DÖYÜŞ ATI CEK - DOVŞANIN SƏRGÜZƏŞTİ

18-09-2024, 07:04           
DÖYÜŞ ATI CEK  - DOVŞANIN SƏRGÜZƏŞTİ
( ERNEST TOMPSON SETON )
Döyüş Atı şəhərin bütün itləriylə şəxsən tanış idi. Əvvəla, bir dənə yekə qonur it vardı ki, neçə dəfə onun dalınca düşmüşdü və onun əlindən həmişə taxta çəpərin dəliyindən sivişərək canını qurtarırdı. Bir də balaca, cəld və son dərəcə zirək bir it vardı. O, çəpərin deşiyindən keçə bilirdi, amma onun əlindən dik kənarları olan, içindən sürətlə axan qanovun üzərindən atılmaqla qurtara bilərdin. Balaca it ondan həmişə bu qanovun yanında əl çəkirdi. Belə bir sıçrayış onun üçün yüz faizlik ölüm olardı və oğlanlar həmin o yerə indiyə kimi qoca Cekin sıçrayışı deyirlər. Amma şəhərdə Cekin özündən də yaxşı tullanan bir tazı vardı. Baxmayaraq ki Cekin dalınca çəpərin deşiyindən keçə bilmirdi, əvəzində onun üstündən asanlıqla sıçrayırdı. O, Döyüş Atının qanını o qədər qaraltmışdı ki. Lakin Cek onun əlindən həmişə canını qurtarır, tikanlı kollardan ibarət çəpərin arxasında gizlənirdi. Tazı tikanlardan yaman qorxurdu deyə o dəqiqə çəkilib gedirdi.
Bu üç düşməndən başqa, şəhərdə hələ bütöv bir ordu qədər it vardı, hamısı da bədqılıq, amma onlardan heç biri tullanmaqda dovşanla çəkişə bilməzdi.
Kənddə də it çox idi, lakin Cek üçün onlardan yalnız biri həqiqətən uzunayaq, qəzəbli, qara həyət iti - elə sürətli, elə inadkar idi ki, ondan qaçanda Döyüş Atı neçə dəfə ölümün düz gözünün içinə baxası olmuşdu.
Şəhər pişiklərindən heç çəkinmirdi. Amma hərdən elə olurdu ki, pişiklər onun üçün təhlükəyə çevrilir dilər. Aylı gecələrin birində onun ot qırpdığı yerə çoxsaylı qələbələriylə qürrələnən nəhəng bir pişik oğrun-oğrun yaxınlaşdı. Cek gözləri parıldayan qara heyvanı gördü. O, sıçramağa macal tapmamış Cek ona tərəf çönüb ucadan "çur-çur!" deyə qışqırdı və irəli, pişiyin düz başına sıçrayıb arxa pəncələrinin iti caynaqlarını onun təpəsinə sancdı. Və qoca pişik bu qeyri-adi nəhəng heyvanın əlindən dəhşət içində qaçası oldu. Cek bu fəndi dəfələrlə sınamışdı, amma iki dəfə nəticə yaman acına caqlı olmuşdu: birinci dəfə yanında balaları olan pişiklə rastlaşanda - onun əlindən yalnız qaçmaqla can qurtarmaq olardı - ikinci dəfə isə ehtiyatsızlıq edib safsarın üstünə elə bu sayaq tullananda.
Lakin ən təhlükəli düşməni yenə də həmin o tazı olaraq qalırdı və xoşbəxt bir təsadüf olmasaydı, Döyüş Atı canını, yəqin ki, onun dişlərində tapşıracaqdı.
Adətən, o, yem axtarışlarına gecə çıxırdı, düşmənlər az, gizlənmək asan olanda. Amma bir dəfə necə oldusa, dan yeri sökülənə kimi bir ot tayasının yanında ləngidi. Taladan ötərək evinə dönmək istəyəndə isə bədbəxtlikdən, şəhər ətrafını əldən-ayaqdan salan tazıyla rastlaşdı. Yağmış qar və artıq işıqlaşmış hava ona gizlənmək fürsəti vermirdi. Bircə yolu vardı: yumşaq qarın üstüylə var qüvvəylə qaçmaq. İt isə qarın üstündə dovşandan yaxşı qaçır.
