Şah Abbasın Avropa casusları – Gizli səfirlik
16-03-2024, 00:12
İlk yazıda Şah Abbasın Avropaya səfirlik göndərdiyi ərəfədəki geosiyasi mənzərəni təsvir etmiş,[1] ötən yazıda da Şah Abbasın böyük Avropa səfirliyinin Gilandan Praqayadək olan sərgüzəştlərindən bəhs etmişdim.[2] Bu məqalədə isə Şah Abbasın eyni anda İtaliyada başlatdığı diplomatik missiyadan danışacağam. Bu missiya açıq-aşkar səfirlik olmayıb, gizli xarakter daşıyırdı. Buna görə də daha təhlükəli və açıq yollardan – Osmanlı imperiyasından keçmişdi. Bu missiyanın məqsədi əsas səfirliyə maddi dayaq olmaq, ehtiyat planı funksiyası görmək idi.
Öncəki yazıda Səfəvi səfirliyinin Praqanı 15 fevral 1601-ci ildə tərk edə bildiyini qeyd etmişdim. Lakin səfirliyin digər katolik üzvü, Fransiskan orderindən keşiş Alfonso Kordero onları bir az daha tez tərk etmiş, İspaniyaya yollanmışdı. 12 fevralda Genuyaya çataraq özünü Praqadakı Səfəvi səfirliyinin nümayəndəsi kimi təqdim edən Kordero Genuyadakı İspaniya səfiri Pedro Qonzales de Mendoza ilə görüşmüş, ona Romaya getməyəcəyini desə də, səfirliyin Romaya yollandığını xəbər vermişdi. Mendozanın 4 gün sonra, 16 fevral 1601-ci ildə kral III Filippə yazdığı məktubda Şörliyə istinadla “kafir və spesifik olaraq İspaniyanın düşməni bir ingilis”in gəldiyi xəbərini çatdırır, İspaniyanın Romadakı səfiri Sessa hersoquna Şörli haqda ehtiyatlı davranmasını məsləhət görürdü.[3] Növbəti yazılarda bu məsləhətin Şörlinin səfirlikdəki yerini necə dəyişəcəyi haqda danışacam. Bu məqalə isə Səfəvi dövlətinin Venesiyadakı gizli səfirliyi haqqındadır.
Əsəd bəy
Böyük Avropa səfirliyinin üzvlərinin xəbərdar olmadığı yenilik o idi ki, Şah Abbas onların arxasınca Əsəd bəy adlı tacir qiyafəsində başqa bir səfir göndərmişdi. O, Hüseynəli bəygilin taleyi haqqında məlumat toplamalı və onlar gələndə lazım olarsa, pulla təmin etməli idi. Güman ki, bu şəxs birinci məqalədə adını çəkdiyim gərəkyaraq Əsəd bəy Təbrizi ola bilər.[4]
Əsəd bəy digər səfirlərdən fərqli olaraq tacir qiyafəsində gəldiyi üçün Osmanlı torpaqlarından keçərək 1600-cü ildə bir neçə qulluqçusunun müşayiəti ilə Venesiyaya gedə bilmişdi. Onun çoxlu pulu vardı, geniş və zəngin bir evdə qalır və heç bir məhdudiyyət olmadan xərcləyirdi. Venesiya doju onu şahın rəsmi elçisi kimi qəbul etmişdi. Əsəd bəyin özünün dediyinə görə, 40 ildir Məhəmməd Xudabəndə və Abbasa xidmət edirdi, saraydakı təsiri elə idi ki, sarayın qapıları həmişə onun üzünə açıq idi, və xüsusən də xristian olan və əksər hərəkətləri xristianların xeyrinə istifadə edən Abbasın xanımına xidmət edirdi.
Venesiyalı əyanlar görürdülər ki, Əsəd bəy bir səfirdən daha çox tacir kimi davranırdı – müxtəlif növ malların alqı-satqısı ilə məşğul idi. Onun özü ilə təxminən 80.000 dukat dəyərində müşk və digər mallar gətirdiyi, parçalar və dəbdəbəli əşyalar aldığı xüsusi qeyd olunur.
İspaniyanın Venesiyadakı səfiri Don İniqo de Mendoza 10 iyun 1600-cü ildə belə yazırdı: “Venesiyada iki nəfər var, bir Türk çavuşu və bir İran agenti. İran agenti daha əvvəl Romada olan şəxsdir, dinlə bağlı nəsə danışsa, məlum olacaq. Bura ancaq müxtəlif əşyalar almaq və ağasına xəbər göndərmək üçün gəlir.”[5]
17 iyun 1600-cü ildə Papa VIII Klementin Venesiyadakı nunsiyası (səfiri) Offredo Offredi Əsəd bəy haqda yazırdı: “Artıq bir neçə gündür, burada bir iranlı adam var. Bəzi şeylər alır, amma güman edilir ki, o, başqaları ilə gizli şəkildə sövdələşir. Böyük ehtimal o ticarətdən çox öz ölkəsi ilə Respublika arasında əlaqələri yaxşılaşdırır.”[6]
Əsəd bəy Venesiyada fəaliyyətə başlayanda ondan bir neçə ay əvvəl İrandan gəlmiş Dieqo de Miranda ilə qarşılaşdı. Dieqo de Miranda, yəqin ki, 1600-cü ilin əvvəlindən Venesiyada olmalı idi, 1600-cü ilin iyununda bura gələn din xadimi Françesko da Kosta[7] Mirandanın ondan 6 ay əvvəl gəldiyini deyirdi. Dieqonun sonralar verdiyi ifadələrə görə, onlar Əsəd bəylə bir-birlərini hələ Hörmüzdən tanıyırdılar, Əsəd bəy bu vaxtı Moğol İmperiyasına gedirmiş.
