Dəhşət saçan gözəlçələr: “40 fil” bandasının əfsanəvi hekayəti

Bu gün, 00:00           
Dəhşət saçan gözəlçələr:
“Brilyant” xanım şəhəri və dəstə üzvlərini necə qorxu altında saxlayırdı?

XIX-XX əsrlərin sərhədi. London küçələrində bir neçə cinayətkar dəstə fəaliyyət göstərir. Hamısı qarət edir, öldürür və ictimai təhlükə təşkil edir. Amma bir dəstə də var ki, başqalarına heç bənzəmir. Bu, “40 fil” dəstəsidir, yalnız qadınlardan ibarət olan ən qlamur, zərif və təhlükəli qruplaşmadır.

“40 fil” qadın cinayətkar dəstəsi London küçələrində XIX əsrdə fəaliyyət göstərməyə başladı. Onların cinayətləri haqda məlumatlar polis hesabatlarına ilk dəfə 1870-ci illərdə düşür. Tarixçilər dəstənin adını köhnə Londonun cənub-şərq hissəsindəki meydanla əlaqələndirirlər. “Fil və qəsr” - cinayətkarlığın böyük faizi məhz bu rayonda cəmləşmişdi.


Qruplaşmanın həmin ərazidə bir növ mənzil-qərargahının olduğu deyilir. Qrup üzvlərinin dəqiq sayı barədə fikir yürütmək çətindir, amma hücumlarda və qarətlərdə onlarla qadının iştirak etməsi məlumdur. Onların tayı-bərabəri yox idi, ən təhlükəli kişi cinayətkarlarla rəqabət aparırdılar və bütün növ silahlardan əla istifadə edirdilər.

“40 fil”in əsas peşəsi oğurluq və qarət idi. Qızlar geyim mağazalarındakı imtiyazdan gen-bol yararlanırdılar. Alış-veriş zamanı əməkdaşlar həmişə onları tək buraxırdılar ki, paltarları geyinib baxsınlar. Cinayətkar qızlar həmişə özləri ilə çox şey götürür, bəzilərini qaytarır, bəzilərini isə üstlərindəki geyimin gizli ciblərində gizlədirdilər.

Özü də dəstə üzvləri həmişə təzə və bahalı geyimdə olur, səliqəli görünürdülər. Bütün mağaza sahibləri oğru qadınlar haqda eşitmişdilər, amma konkret necə göründüklərini bilmirdilər. Ona görə də paltar seçməyə gələn gözəl və qamətli qadından kimsə şübhələnmirdi.

“40 fil” dəstəsinin fəndləri arasında xeyli qeyri-adi metodlar vardı. Məsələn, bir qız paltarının qolunda saxta qol gəzdirirdi. “Protez” bədənin gerçək əzasını gizlədir, həmin əl də əşyaları gizlicə ciblərə qoyurdu.


“Fil”lərin zərgərlik mağazalarından oğurluq üçün də öz metodları vardı. Qızlardan biri piştaxtaya yaxınlaşır və onun altına çeynənmiş saqqız yerləşdirir, bir neçə üzük göstərilməsini xahiş edir və onlardan bəzilərini saqqıza yapışdırırdı. Bundan sonra heç nə götürmədən gedirdi. Çıxışda onu oğurluqda günahlandıra bilərdilər, amma üst-başını axtaranda məlum olurdu ki, xanımın üzərində heç nə yoxdur. Daha maraqlısı sonra baş verirdi: bir neçə dəqiqədən sonra cinayət ortağı mağazaya gəlir və “qənimət”i götürüb gedirdi.

Kosmetika dükanlarında qadınların başqa sxemi vardı. Bir neçə qadın guya kosmetika baxmaq üçün əyilir, əşyanı bir-birilərinə ötürürdülər. Elə ki, əşya sonuncusuna çatırdı, onu cibinə qoyurdu və dükandan gedirdi. Qızlardan biri işçini yayındırmaq üçün çoxlu suallar verir, gah bir, gah başqa məhsulu göstərməsini istəyirdi.