Beləcə, iki əla qaçış ustası dəli bir yarışa başladı. Onlar yumşaq qarın üstüylə yüyürür, hər sıçrayışda yerdən xırdaca qar dumanı qaldırırdılar. Otərəf-butərəfə, oyan-buyana. Hər şey it üçün əlverişli şərait yaratmışdı: boş mədəsi, soyuq hava, yumşaq qar. Dovşan isə tox idi, ağırlaşmışdı. Amma buna baxmayaraq, ayaqları yerdən elə tez-tez qopurdu ki, havadan eyni zamanda bir düjün qar şırnağı bir xeyli asılı qalırdı. Təqib açıqlıqda cərəyan edirdi. Cek heç yanda nicat tapa bildiyi tikanlı kol görmürdü, tazı isə onu çəpərə yaxın buraxmaq fikrində deyildi. Cekin qulaqları artıq əvvəlki kimi dik deyildi bu, ruh düşkünlüyünün, gücün tükənməsinin bariz göstəricisi sayılırdı. Birdən onlar yarış bayraqları kimi eyni anda havaya sıçradılar. Döyüş Atı bütün qüvvəsini səfərbər etdi, amma on məqsədlə yox ki şimal tərəfdəki çəpərə çatsın; məqsədi düzənliyi şərq istiqamətində keçmək idi. Tazı da onun dalınca cumdu. Əlli addım qaçandan sonra dovşan qəflətən yana buruldu, qəzəbli heyvandan yayındı, sonra təzədən şərqə tərəf çöndü. Beləliklə, yönünü tez-tez dəyişərək burula-burula qaçırdı, lakin istiqaməti ən yaxın fermaya idi: oranın hündür taxta çəpərində toyuqlar üçün dəlik vardı, ikinci qəddar düşməni - qara zırpı it də məhz orada yaşayırdı. Çəpər tazının qarşısını bircə anlıq kəsdi və Cekin toyuq deşiyindən həyətə keçməsinə fürsət verdi. Dovşan elə orada gizləndi. Tazı birbaş alçaq alaqapıya cumub üzərindən sıçrayaraq düz toyuqların üstünə düşdü, onlar isə səs küylə, qaqqıltıyla ətrafa səpələndilər. Qoyunlar ucadan mələməyə başladılar və onların gözətçisi olan yekə qara köpək köməyə yüyürdü. Onda Döyüş Atı təzədən deşiyə girərək o üzdən çıxdı. Arxadan boğuşan itlərin zingiltisi eşidilir, adam qışqırıqları gəlirdi. Davanın nəylə bitdiyini Cek bilmədi və heç bilmək də istəmirdi. Amma o vaxtdan etibarən həmin o tazı bir də onun dalınca düşmədi.
Son illər Kaskad ştatının dovşanları üçün çoxlu yenilik gətirmişdi. Keçmiş zamanlarda onlar yırtıcı heyvan və quşlarla, hava və şaxta ilə, xəstəlik və müxtəlif azar-bezar yayan milçəklərlə barışmaz mübarizə aparır, amma yenə də özlərini müdafiə edə bilirdilər. Lakin burada fermerlər məskunlaşanda dovşanların həyatı tamam dəyişdi.
İtlərin və tüfənglərin bolluğundan dovşanların anadangəlmə düşmənləri - çaqqallar, tülkülər, canavarlar, porsuqlar və qırğılar azaldı. Və dovşanlar bir neçə il ərzində görünməmiş həddə çoxaldılar. Amma əvəzində elə bir azara tutuldular ki, xeyli heyvan qırıldı. Yalnız ən güclüləri, ən dözümlüləri sağ qaldı. Bir zamanlar dovşanlar nadir heyvanlara çevrilmişdilər. Həmin zaman ərzində daha bir dəyişiklik baş vermişdi: hər yanda çəpər əvəzinə əkilən tikanlı kollar onlar üçün yeni müdafiə vasitəsinə çevrildi. İndi təqibə məruz qalan dovşan sürətindən daha çox zirəkliyinə, fəndgirliyinə bağlayırdı və onların ən ağıllıları dallarınca çaqqal, ya da it düşəndə ən yaxın çəpərə soxulub dar deşiyindən o üzə keçirdilər. Tezliklə çaqqallar da bu bicliyi çözdülər: ova cüt-cüt çıxmağa başladılar. Çaqqalın biri bu tərəfdə, digəri qarşı tərəfdə dururdu və sivişib çəpərdən keçən dovşan hər iki tərəfdə düşməniylə rastlaşırdı. Dovşan yalnız o halda nicat tapırdı ki, ikinci çaqqalı da vaxtında görmüş olsun və çəpərdən keçmək əvəzinə, güclü ayaqlarına güvənərək düşməninin əlindən qaçmaqla yaxa qurtarsın.
