətlərdən, sərvətlərdən ən çox əqlə üstünlük verir və xüsusi olaraq qeyd edir ki :”Sərvət qorunur ,əql isə qoruyur “ ( Seçmələr bizimdir-A.M.Bax:Əl-Beyhəqi Zəhirəddin,Tətimmət , Lahur,hicri 1351,səh.91 ) .
Filosof göstərir ki,hiss İdrak formaları tərəfindən əldə edilən məlumatlar əqlin sərəncamına verildikdən sonra yeni bir keyfiyyət qazanır.Belə ki,duyğu qatışıq şeyləri xəyala bildirir,xəyal onları əqlə bildirir,sonra əql həmin şeyləri saf-çürük edib mənalardan hər birini fərdi götürür,ən xüsusini və ən ümumini müəyyənləşdirir.Bu zaman əqldə birinci mənalar yəni təsəvvürə aid aksiomatik ( sübuta ehtiyacı olmayan) müddəalar əks olunur.Bundan sonra əql olanlardan təriflər düzəldir ( Seçmələr bizimdir-A.M.Bax:Bəhmənyar,Kitab ət- Təhsil, səh.265-266 ).
Bəhmənyar İdrakın əqli mərhələsini onun hissi mərhə- ləsindən ayırmamış ,əksinə ,əqli məlumatların hissi məlumat- lar əsasında meydana çıxdığını qeyd edərək göstərir ki : ”Nəfs hissi surətləri duyğularla qavrayır,özündəki əqli surətləri isə özündəki hissi surətlər vasitəsilə dərk edir.Bu surətlərin əqli cəhətləri onların hissi cəhətlərindən faydalanır.Belə ki,Nəfsdə həmin surətlərin əql ilə dərk olunanı hiss ilə qavranılanına uyğundur.Əks təqdirdə onların əql ilə dərk olunanı mövcud olmazdı .İnsan şeylərin hissi cəhətlərinin vasitəçiliyi ol- madan onların əqli cəhətlərini dərk edə bilməz .Bu ,onun Nəfsinin və əql ilə dərk olunan surətlərin idrakında hiss ilə dərk olunan surətlərin vasitəçiliyinə olan ehtiyacından irəli gəlir” ( İqtibas Zakir Məmmədovun “Bəhmənyarın fəlsəfəsi”adlı əsərindən götürülmüşdür-A.M.Bax:Göstərilən əsər,səh.136).
İdrak fəaliyyətində hissi mərhələ ilə əqli mərhələnin bağlılığından bəhs edən filosof göstərir ki :”Şeylər duyulur.Bu duyğu əsnasında hissi şeyin olması ilə bağlıdır .Duyulan sonra xəyala gətirilir.Bu,bəzən şeyin qeyb olması ilə birlikdə baş verir.Şey haqqındakı təsəvvür şeyin özündən heç də fərqli deyil.Bundan sonra əqli idrak hazır olur.Ağılla dərk olunan eynilə duyulana uyğun gəlmir,əksinə,o,duyulanla həmcins olan hər bir fərdə uyğundur. Deməli,ağılla dərk olunan şey ümumi fərdə uyğundur.Duyğu ilə mənimsənilən də elədir”(Bax:Bəhmənyar,Kitab ət-Təhsil,səh.39 ) .
Bəhmənyara görə,əql təkcə nəzəri İdrakı təmin etməklə kifayətlənmir,eyni zamanda,həyati fəaliyyətin də amili ,olur.”Əql qürbətdə,təklikdə olanda insanla ünsiyyətdə olandır.Sənə narahatlıq üz verdikdə kədəri əzmlə boğ,çıxış yolu tapmaq və xilas olmaq üçün əqli səfərbər et.Baş vermiş işə gö-rə qüssələnmə ,onu aradan qaldırmağa,dəf etməyə çalış” (İqtibas Zakir Məmmədovun “Bəhmənyarın fəlsəfəsi”adlı əsərindən götürülmüşdür-A.M. Bax: Göstərilən əsər ,səh.139 ) .
