Minlərlə uşağı ölümdən qurtardı, edama məhkum olundu, 98 il yaşadı – Mələk İrenanın hekayəti

Bu gün, 09:18           
Minlərlə uşağı ölümdən qurtardı, edama məhkum olundu, 98 il yaşadı –
O, uşaqları poçt qutularında və çamadanlarda gizlədib, xilas edirdi

İkinci dünya müharibəsinin əvvəlində nasistlər yəhudilərə istənilən köməyi qanunsuz elan etdilər. İrena Sendlerin yaşadığı Polşada belə köməklik göstərən şəxs də, onun ailə üzvləri də edam cəzasına məhkum edilirdi. İrena təhlükəni çox yaxşı dərk edirdi, lakin 2500 yəhudi uşağının həyatını xilas etmək üçün bu riskə getməkdən çəkinmədi.

***

Sendler hələ İkinci dünya müharibəsindən xeyli əvvəl antisemitizmi sərt şəkildə tənqid edirdi. Elə buna görə də, nasist Almaniyası öz “qaydalarını” tətbiq etdikdə, İrena bir fəal kimi nə ilə məşğul olacağını çox yaxşı bilirdi. Həkim işləyən və yoxsulları pulsuz müalicə edən bir şəxsin qızı olan Sendler atasının fəlsəfəsini və xarakterini mənimsəmişdi.

İrena hələ məktəb illərində yəhudi şagirdlərin digərlərindən ayrı təhsil almasını qızğın tənqid edirdi. O, tez-tez yəhudi dostlarına qoşulur və münaqişəli vəziyyətlərdə onları müdafiə edirdi. Bir dəfə məktəb rəhbərliyi hətta İrenanı üç il dərslərdən uzaqlaşdırmaq qərarına gəldi ki, təhsil müəssisəsi lüzumsuz yerə diqqət çəkməsin.

Saxta sənədlər və qaçaq uşaqlar: İrena Sendler uşaqları gettodan necə çıxarırdı

Nasist ordusu Polşaya daxil olduqda 29 yaşlı İrena Varşavada sosial təminat idarəsində çalışırdı. Nasistlərin hakimiyyətə gəlişi ilə bir çox yəhudi həmkarları uzun illər xidmətdən sonra işdən çıxarıldı. Ardınca polyak yəhudilərinə kömək etmək də bu idarəyə qadağan edildi.

Lakin İrena belə qaydalara tabe olmaq fikrində deyildi. Həmkarlarına kömək etmək üçün o, saxta sənədlər düzəltməyə başladı — dörd il ərzində təxminən 3000 rəsmi sənəd hazırladı. 1941-ci ildən etibarən etdiyi hərəkətlərə görə edam təhlükəsi daha da artdı, lakin İrena öz yolundan dönmədi. 1943-cü ildə o, yəhudilərə Holokostdan xilas olmaqda kömək edən gizli təşkilata — “Jeqota”ya qoşuldu. Adını dəyişib Yolanta qoyaraq, uşaqlara yardım bölməsinin rəhbəri oldu.


Eyni zamanda sosial departamentdəki işini davam etdirirdi — bu vəzifə ona Varşava gettosuna daxil olmaq icazəsi verirdi. Şəhərin həmin hissəsində 300 000 yəhudi əsir yaşayırdı.

Nasistləri yəhudilərin həyatı və sağlamlığı maraqlandırmırdı, amma tifə yoluxmaqdan qorxurdular. Bu səbəbdən həkimlərin gettoya daxil olmasına, sakinləri müayinə və müalicə etməsinə icazə verirdilər.

Sanitariya müfəttişi vəsiqəsi əldə edən İrena gettoya müntəzəm girir, əsirlərə yemək, dərman və geyim aparırdı. Qayıdarkən isə əlləri boş olmurdu — təcili yardım maşınlarında körpələr və azyaşlı uşaqlar gizlədilirdi. Onları nasist gözətçilərindən gizlətmək üçün İrena və köməkçiləri körpələri poçt qutularına və çamadanlara yerləşdirirdilər. Beləliklə, Sendlerin rəhbərliyi altında 2500-dən çox uşaq gettodan çıxarıldı, onlardan da 400-ü şəxsən özü tərəfindən.