Qəribə azarla bağlı qırğından sonra dovşanlar təzədən sürətlə çoxalmağa başladılar. Ağır sınaqlardan çıxmış heyvanlar indi əcdadlarının heç bir neçə ay belə yaşaya bilməyəcəyi şəraitlərə davam gətirir, çiçəklənirdilər. Onlar geniş malikanələrin enli, açıq torpaqlarını xoşlamırdılar - daha çox bir-birinin böyründə yerləşərək böyük qəsəbələr yaradan xırda fermaların dolaşıq çəpərlərlə dolu kiçik tarlalarını seçirdilər.
Belə qəsəbələrdən biri Nyuçuzen adlanan dəmir yolu stansiyasının ətrafında əmələ gəlmişdi. Oralar yeni, seçmə dovşan cinsi ilə dolu idi. Onların arasında parlaq gözlərinə görə Aydıngöz adlandırılmış balaca dişi dovşan da vardı. O, qaçmaqda zirək idi, çaqqalları əla azdırırdı. Yuva qurmaq üçün keçmiş preriyanın toxunulmaz qalmış açıq çəmənliyini seçmişdi. Balaları da elə burada dünyaya gəlmiş, burada böyümüşdü. Körpələrdən biri gümüşü-boz xəzindən və zirək gözlərindən anasına oxşayırdı, amma xasiyyəti qətiyyən elə deyildi.
Dişi dovşanın o biri oğlu isə özündə anasının bütün gözəl xüsusiyyətləriylə yanaşı, yeni dovşan cinsinin üstünlüklərini də ehtiva edirdi.
İndi macəralarını izlədiyimiz dovşan da elə həmin dovşandır ki, qəhrəmanlıqları onu Döyüş Atı adlandırmağa imkan verir, sahibinə ümumdünya şöhrəti qazandırır. Düşmənlərini axmaq yerinə qoyaraq onların başına corab hörməyin tamam yeni üsullarını da elə özü kəşf edib.
O, hələ lap balaca olanda Kaskadın ən müdrik dovşanına layiq bir fənd tapmışdı. Bir dəfə balaca dovşanın dalınca dəhşətli, sarı bir it düşmüşdü. Dovşan çəpərlərlə fermaların arasında dolaşaraq ondan uzaqlaşmaq istəyirdi, amma bir şey çıxmırdı. Çəpər də, ferma çaqqaldan qaçanda işə yarayır, çünki fermerlər itlər də çaqqalın üstünə cumaraq dovşana qeyri-ixtiyari kömək edirlər. Amma burada heç cür alınmırdı, çünki balaca it çəpərlərin deşiyindən də keçə bilirdi və Ĉek - Döyüş Atı hələ çox balaca və zəif olduğundan yorulmağa başlamışdı. Artıq qulaqları da şək deyildi, əyilmişdi, hərdən isə lap sallanırdı. Nəhayət ki, o, özünü bir dəfə də çəpərin balaca deşiyinə təpdi, lakin zirək düşməni yenə ondan geri qalmadı.
Talanın ortasında yanlarında dənə buzovları olan balaca inək sürüsü otlayırdı.
Vəhşi heyvanların qəribə bir xasiyyəti var: çarəsiz qaldıqları anda rastına birinci çıxan məxluqa bel bağlamaq. Onlar yaxşı başa düşürlər ki, dalınca gələn düşməni özüylə ölüm gətirir. Bununla yanaşı, tanımadığı, ilk dəfə gördüyü bir məxluqun ona dost ola biləcəyi haqda zəif ehtimal həmişə mövcuddur. Və çarəsiz vəziyyətindən doğan sonuncu ümid Ceki inəklərin yanına apardı.
Heç şübhə yoxdur ki, söhbət tək dovşandan getsəydi, inəklər bu qeyri-bərabər mübarizənin biganə şahidləri olacaqdılar, lakin onların içində itlərə qarşı anadangəlmə nifrət yaşayır bu sarı sandıqtulasını görən kimi burunlarını da, quyruqlarını da dimdik qaldırdılar. Onlar qəzəblə finxıraraq sıralarını sıxlaşdırdılar və başda buzovun anası olmaqla düz itin üstünə yeridilər, Cek isə alçaqboylu tikan kolunun altında gizləndi. Sandıqtulası yana sıçradı, qoca inək bu hərəkəti balasının həyatına qəsd kimi qiymətləndirərək onun dalınca elə qəzəblə cumdu ki, it canını zorla qurtara bildi.
