Yəhudi qırğınları: Orta əsrlərdən Yeni dövrə doğru
9-03-2024, 11:04
Şəlalə Məmmədova
Tarix elmləri doktoru və BDU-nun sabiq prorektorudur. Hazırda ABŞ-da Vudro Vilson Mərkəzinin Kennan İnstitutunun tədqiqatçısıdır.
2023-cü il dekabrın 29-da Cənubi Afrika Respublikası (CAR) Qəzza zolağında soyqırım iddiası ilə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində İsrail dövlətinə qarşı ittiham qaldırıb. BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində soyqırımla bağlı indiyədək bir neçə ittiham araşdırılıb, lakin hazırkı ittihamı digərlərindən fərqləndirən mühüm bir amil var. Bu Məhkəməyə dövlətlərin soyqırım törədib-törətməməsini müəyyənləşdirmək səlahiyyəti məhz yəhudilərə qarşı kütləvi soyqırımın tanınmasından sonra təsdiqlənmiş 1948-ci il konvensiyası ilə verilmişdir. Vaxtilə yəhudilərin kütləvi soyqırımı ilə bağlı yaradılmış qurum hazırda CAR-ın ittihamı ilə bağlı yəhudi dövlətinin soyqırım törədib-törətmədiyini müəyyənləşdirməlidir. Bu yazıda məqsədim İkinci Dünya Müharibəsinə qədər yəhudilərə qarşı yönəlmiş, həm dünya, həm də yəhudi xalqının tarixinə ciddi təsir göstərmiş hücumlar haqqında məlumat verməkdir.
Yəhudi qırğınları haqqında tarixə məlum olan ilk yazılı məlumat bizim eranın 38-ci ilində Misirin İsgəndəriyyə şəhərində baş vermiş hadisələrlə bağlıdır. Bu mənbənin müəllifinin, İsgəndəriyyəli Filonun mənşəcə yəhudi olması onun şahidliyinə kölgə salsa da, mövqeyi (Filon dövrünün məşhur filosofu və Roma imperatoru ilə danışığa göndərilmiş yəhudi nümayəndəliyinin rəhbəri idi) hadisələr haqqında ətraflı məlumatın əks etdirilməsinə şərait yaradıb. Filonun 38-ci il İsgəndəriyyə qiyamını təsviri onun yəhudi-yunan qarşıdurması və yunan icmasının Roma hakimiyyəti ilə vətəndaş hüquqları uğrunda mübarizəsinin nəticəsi olduğunu söyləməyə əsas verir.[1] Münaqişənin kökündə isə Misirin Roma imperatoru tərəfindən təyin olunmuş prefekti Avl Aviliy Flakkın siyasi nüfuzunu və hakimiyyətini qorumaq istəyi dururdu.
Flakk imperator Tiberinin yaxın adamı idi. Lakin Tiberi öldükdən sonra taxta çıxan Kaliqula ilə münasibətləri yaxşı deyildi. Kaliqulanın etibarını qazanmaq istəyən Flakk bunun üçün İsgəndəriyyə şəhərində yunanlarla yəhudilər arasında rəqabətdən istifadə etmək qərarına gəlir. Flakkı yəhudilərə qarşı çıxmağa vadar edən ikinci səbəb isə 38-ci ildə Aqrippinin Kaliqula tərəfindən İudeyaya çar təyin edilməsi və Romadan İudeyaya yollanarkən İsgəndəriyyəyə səfər etməsi olur. Flakk Aqrippinin İsgəndəriyyədə peyda olmasını şəxsi hakimiyyətinə təhlükə kimi qiymətləndirir. Aqrippinin İsgəndəriyyədə yəhudi icması tərəfindən təmtəraqla qarşılanması isə müstəqil çarlığa malik olmayan yunanları qıcıqlandırır və Flakka yəhudilərlə bağlı təzyiqləri gücləndirir.
