«26-lar»ın qətli: müəmmalar və ehtimallar II Hissə
27-03-2017, 08:21
Həbs olunanları "Vyatka" paroxoduna oturtmuş və şəhərə aparmışdılar. "Vyatka" paroxodundakı bütün həbs olunanların sayı 35 nəfər olmuşdur. Həbsə alarkən 25 nəfər məhbusun adı yazılmış siyahı əsas götürülmüşdür. Suren Şaumyanın ifadəsinə görə, Bayıl həbsxanasında dustaqların başçısı olmuş Zevinin cibindən həbs edilənlərin siyahısı tapılmış və ona istinadən bu proses aparılmışdır. Güllələnmiş komissarların arvadlarının 1919-cu il martın 19-da "Znamya Truda" qəzetində dərc olunmuş xatırlamalarına görə, bolşevik məhbusların həbsxanada başçısı Korqanov olmuş və bəhs edilən siyahı Krasnovodskda onda tapılmışdır. Siyahıdakılardan əlavə Mikoyan, Kandelaki, Suren və Leon Şaumyanlar,Tatevos Əmiryan və 5 komissar arvadı da həbs edilmişdir. Yəni 25+10=35 nəfər. Bayıl həbsxanasında 25 nəfərdən başqa Mudrı, Mesxi, Samson Kandelaki, Klevtsov və Suren Şaumyan da tutulanlar sırasında idilər. Kandelaki qanlı ishal xəstəliyinə tutulduğundan həbsxana xəstəxanasına qoyulmuş, adı ərzaq alanlar siyahısından çıxarılmışdır. Suren Şaumyan zaminə buraxıldığından adı ərzaq siyahısından pozulmuşdur. Onun ifadəsinə görə Mesxi, Mudrı və Klevtsov başqa bir gəmidə Petrovska getmişdilər. Amma Mudrının ifadəsinə görə o da Krasnovodska gətirilmişdir. Bakıda təsadüfən həbsə alınmışların da "siyahı"ya düşməsi onların müqəddəratında məşum rol oynadı. Mikoyan və Kandelakinin adlarının siyahıda olmaması onların sağ qalmasının başlıca səbəbi hesab edilir. Suren Şaumyanın izahına görə Krasnovodsk hökuməti hesab edirdi ki, siyahıda adı olanlar Bakıda həbs olunublarsa, deməli, onları məhv etmək lazımdır. Surenin ehtimalları belə idi ki, əgər siyahı tapılmasaydı ya həbs olunmuş 35 nəfərin hamısını, ya da ki, familiyaları eserlərə bəlli olan daha görkəmlilərini güllələyəcəkdilər.
1918-ci ilin sentyabrında Krasnovodska aparılan Bakı məhbuslarının bir qisminin güllələnməsi faktı o dövrdə də, indi də mübahisə mövzusu olmuşdur. Ehtimallara yol açan, sual doğuran bolşevik rəhbərlərinin bir qisminin, xüsusən Stepan Şaumyanın güllələnməsi, yoxsa Hindistana aparılması məsələsidir. Belə ehtimallara yol açan məqamlar yenidən gündəmə gəlmişdir.
Komissarların aqibəti haqqında vaxtında səhih məlumatın olmaması, bu insanlar barədə 1919-cu il də daxil olmaqla ziddiyyətli informasiyaların dolaşması fərqli mülahizələrə imkan yaradır. Komissarlarla bağlı məhkəmə proseslərindəki ifadələrdə "Hindistan variantı"nın səsləndirilməsi də birmənalı qarşılanmamalıdır. Bolşevik hakimiyyəti altında, ağır cəza təhdidi qarşısında komissarların Hindistana göndərilməsini söyləmək eserlər tərəfindən məqsədli davranış da ola bilərdi. Bolşevik məhbusları ələ verməkdə adı çəkilən daşnak Ruben Kegamyan da daxil olmaqla Aşqabadda eser və daşnaklar Şaumyan və Tatevos Əmiryanın orada həbsdə olduğunu, qalanlarının isə Məşhədə göndərildiyini söyləyirdilər. Bir neçə ay Aşqabadda, Qızıl-Arvatda yaşamış Artak ifadəsində bildirmişdi ki, bütün şəhərdə komissarların sağ olduğu haqqında xəbərlər dolaşırdı.