Əla plan idi - çox güman ki, belə vəziyyət inəklə itin rolunu bizonla çaqqal oynayan zamanlardan bəri yaranırdı. Cek isə həmin hadisəni unutmadı və sonralar, ehtiyac yaranan kimi kəşf etdiyi bu üsula dəfələrlə əl atmışdı.
Döyüş Atı digər dovşanlardan yalnız ağlı ilə deyil, həm də rənginə görə fərqlənirdi. Heyvanların rəngi onları ya görünməz edərək gizlənmələrinə kömək olur -onda buna qoruyucu rəng deyirlər -ya da əksinə, onları lap gözə soxur - buna isə istiqamətverici rəng deyirlər. Dovşanların diqqətəlayiq cəhətləri odur ki, onların rəngi eyni zamanda həm müdafiə, həm də yönəltmək üçündür. Onlar boz kolluqların və təpələrin arasındakı yuvalarında oturanda görünən yalnız qulaqlarının, başının, belinin və böyürlərinin yumşaq boz rəngi olur. Önda dovşanlar zahirən elə torpağa qarışırlar və onları ancaq lap yaxın məsafədən seçmək mümkün olur. Lakin yaxınlaşan düşmənin onu mütləq görəcəyi Cekə aydın olan kimi o, yerindən qoparaq qaçmağa başlayır. Dovşan indi özünün aldadıcı libasını artıq atmış olur boz rəngdən əsər-əlamət qalmır, ildırımsürətli bir dəyişmə baş verir: sən demə, onun qulaqları ucunda qara xallar olan ağ rəngdə, ayaqları - ağ, bəyaz belinin fonunda görünən quyruğu isə qara imiş. O, indi artıq boz deyildi, ağ-qara dovşana çevrilmişdi. Onun indiki rəngi istiqamətverici idi. Bəs bu necə olur? Çox sadəcə. Qulağın ucu bozdur, astarı - ağla qara. Dovşan oturanda boz plaşı aşağıya doğru dartılıb əyninə tarım oturur. Yerindən sıçrayanda isə büzüşür və bütün qara, ağ ləkələr özünü büruzə verir. Oturanda onun rəngləri belə pıçıldayır: "Mən təpəyəm”, indi isə var gücləriylə “Mən dovşanam!" deyə çığırırlar.
Bəs bu, onun nəyinə lazımdır? Niyə nicatı yalnız qaçmağında olan ürkək bir heyvan gizlənmək yerinə, kim olduğu barədə hər tərəfə car çəkməyə üstünlük verir? Görünür, bunun çox üzrlü səbəbi var. Məsələ bundadır: əgər dovşanı başqa bir dovşan ürkütsə - başqa sözlə desək, yəni həyəcan siqnalı yalançı olsa-o, özünün təbii rənglərini göstərməklə səhvi elə həmin an büruzə verir. Əksinə, əgər onu çaqqal, tülkü, ya it qorxutsa, onlar qarşılarındakının dovşan olduğunu anlayan kimi başa düşəcəklər ki, onun dalınca düşmək vaxtını əbəs yerə itirməkdən başqa bir şey olmayacaq. Bu heyvanlar, həqiqətən də dovşanı görəndə özlərinə belə deyirlər: "Hə, bu, dovşandır, dovşanı isə açıqlıqda heç tuta bilmərəm". Bu, Ceki bir çox izafi vurnuxmadan, əziyyətdən azad edir.
Ağ-qara xalları dovşanlar üçün milli mundir, bayraqdır. Zəif dovşanlarda bu ləkələr zəif seçilir, güclü, cins heyvanlarda isə o dəqiqə gözə girir. Gizlənəndə isə boz olan Döyüş Atı indi - özünü tülkü, ya da çaq qala göstərib onlardan asanlıqla qaçanda kömür kimi, qar kimi işarırdı. Onların gözünə əvvəlcə rəngbərəng dovşan, sonra bəyaz xallı bir məxluq və nəhayət, xırdaca ağ ləkə kimi görünərək fəzada tamam gözdən itirdi.
Fermer itlərindən çoxu başa düşmüşdü ki, boz dovşanı hələ birtəhər tutmaq mümkündür, ala-bəzəyini isə heç vaxt tuta bilməzsən. Əlbəttə, hərdən qızışaraq dovşanın dalınca düşürdülər, amma bu daha çox əylənmək üçün olurdu. Öz gücünü dərk etdiyindən Döyüş Atı çox vaxt özü köpəklərlə riskli oyuna girişirdi.
