XƏYAL İDİ GERÇƏK OLUR – KOR İNSAN QALMAYACAQ
26-03-2024, 09:54
Göz həkimi bir ailə dostumuz var.
Nilufer Köylüoğlu İstanbul Dünya Göz xəstəxanasında çalışdığı vaxtlarda doğuşdan kor və sonradan görmə qabiliyyətini itirimiş xəstələrlə məşğul olurdu. Bu gün o klinik fəaliyyəti ilə bərabər akademik çalışmalar aparır.
O illərdə xalam oğlu Emil Yusifov Türkiyənin önəmli göz məktəblərindən biri olan İzmirdəki Ege Universitetinin oftalmologiyasında rezidenturanı bitirib uzmanlığını almış, İstanbuldakı klinikalardan birində çalışırdı.
Futirologiya, əsasən də tibbi texnolojilərlə bağlı məqalə yazanda tez-tez Niluferlə Emilə zəng vurur, onların fikrini soruşurdum. Çox qəribə bir durum yaranırdı, korluqla bağlı hər ikisinin problemə baxışı hardasa eyni idi – “yaxında korluq problemi kökündən həll olacaq” deyirdilər.
Ancaq əgər Nilufer məsələyə çox həyəcanla, hətta ifrat nikbinliklə baxırdısa, Emil daha təmkinli idi. Xaloğlu “Abi, oftalmologiya korluğa qədər hələ əksik qalan əzəli göz problemlərini, məsələn, qlaukomanı həll etməlidir” deyir və əlavə edirdi: “Texnoloji o həddə çatacaq ki, korluq problemi çox asan çözüləcək”.
Emillə Nilufəri tanış etməyə hazırlaşırdım.
Ancaq Nilufər İstanbuldan Kütahyaya, Emil isə köçüb Bakıya yerləşdi.
Doğulduqları şəhərlər hər ikisini özünə çəkdi…
İndi Emil dünya miqyaslı məşhur hocalarından öyrəndiklərini Ana Vətənində tətbiq edir, İstanbulda qazandığı təcrübəni həmkarları ilə paylaşır. Bakıya hər gəlişimdə mütləq Emillə görüşür, saatlarla müxtəlif mövzuları müzakirə edirik.
İlon Mask “Neurolink Telepatiya” layihəsinə start verəndə Emil amerikalı milyarderin yaxında korluq məsələsinə də “girişəcəyini” təxmin etmişdi. “Mask şübhəsiz ki, böyük mühəndisdir, güclü oyunçudur, avantürist kimi görünsə də Tibb sahəsindəki layihələri böyük həyəcan yaradır”, –Emil deyir.
Həqiqətən də iflic olmuş insanları beynin gücü ilə yeritmək, doğuşdan kor olanların gözünə nur vermək…bütün bunlar insanın qulağına nağıl kimi gəlir. Ancaq Emil Bakıda qlaukoma (qara su), refraktiv cərrahiyə (eynəkdən qurtulmaq), torlu qişa xəstəlikləri, cərrahi və tibbi retina, uşaq göz xəstəlikləri sahəsində xəstələrinə şəfa verərkən məs., kataraktla bağlı korluqla da məşğul olur (Emilin sahəsini yazarkən tibbi terminləri qarışdırmamaq üçün göz həkimi olan həyat yoldaşımdan dəstək aldım).
“Oxuyuram Leninin kitablarını dəstədən geri qalmamaq üçün” demişdi şair. Həkimin də “Lenin kitabları” onun mütəmadi olaraq xaricdəki beynəlxalq konfranslarda iştirak etməsidir. Xarici həmkarlarla təmasda olmaq, yenilikləri öyrənmək, tibbdə təzə trendlərdən xəbərdar olmaq…Xaloğlu oftalmologiya konfranslarını buraxmamağa çalışır.
İndi gələk bu yazının ortaya çıxma səbəbinə.
2018-ci ildə İlon Maskın kitabını Ana dilimizə tərcümə edəndə ağlıma da gəlməzdi ki, altı il sonra iki xaloğlunun bu şəklini paylaşacam.
O vaxt Maskı Spacex, Tesla ilə tanıyırdılar.
Bu gün isə artıq “Neurolink” layihəsi də var.
Maskın gizli xəyalı idi insan beyninə çip yerləşdirmək.
Artıq reallıqdır – Xəyal idi, gerçək olur…
***
Bir neçə gün əvvəl Mask Neuralink-in kor insanlara görmə imkanı verəcək Blindsight beyin implantını elan etdi. Daha öncə o, insan beyninə neyroçip yerləşdirərək ilk xəstəsi ilə şahmat oynamışdı.
İlon Mask X sosial şəbəkəsində bu inqilabi addımını belə anons etdi:
"Blindsight Neuralink-in Telepatiya layihəsindən sonrakı növbəti məhsuludur. Qeyd edək ki, Blindsight implantı artıq meymunlar üzərində sınaqdan keçirilib. Xəstələrin görməsi ilk etapda Nintendo qrafik oyunundakı kimi aşağı olacaq, lakin sonra o, normal insanın görmə qabiliyyətini üstələyə biləcək"…
Blindsight sayəsində hətta doğuduğundan kor olanlar belə görmə qabiliyyətinə sahib olacaqlar.
Sevinirəm ki, artıq bizim Səhiyyə sistemində də xəyal qurub, onları gerçək etmək üçün çalışan yeni nəsil savadlı, idealist həkimlər var.
İbrahim Nebioğlu
https://t.me/ibrahim_nebioglu
TEREF