İki Sahil: Azərbaycan Respublikasındakı kimlik quruculuğunda İran Azərbaycanının rolu - 1ci hissə

13-04-2024, 17:24           
İki Sahil: Azərbaycan Respublikasındakı kimlik quruculuğunda İran Azərbaycanının rolu - 1ci hissə
Benua Filu
Bakıdakı Fransız Liseyində Fəlsəfə və Tarix dərsi keçir. O, Sarbon və ENS Lion məzunudur, 2017-ci ildən bəri İran, Misir və Azərbaycanda səyahət edir və işləyir.

Beşinci sinif orta məktəb tarix kitabının ön cildində Azərbaycanın xəritəsi var.[1] Bu xəritə Azərbaycan Respublikasının sərhədlərilə üst-üstə düşmür, o, Ermənistanın indiki Azərbaycan sərhəddinə yaxın bəzi ərazilərini, Gürcüstanda Borçalını, Dağıstanın Dərbənd regionunu və ən əsası İranın şimal-qərb hissəsini özündə ehtiva edir. Beləliklə dərslikdə təsvir edilən bu ərazi Böyük Azərbaycan, ya da Bütöv Azərbaycanı təmsil edir; bu termin isə 1991-ci ildə müstəqillikdən qısa müddət sonra Bakıdakı millətçi siyasi elita tərəfindən yaradılıb.[2]

Bu şəkil Azərbaycanın qonşularının hesabına genişlənməyə can atan irredentist meylini əks etdirir. Ermənistana gəlincə irredentizm ən açıq şəkildə özünü biruzə verir. Bir neçə onillikdir dalana dirənmiş Dağlıq Qarabağ məsələsi xaricində Azərbaycan Respublikasının dövlət rəsmiləri Ermənistanın bütün ərazilərinə iddia etməkdən çəkinmirlər: həm rəsmi çıxışlarda, həm də məktəb proqramlarında İrəvana müntəzəm olaraq tarixi Azərbaycan ərazisi kimi istinad edilir.[3] Rusiya və Gürcüstanda yerləşən ərazilər üçün bu iddialar Azərbaycan rəsmiləri tərəfindən heç vaxt ifadə olunmur, çünki neftlə zəngin Azərbaycan bu iki qonşu ilə yaxşı münasibətlər qurmağı üstün tutur; birincisi Azərbaycana zərər vermə qabiliyyətinə sahibdir, ikincisi isə Azərbaycan ilə Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Tbilisi-Ərzurum (BTƏ) neft və qaz boru kəmərləri marşrutu kimi ortaq həyati maraqları bölüşür.[4] Cənub əraziləri ilə bağlı isə məsələ heç də birmənalı deyil.

Bu yazıda Azərbaycan Respublikasında milli kimliyin cənub qonşusu İranın şimal-qərb ərazilərilə tarixi və mədəni əlaqəsi baxımından qurulmasına diqqət yetirəcəyəm. Daha da görəcəyimiz kimi, XX əsrin əvvəllərindən bəri İran Azərbaycanı tez-tez millətçi diskursun hazırlanması üçün bir istinad nöqtəsidir. Buna görə də bu istinadın əhəmiyyətini və milli kimliyin təmsilçiliyinə təsirlərini qiymətləndirməyə çalışacağam. Yuxarıda adı çəkilən bölgələrdə vaxtilə (SSRİ-nin dağılmasına qədər) azərbaycanlılar məskunlaşdığı halda, xəritənin cənub- İran hissəsi rəsmi olaraq İran İslam Respublikası tərəfindən Azərbaycan adlandırılır.[5] Bu region, Tehrandakı adları ilə desək, Azəri Türkləri, yəni ana dili türkcə olan iranlılar tərəfindən məskunlaşıb. 1813-cü ildən bəri Romanovlar ilə Qacar İmperiyası tərəfindən Gülüstan Müqaviləsinin imzalanması nəticəsində Araz çayı ilə ayrılan bu iki sahənin omonimiyası asanlıqla onların müəyyənləşdirilməsinə səbəb ola bilər. Rus-sovet qəyyumluğundan azad olan Şimali Azərbaycan hələ də İranın hakimiyyəti altında olan Cənubi Azərbaycandan[6] fərqli olaraq azad, milli bir məkana çevrildi. Azərbaycanın bir hissəsinin İranın müstəmləkəçiliyi altında olması fikri şimaldakı azərbaycanlılar arasında geniş yayılıb. Onların bir çoxu üçün Bakı, Təbriz və Ərdəbil eyni millətin bir hissəsidir; onlar gec-tez birləşəcək və ya daha doğrusu yenidən birləşəcək. Azərbaycan Respublikasının milli tarix tədris proqramı Gülüstan və Türkmənçay müqavilələrini Azərbaycan millətinin məcbur bölünməsi kimi təqdim edir.

