Bu gün " M.F. Axundzadə " nin doğum günüdür.

12-07-2024, 12:26           
Bu gün " M.F. Axundzadə " nin doğum günüdür.
" Mirzə Fətəli Axundzadə "

Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundzadə
Təxəllüsü - Səbuhi
Doğum tarixi - 30 iyun (12 iyul) 1812
Doğum yeri - Nuxa ( Şəki)
Vəfatı - 10 mart 1878 (65 yaşında) ( yeni stillə )
Vəfat yeri - Tiflis
Atası - Mirzə Məhəmmədtağı
Anası - Nanə xanım
Uşaqları - Nisə xanım, Rəşid Axundov
Peşələri - yazıçı-dramaturq, materialist filosof, ictimai xadim
Milliyyəti - azərbaycanlı
Karyera - XIX əsr
Əsərlərinin dili :
Azərbaycanca, farsca, ərəbcə
İlk əsəri - Şərq poeması

Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov (Axundzadə) (1812-ci il , Nuxa – 1878-ci il ,
Tiflis ) — Azərbaycan yazıçı-dramaturqu, materialist filosofu, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisi.

Həyatı

Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa şəhərində anadan olmuşdur. Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşlər. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycan ın müxtəlif bölgələrində yaşamışdır. 1825 -ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832 -ci ildə onu
Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu göruş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.
Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkid ə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflis ə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona polkovnik hərbi rütbəsi verilmişdir.

1851 -ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, "Əkinçi" qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində "Vəkili Milləti-Naməlum" imzası ilə məqalələr dərc etdirmişdir.
Mirzə Fətəli Axundovun qızı Nisə xanım Xanbaba xanın həyat yoldaşı olmuşdur.
Mirzə Fətəli Axundov 1878-ci ildə Tiflisdə vəfat etmiş və Tbilisi botanika bağında yerləşən müsəlman məzarlığında dəfn olunmuşdur.

Bədii yaradıcılığı

Axundov bədii yaradıcılığına şeirlə başlamışdır ("Səbuhi" təxəllüsü ilə). O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. Mirzə Fətəli İslam dünyasının ictimai, sosial və siyasi sahələrində radikal islahatların lüzumluğu fikrini müdafiə edirdi.
Azərbaycanda teatr sənətinin inkişafında rolu M.F.Axundzadə 1850- 1855-ci illərdə özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında , bütövlükdə Balkanlardan
Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuşdur. Böyük ustad bu komediyalar ilə Şərq aləmində dram yazmağın nümunəsini göstərmişdir. Bunu hər kəs qəbul edir ki, türk-müsəlman dünyasında dramaturgiya Mirzə Fətəli Axundzadə dramaturgiyasının ənənələri işığında inkişaf etmişdir.

Azərbaycan teatrı Axundzadənin ölməz komediyaları zəminində yaranmışdır. 1873-cü ildə Həsənbəy Zərdabi Nəcəfbəy Vəzirovla birlikdə Bakı məktəblərinin birində məşhur «Hacı Qara» əsərinin tamaşasını göstərməklə Azərbaycanda, həm də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoymuşdur. Mirzə Fətəli Axundovun komediyalarında Azərbaycan qadınlarının timsalında ilk dəfə Şərq qadınlarının səhnə obrazları yaradılıb. XIX əsrdə teatr səhnəsində Azərbaycan qadınının səhnədə kişilərlə birlikdə gülüb danışmasını göstərmək hünər tələb edirdi. Zamanına görə bu böyük işi də Mirzə Fətəli Axundzadənin əsərlərini səhnəyə çıxarmaqla Azərbaycan maarifçiləri həyata keçirməyi bacarmışlar.

M.F.Axundovun yaradıcılığı Avropa ədəbiyyatşünaslarının və teatrşünaslarının diqqətini çox tez cəlb etdi. 1852-ci ilin avqustunda Alman jurnalı Magazin für die Literatur des Auslandes (Xarici ədəbiyyat jurnalı) yazırdı: "Fikirləşmək olardı ki, Transqafqazın müsəlman əhalisi İslam ruhuna uyğun olaraq belə yeniliklərə (teatra) hələ uzun zaman yad qalacaqlar, lakin onların arasından qəflətən dramatik dahi meydana çıxdı, Tatar Molyeri, hansının ki, adı onun ölkəsinin sərhədlərindən kənarda da diqqətə layiqdir. O Mirzə Fətəli Axundovdur".

M.F.Axundzadə 1837-ci ildə - 25 yaşında ikən «Puşkinin ölümünə Şərq poeması»nı yazmış və dərhal da rus dilində «Moskovskiy nablyudatel» jurnalında çap etdirmişdir. O, Aleksandr Puşkinin faciəli ölümündə çarın əli olduğu üçün susmağa məcbur olmuş rus şairlərini xəcalətdən qurtarmış, Rusiya ədiblərinin vətəndaşlıq vəzifəsini yerinə yetirmişdir.

2012 -ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Mirzə Fətəli Axundovun haqqında bioqrafik bədii film çəkilmişdir. "Sübhün səfiri" adlanan filmin mütəfəkkirin 200 illik yubileyi münasibətilə ekranlara çıxmışdır.

TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.