Bura Laçındır, amma…- ZAUR ƏLİYEV YAZIR…
Bu gün, 00:06

Son günlər sosial mediada Laçın “kürdlərin ana vətəni” kimi statuslar və kadrlar yayımlanır…
Azərbaycan çox millətli bir dövlətdir və burada əksər xalqlar yaşayıblar. Lakin bu yaşamaq o demək deyil ki, bu torpaqlar onların aborigen torpaqlarıdır… Eləcə də Laçın rayonu.
Bizim kürd xalqına sevgimiz və hörmətimiz var. Allah Vətən uğrunda şəhid olan kürdlərə rəhmət, qazilərə can sağlığı versin. Kürdlər də bizim ki, erməni işğalına qurban olublar. Amma bu o demək deyil ki, sevgi və sayğımızdən istifadə edib, türklərə qədimdən məxsus olan torpaqları özünüküləşdirəsiniz. Elə Laçında olan tarixi abidələr, toponimləri, daş kitabələr və qədim məzarlar belə orda kürdlərin yaşaması faktını 15 – ci əsrə aid olduğunu təsdiq edir.
Laçın abidələri hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər. Laçın əvvəllər Abdallar adlanıb. Qədim türk soylarından olan abdalların Ön Asiya və Qafqazda məskunlaşması barədə mənbələrdə xeyli məlumatlar mövcuddur. Belə müəlliflərdən biri olan VI əsrdə yaşamış Suriyalı Zaxari Ritor abdalların adını hun tayfaları ilə birlikdə çəkir və burada 13 tayfadan birinin də abdallar olduğunu göstərır. V.V.Bartolda abdalları hun tayfalarından biri hesab etmişdilər.
L.Lokhartda abdalları…”çox comərd və hərbsevər adamlar” kimi xarakterizə etmişdir. O, həmçinin qeyd edirdi ki, Səfəvi dövlətinin şərqində”… ən güclü tayfalar gilzaylar (qərzayilər) və abdallar idi.
XXX
Laçın bölgəsində “özünə qapanma” sayəsində burada bir çox qədim türk adət-ənənələri, danışıq dilində qədim türklərin işlətdiyi sözlər, insanların qarşılıqlı münasibətində qədimlik və s. hökm sürürdü.
“Laçın” toponimi bir oykonim kimi 1924-cü ildən xəritəmizdə özünə yer tapmışdır. Mənbələrə baxarkən “Laçın” toponimi bir oronim-yəni dağ adı kimi bizə məlum olur. Lakin bu toponim həm də özünə bir oykonim şəklində bir növ vətəndaşlıq hüququ qazanmışdır. Bunu Laçın adlı kəndlərin adında görə bilərik: Şuşada Laçınlar, Kəlbəcər rayonunda Laçın adlı kəndlər, Kəlbəcər rayonundakı Laçınqaya qalası və s. buna misal ola bilər.
1828-ci il Rusiya-İran müharibələrindən sonra bağlanan Türkmənçay Sülh müqaviləsinə əsasən, bölgə Şimali Azərbaycanın tərkibində Rusiyaya qatılıb. Rusiyanın himayəsi altında Cənubi Qafqaza Osmanlı dövlətindən və İrandan ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlandı. Ancaq Laçın bölgəsinə ermənilərin məskunlaşdırılması mümkün olmadı. Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra, Laçın bölgəsi 1829-cu ildən yeni yaradılan Qarabağ əyalətinə qatılıb, 1861-ci ildən isə indiki Laçın yaradılan Zəngəzur qəzasına qatılır. 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı Zəngəzur bölgəsini 2 yerə bölündü və nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qaldı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi. 1923-cü ildən şəhər statusu alıb.
Kürdlərin indiki Laçın rayonu ərazilərində oturaq həyata keçmələri XVIII əsrin əvvəllərindən başlandığı ehtimal olunur. Bu onunla əsaslandırılır ki, Laçın rayonu ərazilərində kürdlərə məxsus qədim yaşayış məskənləri, daş divar yazıları yoxdur.
Cənubi Qafqaza ilk gələn kürdlər 1590-cı ildə İbrahim ağa adlı bir şəxsin başçı olduğu tayfa olub. Onlar Türkiyədən bua köç ediblər.
Kürdlər Laçın rayonu ərazilərdə oturaq əhyata keçərkən onlar münbit ərazilərdə yaşayan türk kəndlərinin ətrafındakı boş istifadəsiz qalmış yerlərdə və ya ucqarlarda yəni, yaylaq ərazilərində məskunlaşaraq heyvandarlıqla məşğul olmağa başladılar.
Oturaq həyata qayıdan kürdlər, ənənəvi heyvadarlıq peşəsi ilə məşğul olan türklərlə birgə yayda yaylağa, qışda isə qışlağa köçmə qaydalarından istifadə edirdilər.
İndiki Laçın rayonunun müasir inzibati bölgüsünə əsasən kürdlər Bozlu, Qalaça, Kamallı, Çıraqlı, Ağbulaq, Qarakeşdi, Şeylanlı, Qatos, Ağcakənd kəndlərində və eləcədə Minkənd kəndində isə yerli türklərlə qarışıq yaşayırdılar.
Kürdlərin yerləşdiyi ilk kənd Mirik olmuşdur. Kürdlər Mirik kəndində müəyyən zaman çərçivəsində azərbaycanlılarla qarışıq yaşayıblar. Onların bir qismi sonralar köç edib başqa ərazilərə getsələrdə bir qismi bu kənddə uzun müddət qalaraq kəndin azərbaycanlı əhalisi ilə qohumlaşmış öz dillərini itirərək assimlyasiyaya uğrayaraq türkləşiblər.
Mirik kəndində Kolanılar, Niftallar, İmanlar kimi türk tayfaları ilə yanaşı, Urtikli, Qəlilər, Dəmolar və Hopurla kimi kürd tayfaları da olmuşdur.
Rus tədqiqatçısı S.P.Zelinski 1880-cı ildə yazırdı ki, kürdlər Azərbaycan dilində danışırlar, onları fizyonomiyalarına və ya libaslarına görə də yerli türklərdən fərqləndirmək sadəcə mümkün deyil.
XXX
Sonda qeyd edim ki, “Kürdüstan” qəzası bir inzibati vahid olaraq cəmi altı il (1923-1929 cu illər) mövcud olmuşdur. Vəssalam və ondan sonra tarix səhifəsindən silinib.
Biz yerli millət olaraq çox məsələdə susmağımız sevgi və sayğıya görədir. Bundan da xahiş edirik sui istifadə etməyin.
Laçının kürd torpağını iddia etmək, ermənilərin dənizdən dənizə Ermənistan iddiaları kimi bir şeydir. Laçında kürdlər də yaşayıb, amma bu torpaqlar onlara məxsusdur demək dövlət təhlükəsizliyi üçün yeni bir təhlükədir.
Dr. Zaur Aliyev