Lakin qeyd etmək vacibdir ki, əslində Azərbaycan adı XIX əsrin sonuna qədər Arazın şimalındakı türkdilli insanların məskunlaşdığı əraziyə aid edilmirdi.[7] Əvvəllər Araz və Kür çayları arasında yerləşən və keçmiş Qafqaz Albaniyasını əhatə edən ərazilərə istinadən fars mənşəli Aran adından daha çox istifadə olunurdu. Sözügedən türkdilli əhaliyə sadəcə türklər və ya tatarlar deyirdilər (və onlar da özlərini belə adlandırırdılar). XX əsrin əvvəllərinə qədər Azərbaycan deyiləndə adətən İranın şimal-qərbindəki Təbriz şəhəri ətrafında yerləşən ərazilər nəzərdə tutulurdu.[8] Onda tarixi bir Azərbaycan kimliyindən danışmaq çətin görünə bilər. Bu gün Bakı sakinləri kimi Təbriz və ya Ərdəbil sakinləri də özlərini azərbaycanlı və ya azəri[9] adlandırırlarsa, birinin digəri ilə eyniləşdirilməsini sorğulamaq məqbul görünür. Düzdür, bu iki əhali mədəni istinadları və ortaq bir dili bölüşürlər. Amma şimaldakı azərbaycanlıları cənubdakılarla daha yaxınlaşdıran şeyləri göstərmək mümkündürsə, onları bir-birindən fərqləndirən şeyləri də göstərmək mümkündür. Məsələn, fərqli dini praktikalar: Dəmir Pərdə nəticəsində on iki şiəlik təbii ki yox olmadı, lakin o, Azərbaycan SSR-də fərqli şəkildə inkişaf etdi.[10] Əlavə olaraq, Azərbaycan dili, daha doğrusu Azərbaycan dilləri sərhədin hər iki tərəfində ötən əsrdə müxtəlif istiqamətdə inkişaf etdilər və qarşılıqlı anlaşma hər zaman mümkün olmur.

İki Azərbaycanın dəqiq, lakin qismən müəyyənləşdirilməsinin paradoksu ilə qarşılaşdığımızdan İran Azərbaycanına münasibətdə Azərbaycanın latent irredentizmini sorğulamaq məqsədəuyğundur. Bu, açıq şəkildə təsdiqlənmiş irredentizm deyilsə (Azərbaycan Respublikası İran İslam Respublikasının ərazilərinə rəsmi iddia irəli sürmür), bunun səbəbi təkcə Azərbaycan Respublikasının qonşusu ilə müqayisədə zəifliyindən deyil, həm də əslində Arazın şimal və cənubundakı iki əhalinin mədəni və ya tarixi baxımdan homogen olmaması və fərqli reallıqları bölüşməkləridir. Bəs bu irredentizm nədir? Cənubi Azərbaycan məsələsi elə bir simvolik yük daşıyır ki, onu hökumətin xidmətindəki sadə bir alətə endirmək çətin görünür. Şərq blokunun Qafqaz və Orta Asiyada dağılmasından sonra özünü (yenidən) təsdiqlədiyindən bu məsələ pantürkist düşüncənin daha ümumi kontekstində yerləşdirilməlidir.

Azərbaycan kimliyi ilə əlaqəli konsepsiyaların təkamülünü müəyyənləşdirmək üçün Azərbaycan Respublikası ilə İran Azərbaycanı arasındakı münasibətləri tarixi baxımdan təhlil edəcəyəm. Tədqiqatım hər biri Azərbaycanda bir siyasi dövrə (çox fərqli uzunluqlarda olsa da) uyğun gələn dörd hissəyə bölünə bilər. XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Azərbaycan kimliyinin sorğulanmasının başlanğıclarını, sonra isə Azərbaycan SSR və Moskvanın himayəsi altında panazərbaycan kimliyi quruculuğunu müzakirə etdikdən sonra Prezident Elçibəy hökumətinin siyasi qrammatikasını, daha sonra isə son iki prezidentin (Heydər Əliyev və oğlu İlham Əliyev) bu məsələyə verdiyi dəyəri təhlil edəcəyəm.

