İki Sahil: Azərbaycan Respublikasındakı kimlik quruculuğunda İran Azərbaycanının rolu - 2 ci hissə

14-04-2024, 00:01           
İki Sahil: Azərbaycan Respublikasındakı kimlik quruculuğunda İran Azərbaycanının rolu - 2 ci hissə
Benua Filu
İrredentist niyyətlər olub-olmamasından asılı olmayaraq, bu toponimin istifadəsinin müəyyən bir eyhamı var idi və İran (Tehran, eyni zamanda Təbriz) ziyalıları onu tənqid edib tarixi absurdluğunu (gənc Cümhuriyyət) nümayiş etdirmək üçün çalışırdılar (onlar hesab edirdi ki, bu gənc respublika Aran adlandırılmalı idi).[19] Lakin İran ilə ADR arasındakı münasibətlər növbəti il Bakı və Parisdə[20] iki ölkənin nümayəndə heyətləri arasında mümkün federal birlik mövzusundakı müzakirələrlə istiləşdi. İran üzərindəki ingilis protektoratı (1919-cu il müqaviləsinin nəticəsi kimi) bolşeviklərin yüksəlişi qarşısında güclü müttəfiqlər axtaran ADR-i cəlb etməyə kifayət edirdi. Yekunlaşma ərəfəsindəki bu razılaşma Bakının bolşevik qüvvələrinin əlinə keçməsinə qədər qüvvədə qala bilmədi.

Şimali Azərbaycanın Sovet İttifaqına inteqrasiyasından əvvəl son epizod panazərbaycan problemini yenidən diriltməklə bağlı idi: Şeyx Məhəmməd Xiyabaninin Demokratik Firqəsinin qəhrəman mübarizəsi (1920). Səttar xanın keçmiş yoldaşı olan bu Təbriz ziyalısının 1919-cu ildə Qacar İranının Baş Naziri Mirzə Həsən xan Vüsuqüddövlənin ingilislərlə bağladığı müqaviləyə müsbət baxmırdı; sonradan Xiyabani İran Azərbaycanındakı üsyana rəhbərlik etdi və Azadıstan (Azadlıq Ölkəsi) muxtar regionunu qurdu. Yeni toponim seçimi ilə Xiyabani özünü xarici, xüsusən də İngiltərə maraqlarına tabe olan dövlət kimi gördüyü ADR-dən uzaqlaşdırmaq istəyi ilə əlaqəliydi. Millətçi İran tarixçiləri bu hadisəni İran azərbaycanlılarının Şimal ilə həmrəy olmadıqlarını vurğulamaq üçün istifadə edirlər. Amma Xiyabaninin layihəsi, şübhəsiz ki, separatçı deyildi – İranın despotizmdən və xarici hökmranlıqdan qurtulmasına nümunə olmaq məqsədi daşıyırdı. Müsavat, Hümmət və Ədalət partiyalarından olan bir çox solçu fəallara görə bu, panazərbaycan həmrəyliyini ifadə etmək üçün yeni bir fürsət idi. Yenidən onlar Xiyabaninin anti-imperialist mübarizəsində iştirak etmək üçün sərhədi keçdilər və beləliklə ortaq bir varlığa [quruma] aidiyyət şüurunu yenidən aktivləşdirdilər. Bu fəallar üçün Araz çayı mübarizələrinə əngəl ola bilməzdi və bütövlükdə Azərbaycan vahid milli məkan kimi görünürdü.

Buna görə də Sovet İttifaqının qurulmasından əvvəlki illər Qafqazın müsəlman elitalarının pantürkizmin inkişafının ümumi kontekstində öz kimliklərini sorğulamaqları üçün bir fürsət idi və bu, Azərbaycan kimliyinin konturlarının müəyyənləşdirilməsinə imkan verdi. Amma kimlik şəxslərdən asılı olaraq müsəlman, türk, iranlı və avropalı istinad nöqtələri arasında gedib gəldiyindən bu konturlar aydın yox, bulanıqdır. Hər halda, Azərbaycan milli ideyası bundan sonra əcnəbi kimi qəbul olunanlarla (fərqli dərəcələrdə də olsa) – osmanlılar, iranlılar, ruslar, Qafqazın xristian xalqları ilə qarşılaşdırılaraq inkişaf edib öz xüsusiliyini təsdiqlədi. Özünü qurmaq və gücləndirmək üçün bu millət fikri adını və nüfuzlu istinadlarını götürdüyü İran Azərbaycanına arxalanırdı. Buradakı milli quruculuq şübhəsiz səyahətlər və bir məkandan digərinə köç etməklə mümkün oldu. Bu hərəkətlər ortaq mədəni sistemə aid olma şüurunu qidalandırırdı. Paradoksal səslənsə də xəyalların və mübarizələrin proyeksiya edildiyi bir məkan olan İran Azərbaycanına daim istinad edərək Azərbaycan millətinin inşasını SSRİ tamamladı.

