DİLİCAN DƏRƏSİ VƏ CON KİRAKOSYAN

Dünən, 11:34           
DİLİCAN DƏRƏSİ VƏ CON KİRAKOSYAN
Qardaşım əvvəlcə fotoları göndərdi. Arxasınca zəng vurdu, “Kirakosyanın kitabını oxuyuram” dedi. “Niyə məhz o kitabı?” deyə sordum. “Papa son illər sürəkli bu kitabı vərəqləyirdi. Stolüstü kitabına çevrilmişdi”, - özünə xas sakit və titrək bir səslə cavab verdi…
1986-ın iyul ayında qohumlarla Bakıdan Şuşaya getmişdik (Bu mənim Şuşaya, Qarabağa son gedişim olacaqdı). Bir həftə Şuşa və ətrafını gəzəndən sonra maşınla Laçına, oradan da Ermənistan sərhəddini keçib Gorus üzərindən Göyçə (indiki Sevan) gölünə keçdik. Bir gün də orada qalandan sonra Dilican dərəsinə - Qazax camaatının dədə-baba yaylaq yerinə gəldik.
Qazaxlılar üçün Dilican deyəndə yada ilk düşən Səməd Vurğun və məşhur şeirinin məşhur misralarıdır:
..Yenə səni gördüm Dilican dərəsi,
Yadıma çox köhnə zamanlar gəlir.
Ömür dedikləri bir karvan yolu,
Nə canlar gedərək, nə canlar gəlir...
Ancaq bizim ailəmiz və xüsusən də mənim üçün Dilican mənim valideynlərimin gəncliyi, “dağa getmələri” (yayda yaylağa getməyə belə deyirlər), sazlı-sözlü qonaqlar və söhbətlər, keçmişdə qalmış xoş xatirələr və nəsə çox saf, məsum duyğular idi. Bakıda doğulmuş bir uşağın yay tətillərində qoxusu burnundan getməyən baba ocağına getmək idi həm də Dilican…
Və 1986-da dayım Dilicanda, Qalavino adlı malokan kəndində yay tətili üçün 2 ev kirələmişdi – bir ev bizim ailəyə, bir ev də dostum Fərhad və onun həyat yoldaşına. İki ay Qalavinoda, ətrafdakı meşələrdə gözəl günlər keçirdik, dağlara çıxdıq, ot biçdik, at mindik, dağ çiyələyi topladıq bol-bol, buz kimi bulaqlardan su içdik.
Dilicana qazaxlılar öz torpaqları kimi baxırlar. Çünki inzibati olaraq Dilican Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasına bağlı idi. Ona görə də mən özümü çox rahat hiss edir, babalarımın torpağında qəribə bir əda ilə dolaşırdım.
Qalavinodan Dilicana, şəhər mərkəzinə 3-4 km idi. Şəhərdəki gölün yaxınlığında böyük kitab mağazası vardı. Oradan Bakıda satılmayan kitablar alırdım...
Con Kirakosyan (1929-1985) ermənilərin tanınmış tarixçi alimi və dövlət xadimi olub. Onun yeni erməni tarixi, 1915-ci il hadisələri və erməni məsələsi ilə bağlı əsərləri var. Kirakosyan 1975-1985-də Ermənistan SSR-in Xarici işlər naziri vəzifəsində çalışmış və «Младотурки перед судом истории» (“Gənc Türklər tarix məhkəməsi qarşında”) kitabını da məhz o illərdə yazmışdı.
Dilicanda aldığım kitablardan biri Kirakosyanın bu kitabı idi..
İstədim bu kitabla bağlı kiçicik xatirəmi yazım və bir az “forslanım”. “Forslanım” ki, 35-40 il əvvəl necə kitablar oxumuşam..
https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.