ATIN ÜSTÜNDƏKİ TÜRK DEYİLSƏ, YÜKDÜR

Bu gün, 11:18           
ATIN ÜSTÜNDƏKİ TÜRK DEYİLSƏ, YÜKDÜR
Bir atalar sözündə deyilir: “Papaqdı, arvaddı, atdı; kişiyə urvatdı”. Deməli,
türklərin namus atributlarından biri də atdır. Bizim söhbətimiz də at, daha doğrusu
at və insan (türk) münasibətləri haqqında olacaq.
Tədqiqatçılar qeyd edirlər ki, dünyada ilk dəfə atı əhliləşdirənlər türklər olublar.
Onlar ata minən ilk insanlar hesab olunurlar. Atlar qədim zamanlardan türklərin siyasi,
dini, iqtisadi və ictimai həyatında mühüm rol oynamışdır. Türk-at ünsiyyəti ancaq maddi
tələbatdan yaranan insan-heyvan münasibəti deyil, bu, həm də iki dostun, silahdaşın
mənəvi bağlılığıdır. Təsadüfi deyildir ki, türklər “At igidin qardaşıdır”, - deyirlər. Qardaş
isə insana ən yaxın varlıqdır. Atın qardaş hesab olunması onun insanla bərabər
tutulmasını, atın türk igidi üçün son dərəcə qiymətli varlıq hesab olunmasını göstərir.
Atlar öz sahiblərinə qarşı çox sədaqətli heyvanlardır. Onlar yaralanmış, yaxud ölmüş
sahiblərini heç vaxt tərk etmirlər.
Folklor və yazılı ədəbiyyat nümunələrində türkün həyatında atın önəmi barədə
saysız-hesabsız bədii nümunələr, atla bağlı inanclar vardır. Ata verilən önəm atalar
sözləri, inanc və deyimlərdə də öz əksini tapmışdır. Məsələn, “At türkün qanadıdır”,
“Türk çadırda doğar, at üstündə ölər”, “Atı quyruqlu olanın sözü buyruqlu olar”, “Sabah
qalx atanı gör, atandan sonra atını gör”, “At ölümü, ər ölümü olmasın” və s. Qapıya nal
vurmaq isə bəd qüvvələrin qapıdan daxil olmasının qarşısını alırmış. Onu da qeyd edək ki,
at çox qədim zamanlarda kultlaşdırılan, rəmzləşdirilən heyvanlardan biri olub. At
kultunun varlığı da bunu göstərir. Atı müqəddəs hesab edən türklər hətta tuğlarının
(bayraqlarının) ucuna da at quyruqları taxarlarmış.
Atın türklərin həyatındakı önəmini və yerini görkəmli yazıçımız İ.Şıxlının “Dəli
Kür” romanının qəhrəmanı Cahandar ağanın öz atı Qəmərə müraciətlə söylədikləri
möhtəşəm səviyyədə açıqlayır. O, düşmənləri tərəfindən yalı, quruğu qırxılmış ata –
Qəmərə üzünü tutub acı-acı deyir: "İndi mən nə edim, Qəmər? Axı sən mənim sirdaşım,
dar günümdə harayçım idin. Sən məni çox dardan çıxarmısan. Sən mənim ürəyimdən
keçənləri balaca bir işarədən başa düşürdün. Sən quşdan ayıq və ehtiyatlı bir atsan,
Qəmər. Çox qaranlıq gecələrdə məndən qabaq, yolda təhlükə olduğunu sən başa
düşübsən. Qulağını yapıxdırıb sakitcə dayanmısan və məni başa salmısan ki, irəli getmək
olmaz. Məndən qabaq özün yolu dəyişmisən, Qəmər. Bir toyda, bir nişanda geri
qalmamısan, hələ indiyəcən cıdırlarda səni keçən olmayıb. Məni utandırmamısan, həmişə
başımı uca eləmisən. Neçə dəfə sənin yalına yatıb, gözlərinə qurban, Qəmər, əlac sənə
qalıb demişəm. Sən quş kimi qanad açıb məni güllənin altından çıxartmısan. Mən səni
özümə qardaş, sirdaş bilirdim, Qəmər, sən kişnəyəndə ürəyim dağa dönürdü. Şahə qalxıb
fırlananda elə bilirdim yeri-göyü mənə bağışlayırlar, Qəmər. İndi mən neyləyim, sənin
rüsvayçılığına necə dözüm?"
