AYI BALASI CONNİ
14-09-2024, 12:58
( ERNEST TOMPSON SETON )
Conni anasıyla bir yedə Yellouston parkında yaşayan balaca, baməzə ayı balası idi. Anasının adı Qrempi (acıqlı) idi. Başqa ayılarla bir yerdə mehmanxananın yanındakı meşədə yaşayırdı.
Mehmanxana müdirinin göstərişiylə mətbəxdən bütün yemək qalıqlarını yaxın meşədəki talaya aparırdılar və ayılar bütün yay uzunu orada kef edirdilər.
Yellouston parkı vəhşi heyvanlar üçün qoruq elan ediləndən sonra onlar toxunulmaz sayıldığından orada ayıların da sayı ildən-ilə artırdı. İnsanların atdığı xeyirxah addımlar cavabsız qalmadı və ayıların çoxu mehmanxana işçilərinə elə yaxşı uyğunlaşmışdı ki, özlərinin davranışına və xarici görünüşlərinə uyğun ləqəblər də almışdılar. Bir dənə, çox uzun ayaqları olan arıq qara ayı Arıq Cim adını daşıyırdı. Başqa qara ayını Snaffi (fınxıran) çağırırdılar və o qədər qara idi ki, elə bil, hisə vermişdilər. Fetti (gonbul) çox piyli, çənəsi daim işləyən, tənbəl bir ayı idi. Birlikdə gəlib, birlikdə gedən iki yeniyetməni isə Əkizlər çağırırdılar. Lakin aralarında ən çox şöhrət tapanı Qrempi və balaca Conni idi.
Qrempi qara ayıların ən yekəsi, ən qəzəblisi idi, Conninin - onun yeganə övladının isə çox zəhlətökən, dözülməz xarakteri vardı: daim deyinir, zingildəyirdi. Görünür, bunun səbəbi hansısa xəstəlik idi, çünki heç bir sağlam ayı balası, elə sağlam bəşər övladı kimi, səbəb olmadan daim zarıya bilməz. Həqiqətən də, Conni xəstəyə oxşayırdı. Deyəsən, həmişə qarnı ağrıyırdı və bu, mənə son dərəcə təbii gəldi, çünki bir dəfə zibilxanada yediklərini görmüşdüm. O nə görürdüsə, mütləq dadına baxırdı. Anası isə bunu qadağan etmək yerinə bu qarın qululuğa tam biganə yanaşırdı.
Conninin yalnız üç pəncəsi sağlam idi, solğun rəngli, səfeh xəzi, uyğunsuz görünən yekə qulaqları, sallaq qarnı vardı. Lakin anası ondan ötrü ölürdü; görünür, əmin idi ki, oğlu dünya gözəlidir və elə bu səbəbdən də yaman ərköyün böyüdürdü onu. Qrempi onun yolunda hansı məhrumiyyətlərə desən dözərdi. Oğlu isə öz hərəkətləriylə anasını nigaran qoymaqdan həmişə zövq alırdı. Xəstə, arıq Conni heç də sarsaq deyildi və anasını nəyə desən vadar edə bilirdi.
Mən Conni ilə 1897-ci ilin yayında, heyvanların gündəlik həyatlarını müşahidə üçün Yellouston parkına gələndə tanış oldum. Mənə danışdılar ki, Fəvvarəli mehmanxananın yanındakı meşəlikdə ayıları istədiyin vaxt görə bilərsən. Mən bu söhbətlərə o qədər də inanmırdım, lakin mehmanxanaya gələndən beş dəqiqə sonra qapıdan çıxarkən yanında iki balası olan yekə bir qara ayıyla toqquşanda hər şeyə inandım.
Bu görüşdən qorxaraq ayaq saxladım. Ayılar da durdular və arxa pəncələri üstə oturub mənə tamaşa etməyə başladılar. Sonra ana ayı öskürəyə bənzəyən "Koff, koff!" səsi çıxarıb yaxındakı şamağacına baxdı. Balaları, deyəsən, onun nə demək istədiyini anladılar, çünki elə həmin dəqiqə ağaca sarı qaçaraq iki dənə balaca meymun kimi dırmandılar. Özlərini təhlükəsizlikdə hiss edəndə budaqlarda yerlərini rahatladılar, oğlan uşaqları kimi bir pəncələriylə ağacdan yapışıb balaca, qara ayaqlarını yelləməyə başladılar.
Hələ də arxa pəncələri üstə oturmuş ana ayı aramla mənə yaxınlaşırdı və mən artıq ayağa qalxmış, insan baxışının ecazkar gücü barədə heç bir məlumatı olmayan tüklü nəhənglə bu yaxınlıqdan çox narahat idim.
Yanımda özümü qorumaq üçün ağac da yox idi və dişi ayı yüngülcə donquldananda mən artıq aradan çıxmaq barədə düşünürdüm, baxmayaraq ki burada məni ayıların heç vaxt adama hücum etmədiyinə inandırmışdılar. Amma ayı yenə ayaq saxladı. O, məndən otuz addım aralı idi, sakitcə baxırdı, hərəkətlərində, sanki, qətiyyətsizlik vardı. Elə bil, fikirləşirdi: "Bu adam, bəlkə də, mənim balalarıma ziyan vurmaq istəmir, amma yenə də risk etməyə dəyməz".
O, balalarına baxıb qəribə, şikayət dolu bir səs çıxardı, təxminən er-r-r, er-r... kimi və onlar da böyüklərdən əmr almış sözəbaxan uşaqlartəki dinməzcə ağacdan düşməyə başladılar. Onların hərəkətlərində ayı yöndəmsizliyindən əsər-əlamət yox idi. Budaqdan budağa sıçrayır, cəld hərəkətlərlə aşağı enirdilər və axırda yerə düşdülər. Sonra hər üçü meşəyə yollandı.
Bu sözəbaxan ayı balalarından yaman xoşum gəldi. Elə ki anaları onlara nəsə bir əmr verirdi, etiraz etmədən tabe olurdular. Lakin mən öyrəndim ki, onlara tabe olmağı həyatın özü öyrədib.
Beləliklə, mən elə ilk addımlarımdan ayıların ailə həyatlarıyla tanışlığıma uğurla başladım. Məsələ əgər elə bununla bitsəydi belə, bura gəlməyinə dəyərdi. Lakin mehmanxanadakı dostlarım dedi ki, müşahidə aparmaq üçün ən yaxşı məkan heç də bura deyil. Mənə məsləhət gördülər ki, dörddəbir mil o tərəfə, meşədəki zibilliyə gedim və əmin edirdilər ki, orada nə qədər desən ayı görə bilərəm.
