“Bəs hardadır onlar?”..

14-06-2024, 09:04           
“Bəs hardadır onlar?”..
Hər 54 saniyədə bir Yerə göndərilən siqnalla bağlı yazdığım qısa qeydin davamı olaraq 10 aprel 2019-cu ildə yazdığım məqaləni paylaşıram:
HEYVANXANADA YAŞAMAQ
İnsanoğlu ağlı kəsəndən göylərdə öz bənzərini arayıb. Bəzi düşüncə adamları “Başqa planetlərdə yaşayanlar bizi çoxdan tapıblar” deyərək onsuz da sirli olan Yaradılış və Həyatı daha da sirli qılıblar. Qəribə məxluqdur insan – bəzən sualın cavabını tapmaqdan mutlu ola bilmir. Parisdə “Cité des Sciences et de l’Industriem” adlı bir Elm muzeyi var. Burada toplanan “Dünya Xaricindəki Həyatla Mesajlaşma” (Messaging Extraterrestrial Intelligence-METI) adlı layihə çərçivəsində araşdırmaçılar belə bir qənaətə gəliblər – Bizi heyvanxanada saxlayırlar…
Zatən “Yadplanetlilər insanları heyvanxanadakı kimi kənardan müşahidə edirlər” deyən alimlərin sayı çoxalmaqdadır.
* * *
Ulduzlu bir gecədə baxışlarımızı göyün dərinliklərinə dikəndə qarşımıza çıxan epik gözəllikdən tilsimlənmək, Kainatın sonsuz ənginliyindən heyrətə düşməmək mümkün deyil. Buna “ekzistensial boşluq”dan sarsılmaq da deyirlər. Görkəmli italyan alimi Enriko Fermi də bənzər bir sarsıntı keçirir. Fizik dostları ilə şam yeməyində sonralar “Fermi Paradoksu” adlanacaq məşhur sualını verir: “Bəs hardadır onlar?”...
Enriko Fermi (1901-1954) nüvə fizikasının banisi, ilk nüvə reaktorunun müəlliflərindən biri, Nobel mükafatı laureatıdır. Onu atom bombasının atası da adlandırırlar. Ancaq elmi-populyar ədəbiyyatda alimi “Fermi Paradoksu”na görə də xatırlayırlar. Verdiyi suala hələ də əməlli cavab tapan yoxdur, alimlər indiyə qədər baş sındırırlar. İnkişaf etmiş başqa mədəniyyətlərin var olduqlarını araşdıranlardan biri də Frank Dreykdir (Frank Drake, 1930). Amerikalı astronom Kainatda başqa həyatın olma ehtimalını tapmaq üçün istifadə edilən “Dreyk tənliyi”nin müəllifidir. Professor Dreyk hələ də başqa planetlərdə həyat izi axtarır – gah kosmosdan gələn siqnalları qeydə alır, gah Yer xaricindəki sivilizasiyalara müraciət ünvanlayır, gah da onlara radio-müraciət göndərir. Ancaq hələ ki “qardaşlardan” xəbər-ətər yoxdur.
Fermi Paradoksuna cavab kimi ortaya müxtəlif nəzəriyyələr atılıb. Onlardan bəzilirinə görə biz Kainatda yalnızıq, elə buna görə də başqa mədəniyyətlərə dair heç bir iz yoxdur. Başqa bir yanaşmaya görə isə yadplanetlilər Yer kürəsinə insanın yaranmasından əvvəl gəlib və geri dönüblər. Bəzi araşdırmaçılar isə yadplanetlilərin özlərini təhlükəyə atmaq istəmədikləri üçün bizim kimi ibtidai və vəhşi mədəniyyətlə təmas qurmaqdan qaçdığını söyləyirlər. Digərləri isə belə hesab edirlər ki, yadplanetlilər gizləniblər, pusqu qurub bizi izləyirlər, elmi-texniki cəhətdən o qədər üstündürlər ki, insanlar onların fərqində deyil. Nəzəriyyələr içində bizim əslində olmadığımızı və ya ən inkişaf etmiş mədəniyyət olduğumuzu irəli sürənlər də var. Ən çox dilə gətirilən fikir isə hər şeyin Matriks, bizim isə bir simulyasiya olduğumuz iddiasıdır.
Planetimizin Kainatda zərrə qədər də olsun əhəmiyyəti yoxdur. Məşhur ingilis yazarı və futuroloqu Artur Klarkın dediyi kimi “İnsan Kainatda ya təkdir, ya da tək deyil və bu ehtimalların hər ikisi də qorxuludur”. Bizim Dünya inkişaf etmiş sivilizasiyalar üçün içinə heyvanların salındığı volyerdən başqa bir şey deyil.
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.