Şah Abbasın Avropa casusları – Böyük Avropa səfirliyi
23-02-2024, 11:14
Ötən yazını Osmanlı səfiri Mehmet Ağa və Şah Abbas arasındakı skandalla bitirmişdik. Bu yazını isə 1599-cu ilin hadisələrindən başlayıb 1601-ci il hadisələrində bitirəcəyik.
Şörli öz xatiratında İsfahanda xəstələndiyini qeyd edərək əlavə edir: “Növbəti səhər şah mənim ziyarətimə gələrək təklifimi qəbul etdiyini dedi. Təklif edən şəxs mən olduğum üçün icra edici şəxsin də mən olmalı olduğumu söylədi.” Şörli də öz növbəsində şaha onunla bir Səfəvi təbəəsinin də olmalı olduğunu deyir.[1]
Uzun sürən müzakirələrdən sonra Səfəvi sarayı tərəfindən səfirlik üzvləri təyin edilir. Səfirlikdə Şörlinin komandasında fransız Abel Pinçon, ingilislər Corc Manverinq, Uilyam Perri, Avqustin orderindən keşiş Nikola de Melo, Fransiskan orderindən keşiş Alfonso Kordero var idi. Şahın təyin etdiyi səfir Hüseynəli bəy Bayat idi. Hüseynəli bəy özünə 4 katib seçmişdi – Oruc bəy Bayat, Əliqulu bəy Bayat, Bünyad bəy və Həsənəli bəy. Səfirlikdə ümumi 25 nəfər var idi.
Hüseynəli bəyin qravürü, 1601, Praqa
Hüseynəli bəy Şah Abbasın atası Məhəmməd Xudabəndə və vəliəhd şahzadə Həmzə Mirzəyə xidmət etmişdi. Hüseynəli bəyin qardaşı Sultanəli bəy Təbriz bəylərbəyi Əmir xan Türkmanla danışıqlarda Həmzə Mirzənin nümayəndəsi kimi iştirak etmişdi. Sultanəli bəy 1582-ci ildə Osmanlılara qarşı döyüş zamanı öldürüləndən sonra oğlu Oruc bəy Bayat Səfəvilərə xidmətə davam etmişdi.[2] Oruc bəy və əmisioğlu Əliqulu bəy 1598-ci ildə özbək Din Məhəmməd xana qarşı Herat döyüşündə müvəffəqiyyətlə iştirak etmişdi.
Şah Abbasın Avropaya səfir kimi məhz ona yaxından xidmət edən bu 3 şəxsi – Hüseynəli bəy, qardaşıoğulları Oruc və Əliqulu bəyi – göndərməsində böyük ehtimal onların uzun müddət sədaqətli xidməti rol oynayırdı. Hüseynəli bəyə göstərilən etimad sonralar onun Şörli ilə arasının açılmağında əhəmiyyətli rol oynayacaqdı. İngilis mənbələri səfirliyin əsas şəxsinin Şörli olduğunu deyirdisə də, Oruc bəy daha sonra bu səyahət haqda yazdığı kitabında Avropaya göndərilən səfirliyin əsl rəhbərinin Hüseynəli bəy olduğunda israr edirdi. Elə bu ikibaşlılıq səfirliyin başına gələn problemlərin əsas səbəbi idi.
Diplomatik qrupun İsfahanı nə vaxt tərk etdiyini dəqiq demək mümkün deyil. Venesiyanın Müqəddəs Roma imperiyasındakı səfiri Pietro Duodo bu tarixi 24 may,[3] Oruc bəy Bayat 9 iyul kimi göstərir. Duodonun versiyasındakı tarix əslində Şörlinin Gilanda Şah Abbasdan aldığı etimadnamənin gəliş tarixi ilə eynidir. Ona görə də 24 may 1599-cu il əslində Səfəvilər dövlətini tərk etmə tarixi kimi qəbul edilməlidir. Səfirliyin İsfahan-Dövlətabad-Kaşan-Qum-Savə-Qəzvin marşrutu ilə Gilana gəldiyini nəzərə alsaq, onların İsfahanı tərk etmə vaxtını may ayının əvvəlinə sala bilərik. Şörlinin kontingentinin digər hissəsi, ötən yazıda adlarını çəkdiyimiz Entoninin qardaşı Robert, Con Uard, Con Perrot, Qebriel Bruks Dövlətabadda onlardan ayrılaraq Şah Abbasın sarayında qaldılar.
