Vaxtsız sönən ulduz, Pele ilə meydana çıxan bakılı “Banış”

24-02-2024, 09:38           
Vaxtsız sönən ulduz, Pele ilə meydana çıxan bakılı “Banış”
Anatoli Banişevski şöhrət zirvəsindən həyatın dibinə necə düşdü?
23 fevral XX əsr Azərbaycanın ən yaxşı futbolçusu hesab edilən Anatoli Banişevskinin doğum günüdür. Təbiət ona böyük istedad bəxş etmişdi, amma edə biləcəklərinin az hissəsini reallaşdıra bildi.

***
Anatoli 1946-cı ildə Bakıda molokan ailəsində anadan olub. Molokanlıq etnik mənsubiyyət deyildi, xristianlığın bir məzhəbi idi. Etnik baxımdan isə Banişevski soyadı polyak kökünə işarə edir.

Tolya vaxtının çoxunu küçədə futbol oynamaqla keçirirdi. Bir gün eyni işlə məşğul olarkən ona bir nəfər yaxınlaşır və “Lokomotiv” klubunun uşaq komandasının məşqçisi olduğunu söyləyir. O, 9 yaşlı Tolyanı komandaya dəvət edir və bu dəvət sevinclə qəbul olunur.

1962-ci ildə yeniyetmələr arasında Respublika çempionatının final oyunu keçirilirdi. Bakının “Lokomotiv” və “Spartak” komandaları qarşılaşırdı. “Lokomotiv” 4:3 qalib gəldi və qolların üçünü Tolya vurdu. Oyunu izləyənlər arasında “Neftyanik”in (respublikanın əsas komandası 1968-ci ilə qədər belə adlanırdı) baş məşqçisi Boris Arkadyev də vardı. O, paltardəyişmə otağına gələrək, Banişevskini öz komandasına dəvət etdi.

Tolya əsas komandada iki il sonra debüt etdi. “Neftyanik” 1964-cü il SSRİ çempionatının 3-cü turunda Minsk “Dinamo”sunu qəbul edirdi. Oyunun 28-ci dəqiqəsində bakılıların kapitanı Yuri Kuznetsov zədələndi və onu 18 yaşlı Banişevski əvəz etdi. Bu zaman hesab artıq 0:1 idi. Banişevski bəzi fəndləri ilə yadda qalsa da, dönüş yarada bilmədi və oyun 0:2 hesabı ilə yekunlaşdı.

Növbəti oyunda “Neftyanik” Bakıda Moskva “Spartak”ı ilə qarşılaşdı. Anatolinin iştirak etmədiyi oyunda qonaqlar böyük hesabla qalib gəldilər – 0:4. Baş məşqçi Ələkbər Məmmədov, görünür, hücum xəttinin “quraq” oyunundan narazı qalaraq, ÇSKA-ya qarşı növbəti oyunda Anatolinin start heyətinə saldı. Yenə Bakıda, aprelin 11-də baş tutan həmin oyunun artıq 12-ci dəqiqəsində Banişevski ilk qolunu vurdu. Oyun 1:1 hesabı ilə başa çatdı.

Bundan sonra o, əsas heyətdə daha tez-tez görünməyə başladı. Bəzən start heyətində başlayırdı, bəzən isə sonradan oyuna qoşulurdu. Doğrudur, ikinci qolunu 4 ay sonra vurdu. “Neftyanik” avqustun 14-də Qolodetsin və Banişevskinin vurduğu qollar hesabına Minskdə qələbə qazandı – 2:0.

Ümumən həmin çempionatda 20 oyunda iştirak edən Anatoli 3 qol vurdu (sonuncusunu oktyabrın 10-da Bakıda Kutaisi “Torpedo”sunun qapısına). Mövsümün sonunda o və qapıçı komanda yoldaşı Sergey Kramarenko SSRİ çempionatının “11 ən yaxşı debütant”ı siyahısında yer aldılar. Mövsümü o qədər də uğurlu keçirməyən, 17 komanda arasında 12-ci yeri tutan “Neftyanik” bu siyahıda iki oyunçu ilə təmsil olunan yeganə komanda idi.

***

1964-cü il mövsümündən sonra “Neftyanik”in əsas hücumçularından biri Yuri Kuznetsov karyerasını bitirdi və Banişevski əsas heyətin daimi üzvü, 9 nömrəsi oldu. Komandanın ilk mövsümdə ilk qolunu da o vurdu. Birinci turda Bakıda Moskva “Torpedo”sunun qapısına. Daha sonra Markarov və Tuayev fərqləndilər – 3:0.

