RUSLARIN PEYĞƏMBƏR QORXUSU

8-06-2024, 15:44           
RUSLARIN PEYĞƏMBƏR QORXUSU
Həkim dostlarımın məclisində qızğın mübahisə düşüb.
Məclis əhlindən biri köhnə “təranələrə” başlayıb:
“Məhəmməd Əli, Jak İv Kusto, Rocer Garodi və b. İslamı qəbul ediblər”.
Mühafizəkar bir dostumuz “Lev Tolstoy ömrünün sonunda hədisləri rus dilinə tərcümə edib” deyəndə mübahisə qızışaraq gecənin gec saatlarına qədər davam edib…
Dostum A.C. məşhur diş həkimidir. Bu sabah mesaj atdı ki, oyaqsansa danışaq. Zəng vurdu ki, sən bilərsən, Tolstoy hədisləri rus dilinə tərcümə edib ya yox. Dedim idmandayam, sənə cavab verməyə çalışacam…
Yazdım…yazdım ki, Hocam, Tolstoy Məhəmmədin Peyğəmbərə və İslama xüsusi marağı vardı, ömrünün qürub çağında isə bu maraq heyranlıq dərəcəsinə çevrilmişdi. Yadıma E.Vəkilova adlı azərbaycanlı bir kişi ilə ailə qurmuş rus qadınının Tolstoya yazdığı bir məktub düşdü,–onu da yazdım…
Yasnaya Polyanaya ünvanladığı o məktubda rus qadın oğlanlarının da ataları kimi müsəlman olmaq istədiklərini xəbər verərək Tolstoydan məsləhət istəyir. Hafizəmdə belə qalıb ki, Tolstoyun qadına verdiyi cavab: “Mənim üçün İslam (Магометанство) ibadətdən üstündür. Ağlı başında olan hər bir pravoslav insanın azad seçim hüququ var".
Sonra keçdim mübahisə mövzusunun əsas hissəsinə.
Yazdım kı, Tolstoy ərəbcə bilmirdi və onun hədisləri tərcümə etməsi ınandırıcı deyil. Ancaq Tolstoyun ömrünün qürub çağında “Məhəmməd Peyğəmbər” adlı bir kitab yazdığı haqda yazı-pozular və ya dedi-qodular var. Bu iddialara görə görkəmli rus yazıcısı kitabda çox sayda hədisə yer vermişdir ki, onun güya hədisləri tərcümə etməsi də ehtimal ki, bu şaiyələrdən qaynaqlanır. Əgər Tolstoyun Peyğəmbər haqda yazdığı belə bir kitab varsa onu mənim ətrafımdan görən olmayıb. Bu sətirləri oxuyanlar haqda heç nə deyə bilmirəm.
Bəzi iddialara görə Rus Pravoslav kilsəsi “Məhəmməd Peyğəmbər” kitabını yasaqlayıb. Kilsə zatən Tolstoyu mürtəd elan etmişdi. İslam dini və onun Peyğəmbəri haqda olan bu kitab klerikal ortodoks kilsəsinin qəzəbinə tuş gələcəyi gözlənilən idi. Ancaq 1917-ci ildəki çevrilişdən sonra bolşeviklərin də kitabının nəşrinə icazə vermədiyi söylənilir. Ateist olan fəhlə-kəndli hakimiyyəti kitabın yayılmasının qarşısını alacağı da təbiidir.
Bundan sonrası isə daha qarışıqdır. Belə ki, bəzi mənbələr “Məhəmməd Peyğəmbər” əsərinin azərbaycan dilinə tərcümə olunduğunu, Arif Arslan deyə bir tərcüməçinin onu azərbaycan dilindən türk dilinə uyğunlaşdırdığını yazırlar. Türk dilində olan kitabın 2005-ci ildə “Ünlü Rus Yazarın İslam Peygamberi ile ilgili Yayımlanmayan Risalesi. Hz.MUHAMMED” adı ilə çap edildiyi söylənir. Bu kitabın da necə əldə etmək olar bilən yoxdur. Ən fanatik kitabsevər dostlar isə kitabın ancaq adını eşitdiklərini dedilər.
Rus mənbələr isə Telman Əliyev adlı bir professoru (onu rişxəndlə “некий (!-İ.N) профессор Тельман Хуршид-оглу Алиев” adlandırırlar) müsəlmanların ədəbiyyat piarçısı kimi qələmə verib, top atəşinə tuturlar. Haqsız da deyillər ruslar. Çünki bəzi faktlar istər-istəməz müəyyən şübhələrə səbəbiyyət verir. Belə ki, prof.Əliyevin iddiasına görə guya Tolstoy ölümündən 12 il əvvəl – 1908-ci ildə çar rejimindən qaçarkən (!) kitabın əlyazmasını Hindistanda (!) etibarlı bir adama verir.
Həqiqətdə isə ruslar Tolstoyun 1908-ci ildə Hindistanda olmadığını və çar rejimindən qaçmadığını əllərində bayraq edib Telman Əliyevi qeyri-ciddi adam kimi qələmə verirlər.
Başqa bir iddia guya bu kitabın Türkiyədə ən çox satılan iyirmi kitab siyahısında olmasıdır ki, bu fakt da “feykdir” yəqin.
Kitabın türk dilində çıxması görünür rusları və Rus Pravoslav Kilsəsini çox təşvişə salıb. “Foma” adlı pravoslav dərgisinin baş redaktoru Sergey Lukyanenkonun bir ifadəsi ilə mövzunu qapanmamış sayıb, açıq buraxıram:
“Ruslar pravoslav mədəniyyətinin əsaslarını mənimsəməsə nəvələrimiz Quranı öyrənəcəklər”.
Əsrlər boyu var olan qorxu yeni mərhələyə keçir, deyəsən…
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.