Rusiya
Boris Qodunov, 17-ci əsr
Hüseynəli bəy İsfahandan çıxan karvana çata bilməmişdi və Şörliyə ancaq Gilanda gəlib çatdı. Səfirlik iyunun sonunadək pis hava şəraiti ilə bağlı Gilanda qaldı. Oruc bəy Bayatın yazdıqlarına görə, Rudsardan çıxandan sonra Xəzər dənizində tufana tutulan və Manqışlaq yolu ilə sentyabrın ortalarında Həştərxana çatan səfirlik burada Rusiyaya səfir kimi göndərilmiş Pirqulu bəy ilə rastlaşmışdı.[4] Pirqulu bəy 1598-ci ildə Boris Qodunovun taxta çıxması münasibəti ilə Şah Abbas tərəfindən göndərilmişdi. Həştərxanda Pirqulu bəy tərəfindən qarşılanan Səfəvi səfirliyinin üzvlərindən Abel Pinçonun qeydlərinə əsasən, şəhərin voyevodası (şəhər qoşunlarının rəisi) – adını çəkməsə də, həmin dövrdə İvan Vasilyeviç Sitski (ö. 1608) bu mövqedə idi – günorta saat 4-ə qədər mürgülədiyi üçün onlar şəhər bazarında gözləməli olmuşdular.[5]
Həştərxanda 16 gün qaldıqdan sonra Volqa çayı ilə 5 avarlı gəmi vasitəsilə Nijni Novqoroda tərəf getməyə başladılar. Kazan üzərindən Moskvaya yollanan səfirlik bununla 7 həftəni yolda itirdi. Hüseynəli bəyin səfirlik komandası isə buradan Polşaya getməli idi. Lakin çar Boris Qodunov, görünür, onlara məqsədli şəkildə Polşaya getməyə icazə verməmişdi. Güman ki, Avropa siyasətində daha aktiv rol oynamaq istəyən çar Polşa və Səfəvi ittifaqının Rusiyanı autsayder edə biləcəyindən qorxurdu. Bu gecikmə sonradan Venesiyada əks-səda doğuracaqdı. Reç Pospolita hökmdarı III Sigizmund Vaza isə əslində Moldovanı ələ keçirmək üçün Osmanlıya qarşı birgə hərəkətə keçməyi hədəfləyirdi. Bu plana görə, Müqəddəs Roma-Reç Pospolita-İspaniya-Səfəvi ittifaqı Osmanlıya qarşı total müharibə başladacaqdılar. Hər bir halda Hüseynəli bəy və komandası Moskvaya ancaq noyabrın sonu gəlib çata bildi.
Bəs səfirliyin tərkibində niyə iki portuqaliyalı vardı? Nikola de Melo və Alfonso Kordero Şörli ilə gəlməmişdilər. De Melo 1548-ci ildə, Portuqaliyanın Belmonte şəhərində doğulmuşdu. Avqustin orderinə daxil olaraq 1582-ci ildə Filippinə göndərilən Melo 29 avqust 1597-ci ildə orderin prokuratoru seçilmişdi. Katolik kilsəsi hələ Filippinə yepiskop göndərmədiyi üçün bu seçimdə söz haqqından istifadə etməyə qərar verən Nikola de Melo Romaya qayıtmalı idi.
Normalda Filippindən İspaniyaya Meksika üzərindən gedilirdisə, bu dəfə səyahəti daha sürətli etmək üçün rəsmi Vatikan Melonun marşrutunu Portuqaliyanın Hindistandakı müstəmləkəsi Qoadan saldı. Melo Qoadan İspaniyaya, buradan da Romaya yola düşəcəkdi. 1597-ci ilin noyabrında yola düşən de Melo özü ilə birlikdə də adaşı, özünün vəftiz etdiyi 18 yaşlı Nikola adlı bir yaponu da aparırdı. Keşişlər Qoaya ancaq 1598-ci ildə gəlib çatdılar. Mövsümün dəyişməsi səbəbindən hələ bir il Portuqaliyaya gəmi getməyəcəkdi. Buna görə də keşişlər Səfəvilər dövləti üzərindən səyahətə qərar verdilər. Qoada olarkən Müqəddəs Fransisk kilsəsinin keşişi Simon onlara yaxınlaşaraq, öz orderindən Alfonso Korderonun da onlara qoşulmağı üçün icazə istədi.