Dövlətov da eser Veluntsun ona komissarların sağ olduğunu, onların Hindistana aparıldığını bildirmişdir. Əslində komissarların Hindistana aparılması planı olmuşdu. Rusiyanın xalq xarici işlər komissarı G.Çiçerindən başlamış siyasi, ideoloji, elmi, bədii müstəvidə komissarların qətlində ittiham olunan İngiltərənin tədqiqatçıları da ardıcıl şəkildə bu ittihamı rədd edirdilər. Yəni "26-lar" mövzusunu gündəmdə saxlayan ideoloji mübarizə faktoru idisə də, həmin mübarizədə faktların, sənədlərin dövriyyəyə gətirilməsi bir çox həqiqətləri aşkara çıxarmağa kömək edirdi. Bu cəhətdən daha fəal müqavimətçi kimi Brayn Pirs A.Mikoyanın yanlışlıqlarını ortaya çıxarırdı: "Mikoyan öz xatirələrində dəqiq vaxt göstərmədən yazırdı ki, onun oğlu Hindistanın milli arxivlərində olmuş və 26-lar haqqındakı sənədlərə baxmaq istədiyini bildirmişdir. Lakin ona demişlər ki, həmin sənədlər əldə deyil, baxmaq olmaz - bu sözlər çox pis səslənir!"
Brayn Pirs bu barədə Hindistan milli arxivlərinin rəhbərliyi ilə danışanda onun çox təəccübləndiyini yazır və Mikoyanın oğlunun Dehliyə nə vaxt və nə münasibətlə gəldiyi barədə heç yerdə qeyd olmadığını bildirir: "Mən həmin suallara cavab almaq üçün Mikoyanın özünə məktub yazdım, lakin heç bir cavab almadım". Mikoyanın 60 il özünün də təkrarladığı "həqiqətə" şübhə etməsi sual doğurur. Bir tərəfdən onun oğlunun Hindistan arxivlərində olması faktı inkar edilir, digər tərəfdən Mikoyan Hindistan arxivlərində nə axtarırdı, "26-lar" haqqında nəyi bilmək istəyirdi? Sağlığında Brayn Pirsin bu suallarını cavablandırmayan Mikoyan ifadələrində də açıq məqamlar qoymuşdur: Krasnovodska çatdıqdan sonra özü də daxil olmaqla həbs evindəki kamerada cəmi 16 nəfər olduqlarını yazırdı. Suren Şaumyan isə 35 nəfərdən 18 nəfərinin həbsxanaya aparıldığını, həbs evində isə Mikoyan da daxil olmaqla 17 nəfər olduğunu məhkəmə ifadəsində bildirmişdir. Əksər ifadə və xatırlamalarda həbs evində 17 nəfər göstərildiyi halda, Mikoyan qətiyyətlə 16 nəfəri qeyd etmişdir. Ümumiyyətlə rəqəm göstəricilərində fərqlər mövcuddur. Belə ki, Krasnovodskdan Kunun Petrovska Biçeraxova göndərdiyi təcili məktubunda Bakıdan yola düşən paroxodda həbs edilmiş keçmiş komissarların cəmi 29 nəfər olduğunu yazmışdır. Brayn Pirs isə məqaləsində Zakaspi hökumət başçısı Kunun gəmidən məhz 28 bolşevikin düşürdüyünü göstərir.
1927-ci il sentyabrın 20-də "Bakinski raboçi" qəzetində dərc olunmuş məqaləsində Suren Şaumyan həbs evində saxlananları konkret olaraq göstərmişdir: "St.Şaumyan, A.Caparidze, Vanya Fioletov, Amirovların hər ikisi, Anastas Mikoyan, mən və qardaşım, Nikolaşvili, Pavel Zevin və içərimizdə olan beş qadının hamısı daxil idi". Üzərindən 9 il keçəndən sonra həbs evində olanların sayını 2 nəfər əskik göstərmişdi: yəni 15 nəfər.
