İSLAM TARİXİNƏ DAİR YANLIŞLAR – 4 QARA DAŞIN (Həcərül-əsvəd) TARİXÇƏSİ VİDEO

31-03-2025, 10:24           
İSLAM TARİXİNƏ DAİR YANLIŞLAR –
Müsəlmana təlqin olunanlar:
“Qara daş Peyğəmbər tərəfindən Kəbə evinin divarına yerləşdirilib”
“Ömər peyğəmbərin bu daşı öpdüyünü görüb, ona görə ona toxunmayıb”
“Qara daş müqəddəsdir, çünki Adəm tərəfindən cənnətdən gətirilib”
“Qara daş əvvəl ağ rəngdə olub, sonra insanların günahı ucbatından qaralıb”
“Hz.İbrahim Kəbə evini tikərkən oğlu İsmailə deyib ki, bir daş gətir, onu evin küncünə yerləşdirim ki, insanlar qibləni təyin edə bilsinlər”...
İlk öncə onu qeyd edək ki, İslam dininin ana qaynağı Qurani-Kərimdə bu daşla bağlı heç bir qeyd yoxdur. Və din tarixi üzrə araşdırmalar apararkən ilk nəzərə alınmalı məqam da budur. Qara daşla bağlı yuxarıda qeyd etdiyimiz və müsəlmanların inandığı ehtimallar da yalnız peyğəmbərdən təxminən 3 əsr sonra ərsəyə gətirilmiş hədis külliyyatlarında yer alır. Tarixi mənbələrə gəlincə, bu daş barədə ilk dəfə xatırlatma edən VIII əsr mənbə müəllifi İbn İshaqdır ("Siyərətü Rəsulallah" əsəri), o, hamının razılığı ilə Qureyş qəbiləsi içində barışıq yaratmaq üçün bu daşın gənc Muhəmməd tərəfindən Kəbə divarına yerləşdirildiyini (miladi 605-ci ildə) iddia edir. IX əsr mənbə müəllifi İbn Hişam da "Siyrətü İbn Hişam" əsərində Qara daşın vaxtilə Hz.İbrahim tərəfindən Kəbənin divarına qoyulduğunu yazır. Təbəri də (IX əsr) İbn İshaqın rəvayət etdiyi hadisəni təkrarən qeyd edir. XII əsr müəllifi Əs-Suhayli də eyni məzmunda rəvayətləri qeyd edib. Beləliklə, İslam dünyasında Qara daş haqqında ilk dəfə peyğəmbərdən təxminən 150 il sonra yazılıb, nə peyğəmbər dövrünə aid sənədlərdə, nə də ondan öncəki dövrlərə aid heç bir ədəbiyyatda bu daş barədə məlumata rast gəlinmir.
Ehtimal var ki, Qara daş VI əsrin sonu-VII əsrin əvvəllərində indiki Məkkədə yerləşən Kəbənin içində saxlanılırdı və cahiliyyə dövrünün ənənələrinə görə onu da digər bütlər kimi müqəddəs bilirdilər (Əbu Vail Şakik ibn Sələmə belə yazır). Lakin bu daşın ondan əvvəlki dövrlərdə Kəbə evində olması barədə tarix elminə heç bir sənəd-sübut məlum deyil. Bu haqda yalnız şifahi rəvayətlər və dini ənənələrdən danışmaq olar, rəsmi yazılı və ya epiqrafik sübutlar mövcud deyil. Dio Kassius və Pliniy kimi yunan və bizans tarix yazarları isə ərəblərin müqəddəs bir ibadətgahı olmasından yazsalar da, Qara daşla bağlı heç nə demirlər. Eyni hala yəhudi və xristian mənbələrində də rast gəlinir.