Keşişlər 1599-cu ilin fevralı Qoadan yola çıxdılar və Hörmüzə gəlib çatdılar. Hörmüzdə Şah Abbasın sarayında yeni İspan kralının səfirlərinin gəldiyini öyrənən keşişlər İsfahana yollandılar. Apreldə İsfahana çatan keşişlər bu səfirlərin ispan yox, ingilis olduğunu gördülər. Onları şahla tanış edən isə ötən il İrana gəlmiş venesiyalı Cakomo Fava idi. Fava öz növbəsində venesiyalı tacir Bartolomeo Bontempelli (1538-1616) və flandriyalı Karlo Helmanı İranda təmsil edirdi və qısa zamanda Şah Abbasın sevimlisinə çevrilmişdi. Gözlənilməyən qonaqları qəbul edən şah onsuz da yolu İspaniya və Romaya düşəcək keşişləri Şörli və Hüseynəli bəyin komandasına qoşmağa qərar verdi. Keşişlərə İspaniya və Romada səfirlik tapşıran Şah Abbas özü də bilmədən səfirliyin işinə zərər vermişdi. Belə ki, Şah Abbas Avropa diplomatiyasının protokolunu bilmirdi və səfirlərə etimadnamələri verəndə onların arasında hansının əsas səfir olmağına elə də önəm verməmişdi. Şörli buna görə Melo ilə rəqabətdə idi.
Şörli öz xatiratında Melonu xristian dininə əks əməllər etməkdə günahlandırır, hətta İsfahanda qaldığı müddət fahişələrlə oturub-durduğunu deyirdi. Arnulf Hartmannın fikrincə, bunlar iftira idi və Hörmüzdə Meloya tərcüməçilik edən və səfirliyin bir hissəsi olmaq istəyən bir erməni keşiş tərəfindən yayılmış şaiyələr idi.[6] Moskvada bu rəqabət daha şiddətli hal aldı və Şörli hətta bir dəfə Nikola de Melonu yumruqla vurub yerə yıxdı. Portuqaliyanın Səfəvilər dövlətinə göndərəcəyi səfir olan Antonio de Quvea 1606-cı ildəki xatiratında bir dəfə Şörlinin Melonu çayda boğmaq istədiyini, Hüseynəli bəyin son anda Şörlinin qarşısını aldığını və keşişi öz gəmisinə mindirdiyini yazırdı.[7]
Hər bir halda, 1600-cü ildə səfirlik artıq Boris Qodunovun sarayında idi. Şörli və Hüseynəli bəy hələ də öz aralarında əsl səfirin kim olduğunu mübahisələndirirdilər. Boris bundan müvəffəqiyyətlə istifadə edərək görüşdə Hüseynəli bəyi birinci, Melonu ikinci, Şörlini üçüncü yerdə qəbul etdi. Özünü əsl səfir hesab edən Şörli qəzəblənərək etiraz edəndə isə çar onu həbs etdi, səfirliyi isə 6 ay Moskvada saxladı. Maraqlıdır ki, Hüseynqulu bəylə birlikdə Moskvaya qayıdan Pirqulu bəy bu gecikmə haqda Səfəvi sarayına heç bir məlumat verməmişdi.