Bəhmənyarın “İdrak nəzəriyyəsi “onun “Məntiq təlimi” ilə üzvü surətdə bağlıdır . Bəhmənyar daha çox məhz “Məntiqçi filosof “kimi tanınmışdır.Filosof “ Təhsil “əsərinin böyük bir qismini Məntiqə həsr etmişdir.Tədqiqatçılar filosofun Məntiqə dair yazdığı “Zinət” əsərinin adını çəkmiş və təəssüflə qeyd etmişlər ki,müəllifin bu əsəri hələlik əldə edilməmişdir .
Bəhmənyar Məntiqi elmin bir sahəsi hesab etmiş və göstərmişdir ki,Məntiq bir metod olub elm anlayışına daxildir.Bu mənada Məntiqin elmin bir hissısi olması ilə metod olması arasındakı fərq ondan ibarətdir ki,biri daha xüsusi , digəri isə daha ümumidir .Müəyyən bir elmin metodu olan şey ümumiyyətlə ,elmin bir hissəsidir .Məntiqin mövzusu birinci əqli anlayışlara istinad edən ikinci əqli məlumatlardır ( Seçmələr bizimdir-A.M.Bax:Bəhmənyar, Kitab əl-Təhsil, səh.6,221 ) .
Bəhmənyar Məntiqi digər nəzəri elmlərlə-metafizika, təbiət elmi, qrammatika,şeir vəzni olan əruzla və s.ilə müqayisəli şəkildə nəzərdən keçirmiş və göstərmişdir ki,ikinci əqli məlumatlar həm metafizikanın,həm də Məntiqin mövzusudur.Çünkü ikinci əqli məlumatlar təkcə ifadə etdikləri varlığa və əqli olmalarına görə deyil ,həm də məlumdan məchula keç- məyi vasitələndirdiyinə görə Məntiqin mövzusu sayılır.Ümumi,xüsusi və fərdin mahiyyətinin aydınlaşdırılması Məntiqə aiddir.Həmin şeylərin varlığının isbatı isə ilk növbədə fəlsəfənin mövzusudur ( Seçmələr bizimdir-A.M.Bax:Bəhmənyar Əbülhəsən ibn Mərzban ,Təliqat İbn Sina,Qahirə1973,səh. 168 ) .
Filosof Məntiqin təbiət elmi ilə müqayisəsilə bağlı göstərir ki,ikinci əqli məlumatların təbiət elmində mövzusu əşyadır ( cisimdir ).Mütləq əşyanın təbiət elminə münasibəti ikinci əqli məlumatların Məntiq elminə münasibəti kimidir. Hərəkət və dəyişmənin təbiət elminə münasibəti modallıqla – rın ,cinsi və növü olanların Məntiq elminə münasibəti kimidir ( Seçmələr bizimdir-A.M.Bax:Bəhmənyar,Təliqat İbn Sina,səh. 168 ) .