Ertəsi gün səhər birbaş ayıların şamağacıların ortasında yerləşən yeməkxanasına yollandım, yaxınlıqdakı kolluqda gizləndim.
Çox gözləmək lazım olmadı. Meşədən iri, qara bir ayı sakitcə çıxdı. Zibilliyə yaxınlaşan kimi orada qalaqlanmış yemək artıqlarını eşməyə, tapdığını yeməyə başladı. Ayıq-sayıq görünürdü, bir şıqqıltı eşidən kimi arxa pəncələri üstə oturub ətrafa boylanır, ya da qorxurmuş kimi bir neçə addım kənara qaçırdı. Nəhayət, başqa bir ayı görünəndə qulaqlarını şəkləyərək qaçıb aradan çıxdı. İkinci ayı da özünü yaman qorxaq aparırdı və mən onu lap yaxşı görmək üçün kolluqda tərpənən kimi qaçıb getdi.
Əvvəl-əvvəl elə mən də həyəcanlı idim. Axı Yellouston parkında silah gəzdirmək qadağan idi və mənim əlimdə heç ağac da yox idi. Lakin ayıların ürkək davranışı məni sakitləşdirdi. Mən bu yekə, tüklü heyvanları acgözlüklə süzür, onların məişət həyatına tamaşa edirdim. Lakin tezliklə əmin oldum ki, seçdiyim müşahidə məntəqəsi kifayət qədər uğurlu deyil, çünki zibil qalağından yetmiş beş addım aralı idi. Ondan yaxında isə bircə dənə kol yox idi ki, arxasında gizlənə biləsən. Onda mümkün olan yeganə şeyi etdim: düz zibilxanaya gəlib bir qıraqda elə bir çala qazdım ki, içində gizlənmək mümkün olsun və orada, kələm köklərinin və kartof qabıqlarının, tomat qablarının və iylənən ət tikələrinin arasında səhərdən-axşamadək oturdum. Bu yer məndən çox, milçəklərin ürəyindən idi. Həqiqətən də, ayı yeməkxanasının qoxusu o qədər xoşagəlməz idi ki, axşam mehmanxanaya dönəndə meşədə paltarımı dəyişməyənədək içəri girməyimə icazə vermədilər.
Zibilxanada oturmaq asan deyil, amma əvəzində deyə bilərəm ki, həmin gün mən ayıları həqiqətən gördüm. Zibilxanaya gələn ayıların hamısını saysaydım, yəqin, qırxdan çox olardı. Amma bu, düzgün olmazdı, çünki ayılar elə hey gəlib-gedirdilər. Əminəm ki, ora da, azı, on üç ayı vardı, çünki onların hamısını eyni zamanda görüb saymışdım.
Bütün gün ərzində qeyd dəftərçəmi, albomumu əlimdən yerə qoymadım, gördüyüm hər ayını ora qeyd edirdim və tezliklə onları bir-birindən seçməyi də öyrəndim.
Müşahidə qabiliyyəti olmayanların çoxu elə bilir ki, eyni növdən olan heyvanların hamısı bir-birinə bənzəyir. Amma əslində, eyni növdən və cinsdən olan heyvanlar bir-birindən elə adamlar qədər fərqlənir. Yoxsa yetkin heyvanlar bir-birini, balalar analarını necə tanıyardılar? Bu ziyafətə gələn ayıların hər birinin özünəməxsus cəhətləri vardı. Onların arasında görkəm və xasiyyət etibarilə eynisini tapa bilməzdin.
Mən daha bir qəribə kəşf elədim: ağacdələnin taqqıltısını, cırcıramanın cırıltısını, mavi zığ-zığ quşunun səsini, hətta yarpaqların arasından keçən dələnin hənirtisini də yüz addımlıqdan seçirdim, amma ayılar yaxınlaşanda heç nə eşidə bilmirdim. Önların nəhəng, yumşaq pəncələri həmişə yerə elə ehtiyatla basılır ki, nə bir budaq qırılır, nə də bir yarpaq tərpənir - bu heyvanların meşədə səssiz davranması əsl incəsənətdir.
Bütün səhəri ayılar gəlir, gedirdilər, məni heç görmürdülər. Əgər bir-iki balaca küsüşməni saymasaq, onların arasında diqqətəlayiq bir hadisə baş vermədi. Lakin günortadan sonra, saat üçə yaxın bir qədər canlanma müşahidə olundu.
Həmin vaxt zibilxanada başı yeməyə qarışmış dörd yekə ayı vardı. Tən ortadakı Fetti idi; sakit, xoşbəxt vəziyyətdə uzanmışdı. Hərdən özünü artıq hərəkətlərdən azad edərkən fisıldayır, yekə qırmızı ilana bənzəyən dilini getdikcə daha çox çıxararaq asanlıqla əllə götürə biləcəyi ləzzətli tikələri məhz diliylə çəkib ağzına aparırdı. Onun arxasında Arıq Cim qədim xərçənglərdən olan omarın anatomiyasını öyrənirdi. Omarlarla hələ tanış deyildi, odur ki nə olduğunu bilmək üçün birini yemək qərarına gəlmişdi.
İki başqa ayı qəribə bir zirəkliklə içində meyvə olan tənəkə qabları təmizləyirdi. Mütəhərrik ayı pəncəsi tənəkə qutunu saxlayır, uzun dili isə dar deşikdən irəli geri hərəkət edərək içində varsa hamısını ehtiyatla, iti tilişkələrə ilişmədən süpürüb aparırdı. Bu riqqətləndirici səhnə o qədər uzun çəkdi ki, mən onu alboma köçürməyə də fürsət tapdım. Proses qəfil bir hadisəylə yarımçıq kəsildi.
Əvvəlcə yamacın zirvəsində gözümə nəsə bir tərpəniş dəydi - adətən, ayıların gəldiyi yerdə. Sonra meşədən yanında balaca balası olan nəhəng, qara bir dişi ayı çıxdı. Bu, Qrempi və balaca Conni idi.