De Melo və Şörli arasında anlaşmazlıq Melonun səfirliki tərk etməsinə və Moskvada Doktor Paolo adlı bir milanlı ilə bir yerdə yaşamağına səbəb oldu. Oruc bəy xatiratında keşişin birdən-birə itməsi haqda yazır. Onun fikrincə, de Melo Şörliyə külli miqdarda pul vermişdi və münaqişə buna görə yaranmışdı.[8] Əslində isə de Melo doktor Paolonun 9 günlük qızını vəftiz etdiyi üçün problem yaşamışdı. Rusiya katoliklərinin qanunlarına görə, uşağı 40 günlüyündən sonra vəftiz etmək lazım idi, de Melonun qanunu pozması Rusiyada bidət kimi görünürdü. Şörli bundan yaxşı istifadə etdi və de Melonu həbsə saldıra bildi. Yapon adaşı Nikola ilə birlikdə Oneqa körfəzindəki Solovetski monastırına həbsə göndərilən de Melo beləliklə səfirlik ilə əlaqəsini itirdi. Çox sonralar, o, Mixail Romanovun hakimiyyətə gəlişindən sonra edam ediləcəkdi.[9]
Moskvada faktiki olaraq həbsdə qalan Şörli iki dəfə məktub yazdı. Birinci məktub məşhur filosof Frensis Bekonun qardaşı Entoni Bekona (1558-1601) ünvanlanmışdı. 12 fevral 1600-cü il tarixində yazılmış bu məktubda İngiltərənin Hindistandakı Moğol imperiyası ilə Rusiya üzərindən ticarət apara biləcəyi vurğulanırdı. Qeyd etmək lazımdır ki, Bekon da Şörli kimi Esseks qrafı Robert Devörönün casus çevrəsinə mənsub idi. Şörlinin 10 iyun 1600-cü il tarixli ikinci məktubu Arxangelskdən yazılmışdı və Robert Sesilə göndərilmişdi. Robert Sesil Frensis Bekonun ögey qardaşı olub Devörönün düşməni idi. Sesilə yazdığı məktubda Hüseynəli bəyin Müqəddəs Roma imperiyasına getməli olduğu haqda danışıb şikayətlənən Şörli eyni zamanda Boris Qodunovun qızı Ksenia Borisovnaya kürəkən axtardığını yazır, belə bir kişinin İngiltərə kral ailəsindən təmin oluna biləcəyini təklif edirdi. Sesil isə 17 oktyabr 1600-cü ildə İstanbuldakı ingilis səfiri Henri Lelloya yazdığı məktubda kraliça Yelizavetanın qəzəbləndiyini, Şörlinin özbaşınalıq edərək özü-özünü səfir elan etdiyindən gileyləndiyini qeyd edirdi. Sesil həmçinin Çindən gələcək malların Xəzər dənizi vasitəsilə İngiltərəyə daşına biləcəyinə ancaq axmaqların inana biləcəyini deyirdi.[10]
Soyuq fəsilləri Moskvada keçirən səfirlik, nəhayət, Yaroslav-Rıbinsk-Totma-Turavets-Xolmaqorı yolu ilə Arxangelskə gəlib çatdı. 20 gün burada qaldıqdan sonra bir Flandriya gəmisi tapan səfirlik getməzdən öncə Şörlinin təklifi ilə 32 qutu hədiyyəni özündən əvvəl birbaşa Romaya göndərdi. Bu hədiyyələr Romaya heç vaxt gedib çatmadı. Oruc bəy Bayat isə Şörlinin bu hədiyyələri əslində həmin kapitana satdığını qeyd edirdi. Şörlinin öz xatiratına görə həmin hədiyyələr Avropalı monarxlara layiq deyildi, keyfiyyətsiz idi və ona görə də onları İrana geri göndərmişdi.[11]
Səfirlik daha sonra Arxangelskdən Norveç sahili ilə Elba çayının ağzındakı Hansa şəhəri Stadeyə gəldi.[12] Burada səfir Şörlinin katibi Uilyem Perri onları tərk etdi və İngiltərəyə qayıtdı. Perri 1601-ci ildə A New and Large Discourse of the Travels of Anthony Sherley, Kt. adlı öz səyahət kitabını yayımlayacaqdı.
Səfirlik isə avqustda Emden şəhərinə getdi. Burada səfirlik Şərqi Friziya qrafı III Enno tərəfindən qarşılandı. Enno səfirlik barədə imperatora xəbər verməyi unutsa da, Hüseynəli bəy bir çapar göndərmişdi. Aurix-Fridburq-Nöyenburq yolu ilə Oldenburqa çatan səfirlik üzvləri burada Oldenburq hersoqu VII İohann ilə görüşdülər. 14 sentyabrda Oldenburqdan Kasselə gəlib çatdılar. Burada landqraf Moritz ilə görüşdülər. Moritz onları sarayda qarşılamaq üçün 3 atlı araba göndərdi.
