Putin Ukrayna ilə birbaşa danışıqlara hazırdır – Makron: “Kifayət deyil”
Bu gün, 00:03

Deutschlandfunk yazır:
Rusiya və Ukrayna arasında atəşkəsə nail olmaq səyləri davam edir. ABŞ prezidenti Tramp bildirib ki, Ukraynada müharibənin başa çatdırılması üçün “hər iki tərəflə” əməkdaşlığı davam etdirəcək. Rusiya prezidenti Putin isə bundan əvvəl Kiyev ilə birbaşa danışıqlar aparmağı təklif etmişdi.
Tramp əlavə edib ki, bu gün Rusiya və Ukrayna üçün “mümkün qədər əhəmiyyətli bir gün” ola bilər. Putin bəyan edib ki, ölkəsi heç bir ilkin şərt olmadan ciddi danışıqlara hazırdır. Onun sözlərinə görə, danışıqlar artıq gələn cümə axşamı İstanbulda başlaya bilər. Putin bunu Kremlə toplaşmış jurnalistlərə bildirib və əlavə edib ki, bu məsələni yaxın saatlarda Türkiyə prezidenti Ərdoğanla müzakirə etmək niyyətindədir. Lakin Ukraynanın və onun Avropadakı tərəfdarlarının tələb etdiyi atəşkəsə Putin birbaşa münasibət bildirməyib.
Fransa prezidenti Emmanuel Makron isə Putinin təklifini qeyri-kafi hesab edib. O, Ukraynanın paytaxtından qayıdarkən bildirib ki, hər hansı danışıqların başlanması üçün əsas şərt qeyd-şərtsiz atəşkəs olmalıdır. Makronun fikrincə, Putin bu bəyanatı ilə sadəcə zaman qazanmağa çalışır.
Ukrayna və onun Avropadakı tərəfdarları – Almaniya, Fransa, Böyük Britaniya və Polşa – dünən Rusiyanı bazar ertəsindən etibarən 30 günlük qeyd-şərtsiz atəşkəsə çağırıblar ki, bundan sonra sülh danışıqları başlansın. ABŞ-ın təklifi də 30 günlük atəşkəsi nəzərdə tutur. Rusiya isə döyüşlərin yalnız münaqişə danışıqlar yolu ilə həll edildikdən sonra dayandırılacağını bildirir.
Kiyevdən verilən məlumata görə, rus qoşunları gecə saatlarında dronlardan istifadə etməklə hücumlarını bərpa ediblər. Paytaxt Kiyev, həmçinin Odessa, Xarkov və Dnepropetrovskda hava həyəcanı siqnalları eşidilib.
Sarvan Səmədoğlu
TEREF