M. FÜZULİ və FOLKLOR

27-03-2024, 13:04           
M. FÜZULİ  və  FOLKLOR
FÜZULİ - 53

530 illik yubileyini qeyd etməkdə olduğumuz, “humanizm və ümumbəşəri dəyərlərlə mayalanmış yaradıcılığı bütün bəşəriyyət üçün böyük mənəvi qida” (H.Əliyev) olan M.Füzuli mütəfəkkir bir sənətkardır. O, dörd əsrdən artıqdır ki, xalq tərəfindən əzbər oxunur və tədqiq edilir, öyrədir və öyrədilir.
Şeir fəzilətinin ayrı bir elm olduğunu dönə-dönə qeyd edən, “İlahi, könlümə hər elmdən pay ver”, - söyləyən, üç dili mükəmməl bilməsi sayəsində nəinki türk, eləcə də Şərq və dünya xalqlarının folklorunu əsaslı sürətdə öyrənmiş M.Füzuli folklordan istifadəni söz sənətinin zəruri ünsürü saymış və azərbaycanca divanının müqəddəməsində bu məsələlərdən bəhs etmişdir.
“Qəm karvanı” və “zülmətdə nur” olan M.Füzuli folklordan bəhs etməklə kifayətlənməmiş, şifahi xalq ədəbiyyatından gələn ən qədim inamların ifadə olunduğu folklor motivlərindən öz əsərlərində ustalıqla bəhrələnmişdir.
Folklor nümunələri şairin əsərlərinin yaranmasına güclü təsir göstərmiş, onların məzmun və formasını zənginləşdirmişdir. V. P. Anikin qeyd edirdi ki, “folklor Şərq müdriklərinə öz sərrastlığı və də¬qiqliyi ilə seçilən elə bir hikmət bəxş etmişdir ki, eşidənlər bir yandan mat qalır, digər tərəfdən də onlara pərəstiş edirlər”.
Füzuli poeziyası xalq ədəbiyyatı ilə yazılı ədəbiyyat arasındakı üzvü bağlılığın, ənənə və novatorluğun qarşılıqlı əlaqəsinin parlaq təzahürüdür. Görkəmli yazıçımız, filologiya elmləri doktoru, professor, AYB-nin üzvü, Azərbaycan SSR Əməkdar elm xadimi M.Cəlal özünün “Füzuli sənətkarlığı” əsərində yazırdı: “Ümumiyyətlə, klassik şeirimizin ən qüvvətli cəhətlərindən biri, əsasını xalq ədəbiyyatından, folklordan alan, ən populyar sənətkarlıq üsullarından olan bədii paralellərdir”.
“Könüllər sultanı” öz əsərlərində bayatı, nağıl, dastan, lətifə, təmsil, ideomatik ifadə, atalar sözü və məsəllər, əfsanə və rəvayətlərdən yerli-yerində istifadə etmişdir. Bunlar onun üçün fikir mənbəyi olmuş, zamanın qapısını açan açar, obrazların simasını müəyyən edən üsula çevrilmişdir. Bu üsul və vasitələrdən uğurla faydalanan şair təbiəti, tarixi, insan qəlbini, onun mənəvi aləmini, özünün fəlsəfi düşüncələrini də uğurla əks etdirə bilmişdir.
M.Füzuli qəzəl, qəsidə, tərcibənd, müxəmməs, mürəbbe, qitə, poema və nəsr əsərlərində folklor mötivlərindən sözün silqətini artırmaq, dərin fəlsəfi fikirlərini daha təsirli şəkildə vermək, portret və xarakter yaratmaq, bədiiliyi qüvvətləndirmək üçün də sənətkarlıqla qidalanmışdır.
Məsələn, şair öz əsərlərində tez-tez atalar sözü və məsəllərə üz tutur. Tanınmış dilçi alim T.Hacıyevin də dediyi kimi, “bu halda atalar sözü həm hikmət ifadəçisi tək dilə yığcamlıq gətirir, həm də xalq düşüncəsinin məhsulu olaraq mətnin poetik qavranmasında aydınlıq yaradır”, dilin xəlqiliyinə təminat verir.