SSRİ və millət quruculuğunda vasitə kimi Cənubi Azərbaycan məsələsi

Qafqaz və Orta Asiyada Sovet respublikaları qurulduqdan sonra SSRİ rəhbərliyi maskalanmış “burjua və demokratik millətçilik” kimi gördükləri pantürk və ya panislamist kimliyin istənilən şəkildəki ifadəsindən ehtiyatlanırdı.[21] Amma Sovet ideologiyasının İttifaqın ucqarlarında qəbul edilməsi üçün yerli kontekstlərə uyğunlaşmalı olduğunu bildiklərinə görə Sovet hakimiyyəti müsəlman respublikalarında həqiqi bir milli quruculuğa başladı.[22] Söhbət istənilən panislamist və ya pantürkist bir layihəyə gedən yolun bağlanmasından, həm də müsəlmanların inqilabi qürurunu İttifaq Kommunist Partiyası bayrağı altında ucaltmaqdan gedirdi. SSRİ İranın şimalını işğal etdikdən sonra Azərbaycan milli quruculuğu daha böyük əhəmiyyət daşımağa başladı.

1941-ci ildə Sovet qoşunları İrana daxil olduqda[23] SSRİ rəhbərləri iki əsas səbəbdən Azərbaycan milli qürurunun ucaldılmasını təşviq etmək zərurəti ilə qarşılaşdı. İlk növbədə, Bakı və onun neft şirkətləri nasistlərin maraq dairəsində idi; bu səbəbdən də Azərbaycan əhalisini Böyük Vətən müharibəsində iştirak etməyə təşviq etmək və bu strateji ərazini Sovet nəzarətində saxlamaq üçün almanların yerli əhalini özünə cəzb etmək cəhdini istisna etmək məqsədəuyğun idi. İkincisi, Sovet rəhbərliyinin nəzərində azərbaycanlılarda “kimlik çatışmazlığı”[24] var idi: məqsəd onları ümumiyyətlə türk dünyasından və İran Şiə dünyasından ayıraraq, bir millət olaraq meydana çıxarmaq idi. Moskva və Bakıdakı Sovet rəhbərləri əsasən Arazın digər tayından götürülmüş və Sovet ideologiyasına uyğun yeni mənalar daşıyan kimlik mənbələri yaratmaq üçün çalışırdılar. Bu isə SSRİ-yə işğal olunmuş İran Azərbaycanında yumşaq gücdən istifadə edə bilmək üçün əlavə üstünlük verdi.