1880-1920: Cücərən milli kimlik

XIX əsrin sonlarına qədər Azərbaycanda milli əhval-ruhiyyə çox da inkişaf etmədi. Əvvəlki dövrlərdə Azərbaycan əraziləri az-çox Qacar İmperiyasının mərkəzi hakimiyyətinə tabe olan xanlıqların konqlomerasiyası idi. XIX əsrin əvvəllərində Rusiya işğalı ilə Araz çayının şimalındakı ərazi Romanovlar İmperiyasına birləşdirildi və orada canişinlik yaradıldı. Avropada milliyyətçi fikirlərin ortaya çıxmağa başladığı bir dövrdə Azərbaycan milləti təbii ki mövcud deyildi: Cənubi Qafqazda heç vaxt vahid və fərdi kimliyi olan türkdilli bir məkan olmamışdı, xüsusən də Arazın şimal hissəsi nominal olaraq Azərbaycandan fərqli olduğundan daha cənubda yerləşirdi və 1828-ci il Türkmənçay müqaviləsindən sonra İranın tərkibində qaldı. Rusiyanın hakimiyyəti altında müzakirə edilən əhali əsasən müsəlman və yəqin ki türk (dillərinə görə) və ya hətta fars (mədəniyyətlərinə görə) kimi yaşayırdılar.[11]

Qafqaz müsəlmanları arasında kimlik məsələsi XIX əsrin ikinci yarısında pantürkist, hətta panislamist şüurun inkişaf etdiyi böyük şəhərlərin (Bakı və Tiflis) ziyalı dairələrində kök saldı. 1875-1890-cı illər – savadlı, xırda burjuaziya arasında – türk milli şüurunun yayılması üçün Qafqazda türk dilində yayımlanan bir neçə nəşr üçün fürsət idi.[12] Lakin bu yayılma davamlı deyildi, əksərən Qafqaz azərbaycanlısı kimliyi ilə Osmanlıya rəğbət bəsləyən daha qlobal türk kimliyi tərəfdarlarının debatlarının nəticəsi idi. Bu debatlar əsasən aşağıdakı nəşrlərdə aparılırdı; Əkinçi (1875-1877), Ziya (1879-1881) və Kəşkül (1884-1891). Daha qlobal türk və ya müsəlman kimliklərindən fərqli və Arazın hər iki sahilini birləşdirən Azərbaycanlılar termini regional kimliyə işarə kimi ilk dəfə 1891-ci ildə Kəşkül qəzetində istifadə edildi.[13]

Kiçik bir dialoqda bir Qafqaz müsəlmanı öz kimliyini təyin etməyə çalışır: Türk, ya yox. Bu dialoq aydındır ki Azərbaycan kimliyi ilə Osmanlı kimliyi arasındakı fərqə (hər ikisinin türk topluluğunun bir hissəsi olmasına baxmayaraq), həmçinin Arazın şimal hissəsindəki əhalinin cənubla eyniləşdirilməsinə, amputasiya kimi görülən ağrılı bir bölünməyə əsaslanır: buradakı şəxs öz ruhundan məhrum olmuş kimi hiss edir, çünki onu həmyerlilərinin digər yarısından ayırıblar. Beləliklə, Arazın hər iki sahilinin sakinləri üçün ortaq olan bir Türk-Azərbaycan kimliyi mövcuddur. Amma bu kimlik fikri yekdilliklə qəbul edilməyəcəkdi və müsəlman Qafqazın milliyyətçi düşüncəsi Osmanlı mərkəzli pantürkizm ilə daha çox bölgəçi görüş arasında Birinci Dünya Müharibəsi bitənə qədər get-gəl etməyi dayandırmayacaqdır (birinci mövqeni Füyuzatçılar, ikincini isə Azəriçilər təmsil edirdi).[14] Bu get-gəl Ağaoğlu, Hüseynzadə və Rəsulzadə kimi bəzi şəxslərin keçdiyi həyat yolları ilə mükəmməl şəkildə təsvir edilir. Onların kimlik mövqeləri illər və şərtlər boyunca inkişaf edir və o dövrdəki Qafqaz müsəlmanlarının “kimlik axıcılığı” fikrini göstərir.[15] Qeyd etmək lazımdır ki, sovet dövründə basdırılsa da, qlobal türk kimliyi ilə yerli Azərbaycan kimliyi arasındakı bu gərginlik 1991-ci ildə ölkənin müstəqilliyi ilə yenidən ortaya çıxdı və beləliklə – görəcəyimiz kimi – hələ də Azərbaycan kimliyi sorğulanmağa davam edir.

