"Mən elə hey düşündüm ki, yaşamağı öyrəndim, sən demə ləyaqətlə ölməyi öyrənmişəm" Rövşən Cavadov

Bu gün, 00:01           
"Mən elə hey düşündüm ki, yaşamağı öyrəndim, sən demə ləyaqətlə ölməyi öyrənmişəm" Rövşən Cavadov
17 mart 1995-ci ildə, 30 il öncə Azərbaycanın qeyrətli övladlarından biri, millətimizin, xalqımızın fəxri Rövşən Cavadovun qətl edildiyi gündür.
Bu gün əksər insanlar qorxub onun adını çəkə bilməsə də, qəlbində hər kəs bilir Rövşən Cavadov və onun kimi bir çox şəxslər xalqın əsl, həqiqi qəhrəmanlarıdırlar.
Özü də xüsusi vurğulayım: Rövşən Cavadov 10-cu dan karateçi idi. Yaponiyada keçirilən Dünya Çempionatında yaponları məğlub edib 1-ci yeri əldə edib.
1990-cı ilin noyabr ayında doğulduğu Laçın torpağında 60 nəfərdən ibarət batalyon yaradaraq komandir oldu. Bu batalyon 1993-cü ildə artıq sayı 3000 (üç min) nəfərə çatan,Xüsusi Təyinatlı Polis Dəstəsinə çevrildi.
Xüsusi Təyinatlı Polis Dəstəsinin başçısı olan Rövşən Cavadovun Əfqanıstan, Çeçenistan, İran, Türkiyə, Pakistan və hətta ABŞ xüsusi təyinatları içərisində o qədər nüfuzu var idi ki, onun bir çağrışı ilə yüzlərlə insan Azərbaycan üçün döyüşməyə gələ bilərdi və gəlmiş idilər də. Şirvan yaxınlığında onu şəxsən tanıyan Amerika və Türkiyə zabitləri onun xüsusi dəstəsi üçün peşəkar hərbi təlimlər də keçiblər. Horadizin erməni işğalından azad edilməsi, Ağdam yaxınlığında 150 nəfərə qədər erməninin əsir götürülməsi, Ağdərənin Heyvalı kəndində erməni düşərgəsinin məhv edilməsində XTPD-nin böyük rolu olub.
Siyasətdən uzaq bir Rövşən Cavadov barədə yazmaq istəyirəm.
" Biz ölməyə deyil, öldürməyə gedirik"-deyə əsgərlərə müraciət edən bir Komandir barədə, hansı ki, döyüş başlanan kimi ilk olaraq önə keçən, sinəsini düşmən qarşısına qoyub kürəyi ilə əsgərləri qoruyan bir Qəhrəman barədə yazmaq istəyirəm.
Döyüşçülərinə qardaş kimi baxırdı, heç kimə fərq qoymurdu. Hər döyüşçünü itirəndə sanki atasını, qardaşını itirirdi, bərk sarsılırdı.
Çoxları bu faktı bilmir, amma 1993-cü ildə Rövşən Cavadova "Milli Qəhrəman" adının verilməsi məsələsi qaldırılmışdı. İctimaiyyət xadimləri, siyasətçilər, hərbiçilər və onu sevən hər kəs istəyirdi ki, haqqı olan adı alsın. Bu barədə ona deyiləndə bircə kəlmə demişdir:
“Mən Azərbaycan vətəndaşıyam və bu gün əgər Azərbaycanın torpaqları işğal altındadırsa, doğulduğum Laçın işğal altındadırsa, mən o qəhrəman adını qəbul edə bilmərəm".
Rövşənin bu cürə olmasının səbəbi ailəsi idi, atası rəhmətlik Bəxtiyar kişi də, anası Tamara xala da öz yüksək mənəvi xüsusiyyətləri ilə Ona nümunə olub.
Onu şəxsən tanıyan adamlardan biri qeyd edir ki, Rövşən Cavadovun nazir müavini olmasına baxmayaraq evi təmirsiz idi. Anası və ailəsi ona təmir etdir evini deyəndə, O, “Nə vaxt çadırlardakı on minlərlə qaçqın öz yurd-yuvasına qayıdıb dağılmış evlərini bərpa edəcəklər, onda da mən sizin evinizi təmir etdirəcəyəm”-cavabını verib.
Rövşən Cavadov Şuşada olarkən Tamerlan Qarayevlə birlikdə Laçına getmək lazım gəlir. 21 nəfərin uçduğu vertolyotu Şuşa ilə Laçın arasında ermənilər vururlar. Vertolyot Turşusuda yana-yana dağın üstünə enməyə məcbur olur. Rövşən göydə ikən qapını açıb əli ilə qapını saxlayır. Sonra adamlar tez-tez yerə tökülürlər. Vertolyot aşarkən Rövşən özünü yerə tullayır. Orada qıçından da ağır xəsarət alır. Rövşən belə adam idi. Öz həyatını başqasına qurban verməyi bacarırdı.
Xocalı soyqırımından bir iki gün sonra Rövşən Cavadov dəstəsi ilə Əsgərana gedirlər və xeyli sayda erməni məhv edilir.Ölümü seçən Rövşən Cavadov və dəstəsinin qurtulmaq ümidləri də yox idi. Amma qərərgah rəisi mayor A.Rəhimov yenidən risk edərək vertolyotla onların köməyinə gəlir və itki vermədən Rövşən Cavadov və döyüşçüləri ərazini tərk edə bilirlər.
Qeyrət simvolu olan bu insan Rövşən kimi yaşadı, Rövşən kimi də öldü.
Laçını dünyalar qədər sevən Rövşən Cavadov və doğma Laçının adını daşıyan oğlu Laçın Cavadov ruhlarınız şad olsun. Laçın artıq bizimdir. Laçınlılar doğma yurda qayıdır. Sizin də ruhlarınız ordadır, qoruyun Laçını, laçınlıları
Biz SƏNİ unutmadıq RÖVŞƏN CAVADOV və unudlmağa da izn verməyəcik!
Ruhun şad olsun KOMANDİR
Vaxtilə böyük yaxşılıq etdiyin Zaur Əliyev, dosent
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.