Seyran Səxavətin 78 yaşı mənə “Günəş olsam birdənbirə sönərdim, insan idim, yavaş-yavaş əridim” deyir...

24-03-2024, 09:44           
Seyran Səxavətin 78 yaşı mənə “Günəş olsam birdənbirə sönərdim, insan idim, yavaş-yavaş əridim” deyir...
Ötən ilin isti avqust günüdü. İşə hazırlaşıram. Anam dedi, telefonun zəng çalır. Dedim işdəndi, dəymə. Dedi, yox, Səxavətdi (elə bil Səxavəti tanıyır).
Təəccübləndim ki Səxavət kimdi?
Bu dar macalda yadıma bircə onu sala bildim ki, Səxavət adında tanıdığım bircə qrup yoldaşım var, ona da çox vaxt səxavətsiz deyirəm. Axırıncı dəfə keçən il telefona cavab verməmişəm deyə küsüb, axtarmır məni. Amma onda var, bir il sonra küsdüyü yadından çıxır, zəng vurub təzədən küsür. Dedim, yəqin küsməyə zəng vurub yenə. Baxdım ekrana Seyran Səxavət yazılıb. Fikirləşdim o günlərdə polkovnik onun şeirini paylaşmışdı, mən də eləməyib tənbəllik bəyənməmişdim, Azərbaycanda bircə çatdırılıma, quraşdırılma pulsuzdu axı. Yəqin kimsə görüb şairə çatdırıb, o da eləməyib tənbəllik, küsməyə zəng vurub. İndi deyəcək, bala, sən kimsən ki, Seyran Səxavətin şeirini bəyənmirsən?
Verməyə cavabım yox idi düzü, axı haqlıydı.
Evdən çıxmışdım artıq, yolda bizim müavinə zəng vurdum ki, Seyran Səxavət mənə niyə zəng vurub, sən bilərsən.
Dedi, Seyran Səxavətin katibi işləmirəm e, bala, nə bilim niyə zəng vurub. Fikirləş gör yenə neyləmisən də.
-Neyləyəcəm, şeirini bəyənməmişəm. Amma inanmıram Seyran Səxavət durub hər şeirini bəyənməyənə bir-bir zəng vura, indi Allah bilir hansı romanının üstündə işləyir.
Müavinlə danışa-danışa gördüm ekrana yenə Seyran Səxavət yazılıb.
Bir xeyli götür-qoydan sonra nəhayət, “Salam, Seyran müəllim” deyə bildim.
Telefonun o başından şeirə, poeziyaya oxşayan ilıq, şirin, həzin bir səs gəldi: Təranə, "Ədəbiyyat qəzeti"ndə yazını oxudum, zəng vurdum deyim ki, böyüyüb o qədər boy atasan ki, müəlliminin baxdığı ucalıqdan görə biləsən özünü. Müasir Azərbaycan ədəbiyyatından hər yerdə adını çəkdiyim iki dəyərli qadın yazar var; biri Təranə Turan Rəhimlidi, biri Təranə Vahid, icazə versən onların adıyla birgə bundan sonra sənin də adını çəkərdim. Bir yazıyla da insanı tanımaq olurmuş sən demə. Sən bu boyda sevgini içinə necə sığdırmısan, qızım? Hətta yazını oxuduqca elə bildim mənim də sevgi payıma şərik çıxmısan.
Onu dinlədikcə sadəcə susa bilirdim, Təranə Turan Rəhimli deyildimsə də, istədim elə susum ki, daş bilib, divara hörsünlər məni...
Bir zənglə onun adı daha çox bütövləşdi mənim üçün, daha böyük məna kəsb etməyə başladı. Zəngi açanda “Seyran müəllim” deməyim də yadından çıxmamışdı. Hardan bildin ki zəng vuran mənəm?
Yadımdadır, həmin gün “Seyran Səxavətin nömrəsini bilməyən adamdan ədəbiyyat adamı olmaz” deyib sağollaşdım onla...