Miranda özünü Venesiyada Hindistanın əsas portuqal ailələrindən birinin üzvü kimi təqdim etdi. İspaniyanın Romadakı səfiri və Vatikan rəhbərliyi Romadakı portuqal sakinlərindən Miranda haqqında məlumat almaq istədikdə, heç kim onun və ailəsi haqqında bir şey bilmirdi.
Əsəd bəy bir neçə ay idi ki, Venesiyada idi və ikili fəaliyyətlə məşğul idi. Hüseynəli bəydən xəbər almadığı üçün İrana qayıtmaq üzrə idi. Əsəd bəyin arabir evinə nahar üçün dəvət etdiyi Dieqo de Miranda ilə görüşü və münasibətləri ilə hər şey aydınlaşmağa başladı. Miranda Hörmüzdən Domeniko Stropene adlı biri ilə Venesiyaya gəlmişdi. Getdikcə üçü də birlikdə bazarları gəzməyə, tez-tez görüşməyə başladılar. Domeniko daha sonra Şah Abbasın Avropa ilə əlaqələrində önəmli rol oynayacaqdı.
Bu görüşlərdən birində Əsəd bəy Dieqo de Mirandanı onunla birlikdə İrana qayıtmağa dəvət edərək, şaha xidmət etməyi təklif etdi. Təklifin ciddi olduğunu bildirmək üçün ona öz səfərinin əsl məqsədlərini, xüsusən də ötən il padşahın göndərdiyi səfirlər haqqında xəbər almağa gəldiyini dedi. Miranda bu səfirlərin İspaniya kralı və Roma papasını ziyarət edəcəyini nəzərə alaraq, Əsəd bəyə Venesiyada bir yepiskopla görüş təklif etdi. Bu, Pistoya yeparxiyasının keçmiş yepiskopu və Venesiya sakini yepiskop Oktavio Abbioso idi.[8]
Ravennadan olan Oktavio Abbioso Toskana hersoqu Françesko de Mediçiyə 1587-ci ildəki ölümünə qədər böyük sədaqətlə həm Venesiyada, həm də Romada və digər yerlərdə, xüsusən də maliyyə məsələlərində xidmət etmişdi. Françeskonun qardaşı və varisi Ferdinandonun rəğbətini itirən Pistoya yepiskopu Abbioso 1599-cu ildə istefa verməli oldu. Bundan sonra o, məcburən doğulduğu Ravenna şəhərinə, oradan da Venesiyaya gedib, orada tanışları və dostlarının köməyi ilə yaşamağa başlamışdı. Yepiskop olduğu dövrlərdə Romadakı İspaniya səfiri, daha öncə adını çəkdiyimiz Sessa hersoqu Antonio Fernandez de Kordoba ilə tanış olduğu üçün həm Papalıq, həm də İspaniya üçün casus kimi işləyirdi.
Beləliklə, Mirandanın köməyi ilə yepiskopla dostlaşan Əsəd bəy ona xristian olmaq istədiyini, əgər Qərbdən yetərli dəstək olarsa, hətta bütün Səfəvilərin, hətta şahın belə xristian ola biləcəyini deyirdi. Hətta şahın xanımı və anasının da xristian olduğunu bildirirdi. Yepiskop ona inanaraq, Papaya çatdırması üçün məsləhət məktubu verəcəyini, Miranda ilə Romaya yollanmağını məsləhət gördü.