Bu kontekstdə Arazın hər iki sahilində ortaq bir mədəniyyətə istinad Anadoluda institusional olaraq özünü təsdiqləyən Türk-Osmanlı (və ya post-Osmanlı) milliyətçiliyinə qarşı təkliyi vurğulayan vasitə kimi görünür. Rus işğalı yerli əhali üçün ağrılı görünürsə, bu o demək deyil ki yeni rus əraziləri ilə cənubdakı İran əraziləri arasında keçilməz divar ucaldıldı. Qafqazın türkdilli əhalisinin Rusiya İmperiyasına inteqrasiyası İran Azərbaycanı ilə əlaqələri aradan qaldırmadı; paradoksal olaraq, Bakıda sənaye çağının gəlməsi səbəbindən həmin əlaqələr daha da gücləndi. Yeni yaranan “qara qızıl” dövründə işçilər, onlarla birlikdə isə siyasi fikirlər və ümidlər miqrasiya edirdi.[16] Bu baxımdan Təbriz məşrutəçilərindən (1907-1909) Səttar xanın rəhbərlik etdiyi müqavimət əhəmiyyətli idi. Qafqazdan bir çox könüllü inqilabi mübarizəyə qoşuldu və bu, onların iranlı silah qardaşları ilə ortaq inqilabi ruh yaratmaqları üçün bir fürsət idi. Qafqazlı döyüşçülər özləri ilə millətçi və antidespotik siyasi mədəniyyət gətirdilər.[17] Bu epizod hər iki tərəfdə İran Azərbaycanının fars boyunduruğundan azad olacağına və Türkmənçay müqaviləsindən irəli gələn sərhədlərin silinəcəyinə ümid verəcəkdi. Beləcə, Arazın iki tayındakı Azərbaycanın yenidən birləşməsi təsəvvür edilməyə başlandı. Bu Azərbaycan inqilabi qrammatikası evə qayıdan döyüşçülər tərəfindən Şimala gətiriləcək və sonrakı on ildə öz bəhrəsini verəcəkdi.

Azərbaycan kimliyinin formalaşmasında əsas hadisə, əlbəttə ki, digərləri ilə birgə Məhəmməd Əmin Rəsulzadə (1884-1955) tərəfindən Azərbaycan Demokratik Respublikasının (ADR) qurulması idi. O, 1913-cü ildə iki il əvvəl yaradılan və gizli fəaliyyət göstərən Müsavat partiyasına qoşuldu. Müsavat hər şeydən əvvəl panislamist, hətta pantürkist partiya idi, amma gənc yaşlarında Rəsulzadə Azərbaycan kimliyinə elə də əhəmiyyət vermirdi. Əl-Əfqaninin (1838-1897) panislamizm və millətçilik haqqında fikirlərinə həssas yanaşan Rəsulzadə Müsavatın siyasi xəttini dəyişdirib onu Qafqaz Azərbaycanının milli partiyası və ADR-in qurucusu edəcəkdi. 1917-ci ildə Fevral İnqilabı sayəsində o, nəhayət partiyanı gizlilikdən çıxarıb onun milli xəttini formalaşdırdı. 28 May 1918-ci ildə Qafqaz Azərbaycanının müstəqilliyi elan edildi. İstiqlal Bəyannaməsində ADR “bütün millətlər və bilxassə həmcüvar olduğu millətlər və dövlətlərlə [məsələn, İran] münasibəti – həsənə təsisinə əzm edər” deyilir, ölkə ərazisinin sərhədlərini təxmini şəkildə təyin edir. 1-ci maddədə deyilir: “Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir” lakin “Azərbaycan xalqı”nın dəqiq tərifi verilmir. ADR-in elanı İranda çaşqınlığa səbəb oldu, çünki İran hökuməti Osmanlının təşviq etdiyini güman etdiyi pantürkist irredentizmdən qorxaraq bu toponimin seçimindən təəccübləndi.[18]
ardı var
bakuresearchinstitute.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.