Qoca ana ayı yamacdan enirdi. Conni tullana-tullana onun yanında qaçır, adəti üzrə, deyinir, donquldanır, zingildəyirdi, anası isə gözlərini ondan tək cücəsini izləyən toyuq kimi çəkmirdi. Zibilxanaya, təxminən, otuz addım qalmış Qrempi oğluna tərəf çönüb, görünür, təxminən, bu sözləri dedi:
- "Conni, mənim balam, yaxşısı budur, sən burada gözlə, mən də gedib bu gədələri qovum.
Conni yerində qaldı, amma nə baş verəcəyini yaman görmək istəyirdi deyə arxa pancələri üstə qalxaraq qulaqlarını şəklədi, gözlərini bərəltdi.
Qrempi zibilxanaya yollandı, addımlarını ağayana ata-ata xəbərdarlıq edirmiş kimi donquldandı. Lakin həmin o dörd ayının başı yeməyə elə qarışmışdı ki, ətraflarından xəbərləri yox idi. Onlar üçün nə fərqi, tutalım ziyafətlərinə daha bir ayı qoşulacaq, nə olsun ki! Onda Qrempi onlara lap yaxınlaşdı və bir neçə dəfə ucadan öskürəyə bənzəyən səslər çıxarıb hücuma keçdi. Gülməlidir, amma ayıların heç müqavimət göstərmək fikirləri belə yox idi. Elə ki üzərlərinə hücum çəkənin kim olduğunu gördülər, hamısı birdən qaçaraq meşədə gözdən itdi.
Arıq Cim sürət yığıb aradan çıxanda o biri iki ayı geri qalmamağa çalışırdı, amma yazıq Fetti çox ləng tərpənir, fisıldaya-fisıldaya, bütün gonbullar kimi yanlarını basa- basa hərəkət edirdi. Üstəlik, bədbəxtlikdən, hələ bir Conniyə tərəf yönəlmişdi. Qrempi bir neçə sıçrayışa özünü ona yetirib bədəninin arxa qisminə ağır qapazlar saldı. Düzdür, bu qapazlar onun addımlarını sürətləndirməsə də, onu ulayaraq istiqamətini dəyişməyə məcbur etdi. Özünü daha möhkəm döyülməkdən yalnız bu yolla xilas edə bildi. Zibilxananın yeganə sahibinə çevrilmiş Qrempi oğluna sarı çönüb artıq mənə tanış olan şikayətli ahənglə səsləndi: Yer-r-r, yer-r-r... Cavabında Conni üç sağlam pəncəsinin üstündə bacardığı kimi sürətlə taytıya-taytıya yaxınlaşdı. Anasına qoşulub yeməyin üstünə elə acgözlüklə atıldı ki, hətta zingiltisini də kəsdi.
Görünür, zibillikdə dəfələrlə olmuşdu, çünki tənəkə qutulardan, yeşiklərdən əla baş çıxarırdı. Əgər mürəbbə şüşəsi tapırdısa, omar qutuları onu cəlb etmirdi. Bəzi tənəkə qutular ona yaman əziyyət verirdi, çünki son dərəcə acgöz, yöndəmsiz idi, qutunun iti kənarlarından qaça bilmirdi. Çox cəlbedici görkəmi olan bir meyvə qutusunun deşiyi o qədər böyük idi ki, kəlləsini içinə soxub neçə dəqiqə künc-bucağını yalayaraq ləzzət aldı. Lakin başını çıxarmaq istəyəndə bacarmadı, ilişib qaldı. Onda Conni bütün uşaqlar kimi qutunu cırmaqlamağa, çığırmağa başlayaraq ona heç cür kömək etmək iqtidarında olmayan anasını həyəcanlandırdı. Nəhayət ki, birtəhər azad olanda acığını tənəkə qutusundan çıxmaq üçün onu əzib lap dümdüz eləyənə kimi döyəclədi.
Başqa bir yekə qutu - şirə qutusu onu bəs deyincə mükafatlandırdı. Bu qutu məxsusi qapaqla bağlananlardan idi, odur ki deşiyinin qıraqları çox hamar idi. Amma əvəzində Conninin başı bu deşiyə heç cür girmir di və ayı balası dilini nə qədər çıxarsa da, onun içindəki ləzzətli xəzinəyə yetişə bilmirdi. Lakin Conni vəziyyətdən çıxış yolunu çox tez tapdı. Özünün balaca, qara pəncəsini içinə soxub divarlarında gəzdirməyə başladı, sonra da çıxararaq tərtəmiz yaladı. Bir pəncəsini yalaya-yalaya digəriylə tənəkə qutunun içində işləyirdi, düz o vaxtadək ki, qutu içəri tərəfdən lap fabrikdən indicə çıxıbmış kimi təmiz oldu.
Sonra onun diqqətini qırıq siçan tələsi cəlb etdi. Onu qabaq pəncələriylə bərk-bərk tutaraq tədqiq etməyə başladı. Siçan tələsindən iştahagətirən pendir qoxusu gəlirdi. Lakin bu qəribə əşya onun pəncəsiylə vurduğu zərbəyə zərbəylə cavab verdi və ayı balası çığırtısını zorla boğaraq özünü ələ almaq bacarığını göstərdi.
Başını gah bu, gah da o tərəfə əyərək, dodaqlarını büzüb boru kimi uzadaraq əlindəki əşyanı diqqətlə nəzərdən keçirəndən sonra onu bayaqkı meyvə qutusuna verdiyi cəzaya məruz qoydu. Coninin səyləri bu dəfə mükafatsız qalmadı: onu vurmuş xənayətkarın içindən bir tikə pendir tapdı.
Görünür, Conni hələ heç vaxt zəhərlənməmişdi. Bütün mürəbbə və meyvə qutularını yalayandan sonra o, öz qiymətli diqqətini sardina balıqlarından, omardan olan konservlərin qutularına yönəltdi heç ət kon servlərindən də qorxmadı. Onun qarnı top kimi şişdi, pəncələri isə yalanmaqdan hamar, parlaq oldu.
Birdən ağlıma gəldi ki, seçdiyim yer çox təhlükəli ola bilər, çünki bir var tənha bir ayı ilə rastlaşasan, bir də var balasını nəyləsə qorxudaraq qəzəbli ana ayının diqqətini cəlb edəsən.