Sonrakı oyunlar o qədər də uğurlu olmadı. Nə ”Neftyanik”, nə də Banişevski məhsuldar oyun göstərmirdilər. 11 turdan sonra komanda cəmi 9 qol vurmuşdu, Banişevskinin hesabında isə elə ilk turda vurduğu qol vardı. Amma Tolikin oyununda nə vardısa, SSRİ yığma komandasının məşqçisi Nikolay Morozovun diqqətini çəkdi və onu heyətə çağırdı.

Banişevski SSRİ-nin tərkibində ilk dəfə iyulun 4-də Moskvada Braziliyaya qarşı yoxlama oyununda meydana çıxdı. O, fasilədə Valentin İvanovu əvəzlədi. Bu zaman hesab artıq 0:2 idi. Bakılının meydana çıxmasından sonra sovet komandası hücumda daha yaradıcı oldu, bir neçə təhlükəli vəziyyət yaratdı. Amma Pelenin 67-ci dəqiqədə vurduğu qol hər şeyi bitirdi – 0:3.

Sentyabrın 4-də Yuqoslaviya ilə yoxlama oyununda Banişevski artıq start heyətində idi. Amma nə o, nə də başqa oyunçular fərqlənə bilmədi – 0:0.

Əvəzində VII dünya çempionatının seçmə turniri çərçivəsində oktyabrın 3-də Yunanıstanla oyun Banişevskinin benefisi oldu. Səfərdə qalib gələn (4:1) sovet komandasının üç qolunu o vurdu. 19 yaşında yığmada het-trik edən Banişevskini bu göstəriciyə görə yalnız Eduard Streltsov (18 yaşında iki het-trik) qabaqlayır.

Həmin turnir çərçivəsində iki həftə sonra səfərdə Danimarkaya qalib gələn (3:1) SSRİ dünya çempionatına vəsiqəni təmin etdi. Həmin oyunda Banişevski fərqlənmədi, amma Malofeyevin vurduğu ikinci qolun ötürməsini etdi. Son turda səfərdə Uelslə oyun formal xarakter daşıyırdı. Hesabı 17-ci dəqiqədə Banişevski açdı, amma uelslilər 2 qolla cavab verərək, qələbə qazandılar.

SSRİ ilin son üç oyununu Cənubi Amerikada turnesində keçirdi. Noyabrın 21-də Marakana stadionunda Braziliya ilə qarşılaşdı. Hamı braziliyalıların yenə böyük hesabla qalib gələcəklərini gözləyirdi. Bununla belə, birinci hissədə hesab açılmadı. Əvəzində 51-ci dəqiqədə Gerson, 54-cü dəqiqədə Pele fərqləndi və böyük hesab kabusu yenidən peyda oldu. Bu zaman sovetlərin köməyinə Braziliyanın qapıçısı Manqa yetişdi.

O, 59-cu dəqiqədə topu ayağı ilə oyuna daxil edərkən bunu o qədər uğursuz etdi ki, top cərimə meydançasının qarşısında duran Banişevskinin başına dəyərək, qapıya daxil oldu. Qol o qədər gözlənilməz alındı ki, kameralara düşmədi. Bu, SSRİ-nin Braziliyaya vurduğu ilk qol idi. 85-ci dəqiqədə isə Metreveli daha bir qol vurdu və oyun 2:2 bitdi.

Buenos-Ayresdə Argentina millisi ilə oyun da heç-heçə bitdi – 1:1. Sovetlərin qolunu Banişevski vurdu. Montevideoda isə Uruqvay məğlub edildi (3:1) və Banişevski yenə bir dəfə fərqləndi.

“Neftyanik” isə çempionatda 11-ci yeri tutdu. Banişevski 8 qol vurdu. O qədər də yüksək nəticə deyildi. Amma yığma komandada uğurlu çıxış nəticəsiz ötüşmədi. Banişevski 33 ən yaxşı futbolçu siyahısına düşdü.

***

Sovet yığması dünya çempionatı öncəsi 6 yoxlama oyunu keçirdi və Banişevski bunların beşində iştirak etdi. Çexoslovakiya ilə oyunda (2:1) iki, Fransa ilə oyunda (3:3) bir qol vurdu.

Dünya çempionatı 1966-cı il iyulun 11-də start götürdü. Banişevski bu turnirdə 18 nömrəli köynəkdə çıxış edirdi. Sovet komandası ilk turda Şimali Koreyanı 3:0 hesabı ilə məğlub etdi. Qollardan ikisini Malofeyev, birini isə Banişevski vurdu. 33-cü dəqiqədə sağ cinahdan, cərimə meydançasının yaxınlığından yerinə yetirilən cərimə zərbəsindən sonra topu başı ilə qapıdan keçirdi.