Bütün vəhşi heyvanlar kimi, Cek də bəlli bir ərazini özününkü sayır və onun sərhədlərindən kənara nadir hallarda çıxırdı. Onun çoxsaylı yuvaları, ya da bu yerlər də deyilən kimi, - yatacaqları bütün əraziyə səpələnirdi. Bu yuvalar kolun altındakı çuxurdan, ya da üzərinə yarpaq düzülmüş bir çəngə otdan ibarət idi. Amma heyvanın rahatlığı da yaddan çıxmırdı. Yuvaların bəziləri üzü şimala idi və əsas etibarilə günəşdən qorunmaq üçün nəzərdə tutulurdu; qışda istifadə etdikləri isə, əksinə, çıxışı cənuba olan dərin çalalardan ibarət olurdu; yağışlı havalar üçün nəzərdə tutulanların isə ağzı otla örtülür, üzü qərbə baxırdı. Gününü bu yuvaların birində keçirirdi, gecələr isə qardaş-bacılarıyla bir yerdə otlamağa çıxırdı. Dovşanlar ay işığında tullanıb-düşür, bir sürü küçük kimi oynaşırdılar, amma dan yeri söküləndə mütləq havaya münasib yatacağa qayıdırdılar.
Dovşanlar üçün ən etibarlı otlaq fermaların arasındakı ərazilər idi. Onları burada çəpərlərin, tikanlı məftillərin arasında heç bir düşmən tuta bilməzdi. Lakin ən yaxşı yem və ən böyük təhlükə evlərin lap yaxınlığında, samanlıqların arasında olurdu. Burada dovşanlar canavarların, tülkülərin deyil, adamların, tüfənglərin, itlərin, keçilməz çəpərlərin təhlükəsinə məruz qalırdılar.
Buna baxmayaraq, Döyüş Atını tanıyanlar onun bostanda, yemiş ləklərinin lap böyründə yatacaq qurmasına qətiyyən təəccüblənməzdilər. Burada heyvan üçün onlarca təhlükə mövcud idi, amma elə onlarca ləzzət də dovşanın yolunu burada gözləyirdi. O, saysız-hesabsız gizli yollar bilir, onların köməyinə arxalanırdı.
Nyuçuzen tipik Qərbi-Amerika qəsəbəsi idi. Orada hər şey eybəcərdi. Küçələr yerinə döngə-dalansız yollar uzanırdı, göz ilişəsi bircə yer belə yox idi. Buradakı evlər özlərinin eybəcərliyini açıq etiraf etməyə belə gücü çatmayan, sarsaq taxtalardan, damların üstünə çəkilən qatranlı kartondan ibarət miskin, ucuz qurğular dı. Onların hər biri əslində olduğundan yaxşı görünməyə çalışırdı. Bir evin qarşısına saxta fasad düzəltmişdilər və bu görüntü adama təlqin etməyə çalışırdı ki, mən bir yox, ikimərtəbəliyəm; başqa birisinin ön tərəfi kərpicsayağı rənglənmişdi, üçüncüsü isə özünü lap mərmər məbədə bənzədirdi.
Bu evlər yer üzünün ən biabırçı yaşayış məskənləriydi və onların hər birisinin simasından sahiblərinin daha bir-iki il dözüb sonra bu yerlərdən harasa başqa diyarlara çıxıb getmək arzusu aydın oxunurdu.
Şəhərciyə bəzək-düzək vururdular, amma onda da kölgəlik üçün əkilmiş ağacların gövdələrini əhəngləməklə, budaqlarını biçərək müəyyən bir forma verməklə eybəcərləşdirirdilər.
Bu şəhərin az-çox diqqətəlayiq yeganə binası taxıl elevatoru idi. O, özünü nə yunan məbədinə bənzədirdi, nə də İsveçrənin yaylaq evlərinə - sadəcə, iri, kobud, yöndəmsiz, həqiqi taxıl elevatoru idi. Hər küçənin axırından fermalar, su nasosları, yel dəyirmanları, tikanlı kollardan ibarət uzun çəpərləri görünən preriyaya mənzərə açılırdı. Burada tamaşa etmək üçün çox şey vardı. Möhkəm, qalın, hündür, boz-yaşıl çəpərləri yemək üçün yararlı olmayan, lakin səhrada yağış qədər ehtiyac duyulan qızılı meyvələrlə bəzənirdi. Uzun, möhkəm budaqlardan asılan bu meyvələrin gözəlliyi gördüyü eybəcərliklərdən usanmış göz üçün bir sevinc mənbəyi idi.
