Xalq qəhrəmanı Sultan bəy Əlipaşa bəy oğlu Sultanov
Dünən, 09:04

Bu xalq elə bir tarixi köklərə bağlıdır ki, tarixin müəyyən zamanlarında dövlətçiliyimizin başında qara buludlar əsəndə ayrı-ayrı yerlərdə olsa da, xalq yenə hansısa bir qəhrəmanının çevrəsində birləşərək düşmənə qarşı mübarizə aparıb. Bu qəhrəmanlarımzdan biri də Sultan bəy Sultanovdur. O Sultan bəy ki, Zəngəzurun kiçik bir obasında dünyaya gəlsə də, xalqımızın dar günündə düşmənə qarşı apardığı mübarizəsi ilə səsi-sorağı Azərbaycanın hər yerinə yayılmışdı. Bu o Sultan bəydir ki, onun adı belə düşmənlərinin canına qorxu salırdı.
Xalq qəhrəmanı Sultan bəy Əlipaşa bəy oğlu Sultanov 1871-ci ildə Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasında doğulmuşdur. Hazırda Laçın rayonunun Kürdhacı kəndi adlanan o kəndin əslində adı Qurdqajı olub. Car Rusiyasının Azərbaycanı işğalından sonra bir sıra yer adlarımızın ya qəsdən dəyişdirilməsi, ya da rus dilinə uyğunlaşdırılması baş vermişdi ki. bu kəndlərdən biri də Qurdqajı kəndinin adı idi. Rəsmi sənədlərdə Kürdhacı adlandırılan bu oykonim yerli əhalinin dilində Qurdqajı kimi tələffüz edilir və "qurd dərəsi", "qurd aşırımı" şəklində izah olunur. Kəndin adının belə dəyişməsi rus dilində olan dəftərxana qeydlərindən və ədəbiyyatdan uğursuz tərcümənin nəticəsidir
Sultan bəyin milli qəhrəmana çevrilməsi 1905-ci il hadisələri ilə bağlıdır. O dönəmdə Azərbaycan türklərinin dəstələrdən birinə Sultan bəyin atası Əlipaşa bəy başçılıq edirdi, onun isə ən yaxın yardımçısı böyük oğlu Sultan bəy idi. Sultan bəyin fəaliyyətinin ikinci hissəsi 1918-ci il olayları ilə bağlıdır. 1918-ci ildən başlayan erməni vəhşiliyi və işğalına qarşı Sultan bəyin başçılıq etdiyi silahlı milis dəstələrinin bölgədəki türk kəndlərinin mühafizə olunmasında mütəsna xidmətləri olmuş, Zabux dərəsində mühasirəyə alının Andranıkın dəstəsinin əsas hissəsi məhv edilmiş, Qaragöl ətrafında toplanan çoxsaylı erməni silahlıları məğlub edilmiş və onlardan 600 nəfər əsir alınmış, Azərbaycanın güney torpaqlarına keçmək istəyən yüzlərlə erməni silahlısı Araz çayı yaxınlığında Sahil əməliyyatı ilə məhv edilmiş, Zəngəzurda onlarla kənd erməni silahlılarından təmizlənmişdir.
1920-ci ildən sonra Azərbaycanda Sovet imperiyası öz hakimiyyətini qurdu. Bu vaxtdan etibarən Azərbaycan bəyləri öz vətənlərində qaçaq vəziyyətində yaşamağa başladılar. Onlar elə arxalanır, onları el saxlayırdı. Sultan bəy Sovet Hakimiyyətindən qaçaq vəziyyətdə Kürdhacı kəndində "Gorgahat"ın (çox sıx meşəlik) meşəsində, bir yarğana pənah gətirmiş, yarğanda gizlənirmiş. Ermənilərin hiylələri ilə bolşeviklər Sultan bəyə yeni sui-qəsd hazırlayırdılar. Yaranmış vəziyyətin mürəkkəbliyini dərk edən Sultan bəy Türkiyə dövlətinə müraciət etdikdə Türk dövləti 1923-cü ildə hər iki qardaşı – Sultan bəy ilə Xosrov bəyi rəsmi keçidlə qarşılayıb Qars vilayətinin Köçqoy mülk və malikənə verərək təhlükəsiz həyat şəraiti ilə təmin edir.
Sultan bəy 1942-ci ildə Qars ətrafında, Köçkoy kəndində vəfat etmiş və orada dəfn olunmuşdur.
Sultan bəyin mühacirət həyatı haqqında az məlumat var. Nəvəsi Elburus Muradovun dedıyıni görə Adil Laçın (Adil Laçının ulu babası ilə Elburus Muradovun ulu babası doğmaca qardaşdır) adlı şəxsin köməyi ilə o babasının Qars vilayətinin Koçqoy kəndində hələ XIX yüzildən laçınlıların məskunlaşdığını öyrənib. Sultan bəyin Ərzurumda, Konyada dəfn olunması haqda versiyalar mövcuddur. Elbrus Muradov Qars ilinin Koçqoy kəndinə gedərək yerli əhalinin yardımı ilə Sultan bəyin məzarını aşkar etmişdir.
Sultan bəy digər bir xalq qəhrəmanımız olan Teymur bəy Həsənbəyovun qızı Dilruba xanımla ailə qurmuşdu. Onların Ənvər bəy, Çingiz bəy, Yusifkamal bəy adlı oğulları və Bəyim xanım adlı qızı vardı. Qanlı sivet imperiyası Sultan bəyin Azərbaycanda qalan bir sıra ailə üzvlərini Qazaxıstan çöllərinə sürgün edilmişdir. 1956-cı ilə qədər sürgündə qaldıqdan sonra yenidən Azərbaycana gəlmişlər.

Bu gün Sultan bəyin də, qardaşı Xosrov bəyin də və onların timsalında bu yurd uğrunda can verən, can alan bütün şəhidlərimizin də ruhları şaddır ki, uğrunda can verdikləri yurdları azaddır . Gün gələcək, hazırda öz torpaqları özünə sərhəd olan Azərbaycanımızın bütün əraziləri yenə birləşərək Bütöv Azərbaycan qurulacaq.
M.Afət
TEREF