Daşın meteorit parçası olması barədə fikir irəli sürənlər əsasən Qərb tədqiqatçıları və geoloqlardır. Ceyms Uelsted (1838) ilk dəfə bu haqda fərziyyə irəli sürüb. Riçard Frensis Burton 1853-cü ildə ilk qeyri-müsəlman kimi müsəlman qiyafəsində Məkkəyə səyahət edərək Həcc ziyarəti edib, ziyarət zamanı daşı diqqətlə incələməyə çalışıb və geri dönərək bu haqda "Personal Narrative of a Pilgrimage to Al-Madinah and Meccah" adlı əsər yazıb. Avstriyalı mineraloq və geoloq Pol Partç isə daşın qara rənginə və ərimiş şüşəyə bənzər teksturasına əsaslanaraq Qara daşın dəmir tərkibli meteorit və ya tektilit (yerə düşən meteorun təsiri ilə əmələ gələn material) ola biləcəyini iddia edib. Edvin Pokoke və Con Braun da ərəb qəbilələrinin meteorit daşını müqəddəs hesab etməsi fikrini dəstəkləyiblər. Müasir tədqiqatçılar bu daşın Bazalt, Obsidian (vulkanik şüşə) və ya Nikellə zəngin bir meteorit parçası olması ehtimalı üzərində dayanırlar.
Göründüyü kimi, Hz.Adəm yerə endirilərkən onun Qara daşı özü ilə gətirməsi, sonralar Hz.İbrahim və sonra da Hz.Məhəmməd tərəfindən bu daşın Kəbə divarına yerləşdirilməsi fikri yalnız ayrı-ayrı hədislərdə qeyd olunur ki, bunlar da hədis külliyyatlarının çox-çox sonralar ərsəyə gətirilməsi və istinad olunan ravilərin bunları həqiqətən deyib-demədiyini müəyyən etməyin mümkün olmaması baxımından ciddi elmi-tarixi dəlillər sayılmır. Hz.İbrahimin Kəbə evini tikərkən oğlu İsmailə insanlar qibləni təyin edə bilsinlər deyə divarın küncünə yerləşdirmək üçün bir daş gətirməyi söyləməsi isə məntiqli deyil, belə ki, Hz.İbrahimin və oğlunun yaşadığı eradan əvvəl XXI əsrdə QİBLƏ məsələsi ümumiyyətlə söhbət mövzusu deyildi. Hətta miladi tarixlə 622-ci ildə Hz.Muhəmmədin Mədinəyə hicrətindən sonra belə bir müddət müsəlman icması üçün Qüds məbədi qiblə istiqaməti kimi götürülməkdə idi. Və Qara daş Hz.İbrahim zamanından bəri qiblə nöqtəsi kimi mövcud olsaydı, Hz.Muhəmməd elə İslama dəvətin ilk dövründən qiblə istiqaməti kimi oranı göstərərdi.
VII əsrdə yaranmış ərəb xilafəti Əməvilərin və sonra Abbasilərin dövründə dini-ideoloji cəhətdən olduqca zəif təməllərə malik idi. Belə ki, xilafət düşüncəsinin Qurani-Kərimdə yer almaması müsəlmanların böyük hissəsinin bu düşüncəni İslamda ön plana çıxaran Əməvi və Abbasi zehniyyətinə qarşı etirazına, hakim sülalələrə qarşı VII-IX əsrlərdə ön və orta Asiya xalqlarının ard-ardına üsyan etməsinə səbəb olmuşdur. Zübeyrilərin 683-cü ildə Məkkəni özlərinə paytaxt seçməsindən sonra ərəb tarixinin yenidən şəkilləndirilməsi, Kəbənin yenidən tikilməsi, Məkkə və Mədinənin müqəddəsləşdirilməsi Qara daşın da əhəmiyyətini artırdı. Abbasilər hakimiyyətə gəldikdən sonra öz legitimliklərini gücləndirmək üçün İslamın müqəddəs məkanlarına xüsusi önəm verdilər. Kəbə və Həcərül-Əsvəd, İslam dünyasının mərkəzi ibadətgahı kimi, Abbasilərin dini hakimiyyətlərini möhkəmləndirmək üçün vacib idi. İbn İshaqın yuxarıda qeyd etdiyimiz əsəri də Abbasi xəlifələri içərisində aşırı qəddarlığı ilə tanınan Əbu Cəfər əl-Mənsur Dəvaniqinin hakimiyyəti dövrünə təsadüf edir və onun diktəsi ilə yazılmaqla İslam tarixi və ehkamlarına onun məzhəbi baxışlarını əks etdirir. İbn İshaqın əsəri Abbasilərin siyasi və dini məqsədlərinə uyğun tərtib edilmiş deyə bilərik. Abbasilər Həcc mövsümünü siyasi güc nümayişi üçün istifadə edirdilər. Həcc zamanı müsəlmanlar dünyanın müxtəlif bölgələrindən Məkkəyə axışırdı və burada Abbasi xəlifəsinin adı xütbələrdə çəkilirdi. Qara Daşın müqəddəsliyi vurğulanaraq, onun Kəbədə olması Abbasilərin müqəddəs məkanlara nəzarətinin vacibliyini legitimləşdirirdi. Abbasi dövründə ortodoksal İslam görüşü gücləndirildi və sarayın rəsmi tarixçiləri Kəbənin və Qara Daşın mövqeyini daha da müqəddəsləşdirdi.
