Böyüklərin dərzisi – Brejnev İqmandın qarşısında 1 saat alt paltarında oturub.

Dünən, 17:54           
Böyüklərin dərzisi –
Ən yeni tarix. Maraqlı faktlar.
O, SSRİ-nin siyasi elitasını, tanınmış incəsənət xadimlərini “geyindirib”, Leonid Brejnev baş katib olduğu dövrdə öz qarderobunu yalnız ona etibar edib, daxili işlər naziri Nikolay Şelokov, Brejnevin kürəkəni Yuri Çurbanov, Nazirlər Sovetinin sədri Nikolay Tixonov və digər yüksək ranqlı məmurlar onun müştəriləri olublar.

Beləliklə də, Aleksandr İqmand Kreml “ailə”sinin üzvlərindən birinə çevrilib.
Hər şey Brejnevin isti cənub ölkələrinə səfərindən başlayıb. Həmin ərəfəni Aleksandr İqmand belə xatırlayıb:
“Mərkəzi Komitənin işlər idarəsinin tabeliyində olan atelyedə işləyirdim. Bu atelye yalnız Mərkəzi Komitə və Nazirlər Sovetinin işçilərinə, onların ailə üzvlərinə xidmət edirdi.
Adi iş günlərinin birində atelyenin direktoru mənə dedi ki, hazırlaş, indi gəlib səni aparacaqlar. Hara gedəcəyimi demədi. Arxamca maşın gəldi, nömrələrinə baxdım, dövlət maşını idi.
Biz əvvəlcə Xarici Ticarət Nazirliyinə getdik. Nazirin kabinetində mənə bir neçə yay parçası göstərdilər və bu parçalardan kostyum tikməyin mümkünlüyünü soruşdular.
Mən parçalara diqqətlə baxdım, xarici istehsal idi, keyfiyyətinə isə söz ola bilməzdi. İnamla cavab verdim ki, əlbəttə, olar. Sonra məni başqa bir maşına otuzdurdular, yenə də hara gedəcəyimi bilmirdim. Bir azdan maşın Kremlin həyətinə daxil oldu.
Mühafizəçilər məni Brejnevin kabinetinə apardılar. Çox həyəcanlı idim. Cavan vaxtlarım idi, baş katibin qarşısında dayanmaq mənə o qədər də asan gəlmirdi.
Amma Brejnevin xoş münasibəti bu həyəcanı beş-on dəqiqədən sonra aradan qaldırdı. Brejnev parçalara baxdı, xoşuna gəldi, kostymların hansı formada tikiləcəyini mənə başa saldı. Düçündüm ki, ölçüləri götürmək üçün vaxt təyin edəcək. Düşündüyüm kimi olmadı. O, üzünü mənə tutdu:
- Aleksandr, mən isti ölkələrə səfərə çıxıram. Kostyumlar tez hazır olmalıdır. Parçalar xoşuma gəldi, qaldı sənin işinin xoşuma gəlməyi. Buyur, ölçüləri götürə bilərsən.
Mən kiçik çantamı açıb, lazım olanları götürdüm və ona yaxınlaşdım, pencəyini çıxarmağı xahiş etdim. Bu məqamda o, mənə irad bildirdi:
- Pencəyi anladım, bəs şalvarı necə, onu da çıxarım?
- Xeyr, Leonid İliç, ona ehtiyac yoxdur.
- Yox, Aleksandr, sən səhv edirsən. Mənim Qazaxstanda bir dərzim var idi. O ölçüləri həmişə şalvarın üstündən götürürdü və həmişə də tikdiyi şalvarların ölçülərində problemlər olurdu.
Susmağa məcbur oldum.
Qarşımda dayanan adi “müştəri” deyildi. Heç nə demədim. Brejnev soyundu və alt paltarında qarşımda əsgər kimi farağat formasında dayandı. İşə başladım. Birinci kostyumun ölçülərini götürdüm. Sonra o, digər parçanı başqa formada tikməyi mənə anlatdı, şalvarı bir az enli, pencəyi isə idman stilində bir az qısa.
Beləliklə, bir saata yaxın alt paltarında kabinetdə gəzən Brejnevlə həmsöhbət oldum.
İşimi sona çatdırdıqdan sonra o dedi ki, mən sənə lazım olanda birbaşa mühafizə rəisi Aleksandr Ryabenko ilə əlaqə saxlayım. Kostymlar hazır olanda Ryabenkoya zəng vurdum, bildirdim ki, tamamlama işləri üçün kostyumları Brejnev geyinməlidir. O, vaxt təyin etdi, səhərisi arxamca maşın gəldi.
Bu dəfə Kremlə yox, Brejnevin bağ evinə getdik. Bağ evində elə yüksək səviyyədə qarşılandım ki, az qala özümü Fidel Kastro kimi hiss edirdim.
Brejnev kostymları bir-bir geyindi, yataq otağındakı iri güzgünün qarşısında diqqətlə özünə baxdı və dedi:
- Aleksandr, heç gözləməzdim.
Düşündüm ki, kostymlar baş katibin xoşuna gəlməyib. O isə özünə güzgüdə baxa-baxa fikirlərini davam etdirirdi:
- Gözləməzdim ki, sən bu qədər peşəkar və zövqlüsən.
