Köhnə kombaynçı o kombaynı niyə sazlaya bilmədi? – SSRİ-nin labüd süqutu

23-01-2024, 17:47           
Köhnə kombaynçı o kombaynı niyə sazlaya bilmədi? – SSRİ-nin labüd süqutu
Hər ilin bu vaxtları təkrarlanan mövzulardan biri də SSRİ-nin nədən dağılmasıdır.

Bu söhbət Kremlin 1990-cı ilin yanvar ayının 19-u gecəsi Bakıda qırğın törətməsi və sovet quruluşunun bundan sonra sarsılması mülahizələrinin fonunda gedir.

Lap əzəl günlərdən xalq hərəkatını xor görən, qəlbi Moskvayla döyünən bəzi insanlar canfəşanlıqla dövlət müstəqilliyimizin qazanılmasında xalq hərəkatının heç bir rolu olmadığını deyirlər. “SSRİ dağıldı, biz də müstəqil olduq, Türkmənistan, Qırğızıstan kimi”, - onların əsas arqumenti belədir.

“Bəs SSRİ durduğu yerdə niyə dağıldı?” Onlar bu suala doğru-dürüst və lakonik cavab verə bilmirlər.


Həqiqət isə bundan ibarətdir ki, yarandığı gündən süngü üstündə, güllə altında, qandal içində bərqərar olan dövlət, 100 il öncə özünü təxminən indiki İŞİD kimi aparan, çəp baxanı, bir söz deyəni məhkəməsiz güllələyən hökumət əvvəl-axır süquta məhkum idi.

Dağılma prosesi belə oldu: Stalinin ölümündən sonra o dövlətin işlək mexanizmlərinin vintcikləri boşala-boşala getdi, Brejnevin dönəmində tökülməyə başladı, Andropov sovet-kommunist rejiminin bolt-qaykalarını sıxmağa çalışsa da, vaxtı çatmadı, Köhnə kombaynçı olan Qorbaçov isə sınıq-salxaq olmuş “sovet kombaynı”nı yenidən quraşdırmaq istədi, amma əmələ gətirə bilmədi.

Bununla belə, SSRİ-yə daxil olan bir sıra ölkələrdəki (Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Esoniya, Latviya, Litva və Ermənistan + Rusiyanın demokratik qüvvələri) xalq hərəkatları olmasaydı, bu dövlət bir müddət də duruş gətirə bilərdi, o zamana qədər daha ağıllı, ideyalı, iradəli bir lider ortaya çıxsa, dövləti Çin yoluna döndərə bilsə, bəlkə də qırmızı imperiyanın ömrünü daha da uzada bilərdi.

Məhz bu ölkələrdəki xalq hərəkatları Moskvanı SSRİ-nin saxlanmasına dair referendum keçirməyə vadar etdi və ortaya çıxdı ki, SSRİ-ni təsis edən respublikaların 6-sı bu ittifaqa qarşıdır. Azərbaycanın kommunist rəhbərliyi xalqın adından SSRİ-nin saxlanmasına dair “həri” alıb Moskvaya göndərsə də, bu reallığı ifadə etmirdi, “hə” dolu protokollar ənənəvi şəkildə seçki məntəqələrində saxtakarlıq yolu ilə tərtib olunmuşdu.

Bu baxımdan SSRİ-nin dağılmasında Azərbaycandakı xalq hərəkatının da danılmaz rolu var. 1988-ci ildən etibarən ermənilərə qahmar çıxan Moskvadan üzü dönməkdə xalq 20 Yanvardan sonra artıq SSRİ-dən psixoloji olaraq qopmuşdu.

İndi bu fikrirlə sırf siyasi intriqa baxımından razılaşmayanlar var, ancaq əgər 1995-ci ildə SSRİ bərpa olunsaydı, məhz onlar həbs edilmiş xalq hərəkatı liderlərinin üzünə duracaqdılar ki, SSRİ-ni bunlar dağıtdı, ən ağır cəza verilsin.

Hətta 1991-ci ilin avqustunda Qorbaçovu devirmiş QKÇP adlanan qiyamçı generallar və Siyasi Büro üzvləri xunta rejimi yaradaraq, hakimiyyətdə möhkəmlənə bilsəydilər, qısa müddətdən sonra etirazçı respublikalarda fəaliyyət göstərən xalq hərəkatlarının liderlərini “mürtəce millətçilər”, “xalq düşmənləri” kimi həbsə atacaq, güllələyəcəkdilər.

Başqa variant yox idi, məhz belə olacaqdı.

SSRİ-ni uçurum kənarına gətirən faktorlar isə aşağıdakılardır: iqtisadi gerilik, istehsala dair yalançı, şişirtmə göstəricilər, çoxpilləli bürokratiya və süründürməçilik, korrupsiya və rüşvətxorluğun günbəgün çiçəklənməsi, ərzaq və məişət avadanlıqları, eləcə də trikotaj mallarının çatışmazlığı, əhalinin kasıblığı, hakim kompartiyanın nüfuzunun sarsılması, SSRİ-ni əmən “müstəqil sosialist dövlət”lərin (Kuba, Əfqanıstan, Nikaraqua, Vyetnam, Kamboca, Şimali Koreya, Polşa, Bolqarıstan, Çexoslavakiya, ADR və sair) çoxluğu, sürətlə silahlanmaya, nüvə proqramlarına sərf edilən milyardlar, dünya bazarında neftin qiymətinin süni şəkildə 1 barrel-17 dollar səviyyəsinə salınması, sənaye və kənd təsərrüfatında yeni texnika və texnologiyaların tətbiq olunmaması, sovet əhalisinin kütləvi şəkildə alkoqolizmə yuvarlanması, iqtisadi cinayətkarlığın normaya çevrilməsi, az qala hər kəsin dövlət əmlakını oğurlaması və sair və ilaxır.

Bu qədər neqativ tendensiyanın məngənəsində olan dövlət çökməyə bilməzdi. Əlbəttə, bu dövlət unitar quruluşa və qat-qat kiçik ölçülərə malik olsaydı, bəlkə də toparlamaq olardı, amma SSRİ həm çox böyük idi, həm də zorla birləşdirilmiş federal subyektlərdən ibarət idi, ona görə də toparlamaq mümkün olmadı.

SSRİ-nin dağılmasında xarici dövlətlərin kəşfiyyatının rolu barədə deyilənlər isə şişirtmədir. O dövlət sağlam relslər üzərində olsa və yalnız irəli getsəydi, heç bir xarici güc və ya qüdrətli kəşfiyyat xidməti ona bata bilməzdi.
musavat












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.