25 MART - ALMAS İLDIRIMIN DOĞUM GÜNÜ.

25-03-2024, 16:09           
25 MART -  ALMAS İLDIRIMIN DOĞUM GÜNÜ.
“Mühacir yazarlar” silsiləsindən
Almas İldırım - rəsmi adı Əbülhəsən Almaszadə - 1907-də Bakının Qala kəndində anadan olub. Sovet hakimiyyəti qurulandan Almas İldırımın ailəsi, bütün başqa ruhani, burjua və zadəgan ailələr kimi repressia hədəfi olur - müxtəlif formalarda. Məsələn, varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsindən çıxarılır.
SÖZARASI. Bəlkə də ADU-dan çıxarıldığına və ya bu faktları bildiyinə görə 1910 təvəllüdlü atam Rüstəm Sultanov Moskvaya getmiş və ali təhsilini orada almışdı. O illərdə belə yollarla izi itirmək olurdu, rastına çıxan məmurdan - adamlardan .çox şey asılı idi.
1928-ci ildə şeirlərində olan millətçi notlarına görə Dağıstana sürgün olunur, orada da yaradıcılığını davam edir, "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar" və b. şeirləri yazır. İki il sonra Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər kitabını çap eləmək istəyinə görə, - kitab senzuradan keçmədi, - Azərbaycan Yazıçılar Birliyindən çıxarılır və bu dəfə Türkmənistana sürgün edilir.
Bu gün bilirik ki, Azərbaycan SSR-dən Aşqabada göndərilən QPU agenti Əkbər Ruhi müşahidələri əsasında raportunda qey edib - "A.İldırım ideolojimiz üçün zərərli bir insandır…".
O vaxtlar bu ölüm hökmü idi.
Ölkədə vəziyyətin get-gedə pisləşdiyini, təqiblərin artdığını görən Almas İldırım 1933-cü ildə yenicə evləndiyi Zivər xanımı və üç aylıq körpəsiylə İrana gizli yollarla gedən qaçaqçı bir dəvə karvanına qoşulur. O vaxtlar belə mühacirət yolları hələ mümkündü.
Yürüyürük, yоlumuz tikan, çala, dağ, dərə,
Qəlbimiz alоv aldı bir sönməz еhtirasdan.
Yürüyürük, bu yоlda qurbanlar vеrə-vеrə,
Varlığımız kül оldu düşdügümüz bu yasdan…
SÖZARASI. Yaxın və ikitərəfli qohumum, atamın bibisi oğlu, kiçik qardaşı Əkrəm əmimin qaynatası İbrahim Kəngərli 1930-cuların əvvəlində repressiaların sərtləşdiyini görüb gecə vaxtı Arazı adlayaraq Naxçıvandan İrana keçməyə çəhd etmişdi. Səhər çayda meyidi tapılmışdı... Onun həyatı və ölümü bir hekayə yox, roman mövzusudur, sonraya qalsın.
Almas İldırımın qoşulduğu karvan, sərhəd və gömrük xidmətinin gözündən yayınmaq üçün ən ucqar və təhlükəli cığırlarla dağları aşıb İrana çatanda şair həbs olunur, 25 gün saxlanılır. Onu bolşevik casusu sayıb söz qoparmaq üçün işgəncə verir, sinəsinə qədər soyuq suda saxlayırlar. Bu uzunmüddətli işgəncə nəticəsində şair soyuqlayıb ömürlük böyrək xəstəliyinə tutulur.