Sovet arxivləri 1941-ci ildən etibarən müharibədən sonra İranı Sovet təsir dairəsində saxlamaq üçün SSRİ-nin İranda qəbul edilməsinin əhəmiyyətini və bunun üçün isə İranın yerli siyasi xüsusiyyətlərə hörmətlə yanaşmalı olduğunu vurğulayır.[25] Tamamilə kommunist qüvvələrə arxalanmaq əvəzinə antidespotik və millətçi meyilli yanaşmanın tətbiqi nəzərdə tutulurdu. Burada Azərbaycan SSR Ali Sovetin gələcək sədri və Soyuq Müharibə boyu Cənubi Azərbaycan məsələsinin bayraqdarı olan Mirzə İbrahimovun (1911-1993) rolu vurğulanmalıdır. İranda anadan olan bu yazıçı millətçilik meyilləri ilə bir çox yazı və nəşr hazırladı. 1941-ci ildə həm yerli insanlar, həm də işğalçı qoşunlar üçün nəzərdə tutulmuş Vətən Yolunda qəzetini nəşr etdirdi. Azərbaycan dilində yazılan və müxtəlif mövzularda (siyasət, tarix, ədəbiyyat) qısa hekayə və məqalələrdən ibarət olan bu qəzetin məqsədi Azərbaycan mədəniyyətini ucaltmaq və milli qürur hissini artırmaq idi.[26] Azərbaycan, yaxud Yumruq kimi iki dildə və ya tamamilə Azərbaycan dilində olan digər qəzetlər də sonradan nəşr olundu. Onlar Pəhləvi despotizmini və ümumiyyətlə beynəlxalq faşizmi tənqid edir, Azərbaycan mədəniyyəti və regional muxtariyyəti müdafiə edirdilər; kollektivist hərəkatın sələfləri sayılan, hətta Azərbaycan adlı şeirdə Stalinlə müqayisə edilən Babək və Cavanşirin qəhrəmanlıq mübarizələrini tərəddüdsüz tərifləyirdilər.[27] Əlavə olaraq, istər Azərbaycan SSR-in, istərsə də şimala mühacirət edən İran azərbaycanlılarının təşəbbüsü ilə qurumlar yaradılırdı. Nümunə kimi hər cür sənətçinin çıxış etdiyi və sovetləşdirilmiş Azərbaycan mədəniyyət modelinin təbliğ edildiyi 1941-ci ildə yaradılan Azərbaycan Cəmiyyəti və 1944-cü ildə Təbrizdə açılan Sovet Mədəniyyəti Evini göstərmək olar. Beləliklə, həm Sovet, həm də İran Azərbaycanı özünü antifaşist elementləri olan yeni kimlik resursları ilə təchiz etdi və bu proses SSRİ-nin Arazın cənubuna nüfuz etməsilə əvvəllər görünməmiş dərəcədə gücləndi.

İran Azərbaycanının işğalı SSRİ üçün həm Qafqaz sərhəddi boyu qoruyucu zolaq meydana gətirmək, həm də İran hökumətinə təzyiq göstərərək ondan neft güzəştləri əldə etmək üçün bir vasitə idi. 1945-ci ilin iyulunda Sovet hakimiyyəti, o dövrdə “çox gizli”[28] kimi təsnif edilən bir sənəddə qeyd edildiyi kimi, İranın şimalında separatçı hərəkatların qurulmasını və dəstəklənməsini təklif etdi. Azərbaycan SSR lideri Mircəfər Bağırov (1896-1956) və onun komandası sola yönəlmiş, lakin İranın ənənəvi solçu partiyalarından fərqli olan Azərbaycan muxtariyyət hərəkatının yaradılmasına çalışırdı. Həqiqətən, Sovet hökuməti 1941-ci ildən başa düşürdü ki, tamamilə kommunist qüvvələrə arxalanmaq doğru deyildi, çünki belə siyasət işğalçı qoşunların yerli əhalinin bir hissəsini özlərindən uzaqlaşdırmasına gətirib çıxardacaq. Artıq Azərbaycan SSR-də milli kimlik quruculuğu siyasətinin müəllifi olan Bağırov Arazın şimalında başlayan işi davam etdirirdi: söhbət Sovet siyasəti üçün İranın şimalında bir keçid rolunu oynaya biləcək milli Cənubi Azərbaycan hərəkatının qurulmasından gedirdi.

Hərəkata rəhbərlik 1944-cü il məclis seçkilərində sosialist Tudə Partiyasının namizədi və keçmiş Gilan Sovet Respublikasının daxili işlər naziri (1921) Cəfər Pişəvəriyə (1892-1947) həvalə edildi. O, kifayət qədər siyasi və təşkilati təcrübəyə malik idi və Azərbaycan kimliyi məsələsinə həssaslıqla yanaşı, Pişəvəri yəqin ki təkcə sosialist ziyalı təbəqəsini deyil, əhalinin böyük hissəsini öz arxasında birləşdirməyə qadir dindar insan idi. Tehrandan Təbrizə getdikdən sonra 3 sentyabr 1945-ci ildə Şeyx Xiyabaninin hərəkatının adını götürərək Azərbaycan Demokrat Firqəsini qurdu.

