ARS MAGNA

4-06-2024, 11:44           
ARS MAGNA
XVI əsrdə İtaliyanın şimalındakı şəhərlərində açıq riyazi yarışlar keçirilirdi.
Riyaziyyatçılar bir-birlərini duelə çağırır, misal və məsələlərin həllində zəkalarını nümayiş etdirirdilər. Belə yarışlar çox vaxt pulla keçirilir, qaliblər mükafatlandırılırdılar.
Bu müsabiqələr gəncləri cəlb edir, riyaziyyat müəllimlərini məşhurlaşdırırdı. İştirakçılar problemlərin həll üsullarını gizli saxlamağa üstünlük verirdilər ki, başqa intellektual duellərdə üstünlük üçün onlardan istifadə etsinlər.
1530-cu illərdə Milanda Gerolamo Kardano (Cardano, 1501-1576) adlı həkim, astroloq və hesab müəllimi yaşayırdı. O, hiylə işlədərək venesiyalı Nikolo Tartaliyanı ona kub tənliklərin həllinin sirrini verməyə sövq etdi. Kardano bu sirrlə digər riyaziyyatçıları dueldə məğlubiyyətə uğratdı.
1545-ci ildə Kardano venesiyalı Tartalyaya verdiyi məxfilik vədini pozaraq “Ars Magna” adlı kitabında (lat. Artis Magnae, Sive de Regulis Algebraicis, “Böyük sənət və ya Cəbr qaydaları”) kub tənliklərin həlli yollarını verdi. Onların arasında qarşılıqlı təhqirlərə keçən qalmaqallı mübahisə yarandı. Mübahisəni 1548-ci ildə keçirilən riyazi dueldə həll etmək cəhd edildi.

Kub kub tənliklərin həllini ilk verən Tartalya olsa da onun müəllifliyi Kardanoya yazıldı, düstura “Kardano düsturu” deyildi və o, daha böyük şöhrətə çatdı. Kardano həmçinin bütün növ kub tənliklərinin həllini ümumiləşdirərək onların ümumi nəzəriyyəsinin əsasını qoydu…
Kardano dünyanın ən yaxşı riyaziyyatçılarının iki min il boyunca öhdəsindən gələ bilmədiyi bir problemi həll etdi – üçüncü və dördüncü dərəcəli tənliklərin köklərini açıq (cəbri) formada tapdı. İtalyan alimin kitabı yeni Avropanın ilk riyazi əsəri idi. Burada yunan və İslam alimlərinə məlum olmayan yeni nəzəri metodun kəşfi yer almışdı.
“Ars Magna” erkən İntibah dövrünün üç ən böyük elmi kitabından biri sayılır – Kopernikin "Göy sferalarının fırlanması haqqında" və Vesaliusun "İnsan bədəninin quruluşu haqqında" traktatları ilə birlikdə. Bu üç əsər riyaziyyat, astronomiya və tibbdə elmi inqilabın başlanğıcı oldu.
Gerolamo Kardano saxtakar deyildi, hiylə işlətmiş olsa da 16-cı əsrin ən böyük Cəbr virtuozlarından biri idi.
https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.