Şairin əsərlərində atalar sözləri və məsəllər bəzən xalqın ağzından çıxdığı kimi, yəni bir fraqment şəklində olur. Yazıçı bu örnəklərin motivlərinə toxunmur, dəyişiklik etmir. “El ağzun tutmaq olmaz”, “Qanda olsa, qanlıyu, əlbəttə, qan dutar”, “Sınacaqdur sənin başunda çanaq” və s. nümunələr buna misal göstərilə bilər.
Çox zaman isə dahi sənətkar atalar sözü və məsəllərdən material kimi istifadə edir. Onların üzərində improvizə işi aparır, subyektiv yanaşma nəticəsində dəyişikliklər edir. Nümunələrə baxaq: “Ehtiyat et, yanmasun nagəh quru odunda yaş” (Qurunun oduna yaş da yanar), “Tut ki, qan etdim, qanı qana tut” (Qanı qana tutarlar), “Nə olur üzi qara qulda xətadan qeyri!?” (Qul xətasız, ağa kərəmsiz olmaz), “...rəsmdür yasdıqdan ikrah eyləmək sayru” (Xəstə yasdıqdan iyrənər) və s.
Bəzən də M.Füzuli atalar sözünə istinad edir, onu sitat (iqtibas) kimi gətirir. “Sürdü Məcnun növbətün, indi mənəm rüsvayi-eşq, Yaxşı derlər: hər zaman bir aşiqin dövranıdur” misrasında olduğu kimi.
M.Füzuli əsərləri üçün əfsanə və rəvayətlər “qida mənbəyi” olmuş, onlar lirik qəhrəmanı və xalqı düşündürən bir çox siyasi-içtimai və əxlaqi məsələlərlə əlaqələndirilmişdir. Şair əfsanə və rəvayətlərdə “həqiqət şəfəqləri görmüşdür” (S.Vurğun). M.Kazım bəy yazırdı: “Əfsanəsi olmayan xalq, rəvayəti olmayan ölkə yoxdur... Yarımmədəni xalqlarda bu nümunələr onların etiqadlarının əsasını, yazılı ədəbiyyatın, tarixin əsas məzmununu təşkil edir. Mədəni xalqlarda isə müqəddəm bir şey kimi onların təxəyyülü üçün zəngin qida mənbəyinə çevrilir...”
Şairin yaradıcılığında hər bir əfsanənin, hər bir rəvayətin “öz yeri, ifadə gücü, xarakteri tamamlamaq imkanları, hadisələri və zamanı canlandırmaq xüsusiyyəti vardır. Əslində əfsanə və rəvayətlər onun əlində sirr söyləmək üçün bəhanə (“Əfsanə bəhanəsilə ərz etsəm raz...), əsərlərinin estetik təsirini qüvvətləndirmək üçün vasitə olmuşdur.
“Gül” qəsidəsindən aşağıdakı nümunəyə baxaq:
Həbsdən Yusif çıxıb sultani-Misr olmuş kimi,
Oldu, açıb qönçəsin arayişi-gülzar gül.

San Züleyxa xəlvətidir qönçeyi-dərbəstə kim,
Çıxdı ondan daməni-çakirə Yusifvar gül.
Gördüyümüz kimi burada şərq xalqları arasında məşhur olan “Yusif və Züleyxa” əfsanəsinə işarə olunur. Obrazların əməlinə qiymət vermək, misraların bədii qavrayışını təmin etmək üçün əfsanədən uğurla istifadə olunmuşdur.