Səfirlər on gün landqrafın yanında əyləndilər; Moritz onlara öz sarayının otaqlarını göstərdi, alebastr otağına, mərcan divarları olan qiymətli daşlar kabinetinə, cəbbəxanaya, at tövlələrinə xüsusi tur təşkil etdi və şəhərin müdafiəsi üçün olan yeni topları nümayiş etdirdi. Yemək zalında təntənəli şam yeməyi süfrəsində o, onlara badam xəmirindən hazırlanmış meyvə, bıçaq və “duz” təqdim etdi, səfirlik üzvləri isə ilk öncə fərqi anlamayıb daha sonra güldülər. Moritz hətta oğlunun baş rolda olduğu bir cəngavər turniri də təşkil etmişdi.
Nəhayət, Kasseldən ayrılıb Veymar-Alsfeld yolu ilə şərqə yola düşən səfirlik Rotenburq-an-der-Fulda, Şmalkalden, Qota və Erfurtu keçərək 30 sentyabrda Naumburqa, növbəti gün isə Leypziqə getdilər. Hüseynəli bəy Leypziqdə Saksoniya hersoqu II Kristian ilə görüşməyə çalışsa da, hersoq onlara məhəl qoymadı və səfirlər Praqaya yola düşdülər.
Praqa
Modletiçkinin evi, 2016
Səfirlik Saksoniyadan Bohemiya torpaqlarına keçərək Louniyə qədəm qoydu.[13] Lounidə nahar üçün dayandılar. Maraqlıdır ki, yerli tarixçi Pavel Mikşoviçin şəhər salnaməsində təkcə İran səfirliyinin şəhərdə olması faktı deyil, həm də onun siyasi məqsədi də qeyd olunur. Salnaməçi hətta onların səyahətlərinin uzunluğu və çətinliyi haqda yazmışdı, yəqin ki, bunu elə onlardan eşitmişdi. Axşam yola çıxan səfirlik Slani şəhərində, Modletiçkinin evində 3 gün gözlədi.
Şəhərin burqqrafı Jiri Voyna İran səfirliyini qonaq edərkən 27 kopa Meysen qroşu[14] xərclədiyi barədə yazırdı. (1 kopa = 60 ədəd; 27×60 = 1620 qroş) Bu pul məkanın yiyəsi Vilem Modletiçkiyə ödənilmişdi. Bu məbləğ şəhərin merinin ona ödədiyindən 17 kopa çox idi.
Səfirlik 10 oktyabrda Slanidən yola çıxdı və Praqanın qərbindəki Stella köşkünə (müasir Letohrádek Hvězda) çatdı. Müqəddəs Roma imperatoru II Rudolf səfirlik üçün möhtəşəm qarşılama mərasimi hazırlamışdı. Venesiyanın Praqadakı səfiri Pietro Duodo yazırdı:
…İrandan olan iki səfir buraya daxil oldular; biri ingilisdir – Antonio Şörli, anladığım qədərilə, o, əsas səfirdir, digəri isə Hüseyn Əli bəy adlı iranlıdır; onların yanında təxminən 20-25 nəfər var. Onlara böyük şərəf vermək üçün əlahəzrət 300-ə yaxın vətəndaşa at belinə minməyi əmr edib və imperiyanın baş mayor-domunu 15 yaxın araba və çoxlu sayda insanla birlikdə piyada iki italyan milindən uzaqda yerləşən Ulduz Sarayına göndərdi. Görüş baş tutdu. Burada, içəri şəhərdə, səfirlərin yaşadığı yerdə – meydanda, darvazadan tutmuş mehmanxanaya qədər küçələr bu xalqın adət-ənənəsinə görə əsgərlərlə dolu idi […]. Əlahəzrət özü qəsrin pəncərəsində idi: lakin bir qədər uzaqda olduğu üçün görkəmli mövqedə olsa da, yalnız izdihamın ümumi mənzərəsindən həzz ala bilirdi, başqa heç nə. Hələ səfirləri qəbul etməmişdi…[15]
İmperatorun nümayəndəsi ilə görüşən səfirlik bir vaxtlar indiki Uvoz küçəsində yerləşən qərb qapısından içəri daxil oldu. Müasir Nerudova küçəsi ilə şərqə doğru irəliləyərək, sağa döndülər. Burada, indiki Karmelitska küçəsində yerləşən Prehorovski ailəsinə məxsus, “Dəli Adam” mehmanxanasına daxil oldular. Renesans üslubunda tikilmiş bu mehmanxanaya Oruc bəy “saray” deyirdi. Səfirlik burada 1 həftə qaldı.
