EYNŞTEYNİN SEÇİMİ
15-03-2024, 12:04
Bu qısa yazımın qeydlərini keçən il 24 okytyabrda Almaniyanın Ulm şəhərində etmişdim.
Doğum günümdə Albert Eynşteynin doğulduğu şəhərdə idim.
O qeydlərimi də bu gün – dahi fizikin dünyaya göz açdığı gündə paylaşıram sizin üçün…
Albert Eynşteynin (1879-1955) həyatı ilə bağlı çox az bilinən məqamlardan biri onun mühacirəti ilə bağlıdır.
1933-də nasistlər Almaniyada hakimiyyətə gəlirlər.
Eynşteyn üçün əcəl zəngi çalmağa başlayır.
Yəhudilərə və elm adamlarına qarşı “ifritə ovu” ilə Eynşteyn mühacirət etmək üçün ölkə axtarışına başlayır.
Altı ay sonra onun Amerika vizasının müddəti başa çatacaqdı.
Sığına biləcəyi ABŞ-da Böyük Depressiya – dərin iqtisadi böhran tüğyan edirdi.
Digər tərəfdən Amerikada onu kommunist hesab edirdilər.
Gözlənilmədən ona Sovet Rusiyasından dəvət gəlir.
Saratov universitetinin direktoru Dmitri Ramzaev və Moskva Dövlət Universitetinin Riyaziyyat Elmi-Tədqiqat institutunun direktor müavini Qavriil Xvorostindən dəvətnamə alır.
1930-cu ildən Saratov universitetin histologiya kafedrasının müdiri, Eynşteynin birinci arvadı Milevanın qardaşı olan professor Miloş Mariç yeznəsi üçün canfəşanlıq etmişdi.
Xvorostin Nobel mükafatı laureatına fizika fakültəsinin dekanı vəzifəsini vəd edir.
Eynşteyn bununla qane olmur.
Xvorostin başqa bir plan hazırlayır.
O, Kalinin və Yaqodaya məktub yazıraraq Volqa Almanları Muxtar Respublikasının Elmlər Akademiyasının yaradılmasını, Eynşteynin də Akademiyanın prezidenti kürsüsünü təklif edir.
Təklif Eynşteynin xoşuna gəlir.
Ona Saratovda 4 otaqlı mənzil və ayda 2500 rubl (!!!) maaş vəd edirlər.
Moskva Xvorostinin məktubuna rədd cavabı verir – muxtar respublikaların Elmlər Akademiyası ola bilməz.
Eynşteynin ABŞ-ı seçmək qarşısında qalır.
1955-ci ildə ölümünə qədər ABŞ-ın Federal Təhlükəsizlik Xidməti (FBI) onun telefonunu dinləyir, məktublarını oxuyur, ona potensial casusluq olaraq görürdü.
Qavriil Xvorostin 1935-ci ildə universitetin rektoru təyin olunur.
1937-də onu trotskiçi və alman casusu kimi həbs edir,
1938-in yanvarında isə güllələyirlər.
Saratov universiteti 1937-38-ci illərdə elə bir qırğın və repressiyalara məruz qalır ki, professor və dosentlərin sayını ancaq 1968-ci ilə qədər bərpa etmək mümkün olur.
Tanrı Eynşteyni qorumayıb, onun Rusiyaya mühacirətinə imkan yaratsaydı onun sonu necə olardı?
Cavabı yəqin ki, hər kəs bilir…
İbrahim Nebioğlu
https://t.me/ibrahim_nebioglu
TEREF