Şah Abbasın xristianlıq sevgisi haqqında
Burada daha öncəki məqalələrdə də qeyd etdiyimiz və adını çəkdiyimiz səfirlərin daim təkrarladığı narrativ olan Şah Abbasın xristianlıq sevgisi haqda haşiyə çıxmağım yerinə düşər. Xüsusilə katoliklər arasında yayılmış olan müsəlman hökmdarlarının nə vaxtsa xristian olacağına dair inanc Monqol dövrünə qədər gedirdi. Bu inanca görə, Presbiter Yəhya kimi tanınan əfsanəvi xristian bir keşiş-hökmdar şərqdə, müsəlman və bütpərəstlərin arasında yaşayır, itirilmiş bir xristian dövlətini idarə edirdi. Gah Çingiz xan, gah onun qan qardaşı (və sonradan düşməni) kerait Toğrul xan, gah da Elxani hökmdarı Hülaku obrazında təsəvvür edilən bu əfsanəvi xristian hökmdar haqda əfsanə bu inancın əsasını qoymuşdu.[9]
Hətta Əmir Teymur kimi qatı sünni bir hökmdar haqqında belə bu inanc var idi. 1398-ci ildə Roma papası IX Bonifas tərəfindən Sultaniyyə arxiyepiskopu təyin edilən III Ciovanninin Almaniyada yazdığı Libellus de Notitia Orbis (Dünya Biliyi) kitabında Yaxın Şərq ölkələrində müsəlmanların gücdən düşdüyü, xristianların sayca çoxluqda olduğu qeyd edilirdi. Onun sözlərinə görə, yerli xristianlar frankların gəlib onları qurtacağını düşünürmüş. Hətta Qafqaz Albaniyasının katolikosu kimi tanınan Müqəddəs Qriqoris guya bir adada əsir həyatı yaşayaraq öz öncəgörmələrini yazıbmış. Bu əfsanəyə görə, Qriqoris hətta Əmir Teymurun gələcəyini də görübmüş və onun xristianlığı qəbul edəcəyini deyirmiş. Ciovanni özü ilə Əmir Teymurun bir portretini daşıyır, hətta onun bioqrafiyasını da yazırmış. Ciovanni səfir kimi getdiyi hər ölkənin rəhbərindən Bizans Pravoslav Kilsəsinə qarşı mübarizə üçün dəstək və ermənilərin qriqorianlıqdan çıxıb katolisizmə gətirilməsi üçün maddi dəstək istəyirdi.[10]
Rudolf Matti bu inancın Şah İsmayıl haqda da, Nadir Şah haqda da mövcud olduğunu qeyd edir. Mattinin fikrincə, Şah Abbas özü bilə-bilə xristian missionerlərin önündə “xaç vurur,” İsa və İncil haqda soruşur, hətta portuqallar kimi geyinirdi:
O, ilk növbədə, Osmanlıya qarşı mübarizəsində ona qoşula biləcək əsas düşməninin düşmənləri olan Avropa dövlətləri ilə əlaqə qura biləcək missionerlərlə maraqlanırdı. Hətta onun iman gətirmək niyyəti olmasa belə, xristianlığa, onun ehkamlarına, emosional simvolizminə və bədii ifadələrinə həqiqətən maraq göstərdiyini sübut edən kifayət qədər dəlillər var – şübhəsiz ki, bu həm də ona həmin ünsürlərin qismən şiə inanclarına və məzhəbinə bənzədiyinə görə maraqlı idi. Lakin III Filippə xristianlığa olan sevgisini ifadə edən məktubdan başlayaraq, öz orbitindəki bütün qruplar və fərdlərlə olduğu kimi, missionerləri və xristian inancını da siyasi məqsədləri üçün manipulyasiya etdi.[11]
Mixelangelo Koray Venesiyada
Ötən məqalədə Böyük Avropa səfirliyinin tərkibində Şörlini İrana gətirən Korayın olmadığını görmüşdük. Əslində, Koray onlardan 6 gün əvvəl yola düşmüş, 5 ay sonra gəlib Venesiyaya çatmışdı. Maraqlıdır ki, Koray Venesiya sinyoriyasına sonradan Əsəd bəyin də söyləyəcəyi şişirtmələri demişdi – şah İranda Roma-Katolik kilsələrini ucaltmaq istəyir, özü sinəsində gizlətdiyi bir xaç boyunbağı ilə gəzir… Görünür bu şişirtmələr yuxarıda qeyd etdiyimiz kimi, Şah Abbasın birbaşa əmri ilə deyilirdi. Sinyoriyanın katibi Pelleqrininin 28 noyabr 1599-cu ilə olan rəsmi qeydlərində bu məlumatlar əks olunub:
Bu səhər Ali Kollegiyanın qapısında kiçik boylu, qara saqqallı, zeytun dərili, qara libas geymiş, təxminən qırx yaşında bir kişi göründü; bu adam dedi ki, o, İran şahının xidmətçisidir və Zati-alilərinə [Venesiya dojuna] müəyyən məktublar təqdim etmək üçün Ali Kollegiyaya daxil olmaq istəyir; Ali Kollegiya bundan xəbər tutaraq mənə, katib Pelleqrininə əmr etdi ki, onun kim olduğunu, haradan gəldiyini və nə istədiyini dəqiq bilmək üçün onu ön otağa apararaq sorğu-sual edim. Mən bu göstərişlərə əməl etdim: o, mənə adının Hələbli Mişel Angelo Koray olduğunu, İran kralı tərəfindən göndərildiyini, bir neçə ay bu şəhərdə olmuş və indi İranda olan ingilis Antonio Şörli tərəfindən göndərildiyini söylədi.[12]
Korayın ifadəsindən Təbriz-Ərzurum-Trabzon yolu ilə gəldiyi məlum olur. Trabzonda 21 gün həbsdə qalan Koray Ərzurum dəftərdarına 738 quruş rüşvət ödəyərək azadlığa çıxdığını qeyd edir. Təkcə 400 quruşu ödəmək gücündə olan Koraya şəhərdəki başqa bir Səfəvi casusu olan, Daniel adlı bir erməni tacir qalan məbləği ödəyərək kömək edir. Trabzonda Şörlinin casus şəbəkəsindən olan Cakomo[13] adlı bir ingilis tacirindən 500 dukat almalı olan Koray onu tapa bilməyib İstanbula yollanır. Burada Səfəvi səfiri[14] ilə görüşən Koray sonra Pirona adlı bir gəmi ilə Venesiyaya yola düşür. Korayın verdiyi məlumatlardan bu səfirlikdə 35 nəfər olduğu və səfirin Koraydan bir gün əvvəl Təbrizə yola düşdüyü məlum olur. Koray Venesiyaya gəlib çatandan sonra köhnə dostu Antonio Padovanın evində qalır. İfadəsində Əsəd bəyə istinad edərək Şahın bir taciri agent kimi göndərəcəyindən də bəhs etmişdi.