Yazılı mənbələr, arxeoloji qazıntılar zamanı ortaya çıxan faktlar, daşlar və qayalar
üzərindəki təsvirlər də türklərin həyatında atın özəl bir yerə sahib olduğunu göstərir. Türk
alimi İ.Durmuş özünün “Türk kültür çevrəsində at” məqaləsində yazır ki, “türklər atlı
mədəniyyətinin qurucusu və yayıcısı olduqları kimi, həm də bu mədəniyyətin gəlişdiricisi
olaraq tarixdə öz yerlərini almışlar. Onlar atlardan faydalanmaq üçün mükəmməl
texnikalara sahib olublar. Xüsusi olaraq qeyd etmək istərdik ki, türk qadınları da atdan
istifadə etməkdə kişilərdən geri qalmayıblar. Bu sahədə heç bir xalq türklərin səviyyəsinə
yüksələ bilməmişdir. Boşuna deməmişlər ki, “atın üstündəki türk deyilsə, yükdür”.
Yuxarıda da qeyd etdiyimiz kimi atlar ta qədim zamanlardan türklərin sosial, hərbi,
iqtisadi və dini həyatında mühüm rol oynamışdır.
Türklərdə at ən çox istifadə edilən heyvan olub. Əcnəbilərin “türklər at üstündə
yeyərlər, içərlər, söhbət edərlər, yatarlar” və ya “türklər at üzərində doğulmuşlar, yerdə
yürüməyi bilməzlər” ifadələri də bunu sübut edir.
Türklərin fəaliyyətinin əsasını təşkil edən ov, heyvandarlıq və düşmənlə döyüş
həmişə at üstündə keçib. Ova həm tək, həm də kollektiv şəkildə at üstündə gediblər.
Sürülərin otarılması, otlaqdan otlağa, qışlaqdan yaylağa, yaylaqdan qışlağa aparılması atın
sayəsində olub. Ümumiyyətlə, türklərin həyatı at üstündə keçdiyindən onlarda atla bağlı
yüksək mədəniyyət, bacarıq və vərdişlər formalaşmışdı. Məsələn, öz fərdi xüsusiyyətlərini
ata tanıtmaq, ona cəld minmək bacarığı, at yüyürürkən onun üstündə qılınc çalmaq və ox
atmaq, atın boynundan və qarnının altından keçmək, qaçan atın üstündə ayaq ustə durub
ox atmaq və s.
Türklərin atı minik heyvanı olaraq istifadə etmələri atçılıq idmanının da
yaranmasına və inkişafına səbəb olmuşdu. Bu idman növləri arasında at yarışları başda
olmaqla cirit, covkan, kökböri və s. oyunlar daha məşhur olub. M.Kaşqarlı “Divanı”ndakı
at yarışları haqqında məlumatlardan da görünür ki, türk dünyasında belə yarışlar geniş
yayılıbmış.