"Tutalım, -qeyri-ixtiyari fikirləşdim, - balaca şuluqçu Conni bu zibilxananın axırına çatıb məni tapdı. O dəqiqə qışqırıq salacaq, onun anası isə, təbii ki, elə biləcək balasının üstünə hücum çəkmişəm və mənə düşüncələrinin əksini isbatlamağa fürsət vermədən parkda qüvvədə olan bütün nəzakətli davranış normalarını unudacaq. Onda vəziyyət tamam xoşagəlməz istiqamətdə dəyişə bilər".
Xoşbəxtlikdən, bütün mürəbbə qutuları zibilliyin əks tərəfində idi. Conni qutuların yanından çəkilmir, Qrempi isə balasından uzaqlaşmırdı. Görəndə ki anasının əlinə diqqətçəkən bir qutu keçib, ayı balası onu almaq üçün ağlaya-ağlaya üstünə yüyürdü və təsadüfən nəzərləri təpənin zirvəsinə yönəldi. Orada nə gördüsə, o dəqiqə arxa pəncələri üstə oturub həyəcanla öskürdü: Koff, koff, koff, koff...
Anası cəld çönüb həmin səmtə baxmağa başladı. Mən də onlar baxan tərəfə nəzər saldım və orada aman tanrım, dəhşət! - qrizli(Orizli - Amerikada ayının iki cinsi olur: qara və boz; "qrizli" sözünün ingilis dilində mənası "bozumtul" deməkdir boz ayıların adları məhz bu sözdən götürülüb.) cinsindən olan nəhəng bir ayı gördüm. Bu, nəhəng idi, lap xəzə bürünərək ağacların arasıyla hərəkət edən omnibusa bənzəyirdi. Conni zingildəyib anasının arxasında gizləndi. Qrempi boğuq səslə donquldandı və kürəyinin tükləri qabardı. Etiraf edim ki, mənim də tüklərim biz-biz oldu, lakin çalışırdım qımıldanmayım.
Qrizli əzəmətli yerişiylə yaxınlaşırdı. Onun enli çiyinləri və hər addımda ehtizaza gələn gümüşü xəzi adamın canına qexri-ixtiyari üşütmə salan bir dəhşət təlqin edirdi.
Conni daha bərkdən zingildədi. Mən onu başa düşürdüm, amma bəlli səbəblərdən susmağa üstünlük verirdim. Bir dəqiqəlik tərəddüddən sonra Qrempi ağlağan balasına sarı çönüb mənə qısa öskürək təsiri bağışlayan bir neçə söz dedi: Koff, koff, kof... Lakin mən onun, əslində, nə dediyini təsəvvür edə bilərəm: "Mənim balam, sən gərək ağaca çıxıb mənim bu həyasızı qovmağımı gözləyəsən”
Hər halda, Conni məhz belə etdi, elə anasının istəyi də bu idi. Lakin Conni əyləncələrindən imtina etmək fikrində deyildi. O baş verənləri görmək istəyirdi və şamağacının sıx budaqları arasında gizlənməyindən məmnun deyildi, odur ki təhlükəsiz şəraitlə hadisələri izləmək imkanını sintez etmək qərarına gəldi. O, ağacın ən hündür budağına dırmandı. İndi səmanın fonunda aydın görünərək yerində sakit qalmır, həyəcandan ucadan çığırırdı. Budaq o qədər nazik idi ki, onun ağırlığı altında əyilir, hər tərpənəndə otərəf-butərəfə yellənirdi və mən bu budığın sınacağını hər an gözləyirdim.
Əgər yıxılanda Conni mənim yanıma düşsəydi, anası ilə küsüşməli olacaqdım. Lakin budaq, xoşbəxtlikdən, mən fikirləşəndən möhkəm çıxdı, Conni isə belə təmrinlərdə onu sındırmayacaq dərəcədə, müvazinətini itirməyəcək dərəcədə usta idi.
Həmin vaxt Qrempi arxa pəncələri üstünə qalxaraq tüklərini qabardıb, dişlərini qıcayıb Qrizlinin üstünə irəliləyirdi. Anladığım qədərincə Qrizli ona əhəmiyyət verməyərək birbaş zibilliyə yönəldi; sanki, burada tamam tək idi. Lakin Qrempinin yanından keçəndə dişi ayı nərildəyərək onun üstünə atıldı, qulağının dibinə ağır bir qapaz saldı. Belə davranışdan qayğılanan Qrizli, hər halda, cavab zərbəsi endirə bildi və dişi ayını yerə yıxdı. Aldığı zərbədən sonra belə sakitləşmək fikrində olmayan ana ayı bir az da qəzəbləndi, yerindən sıçrayıb yenə onun üzərinə atıldı.
Onlar bir-birindən yapışaraq finxıra-fınxıra, nərildəyənərildəyə, toz buludları qaldıra-qaldıra yerdə dığırlanmağa başladılar. Lakin bütün bu səs-küyün içindən mən şamağacının təpəsində var-gücüylə zingil dəyən Conninin səsini aydın seçirdim. Görünür, o, anasını həvəsləndirirdi ki, düşməniylə hesabını daha tez çəkə bilsin.
Qrizli niyə dişi ayının belini qırmadı, bunu heç cür anlaya bilmədim. Toz dumanından və dalaşanların qarışıq siluetlərindən savayı heç nə görə bilmədiyim bir neçə dəqiqədən sonra onlar, sanki, qarşılıqlı razılaşma əsasında aralandılar - bəlkə də, ayı güləşinin qaydası beləydi - davalarını dayandırdılar, amma gözlərini bir-birindən çəkmirdilər və Qrempi yaman yorğun görünürdü.
Görünür, Qrizli bununla kifayətlənmək fikrindəydi. Onun niyyətinə nə davanı davam etdirmək, nə də Conniyə fikir vermək daxil deyildi. O yalnız bir şey istəyirdi: hüzur içində nahar etmək. Amma yox! Zibil xanaya tərəfa addımını atanda Qrempi elə bildi ki, ayı Conniyə sarı gedir və yenə hücuma keçdi. Lakin bu dəfə Qrizli ayıq-sayıq idi. Bir zərbəylə dişi ayını yıxaraq kökündən çıxarılmış nəhəng bir ağac kötüyünə çırpdı. İndi Qrempi dərsini əməlli-başlı almışdı. Aldığı zərbənin gücü və buynuz kimi dik duran ağac köklərinin ona göstərdiyi sərt münasibət dişi ayının bütün döyüş əzmini başından çıxardı. Birtəhər ayağa durub gizlənmək istəyirdi. Amma indi Qrizli əsəbiləşmişdi, onu cəzalandırmaq niyyətiylə kötüyün ətrafında hərlənən Qrempinin dalınca düşdü. Qrempi daha zirək idi və elə edirdi ki, kötük həmişə onunla rəqibinin arasına düşürdü. Ağacda qalan Conni isə hər hərə kətiylə anasının halına yandığını nümayiş etdirirdi.