Ürəyim yerinə gəldi və çox sevindim. Əvvəlcədən bilirdim ki, Brejnev yaxşı geyinməyi sevir, onu da bilirdim ki, baş katib həm də kaprizlidir. Bu görüşdən sonra mən Brejnevin şəxsi dərzisi oldum. Çox vaxt o özü məni yanına çağırtdırırdı. Əsasən bağ evinə gedirdim, bəzən məni süfrəyə də dəvət edirdi...”
Yazıçı Anastasiya Yuşkovanın Aleksandr İqmandın xatirələri əsasında qələmə aldığı “Aleksandr İqmand: Mən Brejnevi geyindirmişəm” kitabında İqmandın Brejnevin kabinetdən kənar həyatı ilə bağlı maraqlı xatirələr də yer alıb:
“Brejnev bazar günü məni bağa dəvət etmişdi. Daha doğrusu, ona tikdiyim yeni marşal formasını aparırdım.
Geyindi, otaqda qürürla var-gəl etməyə başladı. O, formada özünü daha güvənli sayırdı. Formaya görə mənə təşəkkür etdi. Bu məqamda tanımadığım bir şəxs içəri daxil olub bildirdi ki, ABŞ-la rabitə əlaqəsi yaradılıb. Brejnev iş masasının arxasına keçdi, telefonun dəstəyini qaldırıb SSRİ-nin ABŞ-dakı səfiri Dobrıninlə calaşdırmağı göstəriş verdi. Bir neçə dəqiqədən sonra telefon zəng çaldı. Brejnev dəstəyi qaldırmadan mikrafonun düyməsini basdı. Okeanın o tayından səs gəldi:
- Alo, Leonid İliç, mən sizi eşidirəm.
Səs yuxulu idi, vaxt fərqinə görə ABŞ-da gecə idi. Brejnev cavab verdi:
- Mən qərara gəldim ki, rabitəni yoxlayım.
- Mən sizi aydın eşidirəm, Leonid İliç.
- Yaxşı, onda sonra danışarıq.
Brejnevə dedim ki, orada gecədir, səfir yatmışdı. Gülə-gülə cavab verdi:
- SSRİ-nin Amerikadakı səfirinin yatması bütün SSRİ-nin yatması deməkdir. O, həmişə oyaq olmalıdır.
Danışıqdan sonra Ryabenko içəri daxil olub ova getmək üçün maşınların hazır olduğunu bildirdi və yerinə düşməyən bir məsələni də baş katibin diqqətinə çatdırdı:
- Leonid İliç, Moskvanın ərzaq mağazalarında süd tapılmır. Bu gün həyat yoldaşım bütün mağazaları gəzib.
Brejnev dərhal reaksiya verdi:
- Məni təcili ət və süd məhsulları sənayesi naziri ilə calaşdırın.
Saniyələr ərzində telefon zəng çaldı. Brejenv dəstəyi götürdü:
- İndi burada mənim mühafizə rəisim bildirir ki, mağazalarda süd tapılmır. Onun həyat yoldaşı bütün mağazalarda olub.
- Leonid İliç, problem bu gün həll olunacaq.
- Problem mənim zəngim olmadan həll olunmalı idi. Siz həyat yoldaşınıza deyin ki, hər gün mağazaları gəzsin və sizə vəziyyəti məruzə etsin.
Sonra Brejnev mənə onunla birgə ova getməyi təklif etdi. Razılaşdım. O, sükan arxasına özü keçdi. Biz Klina rayonu istiqamətinə üz tutduq və çox keçməmiş baş katibin avtomobili tıxaca düşdü. Brejnev maşındakı telefonu götürüb kiməsə zəng vurdu:
- Kolya, bu nə məsələdir, baş katib yola çıxır və tıxaca düşür. Bu yolları 5-10 dəqiqəlik təmizləmək olmazdı?
Dedi və dəstəyi yerinə qoydu. Mən sonra bildim ki, Brejnevin Kolya dediyi bu adam SSRİ daxili işlər naziri Nikolay Şelokovdur...”
Aleksandr İqmand öz xatirələrində Brejnevin “xəsisliyindən” də söhbət açıb. Bildirib ki, adətən yaxın ətrafı üçün səxavətli olan baş katib, ona yalnız ikiotaqlı mənzil verməklə kifayətlənib.
Qeyd edək ki, Aleksandr İqmand 1942-ci ildə Maqnitaqorskda anadan olub. Orta məktəbi bitirdikdən sonra metallurgiya texnikumuna daxil olub.
O, bu təhsilini yarımçıq qoyaraq fərqli bir sahəyə üz tutub. Moskva Yüngül Sənaye Texnikumunda, sonra isə Moskva Tekstil İnstitutunda ali təhsil alıb. O, əmək fəaliyyətinin böyük hissəsini Mərkəzi Komitənin işlər idarəsinin tabeliyində olan xüsusi atelyedə keçirib və SSRİ-də ən tanınmış rəssam-modelyer kimi məşhur olub.
Aleksandr İqmand 2006-cı ildə, 64 yaşında vəfat edib.
İlham Cəmiloğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.