Həmin dövrdə şəhər əhalisinin təqribən beşdə iki hissəsini təşkil edən yəhudilər vətəndaş hüquqlarına malik idilər, vergi və dini güzəştlərdən yararlana bilirdilər. Flakk şəhərin yunan əhalisinin rəğbətini qazanmaq və Aqrippini siyasi rəqibi kimi zərərsizləşdirmək məqsədi ilə yəhudiləri bütün vətəndaş hüquqlarından məhrum edir. Sinaqoqlarda imperatorun büstünün qoyulmasını tələb edir, şabbatın qeyd olunması qadağan edilir və yəhudilərin şəhərdə yaşamasını məhdudlaşdıran, onları xüsusi məhəlləyə sıxışdıran sərəncam verir. Beləliklə, tarixdə ilk yəhudi gettosunun əsası qoyulur.[2] Yəhudilərə qarşı tətbiq edilən məhdudiyyət və sıxışdırmalar kütləvi qırğınlarla başa çatır. Yəhudilərin mülkləri talan edilir, evləri dağıdılır, özləri isə işgəncə verilərək öldürülürlər.[3]
Bu hadisədən təqribən 30 il sonra eyni şəhərdə yəhudilərlə yunanlar yenidən qarşı-qarşıya gəlirlər. Bizim eranın 66-cı ilində İsgəndəriyyənin yəhudi və yunan icması problemlərini həll etmək məqsədilə ictimai yığıncaq keçirir. Məqsəd imperator Neronun yanına nümayəndəlik göndərmək idi. Lakin şəhər əhalisi müzakirə üçün amfiteatra toplaşmış çoxlu sayda yəhudilərin üzərinə hücum edərək onları öldürməyə başlayır. Həmin dövrdə Misirin Roma prefekti Qay Kokin Tuskus yəhudilərə qarşı yönəlmiş qiyamın qarşısını ala bilmir, şəhərdə yəhudi qırğınları başlayır. Bunun ardınca yəhudilər həm İsgəndəriyyə, həm də Yaxın Şərqin bir sıra şəhərlərində (Dəməşq, Qeysəriyyə) dəfələrlə qırğınlara məruz qalırlar.[4] Qədim dünyada yəhudi qırğınlarının əsas səbəbi qonşu icmaların yəhudilərin iqtisadi çiçəklənməsi və dini mütəşəkkilliyinə qarşı dözümsüzlüyü idi. Lakin bu qırğınların bir səbəbi də yəhudilərin itaətsizliyi idi. Yəhudilər ədalətsiz idarəçiliyə, hakimlərin rüşvətxorluğuna, öz dinlərinə tətbiq edilən məhdudiyyətlərə qarşı çıxaraq siyasi hakimiyyətin etibarını itirir və hücum hədəfinə çevrilirdilər.
Orta əsrlərdə artıq dünyanın hər yerində yəhudilərə qarşı məhdudlaşdırıcı və təqibedici qaydalar tətbiq olunur. VI əsrdə Şərqi Romada Bizans imperatoru Yustinian Corpus Juris Civilis (Roma vətəndaş hüququ) elan edərək imperiya ərazisində yalnız xristianların vətəndaş hüququna malik olduğunu rəsmiləşdirir. Keçmiş Roma imperiyasının qərbində, İtaliyada analoji qanun (Juramentum Judaeoru) VII əsrin əvvəllərində qəbul edilir. Yəhudilərə məhkəmədə xristianlara qarşı ifadə vermək, daxili işlərini müstəqil həll etmək, yəhudi dilində dua etmək qadağan olunur, sinaqoqlar kilsələrə çevrilir, bəzi yerlərdə yəhudilərə məcburən xristianlıq qəbul etdirilir. 535-ci ildə Frank dövlətində Birinci Klermon Şurasında yəhudilərin dövlət vəzifəsinə təyin edilməsi qadağan olunur.[5] Bir neçə il sonra Klermonun yepiskopu yəhudilərə ya xristianlığı qəbul etməyi, ya da şəhəri tərk etməyi əmr edir. Əsrin sonunda isə Frank dövləti bütün yəhudilərin xristianlığı qəbul etməsi haqqında qərar qəbul edir. VII əsrin əvvəllərində Frank çarlığının başçısı I Daqobert Bizans imperatoru I İraklinin təhriki ilə yəhudilərə ya xristianlığı qəbul etmək, ya da ölkə ərazisini tərk etmək əmri verir. Dinindən dönmək istəməyən yəhudilərin bir hissəsi öldürülür, digər hissəsi isə Fransanın o zaman Septimaniya adlanan cənubuna qaçır.