Nəhayət ki, onu bu yolla tutmağın qeyri-mümkün olduğunu anlayan Qrizli arxa pəncələri üstə oturdu; elə bil, yeni manevr fikirləşirdi. Ani sakitlikdən istifadə edən Qrempi bir sıçrayışa kötükdən uzaqlaşaraq Con ninin gizləndiyi ağaca dırmaşmağa macal tapdı. Ayı balası bir qədər aşağı enmişdi, bəlkə də, anasını qarşılamaq məqsədilə, ya da budaqların ağırlıq altında sınmaması üçün belə etmisdi.
Bu maraqlı üçlüyün fotoşəklini çəkəndən sonra daha bir şəkli nəyin bahasına olursa olsun, çox yaxın məsafədən çəkmək fikrinə düşdüm. Bütün gün ərzində ilk dəfə sığınacağımdan çıxıb həmin ağacın altına yüyürdüm. Lakin bu yerdəyişmə səhv idi, çünki ağacın sıx aşağı budaqları yuxarıdakı ayıları məndən tamam gizlətdi.
Ağacın gövdəsinə sıxılaraq gözlərimi yuxarı zilləmişdim və fotoaparatımı işə salmaq üçün fürsət gözləyirdim. Birdən Qrempi ağacdan düşməyə başladı; dişlərini qıcayır, təhdidlə öskürürdü. Qətiyyətsizlik içində donub-qalmışdım ki, arxadan kiminsə səsi gəldi:
- Özünüzü gözləyin, cənab! Qoca ana ayı sizə hücum edəcək.
Çönəndə cavan bir çoban gördüm. O, hadisələrin lap kulminasiya nöqtəsində buradan at belində ötürmüş.
- Siz bu ayıları tanıyırsınız? - oğlan yaxınlaşanda soruşdum.
- Əlbəttə, gəl tanımayım! - cavab verdi. - Yuxarıdakı bala Connidir, yanındakı isə onun anasıdır Qrempi. O, heç vaxt mehribanlığıyla fərqlənməyib, lakin Conni indikinə bənzər vəziyyətlərə düşəndə onunla gərək heç zarafat etməyəsən.
- İstərdim ki, onlar aşağı enəndə şəkillərini çəkim.
-Onda belə edin, - çoban dilləndi, mən at belində sizin yanınızda duracağam və əgər dişi ayı üstünüzə hücum çəksə, elə bilirəm qabağını alaram.
Oğlan danışdığımız kimi mənim yanımda durdu, Qrempi isə təhdidlə donquldana-donquldana budaqdan budağa aramla enirdi. Amma mənə çatmağına lap az qalmış başqa budağa sıçrayaraq təhdidlərini həyata keçirmədən qaçmağa üstünlük verdi.
Beləliklə, Conni tək qaldı. Bayaqkı yerinə dırmaşıb şikayətli bir səslə ağlamağa başladı: Ua, ua, ua!
Kameram hazır vəziyyətdə idi və mən artıq Connini özünün həmişə alğayarkən aldığı sevimli pozasında çəkmək fikrindəydim ki, o, qəflətən boynunu uzadıb var gücüylə qışqırmağa başladı.
Conni baxan tərəfə nəzər salanda gördüm ki, Qrizli düz mənim üstümə gəlir və hələ açıq düşmən münasibəti göstərməsə də, aramızda olan məsafənin hamısını keçmək niyyəti qəti idi.
Mən çoban oğlandan soruşdum ki, bu ayını necə, tanıyırmı.
- Necə tanımayım! Bu, qoca Qrizlidir, parkın ən böyük ayısı. Adətən, o yalnız öz işləriylə məşğul olur, əgər onu narahat etməsən, kimsəyə toxunmur. Amma bu gün, özünüz gördünüz də, yaman əsəbidir, təhlükəli ola bilər.
Onun şəklini çəkmək istərdim, - dedim. - Əgər mənə kömək göstərsəniz, bir cəhd edərdim.
- Yaxşı, — çoban üz-gözünü qırışdırıb cavab verdi.
Mən atdan düşməyəcəyəm, əgər ayı sizin üstünüzə hücum etsə, mən onu yayındırmağa çalışaram. Onu bir dəfə vura bilərəm, amma ikinci dəfə alınmayacaq. Yaxşısı budur, siz ağaca dırmaşasınız.
Lakin yaxınlıqdakı yeganə ağacda Conni oturduğundan çobanın təklifi heç ürəyimdən olmadı. Mən ağaca, Conninin yanına dırmaşmağımı, anasının isə məni qarabaqara izləməsini, aşağıda isə Qrizlinin mənim ağacdan birbaş onun qucağına yıxılmağımı necə gözlədiyini təsəvvür etdim. Qrizli yaxınlaşırdı. Mən qırx addımlıqdan onun şəklini çəkdim, sonra bir də iyirmi addımlıqda, ayı isə sakitcə mənə tərəf gəlməyində idi. Mən zibil qalağının üstündə oturub gözləməyə başladım. On səkkiz addım, on yeddi addım, on iki, səkkiz... O, hələ də gəlir, Conni isə daha ucadan çığırırdı. Nəhayət, mənim beş addımlığımda dayandı və dəhşətli, saqqallı başını yana əydi ki, ağacın başında küy-kələk salanın kim olduğunu görsün. Bu hərəkət mənə onun profilini göstərdi və mən fotoaparatı bir də çıqqıldatdım. Səsi eşidəndə o, elə dəhşətli nəriltiylə mənə baxdı ki, elə bildim axırım çatıb, yerimdə donub-qaldım. Bir müddət gözlərini məndən çəkmədi, bəbəklərindəki xırdaca, yaşıl alovu gördüm. Sonra yenə aramla çevrilib yekə bir pomidor qutusu götürdü.
Dəhşət! Yəni bu qutunu mənə atacaq?
Mən elə düşünürdüm. Amma ayı bunun yerinə qayğısız görkəmlə əlindəki qutunu yalamağa başladı, sonra onu kənara tullayıb başqa birisini götürdü.