Bir zamanlar adına еşq охudum еllərə,
Şimdi artıq qəlbimin içində inlə, Bakı…
Uğrunda çarpışanlar qоlları bağlı gеtdi,
Mən yanaraq kül оldum sənin dərdinlə, Bakı…
Nəhayət, azad edilib İranda özünə uyğun iş tapa bilməyən, acınacaqlı və yoxsul həyat sürən Almas İldırım Türkiyəyə köçür. burada münasib iş tapa və bir qədər sonra hətta vətəndaşlıq ala bilir. Almas İldırım Türkiyədə mirzəlik, katiblik, kargüzarlıq edir, ibtidai məktəbdə dərs deyir, müxtəlif qəsəbə bələdiyyələrində çalışır, həyatı az-çox stabilləşir, şer yaza, "Çinaraltı", "Orxun", "Gökbörü", "Bozqurd", "Kommunizmlə mücadilə" və b. qəzet və dərgilərdə çap etdirə bilir. Lakin İranda istintaq zamanı soyuq su işgəncəsindən qazandığı böyrək xəstəliyindən get-gedə daha çox əziyyət çəkir. "Bakı" şerindən:
Bir zaman qоynunda mən də yaşadım,
Sоkakdan-sоkaka səsləndi adım,
Bilməm sönəcəkmi səndəki yadım?
Bəlkə də, dönəməm sana, əlvida
Məlumdur ki, sovet idarəçiliyi elə pis, elə yarıtmaz idi ki, içi Azərbaycan, gürcü, tatar, qazax mühacirəti qarışıq rus mühacirəti hər gün SSRİ-ni üsyanlar bürüyəcəyini, hakimiyyətin çökəcəyini gözləyirdi. Bu gözləntiləri ciddi əsasları vardı, -ölkədəki aclıq və qıtlıq, repressialar çox böyük idi, - ona görə gözləntilər İkinci Dünya Müharibəsinin başlaması ilə artdı və sonuna, 1945-ə qədər davam elədi, yəni 25-27 il çəkdi və öləzidi. İDM-dən qalib çıxmış SSRİ qüdrətli, yenilməz görünürdü, dünyanın ikinci fövqəldövləti oldu. Bu ümidlər bir də 1960-cı illərdə, görkəmli politoloq Zbiqnev Bjezinsinkinin kitabındakı məşhur proqnozundan sonra cücərdi, amma Almas Yıldırımın bundan xəbəri olmadı...
Baх nə dеyir yеnə bu cоşqun Хəzər,
Qоynunda Şimaldan gələn yad gəzər,
Bu bir dərd ki, məni ömrümcə əzər,
Salır məni haldan-hala, əlvida…
Lakin Məmməd Əmin Rəsulzadə və ən yaxın silahdaşları bu ümidsizlik şəraitində də sınmır, Azərbaycanın gec-tez müstəqil olacağına ümidlərini itirmir, dirənişi, yəni mübarizəni davam edirdilər.
Almas Yıldırım 1952-ci ildə həmin böyrək xəstəliyindən vəfat edir.
Qəriblik, Vətən həsrəti mühacir şairin aparıcı mövzularındandır. Onun ən məşhur “Əsir Azərbaycanım" şerindən:
Хəbər alsam Muğanımdan, Milimdən,
Nazlı Bakım, о nеft qохan gülümdən,
Kim dеmiş ki, düşmüş adı dilimdən,
Azərbaycan, mənim еşsiz yurdum оy!..
Ölməz еşqim, içimdəki dərdim оy!
1991-ci ildə şairin üç oğlundan biri Azərbaycana səfər zamanı qəflətən vəfat edir və Abşeronun Şüvəlan kəndində dəfn olunur.
Bakıdakı Süleyman Rüstəm, Səməd Vurğun adına böyük, uzun, mərkəzdəki küçələri hamı tanıyır, Almas İldırımın adına Bakıda küçə yoxdur, yalnız Şüvəlan qəsəbəsində bir küçə var. Elə bir bu fakt çox şeyi deyir..
Yenə də “Əsir Azərbaycanım” şerindən:
Salam dеsəm, ruzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Хəzərə yеtirsə,
Хəzər cоşub zəncirini qırar оy!..
Hökm еtsə, bu sərsəm gеdiş dursa, оy!..
"Mühacir yazarlarlar" silsiləsindən Viktor Hüqo, Nazim Hikmət, Heinrix Hayne haqqında köşələrimin linklərini şərh bölümünə atıram.
Чингиз Султансой
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.