SSRİ qrupun digər oyunlarında İtaliya (1:0) və Çiliyə (2:1), ¼ finalda isə Macarıstana (2:1) qalib gələrək, yarımfinala çıxdı. Burada isə Qərbi Almaniyaya 1:2 məğlub oldu. Çili ilə oyun istisna olmaqla Banişevski bu oyunların hamısında iştirak etdi, amma nə qol vurdu, nə məhsuldar ötürmə etdi.

Portuqaliya 3-cü yer uğrunda oyunun 13-cü dəqiqəsində Eysebio penaltidən hesabı açdı. Sovet komandası 44-cü dəqiqədə hesabı bərabərləşdirdi. Qapıçıdan qayıdan topa tərəf Banişevski və Malofeyev qaçdı. Protokolda Malofeyevin adı yazıldı, amma videoda açıq-aşkar görünür ki, Banişevski topa daha tez çatır. Oyunun sonuna 2 dəqiqə qalarkən portuqallar bir qol da vuraraq, 2:1 hesabı ilə qalib gəldilər. Beləcə, SSRİ komandası dördüncü yeri tutdu ki, bu da onun dünya çempionatlarında ən yüksək nəticəsi oldu.

Azərbaycan sosial şəbəkələrində Banişevskinin dünya çempionatındakı oyununun hətta kraliçanın diqqətini cəlb etməsi, mükafatlandırma mərasimində futbolçuya xoş sözlər deməsi (bu sözlərin də müxtəlif variantları var) barədə rəvayətlər dolaşır. Amma bu, ağlabatan görünmür. Əvvəla, kraliçanın dördüncü yeri tutan komandanın mükafatlandırılmasında (onlara xatirə medalı verildi) iştirak etməsi, üstəlik, İngiltərə komandasından başqa komandaların oyununu izləməsi inandırıcı deyil. Üstəlik, Banişevskinin turnirdə oyununu yaxşı qiymətləndirmək olar, daha artıq yox. Əksinə, bəzi mütəxəssislərin təhlillərində Anatolidən daha yaxşı nəticə gözlənildiyinə rast gəlmək olar. Çempionatın ən yaxşı gənc oyunçusu isə, şübhəsiz, Bekkenbauer idi, amma kraliçanın ona nəsə deməsi məlum deyil.

SSRİ kimi “Neftyanik” də həmin il öz tarixinin ən yüksək nəticəsini göstərərək, ölkə çempionatında üçüncü yeri tutdu. Komandanın ən məhsuldar oyunçusu Kazbek Tuayev oldu – 14 qol. Banişevski və Eduard Markarov hərəyə 12 qol vurdular. Amma Tuayev 34, Markarov 26 oyunda iştirak etdiyi halda, Anatoli müxtəlif səbəblərdən cəmi 14 oyunda meydana çıxmışdı.

***

Təəssüf ki, 1966-cı il Anatoli Banişevskinin karyerasının zirvə nöqtəsi oldu. Bir futbolçu karyerasının zirvəsini 20 yaşında yaşadı – qəribə səslənir, amma gerçəklik bu idi. Buna da səbəb ulduz xəstəliyinə tutulması, alkoqola meyl edərək qeyri-sağlam həyat tərzi keçirməsi oldu.

Hərçənd, 1967-1968-ci illərdə hələ SSRİ komandasına cəlb edildi. 1967-ci ildə 12 oyunda meydana çıxıb 5 qol vurdu. 1968-ci ildə isə 7 oyunda iştirak etdi və bir dəfə də fərqlənmədi.

Anatoli “Neftyanik”də də qeyri-sabit oyun sərgiləyirdi. Quraqlıq seriyası Moskvada “Lokomotiv”in (0:5), Daşkənddə “Paxtakor”un (3:3) qapısına het-triklərlə, Bakıda ÇSKA-nın (4:0) qapısına dubla, mövsümün son 3 oyununda 3 qolla əvəzlənirdi. Komanda həmin il ölkə çempionatında 5-ci yeri tutdu, Banişevski bu dəfə 13 qol vurdu, amma bunun üçün ona 21 oyun lazım gəldi. 1968-ci ildə isə adı artıq “Neftçi” olan komanda 9-cu yeri tutdu, Tolik isə 18 oyunda 8 qol vurdu.

1968-ci ilin Avropa çempionatında Banişevski fərqlənmədi, SSRİ isə 4-cü yeri tutdu. Bu, ölkə rəhbərliyi tərəfindən uğursuzluq kimi qiymətləndirildi və baş məşqçi Mixail Yakuşin istefaya göndərildi. Onun yerini tutan Qavriil Kaçalin isə Banişevskini komandadan uzaqlaşdırdı.

Zatən bakılı da yaxşı formada deyildi. 1969-cu il ölkə çempionatında zədə səbəbindən cəmi 7 oyunda meydana çıxdı və 1 qol vurdu. 1970-ci ildə isə 6 qol vurmaq üçün 24 oyun lazım gəldi.