Qara daşın müqəddəsliyi və toxunulmazlığı mifinin aradan çıxmasına səbəb olan ən mühüm hadisə miladi 930-cu ildə xilafətə qarşı qatı düşmən mövqedə olan ifrat şiə Qərmətilərin Məkkəyə hücumu və Qara daşı Kəbədən çıxarıb özləri ilə Bəhreynə aparmalarıdır. Abbasilər təbii ki bu addımı İslama qarşı analoqu olmayan düşmənçilik kimi qələmə versələr də, Qərmətilərin özlərinin mövqeyi İslamın hər cür bütləşdirmə və fetişləşdirmədən uzaq Tövhid dini olması ilə bağlıdır, onlara görə, İslama sonradan gətirilmiş Qara daş insanlar tərəfindən bütləşdirildikcə Tövhid əqidəsi cahiliyyə dövrünün müşrik düşüncəsi qarşısında arxa plana keçirdi, bu səbəbdən “daşlaşmış doqmaları sındırmaq Tövhid əqidəsi baxımından mühüm idi”. Beləliklə, Qara daş 21 ilə yaxın Qərmətilərin idarə etdiyi Bəhreyn dövlətində saxlanıldı, hətta onun Allahın nəzərində heç bir önəm daşımadığını əyani göstərmək üçün Qərmətilər Həcərül-əsvədi bir neçə hissəyə parçalayıb bölməklə ayaqaltı daşına çevirdilər. Məqsəd Qara daşla bağlı yaradılmış mifləri dağıtmaqdan ibarət idi. Təbii ki, bundan sonra hər hansı fəlakət, zəlzələ və ya ilahi əzab kimi yozula biləcək bir hadisə baş vermədi. Abbasi hökmdarları nəhayət 951-ci ildə sandıq-sandıq qızıl verməklə Qara daşı Qərmətilərdən alaraq hissələrini bir gümüş çərçivə daxilində birləşdirərək təkrarən Kəbə evinin divarına yerləşdirdilər. Bu hadisə Abbasilərin Qara Daşı İslamın ayrılmaz hissəsi və müqəddəs əlaməti kimi təqdim etməsinə səbəb oldu. Onlar üçün bu, öz hakimiyyətlərini dini baxımdan yenidən gücləndirmək üçün fürsət idi. Ərəb zehniyyətinə bir neçə nəslin keçməsi lazım gəldi ki, Qara daşı yenidən İslam dünyasında mühüm atribut olaraq mənimsətsin.
Beləliklə, söylənilənlər fonunda Qara daşla bağlı bu gün İslam dünyasında formalaşmış fikirlərin ciddi elmi-tarixi, dini-məntiqi dəlillərə söykənmədiyini, Qurani əsasının olmadığını söyləyə bilərik. Qara daş tarixin müxtəlif dövrlərində olduğu kimi, bu gün də Səudiyyə Ərəbistanının dini turizm siyasətinə xidmət edən önəmli faktorlardan biri kimi qalmaqdadır.
Ceyhun Bayramli
TEREF













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.