Xalqın “Fəxri ad” tələbi

18-05-2024, 07:14           
Xalqın “Fəxri ad” tələbi
İdeoloji müdaxilələr xalqın, cəmiyyətin sahib olduğu keyfiyyətləri ya şişirdir, ya da kiçildir. Məsələn, faşizm almanların millətçiliyini kəllə-çarxa çıxarmışdı, kommunizm, tam əksinə, azərbaycanlıların millətçi duyğularını yox etdi. Bu gün əlimizdə olan bütün ictimai ölçülər pul və inzibati nüfuz hesabına hökmranlığı qorunan sovet ideologiyasının qondardığı ölçülərdir.

Elmdə, ədəbiyyatda, siyasətdə, hətta geyim-keçimdə belə külli miqdarda azərbaycanlı özünü sözdə "nümunəvi” sovet vətəndaşı kimi aparır. Bunun daha qlobal forması dində yaşanan mənzərədir. Təkallahlılıq insanın göydə apardığı islahatdır. Yerdəki bütün işlək mexanizmlər çoxallahlılığın mirasdır.

Bizim ictimai mühit də bu qlobal gerçəkliyin bir başqa şəklidir. Şərtlər dəyişsə də, ölçülər dəyişməyib!

Çünki bu ölçülər müstəmləkəçiliyin yaratdığı komfort zonalardır. Bu zona irsi əksikliyi olana inzibati aristokratik status vəd edir. Yəni toplumu yaradan dəyərin kökündə ədalət yoxdur.

Sənaye İnqilabı zamanı ispanlar da belə vəziyyətlə üzlədilər; ya üç əsrdən artıq davam edən inkivizisiya nəticəsində formalaşmış komfort zonalarını tərk edib luddist, sufrajist və s. kimi modern "əcinnələrlə” boğuşa-boğuşa yeni cəmiyyət quracaqdılar, ya da yaxşıları öldürüb pisləri saxladıqları öz keçmişlərinə dalıb inkivizisiyanın bəxş etdiyi "allahın gününü" görəcəkdilər.

İkincini seçdilər və hələ də Avropanın feodal simasını təmsil edirlər.

Ancaq bu gün bu qondarma ölçülər hərəkətverici dəstəkdən məhrumdurlar. Yəni onları yaradıcılığa sövq edən ideoloji güc yoxdur. Bu da onları özlərini doqmalaşdırıb qorumağa məcbur edir, yaradıcılıq imkanlarını sıfırlayır. Onlar cəmiyyətdə özləri kimi yaratmayanları stumillaşdırırlar. Hər addımda yaradıcılığın ayağının altını qazırlar.

Ona görə də müstəqillik illərində ortaya nə qoymuşuqsa, bu, Azərbaycan xalqının ideoloji dəstəkdən arınmış milli potensialının göstəricisidir. İdeoloji, inzibati müdaxilə olmadan xalqın milli enerjisi nə yarada bilərsə, onu yaratmaqla məşğuluq. Bu səbəbdən qiymətləndirmə zamanı ayrı-ayrı şəxslərin uğuruna və ya uğursuzluğuna baxmaq lazım deyil. Ümumi fona baxmaq lazımdır ki, potensialımızın nəyə qadir olduğunu görə bilək.

Elə bufalo var ki, şiri bir zərbədə öldürür, amma ümumilikdə bufalo növünün potensialı bu canlını şirin naharı olmaqdan xilas etmir.

Bu milli potensialı dəyərləndirə bilməkdən məhrum edildiyi üçün müstəmləkə illərində Azərbaycanda tarlada yatan xalq, "Baksovet”də yaşayan "Xalq şairi"ni özünün yetirməsi kimi görürdü. Ona elə gəlirdi ki, hər gün fəxri ad, medal, mükafat alan şairi özü pambıq yığa-yığa yetişdirib. İndi də dərd çəkir ki, mənə nə oldu böylə, niyə day o "Xalq şairi"lərindən yetişdirə bilmirəm?

Və bu "qısırlıq” dərdi onda kütləvi psixoz yaradır. "Günah keçisi” tapmaq ehtiyacını şiddətləndirir.

Mövzumuzu elə bu benava "Xalq şairi” üzərindən şərh etməyə çalışaq.

Bəzən sovetin "Xalq şairi”ni öz dövrünün hökumətinə yarınmaqda suçlayırlar. Mənə görə, adı sovet şairi və yazıçısı olanlar öz hökumətlərinə yarınmırdılar, bu hökumətin yanındaydılar və səmimi idilər. Sovet hökuməti həqiqətən onların hökuməti idi. Onların "istedadı" sovet ideologiyası, ilham pəriləri siyasi büro üzvləri idi. Bu hökumət gecə-gündüz televiziyalar, radiolar vasitəsilə onlara oxucu toplayırdı. Saatlarla dövlət kanalında Bakıda oturub Nikaraqua haqqında şeirlər oxuyan xalq şairləri vardı, Bu gün isə şairi efirə çağırıb "halal” sosiska ilə güləşdirirlər.