1918-ci il sentyabrın 20-nə keçən gecə "Aşqabadda məhkəməyə vermək" adı ilə aparılanlardan sonra qalanların sayını Suren Şaumyan belə qeyd edir: "Bizi, qalan 9 nəfəri ertəsi gün, azad etmədilər". Həbsxanada saxlanılanlar haqqında Suren Şaumyanın "Aramızda heç bir əlaqə yox idi" yazmasından belə çıxır ki, həbs evindən aparılan 6 nəfər və həbsxanadakı 18 nəfərlə birlikdə 24 nəfər güllələnmişdir.
Mikoyanın göstəricisinə görə isə 25 nəfər güllələnməyə aparılmışdır. Yəni həbsxanadakı 18 nəfər və həbs evindən aparılan (Mikoyana görə 16 nəfərdən) 7 nəfər. Göründüyü kimi, Krasnovodskda həbs evindəki "bakılı məhbusların" sayı 17, 16, 15 rəqəmləri arasında fərqlənir. Rəqəmlər üzərinə bu qədər diqqət çəkməkdə məqsəd güllələnənlərin həqiqətənmi 26 nəfər olmasını və onların sırasında St.Şaumyanın güllələnməməsi haqqında mülahizələri aydınlaşdırmaqdır. Rəsmi məlumata görə, sağ qalanlar - A.Mikoyan, S.Kandelaki, St.Şaumyanın 2 oğlu və 5 məhbus qadın 9 nəfər təşkil edir. Suren Şaumyan və A.Mikoyan rəqəmləri konkret göstərdiklərinə görə fərqli nəticələrin hasil olmasını onların hafizə yanlışlıqları da hesab etmək olar. Bütün hallarda həbs evindən 1918-ci il sentyabrın 20-də gecə aparılanların sayı 6, 7, 8 olmaqla dəyişilir. Diqqət çəkən bir məqam A.Mikoyanın 1922-ci il sentyabrın 20-də "Bakinski raboçi"də dərc olunmuş yazısındakı xatırlamalardır: "Kameramıza...Ecəmi 16 nəfər salınmışdı... Sentyabrın 20-nə keçən gecə idi... Kameradakıları üç dəstəyə böldülər. Birinci iki dəstəni kameradan çıxardılar, bizdən ayırıb apardılar". Həbs evindən aparılanların ən çoxunun 8 nəfər olduğu qənaətilə (6, yaxud 7 nəfər mümkünlüyü ilə) onların 2 dəstəyə ayrılması da sual doğurur. Suren Şaumyanın göstərdiyi 15 nəfərdən 5 məhbus qadın, A.Mikoyan, Suren və Leon Şaumyanlardan savayı digərləri 7 nəfər təşkil edir. St.Şaumyan, P.Caparidze, V.Fioletov, 2 Əmirovlar, Nikolaşvili və Zevindən ibarət 7 nəfəri 2 dəstəyə bölüb aparmağın bir anlamı olmalıdır. Bu iki dəstə hansı prinsiplə ayrılmışdı və kimlərdən ibarət idi? Məhbuslar həbs evindən aparılarkən siyahıda adlarının qarşısındakı işarələrə görə təsnif edilmişlər. Suren Şaumyan bu barədə yazırdı: "İndiyədək mənasını başa düşə bilmədiyim rəngli karandaşlarla edilən nişanları da hökumət üzvləri Krasnovodskda qoymuşdular". Amma Mikoyanın göstərdiyi kimi, məhbuslar 20 sentyabr gecəsi 2 dəstəyə ayrılmışdılarsa, dəstə üzvlərinə görə Suren Şaumyanın rəngli işarələri izah edə biləcək mülahizəsi olmalı idi. 7-8 nəfər üçün "onları hissə-hissə kameradan həyətə çıxartdılar" müşahidəsi ilk nəzərdə əhəmiyyətsiz görünsə də, "rəngli işarələr" hələ ki, tarixin şərh verə bilmədiyi mübhəminə çevrilibdir. Komissar olması seçimi ilə yanaşılsa "26-lar"ın içərisində Bakı Soveti İcraiyyə komitəsinin cəmi 6 komissarı var idi: Şaumyan, Caparidze, Korqanov, Fioletov, Vəzirov, Zevin. Krasnovodskdakı həbs evində isə bunlardan 4-ü yerləşdirilmişdi: Şaumyan, Caparidze, Fioletov, Zevin. Bu 4 nəfərin 2 Əmirovlar və Nikolaşvili ilə birlikdə 2 dəstəyə ayrılması qeydi A.Mikoyanın xatırlamasında yer almış və dəstə üzvlərinin adı ayrılıqda göstərilməmişdir. Hər halda öldürülməyə apararkən 7 nəfəri 2 dəstəyə bölmək açıqlaması tələb olunan anlam kəsb edir. Nəzərə alsaq ki, "bakılı məhbuslar", o cümlədən həbs evindəki 4 komissar arasından adları ingilis əks-kəşfiyyatının yazışmalarında hallananları da olmuşdur.
