ALMANİYANIN “AĞ QIZILI”

9-04-2024, 09:18           
ALMANİYANIN “AĞ QIZILI”
(Visbaden qeydləri – 1)
Visbadendə qatardan enən kimi Almaniyanın ən varlı şəhəri göstərişsiz gözəlliyi ilə insanı valeh edir.
Alman milyoncularının çoxu bu şəhərdə yaşayır.
Visbaden (alm.Wiesbaden) Hessen vilayətinin Frankfurtdan sonra ikinci ən böyük şəhəridir.
“Wiesbaden” Almancadan tərcümədə "çəmənlik hamamları" deməkdir.
Avropanın ən qədim kurortlarından biridir bu şəhər.
Şəhərin hər tərəfindən yeraltı termal sular çıxır – burada 26 isti və bir neçə soyuq bulaq var.
Visbaden Hessen vilayətinin paytaxtıdır.
Paytaxtdır, milyoncular diyarıdır…amma cəmi 300 000 əhalisi var...
Gəldiyimiz gün mərkəzdə ənənəvi bazar qurulub.
“Gedək görək milyoncular nə alır, nə yeyirlər”, – deyə düşünürəm.
Ancaq bazara getməyimizin əsas səbəbi qulançar mövsümünün açılışıdır…
İngiliscə "Asparagus" adlanan bu bitkiyə ruslar "Cпаржа", türklər "Kuşkonmaz" deyirlər. Almanlar isə qulançara “Spargel” deyirlər.
“Spargel”dən hazırlanan yeməklər bütün dünyada delikates sayılır.
Faydalarını saymaqla birməz – İmmun sistemini gücləndirir, təzyiqi və qandakı şəkəri aşağı salır və s. Sağlam qidalanma trendinin artması hər bahar Almaniyada “qulançar bumu” yaşanır. Mövsümü qısadır, aprelin əvvəli başlayıb, iyunun sonunda başa çatır.
Alman mətbəxi deyəndə donuz əti və turş kələm düşür yada.
Ancaq ölkənin bir çox yerində almanların ən milli yeməyi qulançar sayılır.
Qulançarın Almaniyada 2 növü var: yaşıl və bəyaz qulançar.
Burada ən çox yeyilən bəyaz qulançardır.
Fransa, İtaliya, ABŞ, eləcə də Azərbaycanda daha populyar yaşıl olanıdır.
Ağ qulançarı yaşıldan fərqli olaraq bişirmədən əvvəl qabıqlarını soymaq lazımdır.
Almaniyada qulançar yetişdirən 2 minə (!!!) yaxın təsərrüfat var.
Hər il mövsümündə 150 min ton məhsul toplanır.
İllik dövriyyə 400 milyon avro təşkil edir.
Qulançara əbəs yerə Almaniyanın “Ağ qızılı” demirlər…
Bir qulançarsevər kimi almanların “Spargel” sevgisinə heyranam.
https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.