VII əsrdə Ərəb yarımadasında yeni dinin və yeni peyğəmbərin peyda olması ilə yəhudilərin müsəlmanlar tərəfindən təqibi başlanır. Tarixə məlum olan ilk yəhudi-müsəlman qarşıdurmasından biri 627-ci ildə Səngər döyüşü zamanı baş verib. Tarixə Banu Qurayza mühasirəsi kimi daxil olmuş bu hadisə Mədinədə yaşayan 3 yəhudi tayfasından birinin, Banu Qurayza tayfası (digər ikisi Xaybar və Fadak tayfaları idi) ilə Məhəmməd peyğəmbərin hərbi qarşıdurmasının nəticəsi idi. 25 gün davam edən müharibə yəhudilərin məğlubiyyəti ilə bitmişdir. Müsəlman mənbələri Banu Qurayza qırğınında tayfanın yetkinlik yaşına çatmış bütün kişi üzvlərinin və bir qadının öldürülməsi haqqında məlumat verir.[6] Banu Qurayza qırğınının əsas səbəbi kimi Səngər döyüşündə yəhudilərin Məhəmməd peyğəmbəri deyil, rəqibi Qureyşi tayfasını dəstəkləməsi göstərilir. Peyğəmbərin ölümündən sonra yəhudilərə mənfi münasibət dəyişməz qalır. Xəlifə Ömərin dövründə yəhudilərin kütləvi şəkildə Ərəbistandan sıxışdırılmasına başlanılır.
Klassik feodalizm dövründə, Birinci Xaç yürüşləri (1096-1099) zamanı xristian-yəhudi qarşıdurmasının intensivləşməsini müasir Almaniyanın cənub-qərbində yerləşən Vorms və Triyer şəhərlərində, həmçinin müasir Fransanın şimal-şərqində yerləşən Metz şəhərlərində baş vermiş yəhudi qırğınları sübut edir. XII əsrdən başlayaraq, Avropada yəhudi qırğınlarına haqq qazandırmaq üçün müxtəlif iddialar irəli sürülür. Avropanın müxtəlif şəhərlərində yəhudilərin Pesah bayramı zamanı xristian uşaqları qurban kimi kəsib qanlarından mayasız çörək bişirmək üçün istifadə etdiyi kimi şayiələr yayılmağa başlayır. Maraqlıdır ki, yəhudilərə qarşı qanlı ritual böhtanı 1930-cu ildə Almaniyada, 1970-ci illərdə isə SSRİ-də anti-yəhudi təbliğatının əsas hissəsini təşkil etmişdi.
Orta əsrlərin klassik dövründə İngiltərə (XIII əsr) və İspaniyada (XV əsr) həyata keçirilən anti-yəhudi siyasəti Avropa yəhudilərinin sonrakı taleyinə ciddi təsir göstərmişdi. 1275-ci ildə I Edvardın hakimiyyəti dövründə İngiltərədə yəhudilərin hüquqi statusunu tənzimləyən qanun (Statutum de Judaismo) qəbul edilir. Qanun yeddi yaşından yuxarı bütün yəhudiləri sarı rəngi nişan (tabula) gəzdirməyə məcbur edir, sələmçilik İngiltərə ərazisində qadağan olunur. Qanuna əməl etməyən yəhudilərin əmlakı müsadirə edilməli idi. Qanun qüvvəyə mindikdən sonra onlarla yəhudi həbs olunur, 300 nəfər asılaraq öldürülür, əmlakları isə kral tərəfindən mənimsənilir. Kral bununla kifayətlənmir, varlı yəhudi ailələrinin başçılarını həbs etdirərək onlardan 12.000 funt sterlinq pul (fidyə) almağa müyəssər olur.[7] Hakimiyyətinin sonuna doğru, 1290-cı ildə I Edvard bütün yəhudilərin İngiltərədən qovulması haqqında sərəncam (Edict of Expulsion) imzalayır. Sərəncama əsasən qovulan yəhudilərə yalnız götürə biləcəkləri qədər əşya götürmək icazə verilir, yerdə qalan mülkləri taxtın xeyrinə müsadirə olunur. Edvard yəhudilərin sürgünü haqqında sərəncamını əsaslandırmaq üçün onları sələmçilikdə ittiham edir.[8] Dövrün tədqiqatçıları İngiltərə kralının borc içində olduğunu vurğulayırlar və yəhudilərə qarşı qəbul edilən qanunların kralın şəxsi problemlərinin həllinə yönəldiyi fikrindədirlər. I Edvardın sürgün haqqında qərarı dünya tarixinə ciddi təsir göstərən hadisələrdən biridir. Bu qərar dövlət tərəfindən elan edilmiş xüsusi qanunvericiliklə dəstəklənmiş anti-semitizm nümunəsi hesab edilir.