21 Noyabrda 65000-dən çox üzvü olan partiyanın 724 nümayəndəsi Təbrizdə Azərbaycan Müəssislər Məclisi qurdu və Azərbaycanı muxtar ərazi elan etdi. 27 Noyabrda seçki təşkil edildi və Pişəvərinin Azərbaycan Demokratik Firqəsi (ADF) seçkidə qalib gəldi. 12 dekabr 1945-ci ildə Pişəvərinin Baş Naziri olduğu və muxtar hökumətin bütün əlamətlərini daşıyan (xarici işlər istisna olmaqla, o, Tehrandakı mərkəzi hökumətə həvalə edilmişdi) Azərbaycan Milli Hökuməti quruldu və İrandakı Azərbaycan millətinə istiqamətlənən siyasət həyata keçirməyə qərar verdi. Burada vurğulanmalıdır ki, bu hökumət ən azından prinsipcə özünü separatçı kimi təqdim etmirdi. Hərəkatın ilk anlarından Pişəvəri ADF-in İrana bağlılığında və İran sərhədlərinin[29] toxunulmazlığında israr edir, mübarizəsini antidespotik çərçivədə qərarlaşdırırdı. İran Azərbaycanı Pəhləvilərin zülmünə qarşı İran mübarizəsinin avanqardı – müqəddəratını təyinetmə hüququna hörmət edilmədiyi təqdirdə müstəqillik hərəkatına çevriləcək bir avanqard – kimi təqdim olunurdu.[30]

İran Azərbaycanının milli hökuməti öz siyasətində dil məsələsinə mərkəzi yer verdi.[31] 6 yanvar 1946-cı il tarixli fərman ilə Azərbaycan dili İran Azərbaycanının rəsmi dilinə çevrildi və bu dildə dərslər keçirilməyə başlandı. Sovet hakimiyyətinin dəstəyi ilə çoxsaylı müəssisələr (məktəblər, teatr, universitet) yaradıldı. Sovet hakimiyyəti Azərbaycan Milli Hökumətini regionun savadlı sakinləri ilə yanaşı işçilər, sənətkarlar və müəllimlər tərəfindən oxuna bilən ərəb-fars əlifbası ilə yazılmış Azərbaycan dilində kitablar və tədris vəsaitləri ilə təmin edirdi. Bu səbəbdən də İrandakı Azərbaycan milli mədəniyyəti Sovet nəzarəti altında inkişaf etdi. Azərbaycan dilini saflaşdırmaq, yəni dildəki fars mənşəli sözləri türk mənşəli və hətta Bakıda istifadə olunan rus mənşəli sözlərlə əvəzləmək məqsədilə kampaniya başladıldı.

İran ordusu 1946-cı ilin dekabrında Sovet qoşunları tərəfindən boşaldılmış Azərbaycan ərazisini geri aldıqda süquta uğrayan bu qısamüddətli muxtariyyət milli tarixşünaslıqda Babək, Cavanşir və Səttar xanın müqavimət odisseyalarına oxşar şəkildə öz yerini aldı. Bundan əlavə, Sovet əsgərlərinin və işçilərinin Sovet Azərbaycanına qayıtması, eləcə də ADF üzvlərinin Bakıya köç etməsi Cənubi Azərbaycan məsələsinə yeni dərinlik qazandırdı. Sovet tərəfindən kimlik resursu olaraq istifadə edilən Cənub məsələsi tədricən Sovet kanallarından müstəqil oldu – bəzən hətta onlarla qarşıdurmaya girdi. Yadda saxlamaq vacibdir ki, milli kimliyin qurulmasını öyrənən istənilən tədqiqat yuxarıdan-aşağıya və aşağıdan-yuxarıya yanaşmalarını birləşdirməlidir: Hobsbaumun göstərdiyi kimi, millətçilik “sadə insanların gümanları, ümidləri, ehtiyacları, həsrətləri və maraqları” nəzərə alınmadan başa düşülə bilməz.[32] Sovet siyasəti, miqrasiya, linqivistik/mədəni və inqilabi təcrübələrlə birlikdə gündəlik, yaxud bayağı millətçilik, yəni hakimiyyətin nəzarəti xaricində olan və milli gerçəkliyin “olduğu kimi qəbul edilməsinə” [33] səbəb olan bəzi “ideoloji vərdişlər”[34] meydana gətirəcəkdi. Millətçiliyə dair son elmi ədəbiyyatda bu gündəlik praktikalar insanların (siyasi hakimiyyətlərin iradəsinə baxmayaraq) özlərini digərlərindən fərqləndirməsi və bu fərqliliyi qoruması üçün vasitə olaraq görülür.[35]
ardı var
bakuresearchinstitute.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.