Polisin təqibindən qurtulmaq üçün qızların başqa metodu vardı: bu zaman onlar sürətli avtomobillərdən istifadə edirdilər. Oğurlanan şeylər ortağa verilir, o da gözə dəymədən cinayət yerindən uzaqlaşırdı. Qalan qızlar isə sürətli avtomobilə oturub guya qaçmağa cəhd göstərirdilər. Polis şübhəli avtomobili təqib edir, qadınları saxlayır, amma axtarış zamanı heç nə tapmırdı. “Qənimət”i saxlayan qadın isə həmin vaxt çoxdan təhlükəsiz yerdə ortaqlarını gözləyirdi.

Oğurluq şeylərdən istifadə etmək qadağan idi: bu halda əlavə şübhələr yarana bilərdi. Bütün “qənimət” nağd pula satılırdı, artıq o pula “halal” şəkildə geyim, zinət və kosmetika alınırdı.

“40 fil” dəstəsinin üzvləri tez-tez zəngin ailələrə qulluqçu və ya dayə kimi işə düzəlir, ya da varlı kişilərlə münasibət qururdular. Bunun üçün onlar saxta pasportlardan, zəmanət məktublarından istifadə edir, özlərini başqa adlarla təqdim edirdilər.

Güclü lider: dəstənin əsas kraliçası Elis Daymond


Dəstənin əsas kraliçası Elis Daymond adlı qız idi. O, hələ 1916-cı ildə, cəmi 20 yaşı olanda “40 fil”in lideri oldu. Qəzet başlıqlarında “Brilyant Enni” və “Amazon qatil” kimi təqdim olunurdu. Bütün London Elis haqqında xəbərdar idi, hər bir mağaza sahibi dua edirdi ki, ona baş çəkməsin.

Əlbəttə, Daymond soyadı gerçək deyildi, onu brilyantlara olan xüsusi sevgisinə görə qazanmışdı (ingiliscə “diamond” - brilyant deməkdir). Qız bütün barmaqlarında böyük brilyantları olan üzüklər gəzdirir, dalaşanda isə onlardan beşbarmaq kimi istifadə edirdi.

Hündür boyu, gözəl görünüşü və məşum şöhrəti mağazalarda ona əla “tələ yemi” olmaq fürsəti verirdi. O, məharətlə satıcıların diqqətini özünə çəkir və həmin vaxt yoldaşları mağazanı soyurdular.

Elis Daymond “hakimiyyəti” zamanı bir sıra ciddi qaydalar tətbiq etdi. “Fil”lərin xüsusi kodeksi yarandı ki, ona əsasan qarətdən öncəki gün alkoqol içmək və gec yatmaq olmazdı. Başqa bir qaydaya görə, hər bir dəstə üzvü həbsə düşən istənilən yoldaşı üçün alibi təmin etməli idi. Bundan əlavə, bir kişi ilə münasibət qurmazdan əvvəl “kraliça”nın razılığını almaq lazım idi: Daymond həmin kişinin etibarlı olmasını, qızı və rəfiqələrini polisə satmayacağını yoxlayırdı.

Bir dəfə Mari Britten adlı bir qız son qaydanı pozdu və Elis Daymondun bəyənmədiyi kişiyə ərə getdi. “Kraliça” bir neçə qızla Marinin evinə gəldi, kişini döydülər, qızı da baş verənlərə baxmağa məcbur etdilər. Bu hücumdan sonra Daymond və yardımçısı Meqqi Hill həbs olundular, hadisənin özü isə “Lambet qiyamı” adını aldı.

Dəstə necə və nə vaxt dağıldı

“40 fil” dəstəsi rəhbərlik dəyişəndən sonra tədricən tənəzzül etdi. Həbs edilən Elis Daymondun yerinə Lilian Rouz Kendall yeni “kraliça” oldu. Daymond azadlığa çıxandan sonra əvvəlki yerinə qayıtmadı, müstəqil işləməyə başladı: digər oğru qadınlara təlim keçdi, məsləhət verdi.

Bundan əlavə, keçmiş metodlarla işləmək getdikcə çətin olurdu. Mağazalarda mühafizəni gücləndirdilər, dəbə əsasən paltarlar bədənə daha yapışan oldular, üstəlik, güclü lidersiz əvvəlki kimi işləmək də alınmırdı.

Bir məlumata görə, “40 fil” dəstəsi 1952-ci ildə dağılıb, Elis Daymond da həmin il ölüb. Başqa məlumata görə, cinayətkar qrup bu və ya başqa şəkildə 1992-ci ilə qədər mövcud olub.

Hazırladı: Yadigar Sadıqlı
Mənbə:BURDA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.