XIV əsrin ortalarında (1347-1351) Qərbi Avropada qara ölüm adlandırılan taun xəstəliyinin yayılmasında da yəhudilər günahlandırılır. Tibb elminin zəif inkişaf etdiyi və xəstəliyin səbəbinin bilinmədiyi dövrdə kütləvi ölümlərin izahı üçün yəhudilərin su quyularını zəhərlədiyi kimi bir şayiə yayılır. Yəhudi icması şəhərlərdə yerləşən su quyularından az istifadə etdiyi üçün onlar arasında xəstəlik geniş yayılmamışdı. Bu da yayılan şayiənin əsaslandırılmasına kifayət etmişdi. Nəticədə Tulon, Barselona, Frankfurt, Sürix, Strasburq və s. şəhərlərdə yəhudi icmasının qırğınları başlayır.[9] Bu hadisə yəhudilərin Avropanın cənubuna, xüsusilə də müasir Polşa ərazisinə qaçmasına səbəb olur.
Yəhudilərin Avropada üzləşdiyi ən uzun müddətli və qanlı təqiblər İspaniya ilə bağlıdır. XIV əsrin sonlarında İspaniyada güclənən inkvizisiya yəhudilərin məcburi şəkildə xristianlaşmasına təkan verdi. 1391-ci ildə Seviliyada başlanan yəhudi qrığınları tezliklə İspaniyanın digər şəhərlərinə yayılır. Yəhudilərin əksəriyyəti din yolunda canından keçir, bir qismi isə həyatını xilas etmək üçün xristianlığı qəbul edir. Kastilyalı III Henri (1379-1406) qırğınların ardınca yəhudilərin iqtisadi fəaliyyətinə ağır zərbə vuran qərarlar qəbul edir. Qərarlar yəhudilərin xristianlarla iqtisadi əlaqələrinə qadağa qoyur, sələmçilik qanundan kənar elan edilir. XIV əsrin sonlarında bütün İspaniyanı bürümüş qırğınlar yəhudilərin Şimali Afrikaya, xüsusilə də Əlcəzairə köçü ilə nəticələnir.
