XƏYAL VƏ REALLIQ ƏL-ƏLƏ VERSƏ

8-03-2024, 17:03           
XƏYAL VƏ REALLIQ ƏL-ƏLƏ VERSƏ
İnternet əsrindəki bütün elmi-texnoloji kəşflərə, yeniliklərə imza atmış alim, mühəndis və ixtiraçıların böyük bir hissəsi elmi fantastika və futurologiyanın 3 böyük dahisinin –
Artur Klark (1917-2008), Ayzek Azimov (1920-1992) və Robert HaynlaynIN (1907-1988) roman və hekayələri ilə böyüyüblər.
Dövrümüzün İlon Maskları, Jeff Bezosları, Mark Zakerberqləri “Bir gün bir kitab oxudum və bütün həyatım dəyişdi” cümləsini dilə gətirirlərsə xəyal qurmağı və bu xəyalın arxasınca getməyi onlara məhz bu yazarlar öyrədiblər.
Orta məktəb illərində oxunan bu bir-birindən maraqlı müəlliflərin əsərləri gənclərin həyatı və xarakterinin formalaşmasında müstəsna rol oynayıblar. Riyaziyyat və fizikaya, elm və texnologiyaya maraq göstərənlər göyün ənginliklərinə baxanda artıq sadəcə parlaq ulduzları deyil, həm də xəyalları ilə reallığın əl-ələ verib yeridiyini görürlər.
Klarkın 3 qanunu
Görkəmli ingilis yazarı, fantast və futuroloq Artur Klark “Gələcəyin profili” (Profiles of the Future, 1962) adlı kitabında növbəti yüz əlli il üçün belə perspektivlər cızmışdı:
2000 – planetlərin fəthi, "kibernetik" orqanizmlərin yaradılması, enerjinin simsiz ötürülməsi;
2050 – ulduzlararası fəzanın tədqiqi, qravitasiya qüvvələrinə nəzarət, Dünya xaricindəki sivilizasiyalarla əlaqə, hava durumunu idarə etmək;
2100-cü il – ulduzlararası uçuşlar və yad sivilizasiyalarla kontakt, iqlimləri idarə etmək, ölüm üzərində qələbə…
Məktəbli ikən bu kitab məni elə həyəcanlandırmış, elə xəyallar qurdurmuşdu ki, onun təsirindən uzun zaman çıxa bilməmişdim.
Ancaq illər sonra Artur Klarkın “Gələcəyin profili”ndə tərif etdiyi 3 qanun (onlara Klarkın adı verilib) bizim dövrün texnoloji və mühəndislik sevdalısı gənclərinin beyinlərində silinməz izlər buraxmışdı:
1-ci qanun – Mötəbər, lakin yaşlı bir alim nəyinsə mümkün olduğunu iddia edirsə, o, demək olar ki, haqlıdır. Ancaq bir şeyin mümkün olmadığını iddia edirsə ehtimal ki, yanılır;
2-ci qanun – Mümkün olanın hüdudlarını müəyyən etməyin yeganə yolu onlardan bir qədər kənara çıxmağa çalışmaqdır;
3-cü qanun – Kifayət qədər inkişaf etmiş texnologiya sehrdən fərqlənmir.
Klark təvazökarcasına belə bir iddiada bulundu ki, əgər Nyuton 3 qanun tərtib edib və bununla kifayətlənibsə bu halda o, heç nə əlavə etməyəcək. Ancaq kitabın 1999-cu il tarixli təkrar nəşrində özünü saxlaya bilmədi və 4-cü qanunu təklif etdi:
“Hər bir ekspertə qarşı əks nöqteyi-nəzəri müdafiə edən eyni dərəcədə mötəbər biri tapılar”.
Artıq 21-ci əsrin əvvəlində 3-cü qanunu şərh edərkən Klark etiraf etdi ki, əgər 1962-ci ildə ona desəydilər ki, bir gün böyük bir kitabxananın bütün kitablarını kitab ölçüsündə bir cihaza sığdıracaqlar o buna etiraz etməz və inanardı. Amma əgər bu cihaz bir neçə saniyə ərzində istənilən sitatı və hətta istənilən sözü tapa biləcəksə Klark bunu həddindən artıq fantaziya hesab edərdi.
Klark qanunları ədəbiyyatda çox sayda fikrin yaranmasına səbəb olmuşdur:
– Nə qədər primitiv olsa da istənilən texnologiya onu başa düşməyənlər üçün möcüzə kimidir;
– Bizdən kifayət qədər uzağa getmiş hər hansı bir Dünyadankənar Zəka Tanrıdan fərqli ola bilməz;
– Bizə fövqəltəbii görünən hadisələr əslində hələlik bizə məlum olmayan təbiət qanunları ilə izah olunur
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.