Artıq mənə də, Conniyə də marağı tamam itmişdi, deyəsən, bizim heç birimizi öz diqqətinə layiq görmürdü.
Zibilxananın bütün sərvətini ona buraxıb aramla, meşələr kralının yanında necə etməliydimsə, eləcə daldalı getdim, Conni isə öz sığınacağında ağlamağını kəsmirdi; indi onun səsi daha çox pişik miyovultusunu xatırladırdı.
Qrempinin başına həmin gün daha nə gəldiyini öyrənə bilmədim. Conni bir az da ağlayandan sonra anladı ki, yaxınlıqda onun halına yanası kimsə yoxdur, səsini kəsdi. Qayğısını təkbaşına çəkə bilən anasını itirəndən sonra ayı balası qərara aldı ki, özü bir hərəkət etməlidir və bu zaman ondan gözləmək mümkün oldu ğundan daha ağıllı davrandı. Balaca, qara sifətində bic ifadə ilə Qrizlinin ağacdan bir qədər uzaqlaşmasını gözlədi və ağacın o biri üzündən sürüşüb yerə düşdü, sonra da üç ayağı üstə dovşan kimi tullana-tullana qaçaraq ayaq saxlamadan, nəfəsini belə dərmədən o biri ağaca çatdı, təpəsinə dırmaşdı. Heç şübhəsiz, elə fikirləşirdi ki, Qrizlinin məqsədi onu öldürməkdir. Lakin balaca Conni həm də bundan xəbərdar idi ki, düşməni ağaca çıxa bilmir.
Ona qətiyyən fikir verməyən Qrizliyə diqqətlə göz qoyandan sonra Conni yenə həmin manevrini təkrar etdi, amma rəngarənglik üçün, düşmənini azdırmaq üçün bu dəfə bir qədər yana istiqamətləndi. Beləliklə, ağacdan-ağaca qaçaraq, hər birinin təpəsinə dırmaşa dırmaşa, nəhayət ki, meşədə gözdən itdi. Təxminən, dəqiqədən sonra onun şikayətli ağlamaq səsi artıq meşənin dərinliklərindən gəlirdi. Mən başa düşdüm ki, anasını tapdığından indiki şikayətləri dişi ayının içindəki övlad məhəbbətini oyatmağa yönəlmişdi.
Zibilxanaya düşən bütün konservlər arasında Conninin ən çox xoşuna gələn iri, qırmızı gavalılar idi. Bu meyvələrin təkcə qoxusu onu həyəcanlandırmağa qadir idi.
Bir dəfə mehmanxananın mətbəxində çoxlu gavalı pirojkisi bişirəndə ağzıyırtıq külək bu xəbəri meşənin lap dərinliklərinə yaymışdı. Xəbər Conninin burnundan keçib lap ürəyinə girmişdi.
Həmin vaxt Conni, adəti üzrə, zingildəyib şikayətlənirdi. Qrempi isə oğlunu yalamaqla, onun tüklərini daramaqla məşğul idi deyə ayı balasının şikayətlənməyə ikiqat haqqı çatırdı. Lakin içində gavalı mürəbbəsi olan pirojkilərin qoxusu ona qamçı zərbəsi kimi təsir etdi. O, yerindən sıçrayıb qalxdı, anasının onu saxlamaq cəhdinə qışqırıq qopardı, hətta anasının pəncəsini də dişlədi. Bu hərəkətinə görə ona yaxşıca dərs vermək lazım idi, anası isə yalnız donquldanmaqla kifayətlə nərək qalxıb balasının dalınca getdi ki, xətrinə dəymək fikrinə düşən olsa, dadına çatsın.
Qara burnunu küləyin səmtinə tutan Conni birbaş mətbəxə yüyürdü. Amma yolboyu bəlli ehtiyatını da əldən vermir, hərdənbir yüksək ağaca çıxıb ətrafa yaxşıca göz gəzdirirdi, Qrempi isə aşağıda onun keşiyini çəkirdi. Onlar bu minvalla mətbəxə gəlib çıxdılar. Sonuncu ağacın təpəsində Conninin hövsələsi tamam tükəndi və o, aşağı enməyə cəsarət etməyərək özünün pirojki həsrətini adamın qəlbini parçalayan şikayətli ağlamaqla izhar etdi. İnanmıram ki, Qrempi balasının nədən ağladığını başa düşürdü. Lakin ayı gözləmək dən bezib üzünü meşəyə çevirəndə Conni elə bir həşir qopardı ki, anası onu tək qoymağa ürək eləmədi, bala isə qətiyyən ağacdan enmək fikrində deyildi.
Qrempi elə özü də mehmanxanaya yaxınlaşdıqca qoxusu daha çox gələn gavalı mürəbbəsinin dadına məmnuniyyətlə baxardı. Nəhayət, budur, o, bir qədər çəkinə-çəkinə mətbəxin qapısına tərəf yönəldi.
Burada qəribə heç nə yox idi. Yellouston parkında ayılar mətbəxin qapısına tez-tez yaxınlaşır, işçilərdən sədəqələrini alıb sakitcə meşəyə qayıdırdılar. Heç şübhəsiz, Conni də, Qrempi də hərəsi bir dənə pirojki alacaqdılar, əgər gözlənilməz bir hadisə baş verməsəydi.
Həmin vaxtdan azacıq əvvəl Şərq ştatlarından olan birisi mehmanxanaya özüylə pişik gətirmişdi. Pişik hələ, demək olar ki, bala idi, amma neçə dənə körpədən ibarət bütöv bir ailəsi vardı artıq. Qrempi yaxınlaşanda pisik balalarını da yanına alıb mətbəxin artırmasında özünü günə verirdi. Pişik gözlərini açdı və başının üstündəki tüklü nəhəngə təəccüblə baxmağa başladı. Bu pişik əvvəllər ayı görməmişdi: parkda bir neçə gün idi yaşayırdı. İtlərlə yaxşı tanış idi və indi gördüyü heyvan it idisə, onda, heç şübhəsiz, yuxuda və real həyatda gördüyü itlərin ən böyüyü və ən qorxulusu idi. Pişiyin ağlına ilk gələn qaçıb canını qurtarmaq oldu, amma o dəqiqə balalarını düşündü. Onları düşünməyə borclu idi, gərək, heç olmasa, elə edəydi ki, canlarını qurtara bilsinlər. Budur, balaca ana artırmanın tən ortasında durub belini əydi, caynaqlarını çıxarıb quyruğunu dikəltdi və bütün zəruri tədbirləri görəndən sonra ayı son əmrini fisıldadı: "Dayan!"