İberiya yarımadasında XIV əsrin sonlarında yəhudilərə qarşı başlamış mütəmadi hücumlar XV əsrin sonlarına qədər davam etmiş, yəhudilərə qarşı bir sıra məhdudlaşdırıcı və təqibedici qanunlar tətbiq edilmişdir. Klassik feodalizm dövründə katolik kilsəsinin güclü dayağına çevrilmiş İspaniyada bu hücumlar əsasən dini xarakter daşıyır və bütövlükdə yarımadanı xristianlaşdırmaq məqsədi güdürdü. Anti-yəhudi qanunvericiliyi yəhudilərə tibb sahəsində çalışmağı, elmlə, sənətkarlıq və ticarətlə məşğul olmağı qadağan edir. XV əsrin sonlarında inkvizisiya artıq yəhudilikdən xristianlığa dönmüşləri hədəfə alırdı. Anti-yəhudi siyasəti 1492-ci ildə Ferdinand və İsabellanın bütün yəhudilərin İspaniyadan sürgün olunmasını nəzərdə tutan sərəncamı (Decreto de la Alhambra) imzalanması ilə başa çatır. Sərəncama görə, sürgün olunan yəhudilər özləri ilə heç bir qiymətli əşya (qızıl, gümüş, pul) götürə bilməzdilər. Beləliklə, yəhudilərin İspaniyada təqribən yüz il davam etmiş təqib və qırğınları onların kütləvi şəkildə ölkəni tərk etməsi ilə nəticələnir. Bütövlükdə XIII-XV əsrlər arası Avropanın 15 dövlətində yəhudilərin sürgün edilməsi haqqında qərarlar qəbul edilmiş, bu proses sonralar da davam etmişdir.[10] İberiya yarımadasında yaşayan yəhudilər Sefarad (ivritcə Sefarad İspaniyanın adıdır) yəhudiləri adlanırlar. XV əsrdə bu coğrafiyada həyata keçirilən təqib və qırğınlar sefarad yəhudilərin Şimali Afrika ilə yanaşı həmçinin Osmanlı imperiyasına köçünün əsasını qoyur.
Osmanlı imperiyasında yəhudi icmasının özəyini Bizans yəhudiləri və işğal olunmuş ərazilərdə yaşayan yəhudilər təşkil edirdi. 1492-ci il hadisələrindən sonra Osmanlı ərazisində ispan, italyan və portuqal dilində danışan yəhudilər məskunlaşmağa başlayır. Nəticədə Osmanlı imperiyası yəhudilərin sayına görə Polşa və Ukraynanı arxada qoyaraq dünyanın ən böyük yəhudi icmasının yaşadığı əraziyə çevrilir.[11] XVI əsrdə Osmanlı işğallarının güclənməsi Avropa ilə ticarət əlaqələrinin inkişafına təkan verdi. Bu, imperiya ərazisində yaşayan və Avropanı yaxından tanıyan yəhudi icmasının böyüməsi və çiçəklənməsinə şərait yaratdı. Bu dövrdə yəhudi icmasının varlı təbəqəsi artıq sultan divanı ilə ciddi biznes əlaqələri qura bilmişdi. Osmanlı ərazisində yaşayan yəhudi icması sultan tərəfindən müəyyən edilmiş bütün qaydalara əməl edir, yaşadıqları faciələrin təkrarlanmaması üçün Osmanlı dövlətində rastlaşdıqları rüşvətxorluq, ədalətsizlik və qanunsuzluqlara qarşı açıq çıxış etmirdilər.[12] Osmanlı imperiyasının müxtəlif ərazilərində məskunlaşmış yəhudilər mədəni muxtariyyətə malik idilər və öz dinləri və adət-ənənələrinə uyğun idarə olunurdular. Klassik feodalizm dövründə, bütün Avropa ərazisində mütəmadi yəhudi qırğınları baş verdiyi, yəhudilərin Avropa dövlətləri və şəhərləri ərazisindən qovulduğu bir dövrdə Osmanlı imperiyası yəhudilər üçün təhlükəsiz görünən yeganə ərazi hesab edilə bilərdi.
