Kasparovu cinayətkar, Buşu cani adlandıran nəhəng – o, Allahla şahmat oynamaq iddiasına da düşüb...
27-03-2024, 17:44
Ən yeni tarix. Maraqlı faktlar.
İstər rəqibləri, istər dostları, sevənləri də, sevməyənləri də onu nəhəng adlandırıblar. Nəhəng, qeyri-adi, anlaşılmaz Fişer, yaxud da sadəcə Bobbi...
Robert Bobbi Fişer dünya şahmat tarixinin bütün dövrlərinin ən güclü şahmatçılarından biri sayılıb, o, 1972-ci ildə, 29 yaşında dünya çempionu titulunu qazanıb və bu turnir onun sonuncu rəsmi turniri olub.
Bütün həyatı ziddiyyət və qalmaqallarla keçən amerikalı şahmatçı tez-tez dünyanın gündəminə düşüb, adı səsli-küylü hadisələrdə hallanıb. Hədsiz dərəcədə özünə güvənli olan Fişer öz iddiaları ilə həm həmkarlarını, həm də rəsmiləri təəccüləndirməyi bacarıb. Hətta o, belə bir iddia da səsləndirib:
“Mən Allahla şahmat oynamaq istəyirəm. Bizim oyunumuz heç-heçə ilə nəticələnəcək, bu oyunda mən e2-e4 ilk gedişimlə Tanrını təəcübləndirəcəm...”
İstər şahmat taxtası arxasında, istərsə də adi həyatda hər davranışı və müraciətləri ilə diqqət çəkən Fişer çox gənc yaşlarından böyük şahmata gələndə bu idman növünün nüfuzunu dünya səviyyəsinə qaldırmağı bacarıb. Bununla bağlı öz fikirlərini bildirərkən qeyd edib ki, şahmatçılar da boksçular kimi yüksək məbləğdə pul almalıdırlar və xüsusilə vurğulayıb ki, Məhəmməd Əli bir oyuna aldığı qədər pulu o da almalıdır.
Fişer şahmatı siyasi müstəviyə gətirməyə nail olub. Soyuq müharibə dövründə, sovet şahmatçılarının dünyada ad qazandığı bir vaxtda Fişer “sosialist ideologiyasının yetişdirdiyi məğlubedilməz idmançılar” mifini darmadağın etməyə cəhd göstərib. Əslində, 1972-ci ildə İslandiyada keçirilən şahmat üzrə dünya çempionatı iki şahmatçının mübarizəsi kimi yox, iki fərqli siyasi quruluşa malik olan dövlətlərin, SSRİ və ABŞ-ın mübarizəsi kimi qiymətləndirilib. Amma bu turda Fişerin iştirakını təmin etmək nə Amerikaya, nə də Beynəlxalq Şahmat Federasiyasına o qədər də asan başa gəlməyib.
Dünya çempionu adına iddialı olan finalçı şahmatçıların, amerikalı Fişerin və sovet şahmatçısı Boris Spasskinin adları rəsmən bəyan edildikdən sonra Fişer bu görüşdən imtina etməyi haqqında bəyanatlar səsləndirib. Amerikalı şahmatçı bunu çempionatın keçirildiyi Reykyavikə uçarkən SSRİ tərəfindən təyyarənin vurulacağı ilə izah edib. Məsələyə ABŞ prezidenti Nikson müdaxilə edib. O, Fişerin tam təhlükəsizliyi ilə bağlı müşaviri (sonralar dövlət katibi) Henri Kissencerə xüsusi göstəriş verib. ABŞ prezidenti üçün bu matçın keçirilməsi vacib sayılıb, amerikalı şahmatçının qalib olması isə mövcud siyasi durumda Nikson üçün hava-su qədər lazım olub.