Baxmayaraq ki bunu pişik dilində demişdi, dişi hər şeyi anladı. Şahidlər söyləyir ki, Qrempi nəinki ayaq saxladı, hətta qabaq pəncələrini mütilik əlaməti olaraq yuxarı da qaldırdı.
Amma pişiyə yuxarıdan-aşağı baxanda heyvan onun gözünə lap balaca dəydi. Qoca Qrempi heç Qrizlidən də çəkinməmişdi, yəni indi vur-tut ağzı boyda olan bir quyruqlu cırtdandan qorxacaq? Hərəkətindən yaman utandı. Conninin zırıltısı isə ona birbaşa borcunu - oğlunun qayğısına qalmaq borcunu xatırlatdı.
Onda ayı yenidən dörd pəncəsi üstə enib yoluna davam etmək istədi,
Pişik isə bir də çığırdı: "Dayan!"
Lakin Qrempi bu dəfə də qulaq asmadı. Balalarının nigaran miyovultusu pişiyi həyəcanlandırırdı və o, düşmənini döyüşə çağırdı. On səkkiz iti caynaq və ağız dolusu diş - pişiyin bütün silahı bundan ibarət idi - işə düşdü, heyvan özlinün çarəsizlikdən doğan qeyri-adi cəsarətiylə Qrempinin tüksüz, həssas burnuna - bütün ayıların ən zəif yerinə - sancıldı və sonra da beliylə quyruğuna tərəf yönəldi. Kiçik, amma vəhşiləşmiş heyvanı belindən atmaq üçün bir-iki cəhddən sonra qoca Qrempi belə vəziyyətlərdə çoxunun etdiyini elədi: dabanlarına tüpürüb düşmən düşərgəsindən doğma meşələrinə üz qoydu. Lakin artıq pişiyin vücudunda döyüşçü meyilləri oyanmışdı. O, düşmənin qovulmasıyla kifayətlənməyərək onun tam və qəti məğlubiyyətinə, müticəsinə itaətinə nail olmaq istəyirdi.
Qoca Qrempi var gücüylə qaçsa da, pişik onun belindən düşmür, şeytan balası kimi dişlərini, caynaqlarını işə salırdı. Dəhşət içində olan Qrempi özünü otərəf-butərəfə vurmağa başladı və bu qəribə cütlüyün getdiyi yol çəngəçəngə cod tük və bəzən hətta qan damcılarıyla işarələndi.
Pişiyin izzəti-nəfsi bərpa olunmuşdu, amma bu, ona azlıq edirdi deyə dəli qovhaqov davam etməkdəydi. Qrempi tam çarəsizlik, çıxılmazlıq içindəydi. O, alçaldılmışdı və indi hansı şərtlərə desən tabe olmağa hazır idi, lakin pişik onun anqırtısını, elə bil, heç eşitmirdi. Conni ağacın başından tükürpərdici çığırtısıyla anasına təzə nicat planı təlqin etməsəydi, bu davanın hara çəkəcəyini bilmək olmazdı. Qrempi iki sıçrayışa özünü bir şamağacına yetirib yuxarı dırmandı.
Burada pişik hiss etdi ki, artıq düşmən düşər gəsindədir, üstəlik, onunla çəkişənlərin sayı da ikiqat artmışdı. Ağıllı davranaraq təqibi dayandırmaq qərarına gələn heyvan dişi ayının belindən yerə sıçrayaraq ağacın ətrafında quyruğunu belinə qoyub, düşməni aşağı enməyə çağıran öcəşkən nəzərlərini yuxarı yönəldərək dolaşmağa başladı. Sonra pişik balaları da anasına qoşuldu və dövrə vuraraq bayaqdan aldıqları ləzzəti səsləriylə ucadan bildirdilər. Hadisənin şahidi olan şəxslər məni inandırmağa çalışırdılar ki, əgər pişikləri aşpaz çağırmasaydı, ayılar ağacdan heç bir vəchlə enəsi deyildilər, orada qalıb acından ölərdilər.
Mən Connini sonuncu dəfə görəndə o, ağacın təpəsində oturub, adəti üzrə, qara bəxtinə ağlamaqdaydı. Qrempi isə o vaxt ağacların arasıyla yorta-yorta növbəti qurbanını gözaltı eləyirdi.
Avqust ayının əvvəli idi və artıq Qrempinin davranışında bəzi dəyişikliklər nəzərə çarpırdı. Parkın sakinləri arasında o, həmişə təhlükəli sayılırdı, Conniyə olan məhəbbəti isə bu ayının xasiyyətindəki ən səciyyəvi cəhət idi; bunu yekdilliklə etiraf edirdilər. Lakin bu arada artıq ayın sonu üçün Conni çox vaxt bütün gününü hansısa ağacın başında tək-tənha keçirməli olur və bundan özünü tam bədbəxt hiss edirdi.
Onun qısa tarixçəsinin son fəsli mənim Yellouston parkını tərk etdiyim dövrlə bağlıdır. Bir dəfə dan yeri söküləndə Conni mehmanxananın yaxınlığında dolaşan anasının dalınca düşür. Həmin vaxt mətbəxdə işə təzə düzəlmiş bir irlandiyalı qız vardı. Pəncərədən baxanda qız elə bilir ki, gördüyü yolunu azmış bir buzovdur və onu qovmaq üçün çıxır. Mətbəxin açıq qapısı Qrempidə həmin o pişik əhvalatından sonra elə bir dəhşət doğururdu ki, heyvan o dəqiqə qaçaraq uzaqlaşır. Onun qorxusu sirayət etmiş Conni də ən yaxın ağaca cumur, amma bədbəxtlikdən, bu, ağac deyilmiş, fənər dirəyi imiş. Heyvan cəld dirəyin lap başına çıxır və yerdən, təxminən, yeddi fut yüksəklikdə öz qara bəxtinə ağlamağa başlayır, Qrempi isə arxasına belə baxmadan qaçıb uzaqlaşırdı. Qız yaxınlaşanda dirəyə hansısa vəhşi bir heyvanın çıxdığını görən kimi elə öz qurbanından az qorxmur. Lakin bu yerdə mətbəxdə çalışanlar özlərini yetirirlər, qışqırıqçı Connini görən kimi tanıyır və onu əsir götürmək qərarına gəlirlər.
