Putin vaxt qazanır: İstanbul danışıqlarında sülhün əldə edilməsi inandırıcı deyil
Bu gün, 00:08

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya İstanbulda birbaşa danışıqları bərpa etməyi təklif edib. Putin bunu mətbuat konfransında bildirib: "Biz Kiyevə heç bir ilkin şərt olmadan birbaşa danışıqları bərpa etməyi təklif edirik. Danışıqlara mayın 15-də İstanbulda başlamağı təklif edirik".Putin əlavə edib ki, sabah Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla danışacaq və ondan Ukrayna ilə danışıqlar üçün meydança təqdim etməyi xahiş edəcək. Rusiya Prezidenti qeyd edib ki, yeni atəşkəslərin razılaşdırılması mümkündür: "Biz ciddi danışıqlara hazırıq. Bizim təkliflərimiz masa üzərindədir. Ukrayna hakimiyyəti və kuratorları qərar verməlidirlər. Rusiya heç bir şərt olmadan danışıqlara hazırdır. Uzunmüddətli sülh əldə etmək lazımdır. İndi müharibə gedir və biz danışıqlar təklif edirik, bunun nəyi pisdir?".
Politoloq Zeynal Əmralıyev "Sherg.az"a açıqlamasında deyib ki, Putinin bunu təklif etməsinin əsasən üç səbəbi var. Ekspert bildirib ki, Rusiyanın resursları ciddi şəkildə tükənir:
"Ölkənin bank sektoru faktiki çöküşdədir. Ard-arda banklar bağlanır. Mərkəzi Bank rəhbərliyi bununla bağlı Putini dəfələrlə xəbərdar edib. İkinci məsələ budur ki, Rusiya prosesdə ABŞ-nin vasiteciliyinə çox da isti baxmır. Moskva vəziyyəti tarazlaşdırmaq üçün Vaşinqtona Tehranla arasında vasitəçilik təklif etdi. Lakin ABŞ və İran Omanın vasitəçi ilə danışıqlara üstünlük verdi".
Analitikə görə, digər məsələ Rusiyanın zaman qazanmaq istəyidir:
"Ortada olan 30 günlük atəşkəs təklifi var. Rusiya danışıqlar aparıldığı müddətdə var gücü ilə əməliyyatlara davam edəcək. İstanbul danışıqlarında sülhün əldə edilməsi çox da inandırıcı deyil. Yalnız qısa müddətli atəşkəs imzalana bilər. Sülh üçün Rusiya özünün əsassız tələblərindən əl çəkməlidir. Moskva Krım, Donetsk, Luqansk, Xerson və Zaparojenin tamamilə federasiya ərazisi kimi tanınmasını istəyir. Ukraynada ağlı başında olan rəhbər buna razılaşmaz. Torpaqdan imtina bir dövlət üçün ölümdür. Faktiki vəziyyətlə barışsa belə Kiyev hüquqi olaraq 1 qarış torpağından belə imtina etməməlidir".