Atın ilk dəfə savaş vasitəsi kimi istifadə edilməsi və oxçu süvari ordularının
yaradılması da türklər tərəfindən reallaşdırılmışdır. Türklər ilk dəfə qoşqu, üzəngi, yəhər
və cilovu kəşf etmiş, onların sayəsində sürətli həm nəqliyyat, həm də müharibə vasitəsi
əldə ediblər. S.S.Surazakov Altay qəhrəmanlıq dastanları əsasında yazır ki, qəhrəman
yalnız öz döyüş atını əldə edəndən sonra döyüşçüyə çevrilə bilir. At türklerin gözündə
adətən özü ilə birliktə savaşan bir silah yoldaşı olub. Türk qəhrəmanlarının özləri kimi,
onların atları da döyüşdə fəal iştirak edər, zəfərə ortaq olar, qəhrəmanlar kimi ad alar,
öləndə isə xüsusi mərasimlə dəfn olunardılar. Məhəmməd Peyğəmbər demişdir ki, “Heç
bir qara qüvvə damarlarında təmiz qan axan atın qaldığı komanın üstünə hücum etməyə
cəsarət etməz, çünki hər gecə mələklər göydən yerə enər və atın alnından öpüb, sahibinə
xeyir-dua verirlər”. Təsadüfi deyil ki, türklərin bir deyiminə görə, “At işləməsə, ər
öyünməz”.
Türklərin hərbi gücünü artıran və onların çoxlu dövlət qurmalarını təmin edən ən
başlıca səbəblərdən bir də, şübhəsiz ki, at olmuşdur. Bunu yazılı mənbələr də sübut edir.
Məsələn, Hun hökmdarı Mo-tun Çin imperatoruna göndərdiyi bir bəyanatda “tanrının
inayəti, zabitlərin, süvarilərin və atların mükəmməliyi sayəsində iyurmi altı dövləti
məğlub yendiklərini” bildirmişdi. Asiya Hun ordusu Çin ordusunu Pe-teng qalasında
mühasirəyə alanda da “şimalda qara atlılar, qərbdə ak atlılar, cənubda ağ atlılar, şərqdə isə
dəmir-boz atlılar vardı.
Türk əsgərlərinin “qasırğalar kimi görünüb, quşlar kimi uzaqlaşmaları” məhz atın
gücü və imkanları sayəsində mümkün olurdu.
Atların əti və yağı önəmli idi. Türklər at əti barədə “müşk kimi qoxar” deyərdilər.
Onlar adi günlərdə, toplantılarda və özəl günlərdə də sürü halında böyütdükləri atların
ətini yeyirdilər. Atın qarnından çıxan yağı çox sevirdilər. Qısır atın südü ekonomik dəyər
daşıyırdı. Atların südündən yağ, qatıq və pendir hazırlanırdı. Atın südündən hazırlanan
məhsullar arasında qımız ilk sırada dururdu.
Türklər hər il xarici ölkələrə minlərlə at, xüsusən də döyüş atları ixrac etməklə öz
iqtisadiyyatlarını dəstəkləyirdilər. Atlar daha çox Cinə satılır, əvəzində onlardan ipək
başda olmaqla, müxtəlif mallar alınırdı.
Qədim türklərdə belə bir inam varmış ki, ölən insanın o dünyada da bəzi şeylərə
ehtiyacı olur. Ona görə də onun məzarına yemək, pal-paltar, digər əşyalarla yanaşı, atını
da basdırırdılar. Qazıntılar zamanı qəbirlərdən insan sümükləri ilə yanaşı at sümüklərinin
çıxması da bunu sübut edir.
Türklərdə at qurban etmə (kəsmək) kimi qədim bir ənənə də olub. Dini
toplantılarda, and törənlərində (andiçmə mərasimlərində) atlar Tanrıya qurban edilirdi.
Əsasən ayğır atlar qurban kəsilirdi.
Atları müqəddəs bilən türklərə görə, yuxuda at görmək arzuya qovuşmağa bir
işarədir. Gəlin gələn qızın donuna at qılı tikərdilər ki, onun oğlu olsun. Gəlin gedən qızın
gəlinlik donuna at tükü tikərdilər ki, onun ailə həyatı uğurlu olsun.
