S.VURĞUN HAQQINDA OĞUZLA BAĞLI XATİRƏ
5-03-2024, 11:11
Təbiət vurğunu olan Xalq şairi Səməd Vurğun Azərbaycanın dilbər
guşələrini gəzib, təbiətin gözəlliyindən zövq almağı xoşlayardı. Onun ən çox
səfər etdiyi bölgələrdən biri də Vartaşen (indiki Oğuz) rayonu idi. Rayonun
səfalı təbiəti, yaşıl meşələri, buz bulaqları şairi çox cəlb edirdi. Odur ki, Vurğun
tez-tez bu yerlərə qonaq gələrdi.
Burada onun çoxlu dostları vardı. S.Vurğunun dəfələrlə Oğuzda olmasını
onu şəxsən tanıyan, rayonun yaşlı sakinlərindən M.Xudiyev, F.Babayev,
A.Səmədov, İ.Vahabov, S.Qarayev, A.Aşurov, A.Verdiyev və digərləri də təsdiq
edirdilər.
Vətənpərvər ziyalılarımızdan olan P.Yaqub da özünün “Padar kəndinin
ensiklopediyası” adlı əsərində yazır ki, “...şair hər gələndə çox vaxt rayonun
Padar kəndində kolxoz sədri işləyən Hidayət Qasımovun qonağı olar, onunla
birlikdə bir neçə gün təbiətin qoynunda gəzər, həm ov edər, həm də buranın
füsünkar gözəlliyindən ilham alaraq, bulaqların başında oturub şeir yazar,
dostlarının və cammatın xeyrində-şərində iştirak edərdı. Belə səfərlərin birində
o, Padar kəndinin qırağındakı bulağın başında “Ceyran ” şeirini yazmış və
yanındakı ovçu yoldaşlarına oxumuşdu. Aradan bir müddət keçəndən sonra,
Hidayət kişi həmin şeiri radiodan eşidəndə heyrət etmiş və sevinclə uşaqlarına
demişdi ki, bu şeir bizim kənddə yazılıb və şeirin ilk dinləyicilərindən biri də
odur.
Hidayət Qasımov söhbət edərmiş ki, Səməd Vurğun ov həvəskarı və
sərrast atıcı olsa da, özü heyvana güllə atmağı xoşlamazmış. Adətən bərədə
dayanıb, ovu nişan alar, amma tətiyi çəkməyə tələsməzmiş. Qəsdən yubanarmış
ki, ovçu yoldaşları atsınlar. Təbiətə gözəllik verən bu yaraşıqlı heyvanları
öldürməyə şairin əli gəlməzmiş.
Hidayət Qasımovun ad günündə iştirak edən Səməd Vurğun dostuna bir
dənə aynalı beşatılan, bir dənə də xəncər bağışlayıb. Lakin, Hidayət kişi rəhmətə
gedəndə onun sevə-sevə saxladığı bu yadıgarı, eləcə də, birlikdə çəkdirdikləri
şəkilləri qardaşı Şükür saxlamaq üçün öz evinə aparıb. Sonralar Şükürün evində
yanğın baş vermiş, həmin əşyalar da orada yanmışdır. Odur ki, böyük şairdən
padarlılara xoş xatirələr və burada yazdığı şeirlər qalmışdır.
Bu yerlərdə - Oğuzda S.Vurğunu xoş xatirələrlə yada salanlardan biri də
rayonun Kərimli kənd sakini Yetim Qara idi. Çörək pulunu maşın yumaqla
qazanan bu zəhmət adamı, şairin səxavətindən ağız dolusu danışarmış. Deyirmiş
ki, rayonun birinci katibinin maşınını yuyanda üç mant verir, yeri gəldi- gəlmədi
üstümə də qışqırırdı. Vurğunun maşınını yuyanda isə, ondan pul almaq
istəməzdim, amma özü zorla cibimə “iyirmibeşlik” basardı. Maşına da baxmazdı
ki, necə yumuşam”.
Onu da qeyd edək ki, şairin özündən böyük və yeganə qardaşı Mehdixan
Vəkilov da bir müddət Oğuzda yaşamışdır. Görkəmli yazışımız İ.Şıxlı 12 mart
1959-cu il tarixli 21 saylı “Azərbaycan müəllimi” qəzetində çap olunmuş
xatirəsində qeyd edir ki, Azərbaycanın xalq şairi S.Vurğunun qardaşı Qazax
seminariyasının ilk məzunlarından olan, ictimai-siyasi xadim, tarixçi alim,
yazıçı, pedaqoq, Azərbaycan Pedaqoji İnstitutunun rektoru (1956–1962), 1958–
1962-ci illərdə V çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı və Ali Sovet
Sədrinin müavini, tarix elmləri doktoru (1969) və professor (1969). Əməkdar
elm xadimi və Qabaqcıl maarif xadimi (1959 və 1973) fəxri adlarına layiq
görülmüş, 1-ci dərəcəli Vətən Müharibəsi ordeni (1943), iki "Şərəf nişanı"
ordeni (1944 və 1961) və keçmiş SSRİ-nin müxtəlif medalları ilə təltif edilmiş
M.Vəkilov seminariyanı qurtardıqdan sonra bir müddət Quba, sonra isə
Vartaşen (indiki Oğuz) rayonlarında müəllim işləmişdi.
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi
imranverdiyevi@mail.ru
TEREF