Orta əsrlərin son mərhələsində dünya xəritəsində yeni bir imperiya, Rusiya imperiyası peyda olur. XVII-XVIII əsrlərdə İsveç və Osmanlı imperiyalarına qarşı aparılan uğurlu müharibələr Rusiyanın müasir Ukrayna, Polşa, Baltikyanı dövlətlər və Moldova ərazilərinin bir hissəsinin işğalı ilə nəticələnmişdi. Bu işğallar nəticəsində böyük yəhudi icması Rusiya imperiyasının təbəəliyinə keçmişdi. İşğal olunmuş ərazilərdə yəhudi icmasına münasibət birmənalı deyildi. XVII əsrdə Litva və Polşa ərazilərində bir neçə dəfə anti-yəhudi qırğınları olmuşdur, lakin miqyasına görə dövrün ən faciəli qırğını XVII əsrin ortalarında Boqdan Xmelnitskinin rəhbərlik etdiyi Kazak Hetmanlığında (1648-1654) baş vermişdi.[13]
Bu ərazilər Rusiyanın hakimiyyəti altına keçdikdən sonra yəhudilərə qarşı ilk qanun Böyük Pyotrun ikinci xanımı I Yekaterina tərəfindən tətbiq edilib. 1727-ci ildə Ali Gizli Şuranın qərarı ilə yəhudilərin Rusiya ərazisindən çıxarılması haqqında sərəncam verilir.[14] Bu qərar iqtisadi fəaliyyəti ilə rus tacirlərinə ciddi rəqabət yaratmış yəhudi iş adamlarının Rusiya ərazisindən uzaqlaşdırılması məqsədini daşıyırdı. Lakin XVIII əsrin sonlarında Polşa-Litva dövlətinin (Reç Pospolita) Rusiya imperiyası, Prussiya krallığı və Habsburq monarxiyası arasında bölüşdürülməsi (1772, 1793, 1795) nəticəsində böyük yəhudi icması imperiyanın tabeliyinə keçir. Bu əhalini bir sərəncamla imperiya ərazisindən sürgün etmək mümkün deyildi. Rusiya hakim dairələri bu problemi həll etmək üçün yəhudiləri hədəfləyən xüsusi qəraralar elan edərək yəhudi əhalinin dövlətin ərazisində məskunlaşması və imperiya daxilində miqrasiyasına ciddi məhdudiyyətlər tətbiq edir. Bu məhdudlaşdırıcı qanunvericilik Böyük Yekaterinanın dövründə kulminasiya nöqtəsinə çatır və 1791-ci ildə Rusiya imperiyasının qərb vilayətlərində Yəhudilərin daimi məskunlaşma xətti adlanan sərhədlər müəyyənləşdirilir. Yekaterinanın sərəncamı yəhudilərin həmin xətdən kənarda məskunlaşmasına qadağa qoyur, yəhudilərə ikiqat vergi tətbiq edilir.[15] Bu sərəncam kiçik dəyişikliklərlə 1917-ci ilə qədər qüvvədə olub. 1934-cü ildə sovet hökuməti SSRİ ərazisində mərkəzi Birobican olan Yəhudi Muxtar Vilayəti yaradır. Uzaq Şərqdə Çin və Xabarovsk vilayəti ilə həmsərhəd olan bu vilayət o dövrdə yəhudilərə məxsus yeganə inzibati-ərazi vahidliyi idi.
XIX əsrin əvvəllərində Polşa çarlığının Rusiyaya birləşdirilməsi ilə bir milyon yarımdan çox yəhudi imperiyanın təbəəliyinə keçdi. Rusiya demək olar ki, dünya yəhudilərinin yarısının vətəninə çevrildi.[16] 1821-ci ildə Odessada yəhudi qırğını baş verdi. Qırğının səbəbkarı çörək biznesinə nəzarət edən yunan tacirləri idi. Yəhudilərin artan iqtisadi aktivliyindən narazı olan yunanlar əslində türklər tərəfindən öldürülmüş yunan din xadimi Grigorinin yəhudilər tərəfindən öldürüldüyü barədə şayiələr yaydılar. Patriarxın nəşinin şəhərə gətirildiyi gün Odessada yəhudi qırğınları başlandı. Bu hadisədən sonra Odessada yunanlar tərəfindən bir neçə dəfə yəhudi qırğınları təşkil edilir. Polis yunan sahkibkarları ilə münasibəti pozmaq istəmədiyi üçün adətən bu qırğınlara müdaxilə etmirdi.