İndiysə deyirəm Seyran Səxavəti tanımayan, Seyran Səxavətin nömrəsini bilməyən, “Sahil”də gözü Seyran Səxavəti axtarmayan, hər dəfə Yazıçılar Birliyi tərəfdən keçəndə Seyran Səxavətə rast gəlməyən, onun necə maraqlı, necə “orijinal” biri olduğunun fərqinə varmayan adamdan nə söz adamı olar, nə köz. Sözlə köz həmqafiyə deyil məncə, həm də sinonimdir. Ürək və qəlb kimi... Söz yanıb köz olmayanda mənası olmur. İndi hamı yazır, indi hər yer sözdü, amma baxırsan, közü çatmır. Gərək sözü də sözə qalayıb bayram tonqalı tək yandıra biləsən. İndi hamı yazır, amma hamı sözü alışdıra bilmir.
Seyran müəllimin hansısa müsahibəsindən oxumuşdum, deyirdi, “Söz səni Tanrıya qədər aparıb çıxara bilər”.
Necə də haqlıydı şair, “Ədəbiyyat qəzeti”ndəki kiçik bir yazım məni Seyran Səxavətə qədər aparıb çıxarmışdı. Tez “kösk”ə girib Ədəbiyyat qəzeti aldım ki, yazımı təzədən oxuyum, görüm nə yazmışam. Oxudum, amma özümü Seyran Səxavətin gözündən görə bilmədim düzü.
Bu boyda sevgini içinə necə sığdırmısan? deyən Seyran Səxavət özü daha böyük sevgidi məncə. Oxuyub bəyəndiyi yazı müəllifinin yaşına, başına baxmadan ona zəng vurub ürək sözünü deməsi, gənc bir yazarı ruhlandırmaq həvəsi, eşqi Seyran Səxavəti gözümdə də, könlümdə ayrı bir mərtəbəyə ucaltdı. Nolsun ki onun mərtəbəsi hər kəsə bəllidir.
Seyran Səxavətin 78 yaşı mənə “Günəş olsam birdənbirə sönərdim, insan idim, yavaş-yavaş əridim” deyir... Şeirdən nəsrə, nəsrdən romana keçə-keçə əriyən, yanan və yandıqca da “sən yanmasan, mən yanmasam, necə çıxar qaranlıqlar aydınlığa” deyən Seyran Səxavət də bu gün ədəbiyyatımızın ayrı bir pilləsidir, ona ədəbiyyatımızın Seyran Səxavət mərtəbəsi də demək olar. Tərcümə edəndə isə ədəbiyyata Səxavətlə xərclənən bir ömrün Seyranı... yəni seyri. Ən gözəl istirahət səyahətdir deyirlər, məncə ən gözəl səyahət elə ədəbiyyatdır... çünki
... illər öncə oxuduğum müsahibəsində Seyran Səxavət “Söz səni Allaha qədər aparıb çıxara bilər, Seyran Səxavət isə səni çox uzağa apara bilməz” deyib təvazökürlıq etsə də, Seyran Səxavət oxucusunu dünyanın o başınacan, lap Tanrıyacan aparıb çıxara bilər, çünki Tanrının bir adı da sevgidi.
Ona görə də Seyran Səxavəti 14 yaşında yazdığı bu "Sevgi" şeiri ilə təbrik etmək istəyirəm.
Çünki O, bü gün də həyatı, insanı, sözü 14 yaşıyla sevir, yəni bu şeir kimi...
O dədəni, nənəni, qardaşını sevirəm.
Görürsənmi, gözəl qız, neçənizi sevirəm...
O daşlı, o kəsəkli küçənizi sevirəm.
Evinizin başına mənim kimi dolanan barını da sevirəm,
Keçən il baxçanızda məni dilin tək sancan arını da sevirəm,
Qonşunuzda yaşayan o sifəti qırışmış, o dişləri tökülmüş qarını da sevirəm.
Hərdən məni duymayıb, gözümə düz baxmayan gözünü də sevirəm,
Lap mənə acı gəlib ürəyimə od vuran sözünü də sevirəm.
Məndən incimə, ay qız, yeri gəlib deyəcəm, özünü də sevirəm.
Terane Elizade
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.