Belə bir şəhərə düşəndə yalnız onun haqda fikirləşirsən ki, buradan tezliklə necə çıxıb gedəsən. Ən azından qışın axırında burada iki günlük ilişib qalan səyyahlardan biri yüz faiz belə düşünürdü. O, bu şəhər ciyin diqqətəlayiq yerləriylə maraqlandı. Şüşənin altında nümayiş etdirilən ağ desman müqəvvası, qızıldərililərin qırx il qabaq skalpını soyduqları qoca Bekki Bullin və Kit Karlsonun bir dəfə tənbəki çəkdiyi çubuq ona qədər də diqqətəlayiq görünmədi və o, qətiyyətlə qarla örtülü preriyaya tərəf yollandı.
Çoxsaylı it ləpirlərinin arasında yekə bir dovşanın izi diqqətini çəkdi. Yoldan ötən birisindən şəhərdə dovşanların yaşayıb-yaşamadığıyla maraqlandı.
- Elə güman etmirəm. Mən heç bircə dənəsini də görməmişəm, - onun cavabı belə oldu.
Dəyirmanın fəhləsi eyni cavabı verdi. Lakin əlində bir dəstə qəzet olan oğlan dedi:
- Çöllükdə dovşan əlindən tərpənmək mümkün deyil, hərdən lap şəhərə də gəlirlər. Heç uzağı demirəm, Si-Kalbanın bostanındakı yemiş ləklərinin arxasında yekə bir dovşan yaşayır - zırpı bir şeydir, özü də şahmat taxtası kimi tamam xal-xaldır.
Həmin o zırpı şey elə Döyüş Atının özüydü. Amma Kalbanın bostanında yaşamırdı, ora hərbənbir yolu düşərdi. Özünün qərb tərəfi açıq yatacağında yerləşmişdi, çünki nəmişlik gətirən şərq küləyi qalxmışdı. Bu yatağı Medison-avenyudan şərqdə idi. Tanımadığı adamı görən kimi dovşan ona göz qoymağa başladı. Nə qədər ki adam yoldan çıxmırdı, Cek sakit idi; amma yol bu yerdə şimala burulurdu, adam isə, nədənsə, yoldan çıxaraq düz ona tərəf yönəldi. Onda Cek narahat oldu. Elə ki tanımadığı şəxs bəlli yoldan kənara çıxdı, dovşan da öz sığınacağından qalxıb düzənliyi kəsərək şərqə sarı qaçmağa başladı.
Adətən, düşməndən qaçan dovşan hər sıçrayışına səkkiz-on fut məsafə qət edir. Hər beş-altı tullanışından bir yuxarı sıçrayır ki, otların, kolların üzərindən ətrafı yaxşıca gözdən keçirsin. Təcrübəsiz dovşan bu hərəkəti hər dörd addımdan bir təkrarlayır və xeyli vaxt itirir; ağıllı heyvan səkkiz-on addımdan bir sıçrayışlarla kifa yətlənir. Döyüş Atı isə hər on iki addımdan bir yuxarı sıçrayırdı və onun hər addımı on-on iki fut məsafəni qət edirdi. Onun yerdə qoyduğu izlərdə daha bir səciyyəvi xüsusiyyət vardı. Dovşanların başqa cinsləri qaçarkən quyruqlarını dik yuxarı qaldırır, qara toxunmasına imkan vermirdilər. Böyük şimal dovşanı isə qaçanda quyruğu lap yerə sallanır. Bəzi dovşanların quyruğu elə yerə meyillidir və beləliklə, hər sıçrayışdan sonra ayaq izlərindən arxada, qarın üstündə uzun bir cızıq qalırdı. Döyüş Atının parlaq qara rəngli quyruğu qeyri-adi dərəcədə uzun idi və bircə bu cəhət bəs edirdi ki, onun izini başqa dovşanların izlərindən fərqləndirə biləsən.
Dovşanların çoxu itsiz adam görəndə qorxmazdı, amma Döyüş Atı bir dəfə tüfəngdən açılan atəşin onun belini necə yandırdığını yaxşı xatırlayırdı deyə həmin şəxsi yetmiş beş addımlığa kimi yaxın buraxıb yerə, çəpərə sinərək qaçmağa başladı. Çəpərdən keçən kimi alçaqdan uçan qırğı təki qanadlandı bir mil o tərəf də, özünün ən məxfi sığınacaqlarından birinə yetişdi, bir dəfə yuxarı sıçrayıb ətrafa yaxşıca göz gəzdirəndən sonra orada gizləndi.
Amma dincəlməyi çox çəkmədi. İyirmi dəqiqədən sonra onun yekə, həssas qulaqları aydın səs eşitdi - xırt, xırt, xırt - qarla yeriyən adam ayaqlarının çıxardığı səs. Yerindən sıçrayanda əlində parlaq taxtası olan həmin adamın xeyli yaxınlaşdığını gördü.
Döyüş Atı sıçrayıb sığınacağından çıxdı və çəpərə tərəf cumdu. Barmaqlıqların o üzünə keçənə kimi kəşfiyyat üçün heç bir dəfə də yuxarı sıçramadı: lakin yeri gəlmişkən söyləyək ki, bu ehtiyat tədbirləri, əslində, artıq idi, çünki adam dovşanın yalnız izlərini görürdü, özünü yox.
Lakin Cek yerdən çox aralanmayaraq getdikcə daha uzaqlara qaçır, yeni, ehtimal etdiyi düşmənlərindən qorunurdu. O artıq bilirdi ki, insan onun izini alıb və dələlərdən qorunduqları əyyamlardan miras qalmış bir instinkt onu dövrə vurmağa vadar etdi. Uzaqdakı çəpərə tərəf qaçıb ətrafına dövrə vurdu və tamam yeni istiqamətə qaçaraq başqa sığınacağına yetişdi. O, bütün gecəni ayaq üstə keçirmişdi və indi məmnuniyyətlə din cələrdi, çünki günəş qiyamət qızdırırdı. Lakin əməllicə isinməyə macal tapmamışdı ki, qulaqlarına yetişən xırt, xırt, xırt onu düşmənin yaxınlaşdığından xəbərdar etdi və Cek oradan da uzaqlaşmalı oldu.
Yarım mil qaçandan sonra təpənin üstündə ayaq saxladı və adamın hələ də onun dalınca gəldiyini yəqinləşdirib izlərini səylə dolaşdırdı. Sonra özünün sevimli yuvasının yanından ötərək ona əks tərəfdən yaxınlaşdı və dincəlmək üçün uzandı; artıq düşmənini azdırdığına tam əmin idi. Bayaqkı qədər tez olmasa da, yenə də xırt, xırt, xırt səsini eşitdi. Cek oyandı, amma yerindən qalxmadı. İnsan izləri tutub getməkdə idi. Cek onu duyuq salmadan sığınacaqdan çıxdı; artıq başa düşürdü ki, çox fəndgir bir düşmənlə qarşılaşıb. İnsanla dovşan Döyüş Atına məxsus olan oylaqlardan böyük bir çevrə cızaraq keçirdilər və indi yekə qara köpəyin yaşadığı fermadan yarım mil aralı idilər. Bu, həmin o ferma idi ki, qiyamət taxta çəpəri, çəpərinin üstündə toyuqların keçməsi üçün deşiyi ilə məşhurdu. Dovşan bunu yadına salıb sevindi: burada dəfələrlə düşmən üzərində qələbə çalmışdı, yekə tazını məhz burada sarsaq yerinə qoymuşdu.
Və Döyüş Atı qarlı düzənlikdən qara köpəyin çəpərinə tərəf gizlənmədən qaçdı.
Toyuq deşiyi qapalı imiş. Bundan qayğılanan dovşan başqa bir deşik axtardı, amma tapa bilmədi. Çəpərin tinini burulan kimi taybatay açıq alaqapını gördü. Ala qapının o üzündəki taxta qalağının düz üstündə yekə qara köpək sakitcə yatırdı. Toyuqlar həyətin ən isti guşəsində toplaşıb oturmuşdular, ev pişiyi isə sifətində bir ikrah ifadəsi, anbardan mətbəxə sarı qaçırdı. Döyüş Atı alaqapının qarşısında durdu.