Beləliklə, dünya çempionatının açılışında iştirak etməyən Fişer düz 11 gündən sonra final görüşünə təşrif buyurub. Fişerin ilk oyunu məğlubiyyətlə nəticələnib. İkinci oyundan amerikalı şahmatçı imtina edib və Spasskiyə daha bir xal qazandırıb. Üçüncü oyun ərəfəsində Fişer yeni tələblər irəli sürüb. Oyunun keçirdiyi zalda divar rənglərinin və işıqlandırma sisteminin dəyişdirilməsi, tamaşaçılar üçün nəzərdə tutulan yer saylarının azaldılması, kamera və monitorların zaldan götürülməsi və bu kimi 30-dan artıq tələb Beynəlxalq Şahmat Federasiyası tərəfindən yerinə yetirilib. Amma Fişerin kaprizləri bununla bitməyib. Amerikalı şahmatçı finalçılar üçün nəzərdə tutulmuş kresloda özünü narahat hiss etdiyini bəyan edərək özünün şəxsi kreslosunun Amerikadan gətirilməsini tələb edib. Amerikanın siyasi rəhbərliyi Fişerin bu tələbini dərhal yerinə yetiriblər. Fişer həyatdakı ağılasığmaz gedişləri kimi şahmat taxtasının üzərində də sözün əsl mənasında mümkünlüyü dərk edilməyən ağılasığmaz gedişləri ilə Spasskini məğlub edərək şahmat tacını SSRİ-dən Amerikaya gətirib. Amerika bu qələbəni böyük siyasi hadisə kimi qeyd edib.
Fişerin Spasski üzərində tarixi qələbəsindən sonra ona ilk zəng edənlərdən biri prezident Riçard Nikson olub. Telefon danışığı çox da uzun çəkməyib:
- Robert, mən sizi parlaq qələbə münasibətilə təbrik edirəm. Bu Amerika tarixi üçün olduqca əlamətdar bir hadisədir.
Fişer prezidentə çox qısa və konkret cavab verib:
- Amerika üçün hansı hadisənin baş verdiyini deyə bilmərəm, amma mənim üçün bu qələbə böyük hadisədir, çünki elə indicə cibimə 150 min dollar qoymuşam.
Fişer kütlələr qarşısına çıxmaqdan, rəsmilərlə görüşməkdən həmişə imtina edib. O, görüşlərlə bağlı öz şərtlərini açıqlayarkən qeyd edib ki, hər görüşün öz qonorarı var. Məsələn, o telefon danışığı üçün 2500, görüş üçün 5000, jurnalistlərə müsahibə vermək üçün 25000 dollar qonorar müəyyənləşdirib. Öz əyləncə və rahatlığını isə çox məhdud dostlar əhatəsində tapıb.
Fişer növbəti dəfə 1975-ci ildə öz ağılasığmaz hərəkəti ilə dünyanın gündəminə düşüb. Növbəti dünya çempionatının finalında Fişerin rəqibi Karpov olub. Fişer oyunda iştirak etmək üçün Beynəlxalq Şahmat Federasiyasının qarşısına çoxsaylı tələblər qoyub. Federasiya bu tələblərin əsas hissəsini yerinə yetirsə də, amerikalı şahmatçının tələblərini tam ödəyə bilməyib. Bundan hiddətlənən Fişer matçdan imtina edib, şahmat tacını Karpova bağışladığını söyləyib. Bu hadisədən sonra Beynəlxal Şahmat Federasiyası Robert Fişeri dünya çempionu titulundan məhrum edib.