Koray daha sonra 20 dekabr 1599-cu ildə Florensiyaya gedib Abbiosonun keçmiş ağası Ferdinando de Mediçi ilə xoş əlaqələr qurmuşdu. Yenidən Venesiyaya qayıdan Koray şahdan aldığı əmrə görə Əsəd bəyi gözləməli idi, belə də oldu və Əsəd bəy ilə bir-birlərini tapdılar.
Venesiya doju ilə görüş
Yuxarıda Venesiyadakı ispan səfirinin məktubundan bəhs etmişdim. Məktubda qeyd edilən türk səfiri Davud Çavuş idi. Sultan Davud Çavuşu sinyoriyaya Adriatik dənizi sahillərində quldurluqla məşğul olan Uskok adlanan xorvat üsyançılarla bağlı məsələləri müzakirə etmək üçün göndərmişdi.[15] Venesiya doju Osmanlıdan ehtiyat etdiyi üçün gördüyümüz kimi Əsəd bəyin varlığından xəbərdar olsa da, onunla açıq şəkildə görüşməmişdi. Əsəd bəy Marino Qrimani ilə ancaq 8 iyun 1600-cü ildə görüşə bildi.[16] Əsəd bəy görüşdə özü ilə xalça və müşk kimi hədiyyələr gətirmişdi.[17] Hədiyyələr arasında “Mələk Cəbrayıl tərəfindən Müqəddəs Məryəmin Müjdəsini əks etdirən qızıl toxunmuş məxmər parça” da var idi.[18] Dojun sarayının Onlar şurası[19] otağında asılmış bu hədiyyə dövrümüzədək gəlib çatmayıb.
Əsəd bəyin söhbət zamanı farsca yox, türkcə danışdığını düşünmək mümkündür. Çünki görüşə tərcüməçi kimi sarayın türkcə tərcüməçisi Cakomo di Nores çağırılmışdı.[20] Cakomo 1569-cu ildə Kiprin Osmanlı tərəfindən işğalından öncə Nikosiyada doğulmuşdu. İşğaldan sonra əsir kimi Üsküdarda böyüyən Cakomo 1587-ci ildə 260 dukat məbləği ödənilərək anası tərəfindən azadlığı satın alınmış, 1589-cu ildə Venesiyanın rəsmi türkcə tərcüməçisi olaraq işləməyə başlamışdı.[21]
Doja Şah Abbasın məktubu təqdim edən Əsəd bəyə cavab məktubu verilsə də, bu missiyanın uğurla başa çatdığını demək olmaz. Çünki şahın məktubunda Venesiyadan silahlar və s. istənilsə də, cavab məktubunda doj sadəcə şaha quru-quru xoş arzular ifadə edirdi.[22]
Görüşdən sonra Əsəd bəy Koraya birlikdə Romaya getməli olduğunu deyəndə Hüseynəli bəyin hələ Romaya gəlib çatmadığını başa düşən Koray onun Romaya səfərinin qarşısını almaq üçün əlindən gələni etdi. Koray Əsədin Papaya sir verəcəyindən qorxurdu, çünki o şah tərəfindən rəsmən səfir kimi göndərilməmişdi.
Venesiyanın Osmanlı ilə münasibətləri kəskinləşdirmək istəmədiyini bilən Koray ayrıca Venesiya sarayına üz tutmuşdu. Doj ilə görüşən Koray Əsəd bəyin İran agenti olduğunu, Osmanlıya qarşı Venesiyada ittifaq yaratmağa cəhd edərsə, bunun Venesiya üçün təhlükəli ola biləcəyini deyərək taciri İrana geri göndərməyə razı saldı. Əsəd bəy Şah Abbasa Venesiya səfiri kimi qayıtmalı, Hüseynəli bəyin məqsədə çatmadığını xəbər verməli idi. Getməmişdən əvvəl yepiskopla görüşən Əsəd bəy papaya verilməli məlumatları deməyə imkan tapdı və İrana qayıtdı. Lakin o, yolda Hələb yaxınlarında xəstələnib vəfat edəcəkdi.[23] Abbas daha sonra Əsəd bəyin onun üçün daşıdığı əşyaları qaytarmaq məqsədilə birini göndərmişdi.