İmperiya ərazisində ən güclü yəhudi qırğınları dalğası III Aleksandrın hakimiyyəti dövrünə təsadüf edir. Anti-yəhudi qanunlarını daha da gücləndirən imperator yəhudilərə kənd yerlərində yaşamaq və mülk almağı, bazar günləri ticarətlə məşğul olmağı qadağan edir. 1881-ci ildə II Aleksandrın öldürülməsində yəhudilərin günahkar olması haqqında şayiələr yayıldıqdan sonra imperiyanın müxtəlif bölgələrində 1884-cü ilə qədər davam edən yəhudi qırğınları başlayır. Həbs olunmuş xalqçılar arasında cəmi bir yəhudinin (Gesya Gelfman) olmasına baxmayaraq, yəhudi qırğınlarının qarşısı alınmır. Bu qırğınlara haqq qazandırmaq üçün “imperator yəhudiləri sevmir”, “yəhudiləri hər yerdə qırırlar və bunun üçün heç kim məsuliyyət daşımır”, “imperator şəxsən yəhudilərin cəzalandırılması haqqında əmr verib” kimi iddialar səsləndirilir. Qırğınlar baş verən ərazilərdə hakimiyyət nümayəndələri zorakılığın qarşısını almağa tələsmirdilər. 1881-ci ildə Kiyevdə qırğınlar başlayanda general qubernator Aleksand Drentel eyni taktikadan istifadə etmiş, qoşun və polis yəhudilərin öldürülməsinə və mülklərinin dağıdılmasına tamaşa etmişdilər. Qırğınlar zamanı yəhudilər iqtisadi imkanlarına və qapalı yaşadıqlarına görə günahlandırılırdılar. Lakin bu qapalılığın səbəbinin Rusiya imperatorlarının yeritdiyi siyasət olduğu heç kimi maraqlandırmırdı. XIX əsrin sonlarına təsadüf edən qırğınlar imperiya ərazisindən yəhudilərin kütləvi köçü ilə müşayiət olundu. Yəhudi tarixinə Birinci Aliyə (köç) kimi daxil olan bu hadisə yəhudilərin Fələstinə ilk mütəşəkkil köçü idi. Bu köç məhz Rusiya imperiyası ərazisində baş verən mütəmadi qırğınların nəticəsi idi.
II Nikolay taxta çıxdıqdan sonra Rusiya ərazisində yəhudi qırğınları davam edib. Çar Nikolayın administrasiyasının yəhudiləri günahlandırmaq üçün daha əsaslı səbəbi var idi: bu dəfə yəhudilər siyasi hakimiyyətə loyal olmamaqda və inqilabi hərəkatda fəallıqda ittiham edilirdilər. 1903-cü ildə Bessarabiyada (Kişinyov) başlanan qırğın buna misal ola bilər. Qırğınların başlanması üçün bəhanə 14 yaşlı Mixail Rıbaçenkonun qohumu tərəfindən vərəsəsini ələ keçirmək məqsədi ilə öldürülməsi olmuşdur. Bu cinayət Bessarabets (Bessarabiyalı) adlı qəzetdə yəhudilər tərəfindən törədilmiş ritual qətl kimi təqdim olundu. Qəzet yeniyetmənin qanından matsu bişirimək üçün öldürüldüyünü iddia edirdi. Kişinyov qırğınının ardınca Odessa və Qomeldə yəhudilərə hücumlar təşkil olunur. Bütövlükdə XIX əsrin sonları-XX əsrin əvvəllərində bu qırğınlar nəticəsində iki milyona yaxın yəhudinin Rusiya imperiyasını tərk etdiyi təxmin edilir. Yəhudilər qırğınlardan canlarını qurtarmaq üçün təkcə tarixi torpaqlarına deyil, həmçinin daha uzaq əraziyə, Latın Amerikası və ABŞ-a mühacirət etməyə başlayırlar.
Qədim imperiyalarda yəhudilərin dini ekskluzivliyindən bəhrələnmiş anti-yəhudi əhval-ruhiyyəsi orta əsrlərdə daha çox iqtisadi xarakter daşıyırdı. Maliyyə və ticari bacarıqları hesabına varlanan yəhudilərin təqibləri onların iqtisadi gücünə qarşı çevrilmişdi. Rusiya imperiyasında üzləşdikləri ədalətsizliklərə, diskriminasiya və qanunsuzluqlara qarşı mübarizə apararan yəhudilər daha çox siyasi hakimiyyətə müxalif olduqları və inqilabi hərəkatda aktiv iştirak etdikləri üçün cəzalandırılırdılar.