1918-ci il sentyabrın 20-dən başlayaraq "bakılı məhbuslar"ın Aşqabada, İrana, Hindistana aparılması haqqında xəbərlər eşidilirdi. İran və Hindistanla bağlı versiyalar artıq "26-lar"ın aqibətini ingilis hərbçilərinə bağlayır, onların güllələnməsinə görə məsuliyyəti Böyük Britaniyanın üzərinə qoyurdu. Bu versiyalara rəvac verən Zakaspi hökumət üzvlərinin, eserlərin məhkəmə zamanı "komissarların Hindistana aparılması" haqqında qətiyyətli ifadələri olsa da, bu müddəalara yol açan faktiki materiallar, sənədlər olmuşdur. Məşhəddəki ingilis generalı Malleson 1918-ci il sentyabrın 18-də Hindistana, Simla şəhərinə, qərargah rəisinə teleqram vuraraq Bakıdan Krasnovodska gəlmiş "bolşevik liderlər" Petrovun, Şaumyanın, Arvekyanın (Avakyanın), Caparidze və Korqanovun həbs edildiyini və "adı çəkilən liderləri Hindistana göndərmək üçün" Aşqabad hökumətinin ondan xahiş etdiyini bildirmişdi. Teleqramda adları çəkilən bolşeviklər Krasnovodskda həbsdə bir yerdə saxlanılmırdılar. Bu siyahıdakıların bir qismi həbsxanada, bir qismi isə həbs evində olmuşdur. Mallesonun 18 sentyabr tarixli teleqramına Simladan, Hindistandakı ingilis qoşunlarının ali baş komandanlığının ştab rəisindən aşağıdakı məzmunda cavab gəldi: "Caparidze general de Qandolla yaxından tanışdır və həmin tanışlıqdan o, öz məqsədləri üçün istifadə edə bilər. General bolşevik əhvali - ruhiyyəli adamdır, lakin sağlam düşüncəyə və dövlət xadiminə xas olan keyfiyyətlərə malikdir.
Sizin üçün daha ləyaqətli olardı ki, hələlik (hələlik başqalarını Hindistana göndərə qədər) onları Məşhəddə saxlayasınız".
Brayn Pirs 1978-ci ildə "Morninq star" qəzetinə məktubunda yazırdı ki, "general de Qandoll bolşevik rəhbəri Caparidze ilə 1918-ci ilin aprelində Bakıda görüşmüşdü və bilirdi ki, o, Sovet Rusiyasının Almaniya ilə separat sülh bağlamasının tərəfdarı deyildir. Bakının türklərdən müdafiə olunmasına kömək üçün ingilis qoşunlarının çağırılmasına razıdır. Bədbəxtlikdən Caparidze və onun yoldaşları üçün qurulan ingilis-hind planını Transkaspidəki rus əks-inqilabçıları dərhal komissarları başqa yerə aparmaq planı ilə əvəz etdilər və hələ Suaridən teleqram yola salınmamış öz dustaqlarını öldürdülər. Bu hadisə Britaniya hakim dairələrini həddindən artıq əsəbiləşdirdi; Caparidzeyə olan xüsusi maraqlarından əlavə onlar komissarları girov kimi saxlamaq və bu yolla Sovet Rusiyasında həbsdə olan bir çox ingilis təbəələrinin sağ qalacağına təminat almaq istəyirdilər".
