“Yanlış tarixçilərin” sayı artır
21-02-2024, 07:14
Rusiya Ali İqtisad Məktəbinin (ВШЭ) müəllimi Dmitri Dubrovskinin bu məqaləsi ilk olaraq “Müstəqil Sosial Tədqiqatlar Mərkəzinin” saytında ingilis və rus dillərində işıq üzü görüb, Bakı Araşdırmalar İnstitutu tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Məqaləni rus dilində buradan oxuya bilərsiniz.
Dövlətin “yanlış tarixçilər”ə qarşı repressiyaları güclənir. Əvəzində isə vahid ideologiya möhkəmlənir.
Dmitri Dubrovski
Mnemosiyasətin nişangahı altında holokost
Tarix güclü səfərbəredici qüvvəyə malikdir. Müasir populizm bu və ya digər siyasi nizamı möhkəmləndirmək və legitimləşdirmək üçün tez-tez ona müraciət edir.
Məsələn, Polşada qəbul olunmuş “Milli ləyaqət haqqında qanun” Polşa xalqını Holokosta bu və ya digər formada dəstək verməkdə ittiham etməyi qadağan edir. Hakim partiya hesab edir ki, polşalıların Holokosta dəstək verməsi haqqında ittihamlar ¨tarixin saxtalaşdırılması¨dır. Qeyt edilməlidir ki, qanunu müdafiə edənlər tarixi həqiqətlərdən uzaq rəqəmlərə istinad edirlər.
Mnemosiyasətin (tarixlə bağlı siyasətin) kriminallaşdırılması çox təhlükəlidir. Bununla ifadə azadlığının əhatəsi kəskin surətdə daralır. Birbaşa və ya dolayı yolla zərbə altında qalan isə akademik azadlıqlar olur. Araşdırmaçılar ¨tarixin saxtalaşdırılması¨ ilə bağlı cinayət işlərinin hədəfinə çevrilirlər. Onlar həmçinin dövlət tərəfindən dövlət ideologiyasının elementləri kimi başa düşülən məsələlərlə bağlı müstəqil fikir bildirdiklərinə görə cinayət təqibi təhlükəsi altında qalırlar. Məsələn, Polşadakı yuxarıda adı çəkilən qanunun ilk tətbiqinin zərərçəkənləri Holokost tarixçiləri Engelkinq və Qrabovski oldular. Məhkəmənin qərarına görə, onlar ¨öz işlərində yol verdiklər qeyri-dəqiqliklər¨ə görə üzr istəməlidirlər – söhbət bəzi polşalıların nasistlərlə əməkdaşlığını təsvir edən tarixi araşdırmadan gedirdi.
Bununla yanaşı, akademik azadlıq müdafiəçiləri bir çox Avropa ölkələrində qəbul olunmuş Holokostu inkar etmə səbəbilə başlanan cinayət təqiblərini də tənqid edirlər. Tarixçilər bu cür qanunları da akademik ifadə azadlığının pozulması kimi qiymətləndirirlər.
Mnemosiyasət və Böyük Vətən Müharibəsi
İkinci Dünya Müharibəsinə münasibətdə Rusiyanın cinayət təqibi nəzərdə tutan mnemosiyasətinin prinsipləri belə bir doğru olmayan iddia üzərində qurulub ki, guya “İkinci Dünya Müharibəsinin xatirəsi”nin və “veteranların hisslərinin” cinayət məcəlləsi ilə qorunması” Holokostun inkarını mühakimə edən Avropa praktikasına uyğundur.
Lakin “Rusiya: tarix əleyhinə cinayətlər” məruzəsinin müəllifi Qriqori Vaypanın dediyi kimi, Rusiyada İkinci Dünya Müharibəsi zamanı SSRİ-nin hərəkətlərini tənqid etməyi qadağan edən
“Nasizmin reabilitasiyası” haqqında qanun qurbanların xatirəsini qorumur, o, dövlətin cinayətləri haqqında danışmaq istəyənlərin ağzını bağlayır.