İmperator onları ancaq 7 noyabrda qəbul etdi. Saray qapısında (gələcək Matyaş qapısı) imperiya qvardiyası tərəfindən qarşılanan səfirlik qərb girişindən pilləkənlə yuxarı qalxdı. Görüş yeni sarayın yay iqamətgahının birinci mərtəbəsindəki otaqlarda baş tutdu. Səfirlik iki ön otaqdan və imperatorun onları gözlədiyi əsas auditoriya zalından ibarət rəsmi otaqlara daxil oldu. Qəbul protokolu qeyri-adi idi. Rudolf dayanmışdı, oturmamışdı, öpmək üçün əlini uzatmadı və şahın məktubunu götürmək üçün səfirə tərəf irəliləyərək tədbirin təntənəsini bir qədər azaltdı.
Görüş zamanı Entoni onunla ispanca danışdı və Şah Abbasın ittifaq təklifini təqdim etdi. Daha sonra 1 həftə ərzində Hüseynəli bəyin digər ölkələrin səfirləri ilə görüşləri baş tutdu. Entoni görüş vaxtı Pietro Duodoya Səfəvilərin ədviyyat ticarəti üçün Portuqaliyadan daha yaxşı seçim olduğunu irəli sürürdü. Onun fikrincə, Hindistana getməkdənsə, İrandan Xəzərə, buradan da Volqaboyu ilə Rusiya üzərindən Avropaya gətirmək daha məntiqli idi. Lakin bu düşüncə Robert Sesilin ağlına batmadığı kimi, Duodoya da məntiqsiz gəlmişdi.
Daha sonra
Pietro Duodo (1554-1610) büstü, Monselice (Wikimedia)
Hüseynəli bəy xüsusi dəvətlə bir neçə dəfə Praqa qəsrini ziyarət etdi və imperatorun xidmətçiləri ona ən yüksək rütbəli qonaqlar üçün nəzərdə tutulmuş tipik bir tur təşkil etdilər. Səfirlik üzvləri cəbbəxanaya, müxtəlif heyvanların və təbiət cisimlərinin olduğu möcüzələr kabinetinə, imperator qarderobuna, tövlələrə və şirlərin yuvasına baş çəkdilər.
Hüseynəli bəyin səfirliyi 17 noyabrda artıq Praqanı tərk etməyə hazırlaşırdı. İmperator səfirə İrana qayıtmağını məsləhət gördü. Bu məktubları İmperator öz çaparları ilə də çatdıra bilərdi. Hüseynəli bəy bundan imtina etdi. 3 gündür Praqanı tərk etməyən Hüseynəli bəy imperatordan ittifaq üçün söz almaq istəyirdi. Səfirin digər şərti daha ağır idi – əgər müharibə baş verərsə, imperator şahdan xəbərsiz sülh bağlaya bilməzdi.