"26-lar"la bağlı 70 il siyasi, ideoloji, elmi müstəvidə müzakirəyə çıxarılan, dartışılan məsələ onların ingilislər tərəfindən qətlə yetirilməsi ittihamına dair olduğundan bir qisminin, yaxud Şaumyanın sağ qalması ehtimalı geniş müzakirə mövzusu olmamışdır. Hindistanla hərbi yazışmalarda Şaumyanın adı çəkilən son teleqram (dövriyyədə olan) 1918-ci il sentyabrın 23-nə aiddir. General Malleson Simlaya, baş ştabın rəisinə teleqramında yazırdı: "26 keçmiş Bakı rəhbəri güllələnmişdir, nisbətən az tanınan (adları əlavə olunur) 5-6 nəfərə rəhm edilmişdir... Aşqabaddakı siyasi sazişçilər Şaumyana, Petrova və başqalarına öz canlarını xilas etmək imkanı kimi baxırdılar". Bu teleqramda general öz dövlətinin maraqları adına bolşeviklərin qətlinə münasibətini açıq ifadə etmişdir: "Həmin siyasilərin edamı bizə sərfəlidir, çünki bu edam Aşqabad hökumətinin bolşeviklərə qarşı münasibətdə bütün körpüləri dağıtması deməkdir".
Sentyabrın 25-də Malleson konkret ad göstərmədən edamı bir daha təsdiqləmişdir: "adı çəkilmiş şəxslər artıq güllələnib... mən əminəm ki, daha çox maraq doğuranlar güllələnmişdir". Simladan, daha gec tarixdə, sentyabrın 30-da Mallesona göndərilən teleqramda Hindistandakı Britaniya hərbi komandanlığının "bolşevik liderlərinin qətli"ni təqdir etmədiyi ifadə olunur. Zakaspi hökuməti isə bolşeviklərin güllələnmədiyini, Hindistana göndərildiklərini söyləməklə, məsuliyyəti ingilislərin üzərinə atmaqda davam edirdilər. Bir sıra tədqiqatçılar "Hindistan haqqında əfsanə"nin daxili istifadə üçün də yaradıldığını bildirir, Böyük Britaniyanın siyasi cəhətdən şüurlu əhalisinin, fəhlələrinin çıxışlarından ehtiyat edərək və beynəlxalq ictimaiyyət üçün yaradılmış bu "əfsanə"nin yaşama qabiliyyətini uzun ömürlü hesab etmişdilər.
Hadisənin içərisində, iştirakçısı olmuş şəxslərin fərqli rəqəmlər göstərməsi, qətlin şahidlərinin ifadələrindəki ziddiyyətlər, "26-lar" rəqəmini cidd-cəhdlə təsdiqə yetirmək cəhdləri, 26 cəsəd qutusunun təntənəli dəfni və nəhayət, "26" məzarın sökülməsi zamanı cəsəd saylarının əskikliyi barədə rəylər 1918-ci il sentyabrın 20-də Türküstan səhrasında bolşeviklərin qətlini sirli, müəmmalı hadisəyə çevirmişdir.
