ŞAMAYKA

5-03-2024, 15:14           
ŞAMAYKA
ŞAMAYKA
Bakıda əsl Qazax xəngəli harda tapmaq olar?..
Kimə sordumsa hərə bir söz dedi.
Dostum Abid Məmmədov bir yer tövsiyyə elədi.
Şəhərin basırıq, bezdirici tıxacı olan bölgəsi idi.
Vaxtı düz hesablaya bilmədik, qonaqlar gəlmədən Abidlə xəngəlin qurutunu, həlimini və başqa olmazsa olmaz atributlarını kontrol etmək üçün getdik “hadisə yerinə”.
Abid, hörməti artıq olsun, bütün təlimatları öncədən vermişdi.
Ancaq yenə də restoranın mətbəxinə apardı məni.
Mətbəxdəki geniş dəmir masanın üəzrinə xəngəlin inqridientləri düzülmüşdü.
Yan tərəfdə müxtəlif hazırlıqlarla yanaşı karton yeşiyin içində “şamayka” – Qazaxda Kür və Xram çaylarının qovuşduğu yerdə tutulan delikates sayılan balıq var idi.
“Bundan yenə varmı?”, – Abid soruşdu və cavabı dinləmədən amiranə şəkildə “Aparın masaya düzün” dedi.
Abid gözü ilə son dəfə “durum-kontrol” edib getdi.
Gedərkən də dedi ki, bu məclisdən sonra gecə neçə olursa olsun səni Hamlet, Orxan və digər dostlarla filan yerdə gözləyəcəyik…
Rafael Hüseyn və Rasim Müzəffərli bir maşında gəlirdilər.
Zəng elədim.
Dedilər azı bir saat “trafikdəyik”.
Rafik Kazımova “Alo” dedim, cavab eyni oldu…
Kabinetdə oturub gözləməyə başladım.
Acmışdım, ancaq dedim dözüm.
Bir də zəng elədim, baxdım ki, hələ gəlmirlər.
3 boşqab şamaykanın birini gözümə təpdim.
Yeyərkən də düşündüm ki, bu ləzzətdə, bu gözəlliklə balığın adına bax: “Şamayka”!
“Söz üçün əlini cibinə atmayan” qazaxlıların kreativliyi bu qədərdir?
Bizimkilər bu məşhur balığa niyə düz-əməlli bir ad tapa bilməyiblər.
Qazaxlı damarım tutmuşdu…
Saat yarım sonra gəlib çıxdılar.
Xoş-beş deyəndə baxdım ki, dostlarım əməllicə qurmandırlar – xəngəli unudub şamaykaya keçmiş, trafikin əzabını şamaykanın dillərdə dastan ləzzəti ilə çıxarmağa qoyulmuşdular.
Mən də qədəhləri doldurub gileylənməyə başladım ki, belə də admı olar.
Əziz Ağabəyim Rafael müəllim gözünü əlindəki balıqdan ayırıb bir anlığına dayandı və “Bundan gözəl ad ola bilməz” dedi.
Etiraz etməyə təşəbbüs edəcəkdim ki, görkəmli söz Ustası, akademik Rafael Hüseyn o gecəyə damğa vuracaq sözləri dilə gətirdi:
“Fars dilində balığa “mahu” (mahi) deyirlər, “şah” da bildiyimiz şah. Olur “Şah-i mahu”…yəni “Balıqların Şahı”…Şamayka da dilimizə “Şah-i mahu”nun deformasiya olunmuş şəklində girib”...
Ağzım açıq Rafael müəllimin o bənzərsiz səs tonu ilə verdiyi qısa izaha qulaq asırdım.
Dediklərini qeyd etmək istədim.
Ancaq baxdım ki, iki ofisiant əllərində sinilər başımızın üstünü kəsiblər.
Baxışları ilə “Siz bura xəngəl yeməyə gəlibsiz yoxsa balıq?” deyirdilər sanki…
Xəngəli müşaiyət edən içkilər adətən ağır artileriya cinsindən olduğu üçün belə məclislərdə söhbətlər daha doyumsuz və daha şirin olur. Odur ki, vaxtın necə gəlib keçdiyini hiss edə bilmədik. Axşamın irəlləyən saatlarında Rafael müəllim “İbrahim başqa məclisə də getməlidir” deyib məclisi yekunlaşdırdı…
Şəhərin bir başından digərinə çatanda gecə yarıdan keçmişdi.
Dostlarımın mənim gəlişimə açdıqları masanın arxasına keçən kimi “Şah-i Mahi”dən danışmaq istəyirdim ki, sinif yoldaşım, yüz ildir qardaşlıq etdiyim Hamlet əsəbi halda “Nə şah ala, bizi dolayıbsan, gecə ikinin yarısıdır e” deyib nəsə qeyri-adi bir şüşənin ağzını açdı.
Qazax istehsalı – Kəmərli və Xanlıqlar mənşəli başıxamırlıdan sonra Hamletin açdığı uşaq oyuncağıdır doğrusu.
Ağzımın dadını dəyişmək istəmədim.
Dostlarım əllərindəki qədəhlər, dillərindəki sözlərlə məni sevgi selinə bürüyəndə fikrim başqa yerdə idi…
Bu qeydlərimi də yazıya Hamlet üçün tökdüm.
Hamletin “baxti var, amma vaxtı yoxdur”.
Vaxt tapıb oxusa şamaykanın adının hardan gəldiyini öyrənər deyə ümid edirəm…
İbrahim Nebioğlu
https://t.me/ibrahim_nebioglu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.