Sovet hökuməti onları milli şudralıqdan beynəlmiləl brəhmənliyə yüksətmişdi, heç bir mənəvi, zehni, ictimai haqqları olmaya-olmaya indi də Bakının üzünü ağardan, elə həmin hökumətin məhv etdiyi milli burjuanın evlərinə yerləşdirilmişdilər. Eşşək arabasından xidməti avtomobillərə hoppanmışdılar. Bizim bu gün yarınmaq dediyimiz, onlar üçün təşəkkür borcu idi.

İndi bütün bunlar yoxdur deyə ortaya çıxan yaradıcı məhsulu yuxarıda milli potensialın halal əməyinin bəhrəsi adlandırdım.

Sovet hökuməti sevimli şairini yeri gələndə öz köləsi kimi işlətsə də o, həm də qapalı cəmiyyətdə azad fərdi təmsil edən bir obraz idi. Şairin dilindən deyilən sözü cəmiyyət azad iradənin hökmü kimi qəbul edirdi. Sovet şairi də hökumət proqramını poemaya çevirib hamını pambıq yığmağa səsləyirdi və xalq Azadlıq meydanına gedirmiş kimi pambıq tarlalarına şığıyırdı. Çünki sözün müəllifi azad iradənin çarçısı zənn edilən şair idi. Onun sözü müzakirəsiz qəbul olunmalıydı.

Bu sorğu-sualsız qəbullanmağın nəticəsi idi ki, XX əsr Azərbaycan şairi yazırdı: Təbiət ilhama çağırır məni! Halbuki sənətin təbiətdən ilhamlanması, təbiəti təqlid (mimesis) etməsi antik çağın "təbiət filosofları" miletli Falesin, Platonun və s. əsərlərinin ana mövzusu idi. Dekartdan sonrakı dünyada sənət təbiətdən deyil, cəmiyyətdən ilham alırdı. Eyni dövrün italyan filosofu Benedetto Kroçenin sözləri ilə desək, XX əsrin sənəti mükəmməl olmayan təbiəti deyil, mükəmməl olmayan cəmiyyəti yenidən yaratmağı amaclayırdı. XX əsrin Nizamisi Bərdəni deyil, Bərdə insanını təsvir etməli idi. Sənətin təbiəti inkar etdiyi XX əsrdə bizim ədəbiyyat şəlalədən yazıb, cəmiyyəti inkar edirdi. Ona görə də bu gün, məsələn, elementar növbə mədəniyyətimiz yoxdur. Avtobusa, metroya minib-düşəndə timsahlarla dolu çayı keçərkən bir-birini basdalayan antilop sürüsünə bənzəyirik; kim keçdi, keçdi! Bacarana baş qurban!

Ad vermək, təqaüd ayırmaq, ev bağışlamaq - bunlar bütün hakimiyyətlərə xas olan açıq və gizli qiymətləndirmə metodudur. Məni düşündürən cəmiyyətin bu qiymətləndirmə metoduna heyranlığıdır.

Bu gün də sənət adamlarına fəxri sovet titullarının verilməsini tələb və sifariş edən cəmiyyətdir, xalqdır. Xalq şairdən tələb edir ki, ad al, titul al, medal al, özünü bizə tay tutma. Nə olsun, müstəqil ölkənin şairisən, hansı sənin əsarət mirası olan fəxri ad-sanın? Adın, titulun, medalın yoxdursa, sən nə şairsən, nə yazıçısan?

Xalq aşağıda şairi dirəyir, şair də gedib yuxarıda tutalım, Mədəniyyət Nazirliyinin gənc məmurunu bezdirir ki, mənə ad verin! Yoxsa üstümə nöyüt töküb özümü yandıracağam.

Yəni yaradıcı adamı sırtıqlığa, yarınmağa, ələbaxanlığa vadar edən cəmiyyətin ictimai ölçüləridir. İndi mən də filmdəki rəhmətlik Səməndər Rzayev kimi üzümü bu köhnə ölçülərlə yaşayan adamlara tutub deyirəm, ayə, ay camaat, yazıçını, şairi verilən ada, təqaüdə, evə görə qiymətləndirəcəkdinzsə, day o boyda sovet imperiyasını niyə dağıdırdınız? O qədər insanı niyə əliyalın tankların qabağına göndərirdiniz?

Aqşin Yenisey












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.