Fişer bir müddət şahmat turnirlərində iştirak etməyib. Nəhayət, 1992-ci ildə o, yenidən şahmat taxtasının arxasında görünüb. Həmin il yuqoslaviyalı bankir Vasilyeviç mükafat fondu 5 milyon dollar olan kommersiya matçı təşkil edib və o, Fişerə Karpova qarşı matç təklif edib. Fişer oyuna razılıq verib. Qeyd edək ki, bu həmin ərəfəyə təsadüf edib ki, ABŞ tərəfindən Yuqoslaviyaya sanksiyalar tətbiq edilib. Fişerin matça razılıq verdiyini bilən Amerika Dövlət Departamenti şahmatçıya rəsmi xəbərdarlıq göndərib - Yuqoslaviyadakı matçda iştirak etdiyi təqdirdə onu 10 il müddətində azadlıqdan məhrumetmə cəzası və böyük məbləğdə cərimə gözləyir. ABŞ-ın apardığı siyasəti heç vaxt qəbul etməyən Fişer bu xəbərdarlığa məhəl qoymayaraq Yuqoslaviyaya gedib. 10-5 hesabı ilə Karpovu məğlub edən Fişer yenidən dünyanın həm şahmat, həm də siyasi müstəvisində ən populyar simalardan birinə çevrilib.
Matçdan sonra Fişerin Amerikaya qayıtması mümkünsüz olub. O, bir müddət Macarıstanda yaşayıb. 2000-ci ildə Fişer Yaponiyaya köçüb.
2001-cı il sentyabrın 11-də ABŞ-da terror aktları baş verəndə Fişer Amerika əleyhinə kəskin bəyanatlar verib. Bəyanatlarda bu ifadələr də öz əksini tapıb:
“Mən bu hadisəni alqışlayıram. ABŞ məhv edilməlidir, dünya xəritəsindən silinməlidir”.
“Qəzəbli” Amerika bu bəyanatlardan sonra Fişeri vətəndaşlıqdan məhrum edərək onun pasportunu ləğv edib. Fişer 13 iyul 2004-cü ildə Yaponiyadan Filippinə uçmaq istəyərkən hava limanında qanunsuz immiqrant kimi saxlanılıb. Şahmatçı məhz onda bilib ki, cibində gəzdirdiyi pasport adi kağızdan heç nə ilə fərqlənmir. Elə buna görə də Fişeri həbs ediblər. 8 ay həbsxana həyatı yaşadıqdan sonra vəkillərin köməyi ilə Robert Fişerə İslandiyada sığınacaq veriblər. O, Yaponiyadan İslandiyaya deportasiya olunub və həmin ölkənin vətəndaşlığını qəbul edib. İslandiyada məşkunlaşdıqdan sonra Fişer radio vasitəsi ilə ABŞ prezidenti Buşa müraciət edib:
“...Cənab Buş, siz cani və qatı cinayətkarsınız. Siz dar ağacından asılmağa məhkumsunuz. Mən Amerika xalqından tələb edirəm ki, sizi edam etsinlər...”
Fişer özünü dünyanın ən güclü şahmatçısı kimi qəbul edib. Kasparovun “dəbdə” olduğu vaxt onun adını amerikalı şahmatçının yanında çəkəndə o, kəskin reaksiya verib:
“Xahiş edirəm Kasparovun adını çəkəndə düzgün təqdim edəsiniz. Şahmatçı Kasparov yox, cinayətkar Kasparov...”
Fişer ömrünün son illərini İslandiyada yaşayıb. 64 yaşında o, böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanada müalicə alıb. Həkimlər əməliyyatın vacib olduğunu bildirsələr də, Fişer bundan qəti şəkildə imtina edib. Bu imtina isə onun ölümü ilə nəticələnib.
Vəfatından sonra da Fişerlə bağlı qalmaqallar sənginməyib. Şəxsi bank hesabında olan iki milyon dolların kimə çatacağı uzun-uzadı məhkəmələrə səbəb olub. Amerika rəsmiləri həmin pulu dövlət hesabına keçirməyə çalışıblar, belə əsaslandırıblar ki, onun hələ Amerikada yaşadığı illərdən böyük vergi borcları qalıb. Məhkəmə prosesləri bir neçə il davam edib. Hər prosesdə yeni varislər ortaya çıxıb. Sonda şahmatçının bütün var dövləti Fişer ilə rəsmi nikahı təsdiq olunan yaponiyalı şahmatçı Miyoko Vataiyə çatıb.
İlham Cəmiloğlu.