Şairin “Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim?” misrası ilə başlayan qəzəlindəki
Ləhzə-ləhzə surətin görsəydim ol şirin ləblərin,
Sən kimi,ey Bisütun, mən həm qərar etməzmidim?
beytində müvafiq rəvayətə istinad olunmuşdur. Xatırladılan rəvayət beytdəki məna incəliyinin ifadəsinə xidmət edir.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, M.Füzulinin yararlandığı əfsanə və rəvayətlərin əksəriyyəti “Qrani-Kərim”in “Yusif”, “Ta ha”, “Şüəra”, “Bəqərə”, “Nisa”, “Şad”, “Əraf”, “Ali-imran”, “Əraf” və digər surələrindəki əfsanə və rəvayətlərdir. Hədislərdir. Bizcə, bu təbiidir. Çünki Füzuli XVI əsr Bağdad mühitində islami hökmlərlə dindar bir həyat yaşamış çox sədaqətli din xadimi idi. Bu mənada filologiya üzrə fəlsəfə doktoru A.Məmmədovun da yazdığı kimi “Füzuli sənəti bütövlükdə özünün bədii ecazlarına görə Qurana borçludur”.
Aşağıdakı nümunə də bir hədislə bağlıdır: “
Muri-mühəqqərəm ki, sərasimə çox gəzib,
Nagah bargahi-Süleymana yetmişəm.
Beytin məzmunu: "Təhqir olunmuş, həqir qarışqayam ki, özbaşına çox gəzib təsadüfən Süleymanın sarayına rast gəlmişəm”. Nümunə aşağıdakı “Nəml surəsi”nin 18-ci ayəsinin və həmin ayənin təsiri ilə yaranmış dini rəvayətlə bağlıdır: "Nəhayət, onlar (Süleyman peyğəmbərin qoşunu) qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: "Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və qoşunu özləri də hiss etmədən sizi tapdayıb məhv etməsinlər”. Füzuli beytdə özünü qarışqaya, gözəli Süleyman peyğəmbərə bənzətməklə həm təşbeh, həm də litota yaratmışdır.
Şair portretləşdirmədə də belə folklor nümunələrindən uğurla istifadə edir. Məsələn, “Ey mələksima ki, səndən özgə heyrandır sana” qəzəlində aşağıda göstərilən beytə nəzər salaq:
Aşiqə şövqünlə can vermək sana müşkül deyil,
Çün Məsihi-vəqtsən, can vermək asandır sana.
Burada Füzuli bədii müqayisə ilə təsvir obyektini daha aydın canlandırmışdır. Bədii müqayisə isə Məsih (İsa) haqqındakı rəvayətə istinad etməklə qurulmuşdur. Nəticədə lirik qəhrəmanın hiss, düşüncə və iztirablarını daha canlı və təsirli vermək mümkün olmuşdur. Rəvayətdən istifadə həmçinin misraların poetik qavrayışının intensivliyini artırmış, bədii qənaətlərin daha tez aşkarlanmasına kömək etmişdir.
Füzuli həm də folklor nümunələrindən istifadə etməklə bədii ifadə vasitələri yaratmağın kamil ustasıdır. Aşağıdakı beyti buna nümunə göstərmək olar:
Bu qəmlər ki, mənim vardır, bəirin başına qoysan,
Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab oynar.
Burada şair Quranın “Əraf” surəsindəki (40-cı ayə) əfsanəyə müraciət etməklə uğurlu bir mübaliğə yaradılmışdır. O, bu beytlə islam dinində məşhur olan bir hadisəyə işarə edir. Bu hadisəyə görə, qiyamətdə kafirlər cəhənnəmdə əzaba məhkum ediləcəklər. Onların bu əzabdan qurtulmaq ümidi yoxdur. Kafirlər, əzab əhli yalnız dəvə incəlib iynənin gözündən keçəndə cəhənnəmdən xilas olacaqlar. Şair deyir ki, onun dərdi-qəmi o qədər çoxdur ki, dəvənin belinə qoysan, incəlib iynənin gözündən keçər. Beləliklə, şair öz qəmlərinin ağırlığını belə köməkçi hadisələrlə ifadə edir. Guya bu qəmlər o qədər ağırdır ki, dəvənin başına qoyulsa, dəvə incəlib sapa dönər və iynənin gözündən keçər.