Françesko da Kosta
Françesko da Kosta Portuqaliyanın Hindistandakı Qoa müstəmləkəsində 1561-ci ildə doğulmuşdu.[24] 1579-cu ildə Yezuit ordeninə qoşularaq keşiş kimi fəaliyyətə başlayan Kosta 1598-ci ildə ordendən qovulandan sonra Hörmüzə gəlmiş, 14 may 1599-cu ildə buradan İsfahana yola düşmüşdü. Burada Entoni Şörlinin qardaşı Robertlə tanış olan de Kosta bir müddət İsfahanda qaldı. Şahdan Əsəd bəy kimi əmrlər aldığını iddia edən Françesko Hüseynəli bəydən 2 ay sonra – 12 iyul 1599-da İsfahanı tərk edərək Venesiyaya yola düşdü.
Venesiyaya 1600-cü ilin iyununda çatan Kosta burada həmyerlisi Dieqo de Miranda görüşdü. Hüseynəli bəy və Şörli haqda soruşan Kostaya cavab olaraq Miranda onların hələ gəlmədiyini dedi. Miranda Şörliyə güvənmirdi və onun əslində bütün ingilislər kimi protestant olduğunu deyib şahı aldatdığını düşünürdü. Səfirlərin itdiyini düşünən Kosta Romaya özü getməyə qərar verdi. Bu özbaşına hərəkət gələcəkdə pis nəticə verəcəkdi.
Françesko gedib Romaya çatana qədər Miranda və Abbioso Əsəd bəydən aldıqları məlumatı Papanın bacısıoğlu Kardinal Çintsio Aldobrandiniyə çatdırmışdılar. Françesko buna görə də rahatlıqla həm İspan səfiri həm də papa ilə 1600-cü ilin iyulunda görüşdü. Görüşdə yazdığı raportlardan biri Hüseynəli bəyin diplomatik qrupu ilə bağlı, digəri isə Nikola de Melo ilə bağlı idi. Nikola de Melo ilə bağlı raportunda onu Hörmüzdən İsfahanacan müşaiyət edən erməni keşişlə Nikolanın Moskvadan Hindistana yazdığı bir məktubu ələ keçirib oxuduğunu, orda küfrlər olduğunu qeyd edən Françesko həmin məktubu yandırdığını qeyd etmişdi.[25] Françesko həmçinin səfirliyin digər üzvlərindən fərqli olaraq Nikolanın Ağ dənizdəki bir monastıra sürgün olduğunu da bilirdi[26] bu da onun, Nikola de Melonun simasında rəqib gördüyünü göstərir. Hər bir halda Papa bu raportu öz növbəsində missionerlik işləri bağlı vəzifəli kardinal Ciulio Antonio Santoroya rəy bildirməsi üçün verdi.
Kardinal Santoro bu hesabatları 4 avqust 1600-cü ildə aldı. Onları oxuyub şübhəli olduğunu düşünərək, Yezuit ordeninin portuqaliyalı müavinlərindən birini Françesko da Kosta, onun şəxsiyyəti və Romada olmasının səbəbi haqqında daha yaxşı sorğu-sual etmək üçün çağırdı. Tələb olunan məlumatı aldıqdan sonra kardinal ona hesabatları aparmağı və italyan dilində iki daha qısa və aydın hesabat hazırlamaq tapşırığı ilə Kostaya verməyi tapşırdı ki, həm papa, həm də kardinal Santoro və digər kardinallar tərəfindən oxuna bilsin.[27]
14 avqust 1600-cü ildə, günorta saat 4 radələrində Vatikan sarayında papa VIII Klement, kardinallar Çintsio və Pietro Aldobrandinilər, Santoro, De Florensiya, Viskonti, Bellarmino, Baronio, Antoniano iclas keçirdilər. [28] İclasda çıxış edən Santoro Kardinal həmkarlarına Papanın şah Abbasla diplomatik münasibətlərə girmək işini sürətləndirmək və Yezuitləri, lazım gələrsə, hətta Barnabitləri də Səfəvi dövlətinə göndərməyi vacib bildiyini çatdırdı. Mövzu dərindən müzakirə olundu. Əvvəlcə, hesabatlara və onların müəllifi Françesko da Kostaya inanıb-inanılmayacağını müzakirə etdilər. Hamı razılaşdı ki, mövzunun ciddiliyini və şəraiti nəzərə alaraq, aktların tərtibçisinin yazdığı kimi, yalnız ad nostram cautionem (ehtiyatla) olsa belə, ona inanmalıdırlar. Qərara alındı ki, məsələ yaxşı və çox münasib olduğu üçün Şah Abbasa məktub yazılsın.[29] Əsəd bəyin, Dieqo de Mirandanın, yepiskop Abbiosonun və Françesko da Kostanın əziyyətləri öz bəhrəsini vermişdi. Lakin Korayın düşündüyü kimi, bunun Səfəvi sarayına çox da xeyri olmadı.
Vatikan tələm-tələsik, 4 sentyabr 1600-cü ildə İspaniya kralı III Filippə göndərilməsi üçün layihəni təsdiqlədi – kral Qoa və Hörmüzd vasitəsilə İrana missionerlər göndərməli idi.