Bəhmənyar Məntiqi qrammatika və əruz vəzni ilə müqayisə edib onlar arasındakı oxşar və fərqli cəhətləri qeyd edərək göstərir ki,Məntiqin anlayışa və düşüncəyə münasibə- ti qrammatikanın sözə,əruzun isə şeirə olan münasibəti kimi- dir .Bu,onların oxşar və ya uyğun cəhətidir .Lakin sağlam yaradılış və sağlam zövq qrammatikanı və əruzu öyrənmədən keçinə bilsə də,insanın fitri qabiliyyəti ağılı işlətmək üçün onu qabaqcadan hazırlamağa möhtacdır.Məchul olan sonra düşünməklə məluma çevrilən şeylər tərif və Məntiqi nəticə sillogizm sayəsində tapılır .Bu tapılan ya həqiqi,ya həqiqidən kənar,ya gizli ( batil ),ya da həqiqiyə bənzərdir .İnsanın fitri qabiliyyəti bu təsnifatda çox vaxt kifayət qədər fərq qoya bilmir.Əgər belə olmasaydı nə alimlər arasında fikir ayrılığı, nə də birisinin baxışında ziddiyyət özünü göstərərdi ( Seçmə- lər bizimdir-A.M.Bax:Bəhmənyar,Kitab ət-Təhsil , səh.5 )
Bəhmənyar Məntiqin vəzifələri və faydasından bəhs edərkən göstərir ki, Məntiq ,nəzəri sənət ,nəzəri elmdir.O, bəzi hallarda xatırlatma,bəzi halda diqqət yetirmə,bəzi halda özündə səhv baş verməyən qaydalı elm,bəzi halda ideyaların tərtibi yolu ilə təlim edilir.İbn Sina Məntiqi “ Tərəzi”,Bəhmənyar isə “Ölçü “adlandırmış və göstərmişdir ki,Məntiq başqa bir biliyə kömək etməklə onun ölçüsü olur.Axtarılan şey Mən- tiqi olduqda ölçü də müəyyən cəhətdən maddi ola bilir”İnsan yalnız duyğudan gələn,yaxud duyğunun təsdiqlədiyi şeyə inanar “-deyən Filosof göstərir ki,hissi qavrayışın verdiyi bilik məlum olsa da nəzəri elmlərin dərk edilməmiş müddə- aları məchuldur .Məntiqin faydası da məhz məlumdan məc – hula keçmək yollarını göstərməklə insanı təfəkkür xətaların- dan qorumasıdır .
Bəhmənyar göstərir ki,Məntiq təlimi“Kateqoriyalara giriş“,“Kateqoriyalar” və “Termin” ( “Təbir”) haqqında məqsədlərin aydınlaşdırılmasından ibarətdir.”Kateqoriyalar” haqqında olan hissə “Sillogizm”in ( Məntiqi nəticənin-A.M. ),“Təbir “isə “Sübut”un mənalarını əhatə edir(Seçmələr bizimdir-A.M.Bax:Bəhmənyar ,Kitab ət-Təhsil ,səh. 1 ) .
Filosof Məntiqlə bağlı fikirlərini şərh edərək göstərir ki, əqli düşüncələr əqli nitqlərdə təzahür etdiyindən söz və onun anlayışa münasibətini bilmək gərəkdir .Çünkü sözlər şüurun yalnız uyğunluq və şərtilik yolu ilə ifadəsidir .Yazı və sözlər şüurdakı şeyə məxsus təbiilik deyil,əksinə,şərtilikdir. Şüurdakı şeylər xarici aləmdə mövcud olan şeylərin təbii ifadəsidir Deməli ,yazı sözün hərflərini ifadə edən müxtəlif şərti işarələr , sözlər isə şüurun anlayışlarını ifadə edən müxtəlif şərti göstəricilərdir. Şüurun təsəvvürləri isə əyani şeylərin qeyri-iradi göstəricisidir.Bunun üçün əyani şeylər göstərilir, lakin göstərmir ,yazı isə göstərir ,lakin göstərilmir .Deməli , şüurun anlayışlarından və sözlərdən hər biri həm göstərən, həm də göstəriləndir .Beləliklə,anlayışlar yazı və sözlərdən fərqli olaraq əyani şeylərin inikasıdır,onlara uyğundur.Əyani şeylər ilə anlayışlar fərqlənmir,yazı ilə sözlər isə müxtəlifdir. ( Seçmələr bizimdir –A.M.Bax:Bəhmənyar,Kitab ət-Təhsil,səh.39 ) .
Filosof “Tərif “ lə bağlı fikirlərini şərh edərək göstərir ki , Tərif hər hansı bir şeyin mahiyyətini göstərən nitqdir . Tərif inkari olmamalıdır ,çünkü Varlıq öz-özlüyündə məlumdur ,yoxluq isə Varlığa görə tanınır.(Bax: Bəhmənyar, Kitab ət-Təhsil , səh. 193 ).
Bəhmənyar Məntiqlə bağlı nəzəri fikirlərini əyani misallarla əsaslandırmışdır .
AYDIN MƏDƏT OĞLU QASIMLI
Filologiya üzrə fəlsəfə doktoru
TEREF: Xocanın Blogu