İrena valideynlərə uşaqların təhlükəsizliyini vəd etmirdi — çünki özünün belə gettodan sağ çıxacağına əmin deyildi. Yeganə dediyi bu idi: o, uşaqlar üçün çalışmaqdan və onları qorumaqdan əsla vaz keçməyəcək, bir gün onların valideynlərinə qovuşması üçün əlindən gələni edəcək.

Dua təlimləri və yəhudi uşaqlar üçün xristian tərbiyəsi

Uşaqlar gettodan çıxarıldıqdan sonra “Jeqota” üzvləri onları öz aralarında bölüşürdülər. Bəziləri xristian polyak ailələrinə tapşırılırdı — burada onlara yeni adlar verilir və dua etməyi öyrədirdilər ki, birdən mənşələri yoxlanılarsa, saxtakarlıq aşkar edilməsin. “Jeqota” üzvlərindən biri xatırlayırdı ki, gecələr uşaqları oyadıb dua etmələrini istəyirdi — ki, bir gün bu duanı təzyiq altında xatırlaya bilsinlər.

Bəzi uşaqlar Varşavadakı Müqəddəs Mariya Ailəsi bacılarının uşaq evlərinə, digər katolik monastırlarına və məktəblərə göndərilirdi. Sendlerin metodları fərqli olsa da, məqsədi eyni idi — uşaqları müharibənin sonuna qədər sağ-salamat saxlamaq və sonra ailələrinə qaytarmaq. Bu mümkün olsun deyə, o, xilas edilən uşaqların səliqə ilə siyahısını tuturdu və bu siyahıları bankalarda torpağa basdırırdı.

1942-ci ildə uşaqların valideynlərinə qovuşması ümidi tükənməyə başladı — çünki nasistlər “Böyük aksiya” elan etdilər: Varşava gettosundakı yəhudiləri ölüm düşərgələrinə göndərməyə başladılar.

İrena Sendlerin həbsi və işgəncələrə məruz qalması

Təəssüf ki, İrena müharibənin sonuna qədər gizlənə bilmədi. 1943-cü ildə o, gestapo tərəfindən həbs edildi və işgəncələrə məruz qaldı. Bütün bu dəhşətlərə baxmayaraq, uşaqların adlarını gizli saxladı. Edama məhkum olundu. Lakin “Jeqota”dakı həmkarları hərəkətə keçdilər. Təşkilat üzvləri son məqamda almanlara rüşvət verərək İrenanı xilas etməyi bacardılar. Qadın hətta ölümün bir addımlığından dönəndən sonra da fəaliyyətinə davam etdi — bir daha adını dəyişib “Jeqota”ya qayıtdı.

Müharibə bitdikdən sonra İrena tibb bacısı işinə düzələrək insanlara kömək etməyə davam etdi. Elə bil, o, başqa həyat yaşamağı, ətrafındakılara biganə olmağı bacarmırdı. Tibb bacısı işi çətin olsa da, o, xilas etdiyi uşaqların ailələrini axtarmaq üçün özündə güc tapırdı. Lakin İrena sonda başa düşdü ki, bu uşaqların ailələrinin böyük əksəriyyəti ya ölüm düşərgələrində qətlə yetirilib, ya da itkin düşüb.

Bütün bu işlərinə görə İrena Sendler İsrail tərəfindən “Dünyanın xalqlarının ədalətlisi” fəxri adına layiq görüldü. Bu mükafatı yalnız 1963-cü ildən etibarən görkəmli insanlara təqdim edirdilər.

2003-cü ildə Papa II İohan Pavel İrena ilə əlaqə saxlayaraq fəaliyyətinə görə təşəkkürünü bildirdi. Həmin il İrena Polşanın ən yüksək mülki təltifinə — “Ağ Qartal” ordeninə layiq görüldü. ABŞ-dakı Polşa Mədəniyyət Mərkəzi də ona Yan Karskinin “Cəsarət və Ürəyə görə” mükafatını təqdim etdi.

İrenanın verdiyi töhfəni layiqincə qiymətləndirmək çətin olsa da, özü hesab edirdi ki, qəhrəman sayılmaq üçün yetərincə iş görməyib.

İrena Sendler 2008-ci il mayın 12-də, 98 yaşında Varşavada dünyasını dəyişdi.

P. S. ABŞ-ın CBS teleradio şirkəti 2009-cu ildə “İrena Sendlerin cəsur ürəyi” adlı film çəkdi. Filmdə baş qəhrəmanı Anna Pekuin canlandırdı (Press klub).

Hazırladı: Yadigar Sadıqlı
pressklub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru