Böyük ədibin bütün fikirləri, bildikləri, etdikləri, güvəndikləri... yerlə yeksan olmuşdu

Bu gün, 10:48           
Böyük ədibin  bütün fikirləri, bildikləri, etdikləri, güvəndikləri... yerlə yeksan olmuşdu
Əziz Şərifin `Molla Nəsrədin`in 30 illiyi ilə bağlı `Literaturnıy Azərbaycan`da çap etdirdiyi məqalə çox baxımdan diqqətəlayiq mənbədir. O yazıda mühüm həqiqətlər var. Hətta `Molla Nəsrəddin` jurnalında gedən yazıların gerçək müəlliflərini öyrənmək üçün xeyli ipucu var məqalədə.
Qəlbini bolşevizmə təslim etmişlərdən olan müəllif, yazısına çox qiymətli bir yekun vurmuşdur. O, jurnalın və Məmmədquluzadənin fəaliyyətinin geniş şərhini verdikdən sonra yazır:
`Yeni şərtlər(sovet rejimi-M.V) yeni yanaşma, yeni məzmun, yeni güc istəyirdi. Lakin özünün parlaq istedadına baxmayaraq Məmmədquluzadə hakimiyyətə gəlmiş fəhlə sinfinin gözləntilərini təmin edə bilmədi. `Molla Nəsrəddin` jurnalının adı dəyişdirilib `Allahsız` qoyuldu. Beləcə, türk mədəniyyətində olan ilk satirik jurnalın varlığı sona yetdi`
Mirzə Cəlinin həm şəxsiyyət, həm də ədib olaraq faciəsi məhz Əziz Şərifin yazdığı bu məqamdadır: ədibin bolşevizm gözləntiləri.
Mirzə, dostu Nərimanova, bolşevizmə, ədalətli dəyişikliyə inanmış, aldanmışdı. Bu, elə bir aldanış idi ki...
Aldanmaq sözünü min qat aldanmaqla yükləsən belə Mirzə Cəlilin faciəsini ifadə etməz. Mirzə öz bolşevizm gözləntilərində faciəli şəkildə aldanmışdı. Mirzə zənn etmişdi ki, bolşevizm yalnız onun nifrət etdiyi zadəgan sinfini məhv edəcək, sıra ona gəlməyəcək. Mirzə yanılmışdı.
Mirzə Cəlil Nərimanovun israrlı təkidi ilə Təbrizdən döndükdən sonra gördüklərindən dəhşətə gəlmiş, başına gələnlərdən sarsılmışdı. Təbrizdə xan kefində yaşayan, istədiyini yazan, yeri gələndə hikkəsini yeridən Mirzə Cəlil, Bakıda bir parça çörəyə möhtac qalmış, başının üstünü bolşevik senzorlar kəsmişdi.
Həmidə Xanımın varı, dövləti, mülkiyyəti əlindən alınmış, böyük ailə ağır bir yoxsulluğa düşmüşdü. Mirzənin ağlına gəlməyən başına gəlmişdi.
Böyük ədibin bütün fikirləri, bildikləri, etdikləri, güvəndikləri... yerlə yeksan olmuşdu.
Əslində, Mirzə Təbrizdən geri qayıtmaq istəmirdi.
Nərimanovun təkidləri - teleqramları onu yerindən edə bilməzdi. Çünkü 1920-ci ilin may üsyanında bolşeviklərin törətdikləri qətliamı öz gözləri ilə görmüşdü. Təbrizdə isə `Molla Nəsrəddin`in bazarı tutmuşdu, jurnal sevilmişdi. Hətta hökumətin yasağı ilə jurnalın çıxmadığı gün Təbriz bazarı üsyan etmiş, baqqallar, tüccarlar `Molla` çıxmasa, biz də çıxmayacağıq` deyib dükanları bağlamışdlar.
Şəhər valisi geri çəkilməyə məcbur olmuşdu.
Mirzə Cəlili Həmidə Xanımın inadı Təbrizdən Bakıya dönməyə vadar etdi. Həmidə Xanım, günlərlə sürən mübahisələrin yekununda `sən getməsən də mən gedəcəm` dedi.
Bu isə başqa bir yazının mövzusudur...
Mehriban Vezir
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.