Müzakirələr uzanırdı. Hüseynəli bəy 18 dekabr tarixində hələ də Praqada idi. Almanlar ona başa salmağa çalışırdı ki, imperator sülh istəyəndə şahla əlaqəni tez qura bilməz. Çünki bir məktubun gedib İrana çatması aylar çəkə bilərdi. Almanlar həmçinin tərcüməçinin məktubları tərcümə etməyini gözləyirdilər. Tərcüməçi Doktor Varfolomey Petzenin astagəlliyi, deyilənə görə, Rudolfu qəzəbləndirirdi. Dekabrın 25-də Praqadakı İspaniya səfiri Gillen de San Klemente (1530-1608) Entoni Şörli ilə görüşdü. Bu görüşün detallarını öyrənən Venesiya səfiri yazırdı:
Mən gizli danışıqlardan şübhələnirdim və haqlı çıxdım. Aldığım məlumata görə, ingilis [Şörli] Süveyşə gedən yolda bütün Hindistan ticarət nəqliyyatının keçdiyi Qırmızı dənizdəki gəmilərin təhlükəsizliyinə nəzarəti öz üzərinə götürməyi təklif edir. Bunun üçün kapitanların hazırda ödədiyi 40.000 kron əvəzinə ildə 200.000 kron ödəməklərini təklif edib. Onun məqsədi Hindistan ticarətini tamamilə Misirdən yayındırmaq və onu Moskva vasitəsilə göndərməkdir. Böyük planları həyata keçirmək mümkün deyil. Mən onun etimadnaməsini görmüşəm; yanındakı iranlının malik olduğu səfir titulunu ona verməyiblər. O, çox xərcləyib, kimə gəldi hədiyyələr verib. Şahın maaşı ilə yaşasa da, o, 46.000 taler[16] borc alıb və borcverənlər onu axtarırlar.[17]
Görünür ki, Şah Abbas Osmanlıya qarşı iqtisadi təzyiq vasitəsi kimi Rusiya ilə ittifaq qurmağı düşünürdü. İmperator Entoniyə verdiyi cavabda gələn yaz Osmanlıya qarşı birgə hücum təklif etdi. Şah Abbas öz gürcü vassalları və Rusiya ilə, Rudolf isə Avropa ilə birləşib hücum edəcəkdi. Rudolf da bir şərt kimi İranda xristianlara dini azadlıq tələb edirdi.
Hüseynəli bəy artıq yanvarda İtaliyaya getməyə hazırlaşırdı. 15 yanvarda Venesiya səfirinə öz etimadnaməsini təqdim etdi. Lakin hətta yanvarın 22-də də səfirlər Praqanı tərk edə bilməmişdilər. Venesiya səfiri yazırdı:
İran səfirləri hələ də gözləyir. İngilis qəzəblənir. O, İspaniya səfirinə doktor Petzendən xeyli şikayət etdi, çünki Petzen ona demişdi ki, “əgər qalmaq istəmirsə, gedə bilər.” Məncə, bütün bunların altında bir sirr var; çünki mənim göndərdiyim məktublardan da göründüyü kimi, ingilis baş səfir deyil, lakin cavabında ona yaltaqlanmaq və xoşuna gəlmək üçün bu titulu verirlər. Moskva vasitəsilə onları İrana qayıtmağa razı salmağa çalışdılar. İngilis imtina etdi; indi isə onu iranlıdan ayırmaq istəyirlər ki, onlara ingilisdən daha çox şərəf gətirəcək öz səfirlərini qoşsunlar. Doktor Petzen həmin vəzifəyə can atır və bu onun ingilisi bezdirmək istəyini izah edir. İngilisin boşboğazlığı və iranlının ehtiyatlılığı səbəbindən aralarında müəyyən qədər pis hisslər olsa da, onları ayırmağın asan olacağını düşünmürəm. İngilis İspaniya səfirinə imperator onu qəbul etmədən getməli olsa, İspaniyaya getməyib Florensiyaya, daha sonra Fransa və İngiltərəyə gedəcəyini deyib. İngiltərədə şəxsi işləri ilə məşğul olacaq və sonra dəniz yolu ilə İrana qayıdacaq.[18]
Səfirlik, nəhayət, 15 fevral 1601-ci ildə yola düşdü. İmperator Entoni Şörliyə 2000 florin və səyahət üçün daha 700 florin əlavə verdi. İki səfir toplamda ümid etdiklərindən çox az – 2000 taler dəyərində gümüş hədiyyə aldılar. Ümumiyyətlə, Praqada olduqları hər gün imperatora 120 talerə başa gəlirdi. Bu isə 85 gün üçün toplam 10200 taler demək idi. 1 talerin 1.2 quldenə, 1 quldenin isə 21.653 qram gümüşə bərabər olduğunu düşünsək, imperator Səfəvi səfirlərinə 2023 məbləği ilə 150 min dollardan çox xərcləmişdi.
