İSLAM TARİXİNƏ DAİR YANLIŞ BİLGİLƏR
31-03-2025, 09:54

İllər uzunu araşdırmalarla bu nəticəyə gəlmək olur ki, İslamın xüsusən VII əsr və sonrakı dövrü ilə bağlı çoxlu sayda təhriflər və saxtalaşdırmalar var. Bu total təhriflər başlıca olaraq Əməvi və Abbasi sülalələrinin, qismən də Kərbəla hadisəsindən sonra Ərəbistanın güneyində və qərbində meydana çıxan Zübeyrilərin əməlləridir. Məqsəd İslam tarixini təhrif etməklə ərəblərə saxta tarix yaratmaq olub. Bu da təsadüfi deyil. Peyğəmbərin ortaya çıxdığı dönəmdə şimalda yunan-roma tarixinə bağlanan Bizans, şərqdə pers Əhəmənilərin tarixinə söykənən Sasani, qərbdə azı 3 min illik dövrə istinad edən dini-tarixi ədəbiyatlar yazıb qürrələnən yəhudilər, cənubda isə qədim Misir və Həbəşistan vardı. Səhrada eşşək qovan və nəzərəçarpacaq dövlətçilik tarixi də olmayan bədəvi ərəblərin özlərinə qədim bir tarix icad etməyə ehtiyacları vardı. Beləliklə, bu gün istər cəmiyyətdə, istər tarixçilər arasında, istərsə də sünnili-şiəli dindar cameədə İslam tarixi adına çoxlu sayda doğru bilinən yanlış təsəvvürlər diqqət cəlb edir. Akademik səviyyədə İslam tarixşünaslığı bu günə kimi tədqiq edilmədiyinə və ayrı-ayrı dövrlərə aid yazılmış əsərlərin də obyektivliyinə məzhəblərin göz görəsi təsiri olduğuna görə, bu sahədə kifayət qədər qeyri-dəqiqliklər və boşluqlar var. Hər məzhəb də özündən tarix hekayələri uydurmaqda yaxud uydurulmuş əhvalatları topluma yedirtməkdədir. Bu səbəbdən vaxtaşırı İslam tarixinə dair təhriflərlə bağlı qısa paylaşımlar etməkdə fayda var.
VII ƏSRİN ƏVVƏLİNDƏ MƏKKƏ
Çoxları yanlış yerə VII əsrin Məkkəsi deyəndə göz önünə çoxsaylı əhalisi olan şəhəri gətirir. O dövrə aid dəqiq statistik məlumatlar yox dərəcəsində olsa da, qeyd olunmalıdır ki, Məkkə həmin dövrdə ətraf coğrafiyada mövcud olan şəhərlər arasında ən kiçiklərindən biri idi və ortalama 4000-5000 əhalisi vardı. Xatırladaq ki, həmin dövrdə Asiya qitəsində ən böyük şəhərlər 300.000-500.000 arası əhalisi olan bu günkü İstanbul (Konstantinopol), təxminən 300.000 əhali ilə Ktesifon (Sasani başkəndi Mədain), Çindəki Çanqan (500.000-dən artıq əhali ilə) və Loyan (350.000 civarında əhali ilə) şəhərləri, eləcə də Xorasan bölgəsindəki Nişapur (120.000-ə yaxın əhali) sayılırdı. Qüdsdə o dövrdə aşağı-yuxarı 50.000-100.000 arası, Misir başkəndi Fustatda isə 20.000-30.000 arası əhali yaşamaqda idi. Beləliklə, VII əsrin ilk onilliyində, bizlərin təsəvvürlərinin əksi olaraq, Məkkə müasir dövrdə 3.000-5.000 arası əhalisi olan bir kəndə yaxud kiçik qəsəbəyə bənzəyirdi və burada cəmi bir neçə 2 mərtəbəli varlı evi istisna olmaqla, bütün evlər bir mərtəbəli daxmalar idi. Gerçək budur ki, Azərbaycandakı Bərdə, Beyləqan, Girdimanda Məkkədən çox əhali yaşayırdı.
P.S.: qeydlərdə süni zəka proqramlarının da köməyindən istifadə olunub.
Ceyhun Bayramli
TEREF