Bir başqa nümunəyə baxaq:
Can çıxar təndən, könül, zikri-ləbi-yar eyləgəc,
Tən bulur can yengidən, ol ləfzi təkrar eyləgəc.
Burada şair dini əfsanə ilə (insanın ölümündən sonra qiyamət günü dirilməsi-“Bəqərə” surəsi) sevgilinin ziddəyyətli münasibəti arasında analogiya aparmış, antiteza yaratmaqla əksliyin dəyişikliyə səbəb olmasına gözəl bədii nümunə yaratmışdır.
Gövhəridir eşq bəhrinin, Füzuli, ab-i çeşm,
Leyk bir gövhər ki, Lütf-i Həqq onadır müştəri.
misralarında (burada Ab-i çeşm göz yaşı, göz yaşlarının eşq dənizində gövhər olduğu bildirir) bir rəvayətə işarə edilir. Həmin rəvayətə görə Allah bütün məxluqəti bir gövhərdən yaratmışdır. Ona görə də, şair Lütf-Həqqin bu gövhərə müştəri olduğunu, ona lütf dolu nəzər saldığını bildirir.
Rəvayətə görə, kainat, varlıq dörd ünsürdən – su, od, hava və torpağın birləşməsindən ibarətdir. Füzuli aşağıda göstərilən rübaini də bu fəlsəfi formula əsasında qurmuşdur. Barələrində sərgüzəştləri, əfsanə və rəvayətləri xatırlamaqla özünü Məcnun, Vamiq, Fərhad ilə müqayisə edir. Özünü həmin əfsanə qəhrəmanlarının təmiz və əbədi insani hisslərinin varisi adlandırır:
Məcnun oda yandı şöleyi-ah ilə pak.
Vamiq suya batdı eşqdən oldu həlak.
Fərhad həvəs ilə yelə verdi ömrün.
Xak oldular onlar, mənəm indi ol xak
M.Füzuli yaradıcılığının zirvəsi olan “Leyli və Məcnun” poemasında da şifahi xalq ədəbiyyatına aid folklor motivlərinə kifayət qədər rast gəlmək mümkündür. Öncə qeyd edək ki, Füzuli “Leyli və Məcnun” əsərinin mövzusunun özü xalq ədəbiy¬ya¬tın¬dan al¬mış¬dır: Bu poemanın süjeti, Dunyevskinin göstərdiyi kimi, hələ bizim era¬mız¬dan altı əsr əvvəl Vavilon xalqının içərisində yaşamışdır.(Conra ərəblərə keçmişdir). Buradakı övladsızlıq, qəhrəmanın nəzir-niyazdan sonra qeyri-adi şəkildə doğulması, tək övlad olması, köməkçi qüvvələrinin olması, arxetipik süjet və obrazlardan istifadə olunması və s. folklor mötivləridir. Füzuli çox ustalıqla folklor mötivlərini öz əsərinin ruhuna hopdurmağı bacarmışdır ki, bu da onun şifahi xalq ədəbiyyatına dərindən bələd olmasını göstərən əyani sübut kimi qiymətləndirilməlidir.
Məsələn, Leylinin pərvanəyə xitabındakı “qapalı anlama” baxaq. Leyli pərvanəyə belə deyir:
Sənsən rəhi-eşq içində sadiq,
Aşiqsən, əmma təmam aşiq.
Bir görməyə yarı, can verirsən,
Bir zövqə iki cahan verirsən.
Məlumdur ki, pərvanə özünü, guya aşiq olduğu üçün oda çırparaq məhv edir. Dini əfsanəyə görə intihar edən, özünü öldürənlər, sözsüz, mühakiməsiz cəhənnəmə atılırlar. Pərvanə “eşq yolunda” özünü öldürməklə, həyatını məhv etməklə həm ölür, həm də “axirət feyzindən” məhrum olur. Deməli, pərvanə öz eşqi yolunda həm dünyadan, həm də axirətdən əl çəkib çox böyük fədakarlıq edir.