Konstitusiya qəhrəmanlıqların kiçildilməsinə qarşı
2020-ci ildə Rusiya Konstitusiyasına edilən düzəlişlərdən sonra orada “Tarixi həqiqətin müdafiəsi” haqqında maddə (h. 3, m. 67) peyda oldu. Bu maddəyə əsasən, ¨Rusiya Federasiyası … tarixi həqiqətin müdafiəsini təmin edir. Xalqın vətənin müdafiəsində göstərdiyi qəhrəmanlığının kiçildilməsinə yol verilmir¨.
O vaxt “Müstəqil tarixçilər cəmiyyəti” diqqətə çatdırdı ki, ¨tarixi yaddaş konstitusional tənzimləmənin predmeti ola bilməz¨. Təkcə Konstitusiyada tarixi həqiqət anlayışının yer almasının özü belə ¨tarix elmi üçün ölümcüldür¨. Həmçinin bəzi hüquqşünaslar da belə bir ifadənin vahid ideologiya anlayışına yaxın olduğunu vurğuladılar. Bu isə elə həmin o Konstitusiyanın tək ideologiyanın hakimliyinə qoyduğu birbaşa qadağaya ziddir.
Mnemosiyasət düzəlişlərdən sonra
Buna baxmayaraq, tarixçilərin və hüquqşünasların xəbərdarlıqlarına əhəmiyyət vermədilər. Əksinə, düzəlişlərin qəbul edilməsindən sonra Rusiya mnemosiyasəti yeni impuls qazandı. “İnsan Haqları Uğrunda Beynəlxalq Federasiyanın” (FİDH) məruzəsi üçün müsahibəsində Rusiya tarix siyasətinin tədqiqatçısı Nikolay Koposov qeyd edir ki, Rusiya universitetlərinin rəhbərliyi ¨həddən artıq liberal¨ professor və araşdırmaçıları susdurmaq üçün mürəkkəb təzyiq üsulları istifadə edir.
Hazırda Rusiya tarix siyasəti iki əsas istiqamətə fokuslanmışdır:
· təhsil və tədqiqat sahəsində “vətənpərvər” baxışı – “Sovet və Rusiya tarixinin, xüsusən də 20 -ci əsrin tarixinin müsbət imicinin yaradılması”nı – həyata keçirən təşkilatlara və layihələrə dəstək verən bir sistem formalaşdırılmışdır.
· bu və ya digər şəkildə Rusiya/Sovet tarixinin “düzgün”, “vətənpərvər” versiyasını qəbul etməyənləri cinayət məsuliyyətinə cəlb etmək (fərqli düşünənlərə qarşı sovet mübarizəsini çox xatırladır) nəzərdə tutulmuşdur.
Buna görə də, dövlətin fəal dəstəyi ilə:
· Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin rəhbərlik etdiyi “Rusiya Tarix Cəmiyyəti” və
· keçmiş mədəniyyət naziri Vladimir Medinskinin rəhbərliyi altında “Rusiya Hərbi Tarix Cəmiyyəti” dirçəldildi.
Hər iki cəmiyyət Rusiya tarixinin “əsl vətənpərvər” versiyasının fəal dirijorlarıdır.
Əfsanə tarixi həqiqətin nümunəsi kimi
Keçmiş nazir və hazırda prezident müşaviri Vladimir Medinskinin fəal şəkildə müdafiə etdiyi iyirmi səkkiz panfilovçu haqqında mif bu siyasətdə “tarixi həqiqətin” tam olaraq necə başa düşüldüyünün əla nümunəsidir. Bu “vətənpərvər” mövqe yuxarıda qeyd olunan cəmiyyətlər və faktiki olaraq dövlət təşkilatları tərəfindən fəal şəkildə inkişaf etdirilir və dəstəklənir.
Əllərindəki sənədlərlə bu “müqəddəs mifə” meydan oxuyan tarixçilər isə dövlət məmuru Medinski tərəfindən birbaşa təhdid olunurlar, belə ki, onlar guya sovet xalqının vətən uğrunda fədakar mübarizəsinin mənasına xələl gətirirlər.
Məsələn, Rusiya Federasiyası Dövlət Arxivinin (RFDA) rəhbəri Sergey Mironenko Dubosekovo yaxınlığında onlarla alman tankını saxladıqları iddia edilən həmin iyirmi səkkiz əsgər və zabit haqqında hekayənin – ki, bunun tarixi həqiqətlə heç bir əlaqəsi yoxdur – tamamilə Sovet hərbi təbliğatının bir uydurması olduğunu sübut edən sənədləri nəşr etdi. Buna görə də, nəticədə RFDA-nın direktorluğundan kənarlaşdırıldı, və onu elmi rəhbər “fəxri” vəzifəsinə köçürdülər.
Arxivlər də xidmətdədir
“Tarixi həqiqət”in dövlət və dövlətyönlü təşkilatların əlində cəmləşməsində ciddi dəstək arxiv məlumatlarına girişin məhdudlaşdırılmasıdır. Arxiv məlumatları ilə işləmək üçün formal və qeyri -formal məhdudiyyətlər – ilk növbədə 1930 -cu illər və Böyük Vətən Müharibəsi ilə bağlı – müstəqil araşdırmalar üçün güclü zərbədir. Əvəzində “partiya xəttinə” sadiq olanlar giriş üçün xüsusi imtiyaza malikdirlər. Nəticədə, “tarixi həqiqətin” təyin olunmasında mövcud siyasi rejimin mövqeyi daha da güclənir. Məsələn, Prezident Putinin İkinci Dünya Müharibəsinin səbəbləri və başlamasından məsul olanlar haqqında məqalə dərc etməsi Rusiya tarixinin bu mərhələsi ilə bağlı bugünkü “tarixi həqiqəti” praktik olaraq kanonlaşdırdı. İndi heç bir fərqli izah mümkün ola bilməz.
“Qələbə irticası”nın təntənəsi
Faktiki olaraq, ölkədə müəyyən bir dini ənənənin formalaşdırılır – müstəqil pravoslav keşişlərindən biri onu “qələbə irticası” adlandırır.
Parlaq nümunələrdən biri 2017 -ci ildə başladılan “Rusiya. Mənim tarixim” tarixi parklar lahiyəsi ola bilər. Peşəkar tarixçilərin fikrincə, bu layihənin dövlət ideyasının ilahiləşdirilməsi və dövləti hər hansı formada tənqid edən hamının – dekabristlərdən tutmuş dissidentlərə qədər – tənbehi istiqamətində ciddi ideoloji qərəzi var. Nəticədə, rəsmi olaraq təyin olunan “tarixi həqiqət”i hər hansı formada müzakirəyə çıxarmaq və onunla razılaşmamaq, şübhə edənlər üçün təhlükəyə çevrilmişdir. Gah burada, gah başqa bir yerdə cinayət və inzibati məcəllələr işə düşür.
Məcəllələr altında tarix
2014-cü ildən etibarən Rusiyada “nasizmin reabilitasiyası”na görə cinayət təqibinə məruz qalmaq mümkündür. Bu yaxınlarda buna “veteranların hisslərini təhqir etmək” maddəsi də əlavə edildi. (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1 -ci maddəsi).
“Tarix”ə görə təqib yalnız Böyük Vətən Müharibəsi tarixi ilə məhdudlaşmır. Ölkədə sovet repressiyalarını araşdıran müstəqil tarixçilər və təşkilatlar da təqib olunur.
Hələ 2018 -ci ildə Agora beynəlxalq insan hüquqları qrupunun vəkilləri yüzdən çox tarixlə bağlı təqib hadisəsini qeydə almışdılar. Özü də qurbanlar bu və ya digər şəkildə repressiya tarixi ilə məşğul olan tədqiqatçılardır.
· Kareliyadakı Sandormox edam sahəsindəki araşdırmaları ilə tanınan Yuri Dmitrievin saxtalaşdırılmış işi davam edir.
· Uzun müddət tarixçi Mixail Suprunu repressiyaya uğramış almanlar haqqında arxiv materiallarını dərc etdiyi üçün – guya şəxsi məlumatların icazəsiz ictimailəşdirdiyi ittihamı ilə – cinayət təqibinə cəlb etməyə çalışdılar.
· Peterburqlu tarixçi Kirill Aleksandrov Rusiya Azadlıq Ordusu (ROA) zabitlərinin bioqrafiyalarını araşdırdığı üçün tarix elmləri doktoru dərəcəsindən məhrum edildi.
· Onun “Novaya Qazeta”da Stepan Bandera haqqında yazdığı elmi və publisistik – kifayət qədər məlumatlı və qətiyyən “terrora bəraət” xarakterli olmayan məqaləsi “ekstremist” elan edildi.
Hərbi tarixi araşdırmağa görə təqib olunanlar təkcə Rusiya vətəndaşları deyil. Alman tarixçi Sebastian Stopper Bryansk prokurorunun iddiasına görə, “”Bryansk bölgəsindəki partizan hərbi əməliyyatlarının əhəmiyyətinin aşağı salındığı, …partizanların və onların hərəkətlərinin mənfi qiymətləndirildiyi” bir sıra araşdırmalar dərc etmişdir. Bu da oxucular arasında sosial ideallara və müasir cəmiyyətdə mövcud olan mənəvi dəyərlərə (əcdadların qəhrəmanlığı, partizan hərəkatının veteranlarına və onların hərbi xidmətlərinə hörmət) mənfi münasibət formalaşdıra bilər.” Nəticədə bu nəşrlər ekstremist elan edildi.
Faktiki olaraq, sadəcə elə hərbi tarix araşdırmaçılarının nəşrləri təhlükə mənbəyidir. Saxalində prokurorluq “Vermaxt əsgərləri” tarixi kitabının satışı ilə bağlı cinayət işi açıb. İş nasist simvollarının nümayişini qadağan edən bir maddə ilə açılıb – görünür, kitab svastikalı bir şəkil olmadan mümkün olmayıb.
Elə həmin “Agora”ya görə, bu günə qədər eyni bəhanə ilə onlarla tarixi kitab və tədqiqatın Rusiya Federasiyasında yayılması qadağan edilmişdir – A.V. Okorokovun “Faşizm və rus mühacirəti (1920-1945”) araşdırması, K.A. Zalesski və P. Hausserin “Hitlerin Qara Qvardiyası. Waffen-SS” kitabı da daxil olmaqla.
Novosibirskli etnoqraf Andrey Pozdnyakov 354.1-ci – “Nasizmin bərpası haqqında” – maddə ilə təqib olunur. Araşdırılmasının səbəbi müəllifin bir Novosibirsk nəşrində Qələbə Paradlarını bəyənmədiyini etiraf etdiyi – və bunun səbəbini izah etdiyi – bir köşədir.
Təsadüfi deyil ki, Navalnı da “veteranı təhqir etmək” ittihamı ilə – Alekseyin bir veteranın Konstitusiyaya dəyişikliklər kampaniyasında iştirakını sərt qiymətləndirməsində ifadə olunmuşdu – mühakimə olunur. “Yanlış” tarixə və “yanlış tarixçilərə” qarşı dövlət təzyiqinin bundan sonra daha da güclənməyəcəyini düşünmək üçün əsas yoxdur.
Rusiyada “tarixi saxtalaşdırmalara” qarşı aktiv mübarizə rejimi qurulur. Bu mübarizənin məqsədi tarixin yalnız bir – dövlət tərəfindən müəyyən olunan- versiyasının qorunması və yayılmasıdır. Bu kampaniya nəinki Konstitusiyaya (hətta onun indiki variantında) ziddir, o, həmçinin, tarix elmi və akademik fəaliyyətlə məşğul olan tarixçilər üçün təhlükəlidir.
bakuresearchinstitute.org
TEREF