Xalta, zəncir gətirirlər və bir neçə adamın əməlli başlı cırmaqlanmasıyla bitən çəkişmədən sonra xaltanı ərköyün ayı balasının başına keçirir, zənciri isə bərk bərk dirəyə bağlayırlar.
Əsir düşdüyünü görən Conni elə quduzlaşmışdı ki, heç çığıra da bilmirdi. O yalnız dişləyir, ətrafında nə varsa cırıq-cırıq edirdi; o qədər əlləşdi ki, axırda tamam gücdən düşdü. Onda ayı balası yenə dilə gəlib anasını çağırmağa başladı. Anası isə bir-iki dəfə uzaqdan görünsə də, pişiklə qarşılaşmaqdan qorxaraq Connini taleyin ümidinə buraxıb meşəyə getmək qərarına gəldi.
Bütün həmin gün ərzində ayı balası ya çapalayır, ya da çığırırdı. Axşamtərəfi o, tamam əldən düşdü və hətta irland qızı Noranın gətirdiyi yeməyi də qəbul etdi. Bu qız özünü Conniyə analıq etməyə borclu bilirdi: axı ayı balası özünün əsl anasını məhz qızın ucbatından itirmişdi!
Gecə çox soyuq idi, Conni dırmaşdığı dirəyin başında möhkəm donmuşdu və nəhayət, aşağı düşərək onun üçün hazırlanmış isti yatağa girmək qərarına gəldi. Sonrakı günlər Qrempi tez-tez zibilxanada görünürdü, amma deyəsən, oğlunu artıq tamam unutmuşdu. Conni Noranın himayəsində qalaraq yeməyi də ondan qəbul edirdi. Ancaq burası da var ki, ayı balası qızdan özü üçün tamam yeni şeylər alırdı: bir dəfə ona yemək gətirəndə qıza cırmaq atdı və buna görə ömründə ilk dəfə əməlli-başlı döyüldü. Sonrakı bir neçə saat ərzində qaşqabağını töküb durmuşdu: o, belə davranışa adətkərdə deyildi. Amma aclıq öz işini gördü həmin vaxtdan etibarən o, öz tərbiyəçisinə böyük ehtiramla yanaşmağa başladı. Nora yetim qalmış ayı balasını səylə tərbiyə edirdi və iki həftədən sonra Conninin xasiyyəti artıq əməlli-başlı dəyişmişdi. O, xeyli sakitləşmişdi və öz aclığını yenə də ağlamsınaraq yer-r-r, yer-r-r, yer-r-r... səsləriylə bəyan etsə də, nadir hallarda qışqırıq qoparırdı, ərköyün hərəkətləri isə tamam yox olmuşdu.
Sentyabr ayının ikinci yarısı üçün xasiyyətindəki dəyişikliklər lap gözgörəsi oldu. Anası tərəfindən atılmış Conni Noraya möhkəm bağlandı, qız isə onu yedirdir, lazım gələndə dərsini verirdi və ərköyün ayı balası artıq fövqəladə dərəcədə tərbiyəli bir məxluqa çevrildi. Hərdən Nora onu azadlığa da buraxırdı və Conni onda meşəyə deyil, analığının olduğu mətbəxə gəlirdi, özü də qızın dalınca pəncəsi qarabaqara gəzirdi. Mətbəxdə hətta anasını qaçmağa vadar etmiş dəhşətli heyvan - pişiklə də tanış oldu. Lakin indi Conninin qüdrətli himayədarı vardı - Nora və pişik axırda onunla sülh sazişinə girəsi oldu.
Oktyabr ayında mehmanxana qış mövsümünə bağlanmalı idi. Connini nə edəcəkləri haqda fikirləşirdilər: azadlığa buraxsınlar, yoxsa Vaşinqtondakı heyvanxanaya versinlər. Lakin Nora öz hüququnu bəyan etdi və bu hüquqlarından heç bir vəchlə keçmək fikrində deyildi.
Sentyabrın son günləri, şaxtalı gecələr başlananda Conni möhkəm öskürməyə başladı. Onun axsayan ayağını nəzərdən keçirərək gördülər ki, bu axsaqlıq heç də zədədən qaynaqlanmır və onun səbəbi bütün orqanizmin xəstəliyi və zəifliyidir.
O, nəinki başqa əsir ayılar kimi piylənməmişdi, əksinə, möhkəm arıqlamaqda idi. Qarnı belinə yapışmışdı, öskürəyi getdikcə güclənir, güclənirdi və bir səhər onu fənər dirəyinin altında çox zəif halda, tir-tir əsən tapdılar. Onda Nora heyvanı evə gətirdi və həmin vaxtdan Conni mətbəxdə qaldı. Bir neçə gündən sonra onun səhhəti zahirən bir qədər yaxşılaşdı və yenə də ətrafındakılara maraq göstərməyə başladı. Mətbəx sobasının gur alovu onu çox cəlb edirdi və sobanın qapısını açanda Conni arxa pəncələri üstə oturub diqqətlə alovu izləyirdi. Lakin üstündən bir həftə də keçəndən sonra hətta buna da marağı itdi və həmin gündən etibarən getdikcə daha çox zəifləyirdi. Axırda yanında nə baş verirsə versin, heyvanda qəti maraq oyatmırdı.
Öskürəyi güclənirdi və Noranın dizləri üstündə oturduğu dəqiqələr istisna olmaqla qalan vaxtlarda son dərəcə bədbəxt görünürdü. Qızın qucağında olanda isə hər vəchlə nəvaziş tələb edir, sevincini müxtəlif vasitələrlə büruzə verirdi, amma hər dəfə yatağı olan iri zənbilin içinə qaytarılanda şikayətlə ağlamağa başlayırdı.
Mehmanxananın bağlanmasına bir neçə gün qalmış Conni özünün adi səhər yeməyindən ilk dəfə imtina etdi və Nora onu qucağına alana kimi sakitcə zingildədi. Conni qıza sıxıldı, amma incə-incə yer-r-r, yer-r-r... səsləri getdikcə daha zəif səslənirdi və axırda tamam kəsildi. Qız onu təzədən zənbilin içinə qoyduqdan yarım saat sonra Conni ətrafında baş verənləri görmək və anlamaq həvəsini həmişəlik itirdi.
Gülnar Abbasova
TEREF