Və yaxud anası Leyliyə deyir:
Ənqa kimi üzlət eylə nişə,
Öylə rəviş eylə kim, həmişə,
Gərçi adın ola aləmdə məzkur,
Görmək səni ola qeyri-məqdur.
Buradakı “ənqa” Azərbaycan nağıllarında da təsvir olunan simurq quşudur. Əsatirə görə, bu quş Qaf dağının başında tək yaşayır, sevdiyi insanlara köməklik edir. Onu tez-tez görmək qeyri-mümkündür.
Yaxud Nofəl səhrada heyvanlarla dolaşan Məcnuna belə deyir:
Dövlət diləsən, hümadan istə,
Gənc istəsən əjdahadan istə.
Burada yenə əfsanəyə istinad olunmalıdır. Mifik təsəvvürə görə, hüma dövlət quşudur, əjdaha isə həmişə xəzinənin üstündə oturub onu qoruyur.
Poemada bu cür nümunələri çox göstərmək olar. Akademik H.Araslı tamamailə haqlı olaraq yazırdı: “Füzuli... əsərə bir çox epizodlar və mövzu ilə bağlı xalq ədəbiyyatında yayılan rəvayətlər əlavə etməklə insanın mənəvi əzəməti, insan gözəlliyinin ülviliyi və məhəbbətin qüdrətini tərənnüm edən ölməz sənət abidəsi yaratmışdır...”. “Leyli və Məcnun”un ümumtürk poeziyasında liro-epik poemanın ən yüksək etalonu səviyyəsinə qalxmasının bir səbəbi də onun ana dilində yazılması ilə yanaşı, xalq həyatı və folklor motivləri ilə sıx bağlı olmasıdır
M.Füzulinin alleqorik əsərlərində də (“Bəngü Badə”, “Səhhət və Mərəz”, “Söhbətül-əsmar”, “Yeddi cam” və s.) folklorun təsiri aydın görünməkdədir. Filologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü A.Rüstəmova “Azərbaycan epik şerinin inkişaf yolları” (XII-XVII əsrlər) adlı monoqrafiyasında Füzulinin alloqorik əsərləri üçün əsas mənbənin xalq ədəbiyyatı, onun süjet və obrazlar aləmi olduğunu faktlarla sübut etmişdir.
“Bəngü Badə” əsərində şərabdan danışılarkən Yaxın Şərq folklorunda geniş yayılan “Şeyx Sənan” əfsanəsinə müraciət edilməsi, “Söhbətül-əsmar”da Gilas barədə deyilən “Bir qətrə su, bir də üstxansan (sümüksən)” ideomu, “Yeddi cam”da Nuhun gəmisi, Xızır peyğəmbərin dirilik suyu, Cəmşidin camı mötivləri, “Səhhət və Mərəz”in əvvəlində Füzulinin özünün “...rəvayət binasının əsasını qoyanlardan biri belə nəql edir və deyir...” ifadəsi, nağılvari və təmsilvari üslublar və s. buna nümunə sayıla bilər. Bunlar şairin əlində siyasi-içtimai həyatın, dövrün və mühitin simasını canlandıran vasitəyə çevrilmişdir. О, alleqoriyadan təkcə fikirləri üçün bədii don kimi yox, həm də düşüncələrini daha obrazlı şəkildə ifadə etmək üçün istifadə etmişdir.
Folklor motivlərindən və alloqoriyadan istifadə sayəsində akademik H.Araslının “Böyük Azərbaycan şairi Füzuli” adlı monoqrafiyasında yazıldığı kimi “Füzuli ... alleqorik poemalarında dərin içtimai, siyasi və fəlsəfi fikirlər ifadə edə bilmişdir”.