Azərbaycan atları. Türk dünyasının ayrılmaz bir hissəsi olan Azərbaycanda
qədimdən zamanlardan atçılıqla məşğul olublar. Eramızdan əvvəl IV əsrdə yaşamış yunan
tarixçisi Herodot yazırdı ki, “Midiyada (qədim Azərbaycan dövləti) Hisey adlanan geniş
bir vadidə boylu və yaraşıqlı atlar yetişdirilirmiş.
Hazırda dünyada atın 425-dən çox cinsi var, bunlardan milli at cinsi sayılan ikisi,
Qarabağ və Dilbaz atları ölkəmizdə yetişdirilir.
Qarabağ atı - Azərbaycanın Qarabağ ərazisində yetişdirilən və geniş yayılmış at
cinsidir. Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Onlar xalq
seleksiyası yolu ilə alınmış e.ə. Manna və Midiya atlarının nəsli hesab olunurlar. Hal-
hazırda Azərbaycan Respublikasında milli at cinsidir. Qarabağ atı tipik dağ minik atıdır.
Bu atların əsas yeriş forması çaparaq yerişdir, yerişi geniş və cəld, bütün hərəkətləri
çevikdir. Qarabağ atı hündür, hərəkəti səlis, bədən quruluşu möhkəmdir. Bu atı
başqalarından fərqləndirən əsas cəhət limona çalan, sarı-qızılı, yaxud parlaq narıncı
rəngidir. Yalnız Qarabağ atlarına məxsus olan bu orijinal çalardan kürən, qızılı kəhər,
qızılı qonur rəngli atlar da yaranıb. Xarakterik nişanlarının biri ayaqlarını müxtəlif
dərəcədə səkil (ağlıq), alnının təpəl (qaşqa) olmasıdır. 1956-cı ildə İngiltərə kraliçası II
Yelizaveta Azərbaycandan “Zaman” adlı Qarabağ atını hədiyyə alarkən demişdir: “Bütün
daş-qaş zinyətlərinin zirvəsində brilyant durduğu kimi, dünya atsevərləri də Qarabağ atını
cins atların brilyantı adlandırır, çünki bu atlar günəş kimi par-par parıldayır”.
Dağ-minik yük heyvanı olan Dilbaz atları isə Azərbaycanın Qazax, Ağstafa və
Tovuz rayonları ərazisində yetişdirilir. Dilbazlar onlara xas qərarsız temperamenti və
geniş yayılmış yorğa yerişi ilə seçilir. Bu, sağlam, uzunömürlü və törəyib artan cinsdir.
Xasiyyəti əsəbi və çox enerjili olan atın müsbət əlaməti onun yüksək cəldliyidir. Dilbaz
cinsindən olan atlar dağlarda və milli idman növlərində istifadə olunur. Bu atlar çox
dözümlüdür və dağlıq ərazidə gün ərzində 45-55 kilometri 115-130 kiloqram yüklə, minik
kimi isə 70 kilometri çox asanlıqla qət edir. Yazılanlara görə, Nüşabə Bərdədə İskəndəri
Qarabağ və Dilbaz atları ilə qarşılamışdır. Dilbaz atları İskəndərin çox xoşuna gəlmiş və
onları “Şərqin ceyranı” adlandırmışdır. (Əlavə məlumat üçün bax: M.Zeynalov:
“Azərbaycanda atçılıq”, Bakı-2006)
Qarabağ və Dilbaz at cinslərindən başqa, respublikamızda xalq seleksiyası yolu ilə
alınmış Quba yorğası, Şirvan, Ərəb və Kiçik Qafqaz atları da yetişdirilir. Mütərəqqi
texnologiya və məqsədyönlü seleksiya-damazlıq proqramları əsasında Atçılıq
zavodlarında yüksək damazlıq keyfiyyətlərinə malik atlar yetişdirilir.
“Papaqdı, arvaddı, atdı; kişiyə urvatdı”, -deyən atalar, həm də “At muraddır”, -
demişlər. Allah hər kəsi öz muradına çatdırsın!
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.