Moskvada “Beryozka”, Bakıda “Çinar” –

14-03-2024, 16:24           
Moskvada “Beryozka”, Bakıda “Çinar” –
Ən yeni tarix. Maraqlı faktlar.
Sovet dövrünü görənlər yəqin ki, yaxşı xatırlayırlar, dəbdə olan geyim əldə etmək, xaricdə istehsal olunan məişət texnikası almaq, keyfiyyətli ərzaq məhsulları tapmaq üçün gərək “yaxşı” tanışların olaydı. Düzdür, tanışlarsız da keçinmək olurdu. Bunun üçün gərək saatlarla mağazaların qarşısında növbəyə duraydın, bir cins şalvar, yaxud da bir cüt çex ayaqqabısı almaq üçün günün yarısından çoxunu sərf etməliydin.
Bəli, bu da bir faktdır ki, SSRİ-nin mövcudluğunun bütün dövrlərində sovet vətəndaşları əşya, ərzaq və digər gündəlik tələbat mallarının çatışmazlığından həmişə şikayətçi olublar. Elə SSRİ-də “qara bazar”lar da bu qıtlığın nəticəsində formalaşıb. Piştaxtaların boş olduğu bir vaxtda alverçilərdən istədiyini tapmaq mümkün olub.
Diqqət çəkən məqamlardan biri odur ki, mağazaların boş olduğu bir vaxtda SSRİ-nin ayrı-ayrı şəhərlərində vitrinləri zəngin ticarət şəbəkəsi fəaliyyətə başlayıb. 1961-ci ildə “Beryozka” mağazalar şəbəkəsi fəaliyyətə başlayanda həmin mağazalar sovet vətəndaşları üçün sözün əsl mənasında nağıla bənzəyib. Vitrinlərdən görünən qara kürü bankaları, xarici içkilər və tütün məhsulları, Yaponiya istehsalı olan məişət texnikaları, dəbdə olan geyimlər, dəri gödəkçələr, xəzlər, kürklər və s. ətrafdakı boş piştaxtalı mağazaların fonunda bir möcüzəni xatırladıb, sıravi vətəndaşlar üçün əlçatmaz olan bir möcüzəni.

“Beryozka” mağazalar şəbəkəsi 1961-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə yaradılıb. Şəbəkə Moskvada “Beryozka”, Kiyevdə “Kaştan”, Minskdə “İvuşka”, Bakıda “Çinar” və s. adı altında fəaliyyət göstərib.
Bu ticarət şəbəkəsinin yaradılması SSRİ-nin büdcəsini xarici valyuta ilə zənginləşdirmək məqsədini daşıyıb. Belə ki, şəbəkədə alış-veriş xarici valyuta ilə aparılıb və bu mağazalar SSRİ-də fəaliyyət göstərən diplomatik korpusların, beynəlxalq təşkilatların nümayəndələri üçün nəzərdə tutulub. Bununla yanaşı, xaricdə işləyən və əmək haqqını xarici valyuta ilə alan sovet vətəndaşları da “Beryozka”dan istifadə etmək hüququna malik olublar.
1964-cü ildən SSRİ-də vətəndaşların xarici valyutadan istifadə etməsinə, xarici valyutanın dövriyyəyə buraxılmasına qadağalar daha ciddi şəkildə nəzarətə götürüləndə, qanunsuz xarici valyuta istifadəsinə görə cinayət məcəlləsində xüsusi maddə əks olunanda şəbəkənin mağazalarında alış-veriş xüsusi çeklərlə aparılıb. Yəni qanuni şəkildə valyutası olanlar onları “vneşposıltorq”un çekləri ilə dəyişib və həmin çeklərdən “Beryozka”da istifadə edib.
Şəbəkənin bütün mağazaları xüsusi xidmət orqanları əməkdaşlarının nəzarətində olub.
“Beryozka” mağazalar şəbəkəsində mövcud dövr üçün ən əlçatmaz, ən defisit mallar satılıb. Bu mağazalarda istənilən və arzulanan bütün məhsulları tapmaq olub. Hətta “Beryozka”dan növbə gözləmədən kooperativ ev və avtomobil də almaq mümkün olub. Bir sözlə, çekin varsa, nə istəyirsən al. Amma çeklərin də haradan əldə olunmasına ciddi nəzarət edilib. Kiçik bir şübhə yarandığı halda “Beryozka”dakı söhbətin davamı DTK-da aparılıb.
Bu ciddi qayda-qanun yalnız sıravilər üçün tətbiq edilib. “Yuxarılar” üçün isə mağazaların qapıları həmişə açıq olub.
“Beryozka” defisit mallarla yanaşı, həm də tanınmış müştəriləri ilə yadda qalıb. Siyasi Büronun demək olar ki, bütün üzvləri “Beryozka”nın xidmətlərindən yararlanıblar. Büro üzvlərindən Kuznetsov, Demiçev, Kapitonov, Polyanski, daxili işlər naziri Şelokov, daxili işlər nazirinin müavini Yuri Çurbanov və həyat yoldaşı Qalina Brejneva, Moskvanın birinci katibi Viktor Qrişin, Moskva şəhər İcraiyyə Komitəsinin sədri Promıslev, mədəniyyət naziri Yekaterina Furtseva mağazanın daimi və ən hörmətli müştəriləri sayılıblar və sözsüz ki, onlardan heç kim çek sorğu-sualı etməyib.

Mərkəzi Komitədə “ən təmiz kommunist” sayılan Mixail Suslovun ailəsi, xüsusilə də general-mayor rütbəsi daşıyan oğlu Revoliy Suslov da tez-tez “Beryozka”nın satış zallarında görünüblər.
“Beryozka” mağazalar şəbəkəsinin fəaliyyətə başlaması ilə SSRİ-nin qara bazarlarında yeni bir sahənin də fəaliyyəti başlayıb - çek alveri. Ciddi cəhdlərə, mübarizələrə baxmayaraq, çek alverçilərinin fəaliyyətinə mane olmaq mümkün olmayıb.
“Beryozka” mağazlar şəbəkəsində satılan məhsulların qiymətləri isə xarici ölkələrlə müqayisədə hədsiz dərəcədə baha olub. Məsələn, qadınlar üçün yun koftanın qiyməti Amerikada 9-10 dollar olduğu halda, “Beryozka”da həmin koftalar 70-80 dollara satılıb. Yaxud şokoladın qiyməti Amerikada 1-2 dollar olduğu halda, “Beryozka”nın müştəriləri bu məhsulu 15-20 dollara alıb. Qiymət fərqinin böyük olmasına baxmayaraq, “Beryozka”da heç vaxt müştəri qıtlığı müşahidə edilməyib. Əksinə, hər il xaricdən gətirilən mallara tələbat bir neçə dəfə artıb.
Araşdırmaçıların qənaətinə görə, “Beryozka” mağazalar şəbəkəsi fəaliyyət göstərdiyi 30 il ərzində SSRİ-nin valyuta xəzinəsini kifayət qədər zənginləşdirib. Şəbəkənin nə qədər gəlir gətirdiyi isə məxfi saxlanılaraq açıqlanmayıb.
Qeyd edək ki, “Beryozka” mağazalar şəbəkəsinin fəaliyyəti 1991-ci ildə dayandırılıb.
İlham Cəmiloğlu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.