Dieqo de Miranda
Dieqo de Miranda bu arada boş durmurdu. Praqadakı İspaniya səfiri Gillen de San Klementeyə (1530-1608) yazdığı məktubunda öz missiyası üçün dəstək istəyirdi. San Klemente isə ona Venesiyadakı səfirlə əlaqədə olmağı məsləhət görmüşdü.[30] Venesiyadakı səfirlə arası yaxşı olmayan Miranda üzünü yenə köhnə dostu yepiskop Abbiosoya tutdu.
Abbioso öz növbəsində qardaşı Pedro Antonio Abbiosonu məlumatlandırdı. Pedro Romadakı ispan səfirinin yaxınlarından biri idi. Dieqo de Miranda və Pedro Antonio Abioso, Şah Abbasın yanına gedib Hüseynəli bəyin yolda itdiyini deməyə və bunun müqabilində növbəti Səfəvi səfiri olaraq Romaya qayıtmaq barədə razılığa gəldilər. Pedro Antonionun xəbəri yox idi ki, yenicə tanış olduğu Kosta da bu xəyalda idi. Onu aradan götürməyə çalışmaq mümkün olsaydı, faydalı olardı, lakin Kostanın Mirandada çatışmayan bir şeyi vardı- pulu. Ona görə də onu aradan götürmək əvəzinə planlarını həyata keçirməyə şərik etmək barədə düşünməyə başladı.
Beləliklə, da Kostanın Hindistandan gələn pulları toplamaq üçün Venesiyaya səfəri münasibətilə Dieqo de Miranda və yepiskop Abioso onu tapdılar və ziyafətdən sonra planlarını danışdılar. Yepiskop Abbioso İspaniya səfirinə məktub aparacaqdı. Məktubda Pedro Antonio, Dieqo de Miranda və da Kostanın planı barədə bəhs ediləcəkdi. Səfir böyük ehtimal cavab verərdi ki, o, buna hazırdır və Romada özlərini təqdim etməlidirlər. Amma bunun müqabilində da Kosta bu üç şəxsə borca pul verməli idi.
Plan qismən baş tutdu. Dieqo de Miranda Papanın səfiri kimi, Françesko da Kosta isə İspaniyanın səfiri kimi İsfahana gedəcəkdi. Pedro Antonio isə qurban verildi və bu, Papanın səfirliyin başlaması üçün verdiyi 4000 eskudodan cəmi 200 eskudo təzminatın çox az olduğunu düşünərək onu çox narazı saldı. Onun qardaşı, yepiskop Abbioso da küsərək səhnədən çəkildi. Vatikan 4 sentyabrda yazılmış məktubu 18 sentyabrda artıq III Felipeyə göndərdi.
25 oktyabrda Romanın İspaniyadakı nunsiyası Kardinal Domeniko Qinnasi məktubu aldığını təsdiqlədi.[31] Sonrakı gün kralla görüşən Qinnasi görüşdən 3 gün sonra hesabatını yazdı. Hesabatda kralın tövbədinləyən keşişi Qaspar de Kordoba və Ordenlər Şurasının sədri Xuan de İdiakezin ideyanı bəyəndiyini qeyd etdi.
Cavab məktubu gəlib noyabrda Romaya çatdı, amma Felipe bu barədə daha sonra heç bir cavab yazmadı. Bu missiya da heç vaxt reallaşmadı. Buna əsas səbəb isə Braqa arxiyepiskopu, Avqustin ordenindən Aqustin de Xesus (1589-1609) tərəfindən gələn etiraz idi. Hörmüz və Bəndər Abbas daxil olmaqla, İranda uzun müddətdir fəaliyyət göstərən Avqustin orderinin üstünlüyünün yezuitlərə keçməyini istəmirdi.
Onun fikrincə, digər ordenlərin artıq Şərqdə öz eksklüziv missiyaları var idi: Yaponiyada yezuitlər; Dominikan ordeni Solor və Timor adalarında və Mozambik sahillərində idilər. İrana göndəriləcək yeni missiya haqlı olaraq bunun üçün kifayət qədər və yaxşı hazırlanmış kadrları olan avqustinlilərə məxsus idi.[32] Həqiqətən də, Hüseynəli bəyin səfirliyində Avqustin orderinin keşişləri vardı, lakin onlar Rusiyada həbsdə qalmışdılar.
İspaniya səfir göndərməsə də, Papa səfirləri göndərməkdə qərarlı idi. Dəniz-quru marşrutu Aralıq dənizi-Suriya-Mesopotamiya-İran olmaqla seçildi. Bu yol mümkün olanların içində ən qısası idi və buna görə də ən qənaətcili olacaqdı. Bu yol həmçinin Osmanlı ərazisindən keçdiyi üçün təhlükəli idi, lakin tacir kimi səyahət etməyin məqsədəuyğunluğu və səyahətlərinin əsl mahiyyətinin məxfiliyi bu çətinliyin qarşısını alacaqdı.
İlkin səyahət və xərc planı Venesiyada ilk mərhələni nəzərdə tuturdu, bunun üçün yalnız Françesko da Kostanın və Dieqo de Mirandanın Venesiyadan gətirdiyi iki xidmətçi lazım idi. Venesiyada onlar iki tərcüməçinin xidmətinə müraciət etdilər: gediş-gəliş etməli olan Mirandadan 300 eskudo istənildi; səyahəti Qoada bitdiyi üçün geri qayıtmaq məcburiyyətində qalmayan Kostadan 200 istədilər.[33] Bu tərcüməçilərdən biri, yuxarıda adı çəkilən Domeniko Stropene idi.
Plana görə, Venesiyadan İsgəndəriyyəyə yola düşəcəkdilər; oradan Hələbə keçəcək və orada Babilə gedən karvana qoşulmaq üçün atlar almağa ehtiyac duyacaqdılar. Oradan da İrana keçid asan olardı. Hələbdə aprelin əvvəlində olmağı, iyulun ortalarında İrana gəlməyi planlaşdırırdılar. Françesko da Kosta daha sonra Hörmüzə, oradan da Qoaya gedəcəkdi. O, sentyabrın sonunda Hörmüzdə, oktyabrın əvvəlində isə Qoada olacağını hesablamışdı.
Papanın göndərdiyi məktub Şah Abbasa və onun xristian xanımına ünvanlanmışdı. Məktubda Hüseynəli və Şörlinin səfarətinin hələ də gəlib çatmadığı qeyd edilir, şahın xristianlığa keçməsi üçün hər şey ediləcəyi qeyd edilirdi. Səfirlərə tapşırılmışdı ki, şaha Avstriyanın Kanijeni Osmanlılara uduzduğu deyilməsin, əgər xəbəri varsa, bunu bir xainin üstünə atsınlar. Osmanlıya qarşı ittifaq yaradılsın. Məxfiliyi tam qorusunlar və ancaq Əsəd bəy kimi güvənilən insanlarla danışsınlar.
Nəticə
Əsəd bəyin Vatikanı öz yanına çəkmək üçün dediyi ağ yalan Papanı belə inandırmışdı. Halbuki Şah Abbasın əsas xanımı xristian deyildi, eləcə də şah katolisizmə keçmək istəmirdi. Bəlkə də, mesajların bu cürə itirilməsi şah Abbasın bir planı idi. Əsəd bəy Hüseynəli bəyi əvəzləyərək səfir olmağı xəyal etsə də, vaxtsız ölümü bunun qarşısını aldı. Lakin istəmədən də olsa, Papa VIII Klementin Səfəvilər dövlətinə öz səfirliyini göndərməyinə səbəb oldu. Bu səfirlik haqqında isə daha sonra bəhs ediləcək.
Növbəti məqalədə Hüseynəli bəy Şörlinin sərgüzəştləri haqda nəql etməyə qaldığım yerdən davam edəcəyəm.
İstinadlar
[1] Cavid Ağa, “Şah Abbasın Avropa Casusları – Ilk Kontaktlar,” Baku Research Institute, January 21, 2024, https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari/.
[2] Cavid Ağa, “Şah Abbasın Avropa Casusları – Böyük Avropa Səfirliyi,” Baku Research Institute, February 22, 2024, https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari-boyuk-avropa-sefirliyi/.
[3] “Genuyadakı səfir, Binasko qrafı Pedro Qonzales de Mendoza i Briçenodan İspaniya kralı III Filipə məktub”, Simankas Dövlət Arxivi (bundan sonra AGS), EST, leg. 1431,7 http://pares.mcu.es/ParesBusquedas20/catalogo/show/3584753?nm
[4] Bu versiyaya Əhməd Quliyev də qoşulur. Bax: Quliyev Əhməd. Azərbaycan Səfəvi dövlətinin diplomatiya tarixi məsələləri Venesiya arxiv sənədlərində, Bakı, 2023, 139.
[5] AGS, leg. Κ1677, G.6, sənəd. 46.
[6] Vatikan arxivi, Fondo Borghese, IV, cild 253, 73.
[7] Bəzi sənədlərdə o, “Françesko d’Akosta” kimi də qeyd edilir.
[8] Əsəd bəyin Venesiyadakı fəaliyyəti haqda əsas məlumat mənbəyi Abbiosodur. Məqalədəki əksər məlumatlar Abbiosonun ifadələrindən götürülüb. Əsas mətn üçün, bax: Vatikan arxivi, Borhese, II cild 20, 192-197.
[9] Bu əfsanə haqda ətraflı, bax: Beckingham, C.F.; Hamilton, Bernard, eds. (1996). Prester John, the Mongols and the Ten Lost Tribes. Aldershot, Hampshire: Variorum. ISBN 0-86078-553-X; Taylor, Christopher (2011). “Prester John, Christian Enclosure, and the Spatial Transmission of Islamic Alterity in the Twelfth-Century West”. In Frakes, J. C. (ed.). Contextualizing the Muslim Other in Medieval Christian Discourse. New York: Palgrave Macmillan, 39–63.
[10] Təəssüf ki, bu kitab hələ də nə Azərbaycan, nə də ingilis dillərinə tam tərcümə edilməyib. Kitabın qismən tərcüməsi və Əmir Teymur haqda detalları üçün, bax: A. Kern, ‘Der “Libellus de notitia orbis” Iohannes III (de Galonifontibus?) O. P. Erzbishofs von Sulthanyeh’, Archivium Fratrum Praedicatorum 8 (1938), 81–123.
[11] Rudi Matthee, “The Politics of Protection. Iberian Missionaries in Safavid Iran under Shāh ‘Abbās I (1587-1629)”, in Camilla Adang and Sabine Schmidtke, eds., Contacts and Controversies between Muslims, Jews and Christians in Ottoman Empire and Pre-Modern Iran. Würzburg, Ergon Verlag, 2010, 245-271.
[12] E.D.Ross, Sir Anthony Sherley and His Persian Adventure, Psychology Press, 2005, 57-62.
[13] Ceyms adının italyanca versiyası.
[14] Böyük ehtimalla, 1599-cu ilin iyulunda Şah Abbasın özbəklər üzərində qələbəsini xəbər vermək üçün göndərilən Məhəmmədqulu bəy Ərəbgirli (Şamlı). Bu səfirlik zamanı Şah Abbasın özbəklərdən aldığı 24 şəhər və qalanın açarları sultana təqdim edilmişdi. Böyük ehtimal Osmanlı sultanı Mehmet Ağanı məhz bu səfirliyə cavab olaraq göndərilmişdir. Bax: Selânikî Mustafa Efendi, Tarih-i Selânikî, Haz: Mehmet İpşirli, TTK, Ankara, 1999, cild 1, 814.
[15] Maria Pia Pedani Fabris, In nome del Gran Signore : inviati ottomani a Venezia dalla caduta di Costantinopoli alla guerra di Candia, 1994, 177.
[16] Quliyev Əhmad, Venice’s Ceremonial Treatment of the Ottoman and Safavid Envoys in Comparative Perspective, Ankara Üniversitesi Osmanlı Tarihi Araştırma ve Uygulama Merkezi Dergisi, 48 / Payız 2020, 85-109.
[17] Quliyev Əhməd, Azərbaycan Səfəvi dövlətinin diplomatiya tarixi, 139.
[18] Casale, S. A. (2015). The Persian Madonna and Child: Commodified Gifts between Diplomacy and Armed Struggle. Art History, 38(4), 636–651, 641.
[19] İtalyanca: Consiglio dei Dieci – 1310-1797-ci illərdə Venesiya Respublikasının ali təhlükəsizlik orqanı.
[20] Guglielmo Berchet, La Repubblica di Venezia e la Persia, Turin, 1865, 192.
[21] Rothman, E. Natalie. “Interpreting Dragomans: Boundaries and Crossings in the Early Modern Mediterranean.” Comparative Studies in Society and History, vol. 51, no. 4, 2009, 771–800.
[22] Məqalələr seriyasının kitab kimi nəşri zamanı, bu məktublar ayrıca əlavədə tərcümə ediləcəkdir.
[23] Antonio de Gouvea, Relaçam em que se tratam as guerras e grandes vitórias que alcançou o grande Rey de Persia Xá Abbas, do grão Turco Mahometo, e seu filho Amethe as quaes resultarão das Embaxadas que por mandado da Catholica Real Majestade de Rey D. Felippe II de Portugal fizerão alguns Religiosas da Ordem dos Ermitas de Santo Agostinho à Persia, Lissabon, 1611, səh. 55a. Lakin Venesiya arxivlərində bu yer Hələb yox, Bağdad kimi göstərilir. Bax: Quliyev Əhməd, Azərbaycan Səfəvi dövlətinin diplomatiya tarixi, 139.
[24] J. Wicki-J. Gomes, Documenta Indica, cild. XV (1588-1592) (Mon. Hist. Soc. Iesu, 123), Roma 1981, səh. 178 (sənəd 69).
[25] Vatikan arxivi, Fondo Borghese, cild 20, ss. 160, 167.
[26] Vatikan arxivi, Fondo Borghese, Avvisi di diverse parti del mondo, 1607-10, seriya. IV, 52, səh. 346.
[27] A. Castellucci, Le conférence del Laterano. Marzo Aprile 1923, Roma 1924, 245-247.
[28] Propaganda Fide arxivi, Miscellanee com., cild 17, 86.
[29] Vatikan arxivi, Fondo Borghese, II, cild 20, 212-218.
[30] Vatikan arxivi, Fondo Borghese, I, cild 651-A, fol. 28r-29v.
[31] Vatikan arxivi, Spagna, cild. 53, 244.
[32] Alonso, Carlos. “Una embajada de Clemente VIII a Persia (1600-1609).” Archivum Historiae Pontificiae, cild. 34, 1996, 7–125.
[33] Vatikan arxivi, Fondo Borghese, II, cild 20, 173-174.
Cavid Ağa
müstəqil tədqiqatçı, jurnalist, yazıçı, Artur Şopenhauerin "Eristik Dialektika" kitabını Azərbaycan dilinə ilk tərcüməçisidir. Bakı Araşdırmalar İnstitutunun üzvüdür və Eurasianet, BNE Intellinews, OC Media, France24, Amerikanın Səsi və digər nəşrlərdə çıxış edib.