NƏHCÜ'L–BƏLAĞA
16-03-2024, 12:04
Bakıda bir yas mərasimindəyəm.
Getdikcə bu arxaik, absurd mərasimlərə daha çox üsyan etmək istəyir insan.
Hələ də ötən əsrlərin cəhalət və ətalətində çabalayır, inadla modern dünyaya ayaq uydurmağa dirənirik...
Mərasimə gələn hər kəs kədərli ev sahibinə baş sağlığı verəndən sonra gözü ilə zalda tanış sifətlər axtarır. Axtarır ki, özünü onların yanına verib bir az söhbət etsin, varsa əgər mərhumla bağlı xatirələri danışıb, hörmətlə onu ansın.
Ancaq məclisdəki molla mikrofonla hamını susdurur.
Səssizlik hakim olur, molla İran şivəsilə danışmağa başlayır.
Əynində iranlıların geyindiyi yaxasız qara köynək, qara pencək və palto var.
Üzünə yalancı bir əzab qondurub, eli bil mərhumun ən yaxın əzizidir.
Məclisdəkilərin mollanı dinləməsi çox sürmür.
Hamı yavaş-yavaş öz arasında söhbətləşməyə başlayır.
Molla anlayır ki, qələbəliyə hakim ola bilməyəcək.
Bunu görən yanındakı nimdaş kostyumlu bir din xadimi mikrofonu əlinə alır.
“Yəqin ağıllı bir şey danışar” deyə söhbəti kəsib başımı ona tərəfə çevirirəm.
Ancaq ağzından çıxan ilk sözdən onun da molladan fərqli olmadığı anlaşılır.
“Görkəmli Amerika alimi Kamyu şəriət haqqında….”, – gerisini artıq dinləmirəm…
Amerika alimi...özü də şəriət haqqında…həm də Fransız Kamyu…
Yazıq Kamyu, Provans-Alp-dakı məzarında tərs döndü yəqin…
Ertəsi gün axşam yeməyində mollanı akademik Rafael Hüseynə şikayət edirəm gülərək.
Rafael müəllim başını bulayaraq sadəcə təbəssüm edir.
Ovqatı təlx olmasın deyə mövzunu dəyişirəm.
Nobel mükafatı laureatı Alber Kamyunun bu sözlərini xatırlayıram:
“Arxamdan gəlməyin — yolu göstərə bilmərəm birdən,
önümdə getməyin — birdən sizə çata bilmərəm,
yanımda yeriyin və arkadaşım olun”...
Nəhcü'l-Bəlağa kitabında bənzər bir fikir olduğunu deyir Rafael müəllim:
“Bizdən qabaqda gedənlər bizi gözləyəcək.
Bizim ardımızca gələnlər özünü bizə çatdıracaq.
Çünki yolumuz Haqq yoludur…”
Rafael müəllimin əngin mütaliəsi heyrətləndirir növbəti dəfə.
Alber Kamyu ilə Həzrəti Əli paraleli gözlənilməz oldu.
Nəhcü'l-Bəlağa əsərini incələyəcəm deyirəm…
“Nəhcü'l-Bəlağa” (Bəlağət Yolu) Həzrəti Əliyə aid mətnlərin toplandığı kitabdır.
239 xütbə, 79 məktub və 480 hikmətli sözdən ibarətdir.
Şiəlikdə çox önəmli sayılan kitab Sünnilərdə bəndə kəlamının üstündə, Allah kəlamının altında sayılır.
Onlar kitabı mötəbər olaraq qəbul etmirlət…
İstanbula qayıdanda İslam tarixini yaxşı bilən bir türk dostuma sordum kitabı.
“Məsləhət görmürəm” dedi telefonda.
“Ramazan ayındayıq, heç olmazsa bu birləşdirici ayda ortaq məxrəcə gələ bilmədiyinizi etiraf edin…Biri-birinizi qırmayın” deyib telefonu qapadıram…
“Bizim ardımızca gələnlər özünü bizə çatdıracaq”...
İbrahim Nebioğlu
TEREF