Məhəmməd Cahan Pəhləvan - Şərəfli əcdadımız!!!

22-04-2024, 12:44           
Məhəmməd Cahan Pəhləvan - Şərəfli əcdadımız!!!
Azərbaycanın Kürdən cənubdakı torpaqlarını əhatə edən Eldənizlər dövləti Məhəmməd Cahan Pəhləvanın hakimiyyəti dövründə (1175-1186) daha da qüvvətləndi. O, eyni zamanda anabir qardaşı Arslanşahın oğlu, Səlcuq sultanı III Toğrulun atabəyi idi. Təbrizi Ağsunqurilərin əlindən alan Məhəmməd Cahan Pəhləvan, Azərbaycanın idarəsini kiçik qardaşı Qızıl Arslana tapşırdı. Qızıl Arslan həm də Məhəmməd Cahan Pəhləvanın oğullarının - Əbu Bəkrin və Özbəyin atabəyi elan olundu. Qızıl Arslan Təbrizdə, Məhəmməd Cahan Pəhləvan isə Həmədanda otururdu. O, mərkəzi hakimiyyəti möhkəmləndirdi, müstəqilliyə can atan iri səlcuq əmirlərinin müqavimətini qırdı. Məhəmməd Cahan Pəhləvan Abbasi xəlifələrinin dövlət işinə qarışmasının qarşısını aldı.
O, deyirdi: «Əgər xəlifə imamdırsa, onun daimi məşğuliyyəti namaz qılmaq olmalıdır, çünki namaz dinin əsası və işlərin ən gözəlidir. Bu sahədə üstünlüyü və xalq üçün nümunə olması ona kifayətdir. Bu həqiqi padşahlıqdır...».
Orta əsr tarixçisi İbn əl-Əsir Məhəmməd Cahan Pəhləvan haqqında yazırdı: «O İraqın, Azərbaycanın, Arranın, Dağıstanın (Əl-Cibəlin), Kunşt, Şafhunın, Həmədanın və başqa vilayətlərin hakimi idi. O, xoş xasiyyətli insan, ədalətli, müdrik və səbrli hakim idi. Onun hakimiyyəti günlərində təbəələri əmin-amanlıq və dinclik şəraitndə yaşayırdılar».
Məhəmməd Cahan Pəhləvanın üç arvadından dörd oğlu və bir qızı oldu. Rey hakiminin qızı İnanc xatundan Qutluğ İnanc və Əmir Əmiran Ömər adlı iki oğlu, Küteybə xatundan Əbubəkr adlı oğlu, Zahidə xatundan isə Özbək adlı oğlu və Cəlaliyyə adlı qızı olmuşdu. Orta əsr tarixçisi Sədrəddin əl-Hüseyninin yazdığına görə, hələ öz sağlığında Məhəmməd Cahan Pəhləvan «Azərbaycan və Arranın idarə olunmasını Əbubəkrə tapşırır. Əbubəkrin tərbiyəsini isə əmisi (Məhəmməd Cahan Pəhləvanın qardaşı – müəllif ) Qızıl Arslana həvalə edir».
O, uşaqlarına «Qızıl Arslana tabe olmağı, Sultan Toğrulun qulluğunda durmağı, xəlifənin nəcib peyğəmbərlik əmrlərini həyata keçirməkdən boyun qaçırmamağı» vəsiyyət edir.
Tomris Xatun
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.