Hələ gülləbaranın izləri yeni ikən belə "26-lar"ın aqibəti naməlum qalmaqda idi. Onların müqəddəratını öyrənmək məqsədi ilə 1919-cu il yanvarın 19-da Bakı fəhlə konfransı 3 nəfər nümayəndəsini Zakaspi ölkəsinə göndərmişdi. Amma "26-lar"ın izini tapmaq üçün həmin ilin sonunadək gözləmək lazım gəldi. Türküstan cəbhəsinin Hərbi İnqilab Şurasının üzvü V.Kuybışev 1919-cu il dekabrın 20-də "26-lar"ın "basdırıldığı yer tapılmışdır" xəbəri ilə RK(b)P MK-sına və ÜRMİK Rəyasət Heyətinə teleqram göndərmişdir. Krasnovodsk bolşeviklər tərəfindən alındıqdan sonra cəsədlərin təntənəli surətdə çıxarılması nəzərdə tutulurdu. Azərbaycan sovet ordusu tərəfindən işğal olunduqdan sonra, iyunun 13-də Bakı Soveti "komissarların cəsədlərinin" "Aşqabaddan Bakıya gətirilməsi, onlar üçün Bakı və Aşqabadda abidə qoyulması"nı qərara almışdı. Bu barədə V.Leninə teleqramla müraciət edilmişdi. "Cəsədlərin Bakıya köçürülməsi və orada dəfn edilməsi" haqqında ÜRMİK qərar çıxarmış və bu məqsədlə xüsusi komissiya yaradılmışdı. 8 iyulda verilmiş bu qərardan düz 2 ay sonra 1920-ci il sentyabrın 8-də "bakılı məhbuslar" təntənəli şəkildə Bakıda dəfn edildilər. "26-lar"ın qətli "imperialist dünyasına", "ingilis müstəmləkəçilərinə" qarşı bir ideoloji silaha çevrildiyindən, onların dəfn mərasimini dünya sosialist hərəkatının ünlü simalarının Bakıya toplaşacaqları zamana təyin etdilər. Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi "həlak olmuş bakılı yoldaşların cəsədlərinin gətirilməsini Şərq xalqları qurultayı zamanına salmağı məsləhət gördü". Xüsusi ssenari ilə həyata keçirilən dəfn mərasimi kapitalizm dünyasına meydan oxumaq mesajı idi. Birinci olaraq çıxış edən N.Nərimanovun "qocaman Şərqi xəbərdar etmək" istədiyi nitqinə başlamazdan əvvəl tərəddüd etdiyi barədə şifahi tarixin yaşatdığı məlumat da maraq doğurur. Gətirilmiş 26 tabutun içərisində nələr olduğunu bilmədiyini söyləmiş Nərimanovun şübhəli narahatçılığı da diqqət çəkir.
Sovet ideologiyasının "müqəddəslik" simvoluna çevrilmiş "26-lar" həm toxunulmazlıq statusu qazandı, dəfn meydanı isə ziyarətgaha çevrildi. Zakaspi qumluğundan tapılmış sümüklərin, cəsədlərin kimə məxsus olmasından asılı olmayaraq, onları öz hakimiyyətlərinin təməl sütunları kimi bütləşdirən bir dövlət illərlə "komissarların" isimləri ilə ideoloji və siyasi möhtəkirlik etdi. Adlarını əbədiləşdirdilər, ildönümlərini siyasi ayinə çevirdilər. Həmin dövlət süqut etdi. Amma yaratdığı rəvayətlərdən biri kimi "26 Bakı komissarı" əfsanəsi fərqli prizmadan təftişə məruz qaldı. Adları bir siyahıya düşmüş 26 nəfərin hər biri öz əməlinə görə eyniləşdirilə bilməz. Amma bütün ehtimallara baxmayaraq, ən azından əksəriyyəti eyni aqibəti paylaşdı. Minlərlə məsum müsəlman kütləsinin qətliamı məsuliyyətini daşıyan şəxslər müvafiq əməllərinə görə olmasa da cəzasız qalmadılar. Azərbaycan Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasında adı ittiham olunanlar Bakı həbsxanasında qalsaydılar hüququn gücü ilə mühakimə olunacaqdılar, amma ən ağır cəzanı "sosialist" yoldaşlarından aldılar. Minlərlə azərbaycanlının qətlinə cavabdeh olan Bakı komissarlarının adları Azərbaycan tarixində dönə-dönə çəkiləcəkdir. Onlara hüquqi cəza vermək imkanı mümkün olmasa da, tarixi ittihamı xətm olunmayacaq müqəddəratı yaşamağa məhkumdurlar.
Firdovsiyyə ƏHMƏDOVA
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, əməkdar müəllim