Məhəmməd Füzulinin həcmcə ən böyük əsəri, nəsrlə ana dilində qələmə aldığı, əsas ideyası – şərə və zülmə, haqsızlıq və ədalətsizliyə qarşı etiraz və qiyamın, bu yolda şəhidliyin tərənnümü ilə sıx surətdə bağlı olan “Hədiqətüs-süəda” əsərində də folklordan geniş istifadə olunmuşdur. Kərbəla hadisəsini bir mövzu kimi işləyən Füzuli buraya müəyyən rəvayət və əhvalatları da (məsələn, “Yusif və Züleyxa”əfsanəsi, Göyərçinin kasıb və kor bir yəhudi qızının gözlərini açması və s.) əlavə edib. Dini əfsanə və rəvayətlərdən, həm də dövrün əsərlərindən faydalanan dahi mütəfəkkir, Adəm peyğəmbərdən başlamış Məhəmməd peyğəmbərə qədər peyğəmbərləri, o cümlədən imamət tarixini izləyərək imamları və onlara olan sevgisini əsərində tərənnüm etmişdir. Bu əsər Füzulinin dini, fəlsəfi duyğu və düşüncələrinin bəhrəsidir. Dahi şairin özünəməxsus bədii xüsusiyyətlərə malik nəsrlə qələmə alınmış məktublarında, xüsusən “Şikayətnamə”də də folklor motivlərini duymaq mümkündür.
Füzulinin əsərləri öz mövzu və quruluşu ilə yox, eyni zamanda bədii xüsusiyyətləri ilə də şifahi xalq ədəbiyyatı ilə bağlıdır.
“M.Füzuli və folklor” mövzusundan söz açmışkən onu da qeyd etmək lazımdır ki, M.Füzuli özündən sonra yazılı ədəbiyyatla yanaşı, şifahi xalq ədəbiyyatına da təsir göstərmişdir. Bu gün də xalq ədəbiyyatı xəzinəsində Füzulinin şəx¬siy¬yəti, söylədikləri, onun qəhrəmanları və əsərlərinin süjetləri ilə bağlı xeyli material vardır. “Füzuli dərd əlindən dağa çıxdı, dedlər: bəxtəvər yaylağa çıxdı”, “Salam verdim, rüşvət deyil deyə almadılar”, “Xəstə yasdıqdan ikrah edər”, “Xəstəyə su vermək savabdır”, “Qızsan, ucuz olma qədrini bil”, “Hər gördüyünə su kimi axma” və s. ifadələrin Füzuli tərəfindən yaradılması, sonra xalq arasında yayılaraq zərbi-məsəllər, atalar sözləri, ideomlar halına gəlməsi, xalq arasında dolaşan “Gir Məcnunun gözünə, bax Leylinin üzünə”, “Füzuli arxı” (İraqda), Ağcabədinin Boyat kəndindən və yaxud Ərəş mahalından olması barədə rəvayətlər buna sübut ola bilər.
Tədqiqatçılar göstərirlər ki, Füzuli tərəfindən yaradılmış bir sıra aforizmlər də sonralar xalq arasında yayılaraq zərbi-məsəllər və atalar sozləri halına gəlmişdir. Akademik H.Araslı yazırdı ki, Füzulinin ana dilində yazdığı “Leyli və Məcnun” əsəri sonra Azərbaycan xalq ədə¬biy¬yatına keçmişdir. Azərbaycan aşıqları bu əsərin təsiri altında “Leyli və Məc¬nun” dastanını yaratmışlar. Bunu nəzərə alaraq Y.E.Bertels yazırdı: “Məcnun surəti Yaxın Şərqin sevimli surətləri silsiləsinə daxil olmuş, yazılı ədəbiyyat çərçivəsini sındıraraq folklora girmiş, əbədi həyat kəsb etmişdir”.
Ümumiyyətlə, folklordan istifadə M.Füzulinin dühasını təmin etmiş, əsərlərinə xəlqilik və elmlik gətirən əsas amillərdən olmuşdur. Şairin əsərlərində işarə olunan, xatırladılan folklor nümunələri və mötivləri “Füzulidə qapalı anlamların” (Ə.Tərzibaşı) başa düşülməsinə, oxucunun sənətkarı ilhama gətirən ideyalarla tanış olmalarına, əsərdə ifadə edilən hiss və duyğuları dərk etmələrinə kömək edir.

İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.