Çünki nə yaradan, nə də yaradılan doğum sancısı çəkməyib - Səxavət Məmməd yazır...
7-06-2024, 10:18
İşin-gücün ortasında bəzən düşünə bilmirsən, vaxt tapa bilmirsən. Səhətimdəki problemə bir növ sevindim ki, düşünməyə vaxt tapa bildim.
İnsan çox şeyləri özü seçə bilmir. Doğulacağı ailəni, ölkəni, yaşayacağın yeri, mühiti, sinifi, sinif yoldaşlarını, əsgər yoldaşlarını, hətta qrup yoldaşlarını. Qərar verə bilmədiklərimizin içərisində qərarlar verməli olursan. Təbiət kimi, cəmiyyət kimi insanlar da dəyişir. Çox mülayim insanlar sonradan çox qəddar insana çevrilə bilirlər.
Ən bədbəxt nəsilik. Uşaqlığımız müharibə gördü, gəncliyimiz müharibənin gətirdiyi problemlərlə boğuşmaqla keçdi, orta yaşa qədəm qoyduq, yenə müharibə, travmalar. Deyirlər, arada mən də deyirəm ki, elə etməliyik bizdən sonrakılar bizim yaşadıqlarımızı yaşamasın. Baxırsan mümkün deyil. Bizdən əvvəlki nəsil deyirdi ki, gələcək nəsillər cəmdəyimizə, gorumuza tüpürəcək. Deyəcəklər, bu nə ölkədi, bu nə problemlərdir qoyub getmisiniz. Baxıram, elə biz də potensial goruna tüpürüləcək adamlarıq.
Nə özümüz adam kimi yaşayırıq, nə də özümüzdən sonrakılar üçün adam kimi yaşanacaq ölkə qururuq. Başımızı qoldırmamış boynumuza yüklər yığırlar, dövlətçilik, suverenlik, vətən, torpaq. Bunların hamısı da borc kimi yüklənir belimizə, boynumuza. Di gəl altında tərpən. Bildiyimiz qul təfəkkürü. Bu yükün altında əzilməlisən, canın çıxmalıdır. Ölürsən cəhənnəmə öl.
Ümumiyyətlə, bu borc nədir onun cavabın tapmaq lazımdır. Borc qaytarılmaq şərti ilə birindən alınan, ya qəbul edilən hər nədirsə. Soruşmaq ayıb olmasın dövlət, vətən insanını nə ilə borclandırır ki, sonra da ondan nələrsə tələb edir? Azərbaycanda doğulmaq borcdur mu? Uşaqpulu vermə ancaq mənə borclusan de. Oğlan kimi doğulmaq borc məsələsində bir neçə sıfır geridə başlamaq deməkdir. Vətən borcu, dövlət borcu, nə bilim o borc, bu borc, şəllən şəllənə bildikcə. Ancaq konstitutsiyaya görə hər kəs bərabərmiş. Bərabərlik anlayışınızı...
Bir də görürsən hansısa şair, yazıçı deyir, vətən sizi çağırır, igidlər! Niyə, qaqa? Neynir məni? Mənimlə nə alıb verəcəyi var? Ölüb, öldürməyə? Müharibə vaxtı həyatımla klas-klas oynayırdım, iki dəfə yaralandım, səhər jurnalistika, günorta yardım daşıyan, gecə post. Vətən belə çağıran oğlandır, müharibədən sonra niyə demir, ay qaqa, gəl bu Şuşanı gör, nə bilim Xankəndinə baş çək? Ölmək lazım olanda çağır, kefin görmək gələndə dağına, daşına, ağacına sarı, qucağına oturmağa meyilli olanları al. Nə bilim vallah.
Bəşəriyyəti, insanı Allah yaradıb. Yaradan sonra göndərdiyi kitablar vasitəsi ilə deyib ki, mənə ibadət elə. Yaradanın üzünə ağ olanın adın şeytan qoyub. Yaradanın yolu ilə getməyənləri cəhənnəmlə təhdid edib(r). Allah da yaratdığının başın buraxmayıb. İmtahan edir, sınağa çəkir. İnsanlar da yaradır. Ox, nizə yaradıb ov edib, maşın yaradıb tez getsin, sonra başı çönüb təyyarə yaradıb ki, mənzil başına lap tez çatsın. İnsanlar toplaşıb bir yerə dövlət də yaradır. Yaxşı bu dövlət nədir, nə üçün yaradılır? Yaratdığına xidmət etmək üçün, yoxsa yaratdığı ona xidmət etmək üçün? Gəl baş çıxar. Deyənlər olacaq ki, şeytan da yaradanın üzünə ağ olur. Onda yaradanının üzünə ağ olan dövlətlər şeytandır? Bəs onda müsəlmanlar niyə vətəndaşını (yaradanını) baş üstündə saxlayan dövlətlərə şeytan deyir?
Azərbaycan kimi ölkələdə vətəndaş dövlətin, dövlət də vətəndaşın qədrin bilə bilməz. Çünki nə yaradan, nə də yaradılan doğum sancısı çəkməyib.
Arada özümə sual verirəm, bu ölkədə niyə yaşayırsan? Doğulduğun yeri, ölkəni, sinifini, sinif yoldaşını seçmək şansın olmayıb. Öləcəyin ölkəni, cəmiyyəti ki, seçmək şansın var.