İsmayıl Şıxlının "Ölən Dünyam" romanı: "Sizə kişi yox, madyan lazımdır."
Bu gün, 15:04

İsmayıl Şıxlının "Ölən Dünyam" romanında Gəncə Üsyanı başcılarından Cavad bəy Şıxlıniskinin yavəri olmuş Çapıq Əmrah ilə Bolşevik Fətullayev arasında dialoqdan:
Çapıq Əmrah içəri girəndə Fətullayev diksinən kimi oldu. O elə zənn edirdi ki, gətirilən dustaq qorxusundan özünü itirəcək və Fətullayevin qarşısında ayaq üstə gücnən dayanacaqdı. Amma Çapıq Əmrahın şaxanə duruşu, uca boy-buxunu onu çaşdırdı. Başa düşdü ki, qarşısındakı dustaqla ehtiyatlı olmaq lazımdır. Ona oturmağa yer təklif etdi. Əmrah stul çəkdi və ayağını-ayağının üstünə aşırıb əyləşdi. Bir xeyli dinmədilər.

Otağın istisindən azca təntiyən Əmrahın
papağını başının üstündən geri itələməsi Fətullayevin gözündən yayınmadı. Diqqətlə Əmrahın
alnında görünən çapığa baxdı.
- Sənə niyə Çapıq Əmrah deyirlər?
Əmrah gülümsündü və alnına işarə etdi:
- Buna görə.
- Bu nə çapıqdı belə?
- Qılınc çapığıdır. Rus qılıncının çapığı.
- Harda vurublar səni qılıncla?
- Gəncədə.
- Sənin Gəncədə nə işin var idi?
- Mən zabitəm. Müsavat ordusunun zabiti. Öz hökumətimi qorumaq üçün vuruşmalı idim.
Bilirsənmi, kişi yorğan-döşəkdə ölməz. Kişi ya gərək güllədən, ya da xəncər yarasından ölsün.
Bir də azadlıq uğrunda vuruşmamaq, bir qaşıq qandan qorxub geri çəkilmək namərdlikdi.
Fətullayev gözaltı onu süzdü və hirslə ayağa qalxdı:
- Gəncədə döyüşdünüz. İnsan qırğınından başqa nə qazandınız?
Çapıq Əmrah da ayağa durdu və Fətullayevlə döş-döşə dayandı:
- Mərdlik! Cəsarət. Bəs, siz nə qazandınız? Camaatı qorxaqlığa, xəyanətə öyrətdiniz. Hamını
qırdınız, tökdünüz, elədiniz gözü qıpıq. - O, sözünə ara verdi. Papiros çəkməyə icazə istədi və
tüstü-duman içində söhbətinə davam etdi. - İndi buraya nəyə gəlmisiniz? Rus əsgərlərini nəyə
gətirmisiniz?
Fətullayev əsəbiləşdiyini gizlədə bilmədi.
- Qaçaq-quldurların kökünü kəsməyə.
- Yox. Siz kişilərin kişiliyini əlindən almağa gəlmisiniz. Onları qorxutmaq, gözlərinin odunu almaq istəyirsiniz. Arvad-uşaq yanında kişiləri hörmətdən salmaq, onların qürurunu sındırmaq istəyirsiniz. Heç bilirsiniz qürur nə deməkdi? Bilməzsiniz. Çünki siz qürurlu adamları, elə xalqı da tapdalamağa çalışırsınız. Sizə kişi yox, madyan lazımdır.
Ceyhun Nabi
TEREF