Venesiya səfirinin məktublarından sinyoriyaya artıq məlum idi ki, Avropanın geosiyasi arenasında böyük ittifaqlar yaranırdı – İspaniya, Portuqaliya, Müqəddəs Roma İmperiyası, Vatikan, Rusiya və İran bir liqa quraraq İngiltərə, Fransa, Osmanlıya qarşı birləşirdilər. Səfirlik sürətini artırmalı oldu, çünki görüş yerinə onsuz da gecikmişdilər. İsfahandan isə bir xəbər yox idi. Venesiyada isə başqa bir Səfəvi missiyası artıq fəaliyyətə başlamışdı. Bu barədə isə növbəti məqalədə ətraflı qeyd edəcəyik.
İstinadlar
[1] E.D.Ross, Sir Anthony Sherley and His Persian Adventure, Psychology Press, 2005, s. 53
[2] F. Cutillas, José, “Don Juan de Persia”, Christian-Muslim Relations 1500 – 1900, http://dx.doi.org/10.1163/2451-9537_cmrii_COM_27088
[3] C. Schefer, Estat de la Perse en 1660 par le P. Raphaël du Mans…, Paris, 1890, s. 277
[4] Sanjay Subrahmanyam, Three Ways to be Alien: Travails and Encounters in the Early Modern World, 2011, s. 100
[5] E.D.Ross, Sir Anthony Sherley, s. 165
[6] Arnulf Hartman, Father Nicholas Melo and Brother Nicholas of St. Augustine, Martyrs, O. E. S. A., Augustiniana, Vol. 9, No. 3 (AUGUSTI 1959), səh. 277-303
[7] Antonio de Gouvea, Glorioso Triunfo de tres Martires Españoles, dos Portugueses, y frailes de la Orden de S. Agustin, y vno Castellano hijo de Madrid, etc, 1623, səh. 10
[8] G. Le Strange, Don Juan of Persia – A Shiah Catholic 1560-1604, Harper&Brothers, 1926, səh. 258
[9] Hartman, Father Nicholas Melo
[10] Britaniya Milli Arxivi, State Papers Foreign, Turkey, SP 97/4, vərəq 105
[11] Ross, Sir Anthony Sherley, səh. 68
[12] Səfirliyin Praqaya qədərki sərgüzəştləri Oruc bəy Bayatın xatiratından götürülüb. Bax: G. Le Strange, Don Juan of Persia
[13] Səfirliyin Praqada imperatorla görüşü zamanı başlarına gələnlər bu mənbədən götürülüb: Horníčková, K., & Šroněk, M. (2022). Staging Oriental Delegations at the Habsburg Imperial Court in Prague (1600-1610). Culture & History Digital Journal, 11(2), e019. https://doi.org/10.3989/chdj.2022.019
[14] Qroş (alm. groschen) – Müqəddəs Roma imperiyasında istifadə edilən pul vahidi. Quruş sözü buradan gəlmişdir.
[15] ‘Venice: October 1600’, in Calendar of State Papers Relating to English Affairs in the Archives of Venice, Volume 9, 1592-1603, ed. Horatio F Brown (London, 1897), pp. 425-431. British History Online http://www.british-history.ac.uk/cal-state-papers/venice/vol9/pp425-431
[16] Taler (alm. Thaler) – Müqəddəs Roma imperiyasının pul vahidi. Dollar sözü buradan gəlir.
[17] ‘Venice: December 1600’, in Calendar of State Papers Relating to English Affairs in the Archives of Venice, Volume 9, 1592-1603, ed. Horatio F Brown (London, 1897), pp. 434-438. British History Online http://www.british-history.ac.uk/cal-state-papers/venice/vol9/pp434-438
[18] ‘Venice: January 1601’, in Calendar of State Papers Relating To English Affairs in the Archives of Venice, Volume 9, 1592-1603, ed. Horatio F Brown (London, 1897), pp. 438-444. British History Online http://www.british-history.ac.uk/cal-state-papers/venice/vol9/pp438-444
Cavid Ağa
müstəqil tədqiqatçı, jurnalist, yazıçı, Artur Şopenhauerin "Eristik Dialektika" kitabını Azərbaycan dilinə ilk tərcüməçisidir. Bakı Araşdırmalar İnstitutunun üzvüdür və Eurasianet, BNE Intellinews, OC Media, France24, Amerikanın Səsi və digər nəşrlərdə çıxış edib.
TEREF