Amma SSRİ yığmasının 1970-ci il dünya çempionatında da çıxışı da uğurlu sayılmadı və Kaçalinin yerinə Valentin Nikolayev təyin edildi. 1971-ci ildən Banişevski yenidən yığma komandaya çağrıldı. Həmin il cəmi bir rəsmi oyunda fərqləndi. IV Avropa çempionatının seçmə mərhələsində Kiprə qarşı oyunda (6:1) qollardan birini vurdu. Mayda Əlcəzairlə keçirilən qeyri-rəsmi oyunda (7:0) isə Tolik dörd qol vuraraq, poker etdi.

Növbəti il Peru ilə yoxlama oyununda (2:0) və Avropa çempionatının ¼ finalında Yuqoslaviya üzərində (3:0) qələbələrin hər birinə Banişevski bir qolla töhfə verdi. Yarımfinalda Macarıstana 1:0 qalib gələn sovet yığması finalda çox güclü Qərbi Almaniyaya 0:3 uduzdu.

Avropada ikinci olmaq əslində pis nəticə sayılmazdı, amma Moskvada belə hesab etmədilər. Günahkarladan biri də Banişevski sayıldı və komandadan həmişəlik uzaqlaşdırıldı. Beləliklə, Avropa çempionatının finalı bakılı üçün SSRİ yığmasının heyətində son oyun oldu.

Həmin il “Neftçi” üçün uğursuz oldu. Komanda yüksək liqada sonuncu yeri tutaraq, birinci dəstəyə düşdü. Banişevskinin vurduğu 10 qol da komandanı xilas etmədi.

1973-cü il birinci dəstə oyunlarında 30 oyunda 22 qol vuran Banişevski bombardirlər siyahısında ikinci oldu. Amma “Neftçi” yüksək liqaya qayıda bilmədi. Ruhdan düşən Anatoli futbolu tərk etdiyini açıqladı və 1974-cü il çempionatında iştirak etmədi. Bir il sonra yenidən qayıtsa da əvvəlki Banişevski deyildi. Qeyri-sağlam həyat tərzi nəticəsində çəkisi artmış, hərəkətləri və reaksiyası xeyli ləng idi. O, meydanda 90 dəqiqə keçirə bilmirdi.

“Neftçi” yalnız 1976-cı ilin yekunlarına görə yüksək liqaya qayıtdı. Banişevski isə yalnız nüfuzlu Fedotov klubuna üzv olmaq üçün karyerasını davam etdirirdi. Onun hesabında çempionatlarda 71 və SSRİ tərkibində 19 qol vardı (birinci dəstədə və ölkə kubokunda vurulanlar sayılmırdı). Beləcə, ona bombardirlər klubuna daxil olmaq üçün cəmi 10 qol lazım idi. Amma bu qolları vurmaq üçün tam iki il lazım gəldi.

Hərçənd, 1977-ci ilin ilk oyunlarında Anatoli iki dəfə fərqləndi. Amma sonra zədələndi və oyunların çoxunu buraxdı. Yalnız sentyabrın sonlarında qayıtdı və bundan sonra əsasən son 15-20 dəqiqədə meydana çıxırdı. Mövsümün son oyununda üçüncü qolunu vurdu: penaltidən “Dnepr”in qapısına.

Növbəti, karyerasının sonuncu mövsümündə Banişevski qol hesabını 6-cı turda “Şaxtyor”un qapısına matçda yeganə qolu vurmaqla açdı. Ondan bir tur əvvəl isə “Kayrat”ın qapısına təyin olunan penaltini qapıdan kənara vurdu. Əslində “Neftçi”nin penalti mütəxəssisi Əli Rəhmanov idi. Amma Banişevski meydanda olanda bu hüququ ona verirdilər ki, hədəfinə çatsın. O, daha bir penaltini Daşkənddə vura bilmədi.

Nəhayət, çempionatın 26-cı turunda Bakıda “Dnepr”ə qarşı matçın 65 və 74-cü dəqiqələrində fərqlənən Banişevski qollarının sayını 100-ə çatdırdı (sonradan ölkə kubokunda vurulan qollar da sayıldığından hazırda Fedotov klubunda göstəricisi 115 qoldur).

1978-ci il oktyabrın 27-də, çempionatın 28-ci turunda Bakıda Kiyev “Dinamo”suna qarşı keçirilən oyun (0:1) Banişevskini futbolçu kimi son oyunu oldu. 60-cı dəqiqədə meydana daxil olan futbolçu son iki turun oyunlarında iştirak etmədi. Beləcə, Azərbaycan futbolunun ən parlaq istedadı öz karyerasını 32 yaşında, istedadının mümkün etdiyi çox şeyi etmədən bitirdi.

Yadigar Sadıqlı
Pressklub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.