Onu təqib edən insanın qara fiquru qarlı düzənliklə sürünürdü. Cek sakitcə, tullanaraq həyətə girdi. Uzunayaq xoruz öz işləriylə məşğul olmaqdansa, dovşanı görən kimi uca səslə quqquldadı. Günəşin altında uzanmış köpək başını qaldırıb ayağa durdu. Cek ölümcül təhlükəyə məruz qalmışdı. Çox düşünmədən yerə sinərək boz bir təpəciyə çevrildi. Bunu ustalıqla etmişdi, amma buna baxmayaraq, əgər pişik olmasaydı, həyatıyla vidalaşacaqdı. Pişik heç özü də bilmədən onun həyatını xilas etdi. Qara köpək dovşana tərəf üç addım atdı, hərçənd ki onun həyətdə olduğunu hələ görməmişdi, amma bədəni ilə həyətin yeganə çıxışının önünü kəsdi. Amma bu yerdə evin tinindən pişik göründü və pəncərəyə sıçrayaraq oradakı gül dibçəyini yerə saldı. Bu yöndəmsiz hərəkəti bəs idi ki, onunla it arasında qüvvədə olan silahlı neytrallığa son qoyulsun. Pişik anbara tərəf qaçdı və bəllidir ki, qaçan pişik hər iti özündən çıxarar. Onlar dovşanın otuz futluğundan keçdilər. Heç gözdən tam itmələrinə macal verməmiş Cek çönərək heç pişiyə sağ ol da demədən həyətdən çıxıb yolun kənarıyla üfüqə sarı cumdu.
Dovşanı izləyən adam çatanda ev sahibəsi pişiyi itin təqibindən artıq xilas etmişdi və köpək yenə yerinə uzanıb canını qızdırırdı. Onun əlində tüfəng deyil, qalın, polad çəlik idi və bunu görəndə it tanımadığı şəxsin üstünə hücum çəkmək fikrindən vaz keçdi.
Təqibi davam etdirməyə artıq imkan yox idi. Dovşan bu fəndi bilərəkdən işə salmışdı, yoxsa yox, bilmirik, amma bu fənd ona tam uğur qazandırmışdı və Cek özünün zəhlətökən təqibçisindən canını qurtarmışdı.
Ertəsi gün həmin şəxs yenə Ceki axtarmağa getdi və bu dəfə də onun özünü deyil, izlərini tapdı. Onu quyruğunun izlərindən, uzun sıçrayışlarından, nadir kəşfiyyatlarından tanıdı. Lakin onun yanında indi kiçik bir dovşanın izləri görünürdü. Bax, bir-biriylə burada görüşüblər, orada qaçdı-tutdu oynayıblar; çünki boğuşmaq izi yox idi; bu yerdə otlayıblar, ya da yanaşı uzanaraq günəş şüalarına qızınıblar, oradan yanaşı, qaçaraq keçiblər, burada isə qarın üstündə təzədən oynaşıblar...
Tanımadığı adam izlərdən hər şeyi başa düşdü. İlin elə vaxtı idi ki, ailə qurmağa əl verirdi: cüt izlərin biri Döyüş Atının, digəri onun rəfiqəsinin idi.
Növbəti yay dovşanlara xeyli yenilik gətirdi. Ağılsız qanun öldürülmüş hər bayquşa, hər qırğıya görə mükafat təyin elədi. Düzənliklərin bu lələkli gözətçilərini tamam qırıb qurtardılar. Və dovşanlar elə artdı ki, indi bütün ölkəni lümlüt etməyə qadir olmuşdular.
Elə özlərinin fikirləşdikləri qanundan hamıdan çox əziyyət çəkən fermerlər onda dovşanlara qarşı əzəmətli bir tədbir keçirmək qərarına gəldilər. Bütün yerli əhali təyin olunmuş gün qraflığın əsas şimal küçəsinə dəvət edildi ki, küləyin əksi istiqamətində hərəkət edə-edə oraları dolaşıb dovşanları möhkəm məftillərlə çəpərlənmiş yekə ağıla salsınlar. Ovda itlər iştirak etmirdi, çünki ağıldan həddindən ziyadə kasıb idilər. Heç tüfəng də götürmədilər, çünki böyük kütlə hərəkət edəndə tüfəng dən istifadə çox təhlükəli olar və heç xeyir gətirməz. Amma hər kişi və oğlan iki dənə uzun ağac və bir torba daşla təchiz olunmuşdu. Qadınlar onların dalınca ya at belində, ya da arabalarda gedirdilər. Bəzi arabalara köhnə tənəkə qablar bağlanmışdı. Hərəkət edərkən onlar təkərlərin oxlarına toxunub gurultu qoparırdı. Əgər dovşanların gözəl eşitmək qabiliyyətini nəzərə alsaq, asanlıqla anlayarıq ki, hətta adamın qulaqlarını batırmağa qadir bu hay-küy heyvanları mütləq möhkəm çaşqınlığa düçar etməliydi.
BİRİNCİ HİSSƏ
Gülnar Abbasova
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.