1945-ci il - Mircəfər Bağırov və Qarabağ VƏ YA 1 TELEQRAMLA MOSKVANIN ERMƏNİ İDDİALARINA CAVAB
22-08-2017, 20:15
1945-ci ilin 28 noyabrında Ümumittifaq Kommunist (bolşevik) Partiyasının (ÜK(b)P) Mərkəzi Komitəsinin katibi Georgi Malenkov Azərbaycan kommunistlərinin başçısı Mircəfər Bağırova teleqram yollayır. Teleqramın mövzusu Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) taleyi ilə bağlı idi.
Georgi Malenkov yazırdı: “Ermənistan K(b)P-nın katibi yoldaş Arutinov ÜİK(b)P Mərkəzi Komitəsində baxılmaq üçün Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ vilayətinin Ermənistanın tərkibinə verilməsi məsələsini qaldırıb”.
Sonra Malenkov Arutinovun göstərdiyi arqumentləri sadalayır: “1923-cü ildən Azərbaycanın tərkibində olan vilayətin 153 minlik əhalisinin 138 min nəfəri ermənidir. Burada kənd təsərrüfatı Ermənistanın dağlıq hissəsindəki ilə analojidir. Vilayətin Ermənistanın tabeçiliyinə verilməsi təsərrüfata rəhbərliyin keyfiyyətini artırardı. Əhaliyə doğma dilində kütləvi-mədəni və siyasi xidmət də yaxşılaşardı”.
Arutinovun sözlərinə görə, bu, erməni əhalisinin Ermənistan Ali məktəblərində təhsil almaq imkanını artırar, həm də respublikanın kadr təminatını asanlaşdırardı.
Arutinov onu da əlavə edir ki, “Məsələ müsbət həll olunduğu təqdirdə Ermənistan MK və Xalq Komissarları Soveti hökumət qarşısında Sovet hakimiyyətinin qurulmasından əvvəl dağıntılara məruz qalmış Şuşa şəhərinin bərpası təklifi ilə də çıxış edəcək”.
Malenkov bunları sadalayandan sonra Mircəfər Bağırova müraciət edir: “Ermənistan K(b)P MK-nin bu təklifinə dair öz mülahizələrinizi söyləyin”.
***
Bu teleqrama diqqətinizi yönəltməkdə bir məqsədim də var: Sovet illərini lənətləməyə aludə olanlara yaxın tarixi olduğu kimi, saxtalıqdan uzaq görkəmdə təqdim etmək - bundan sonra hər kəs öz nəticəsini çıxarsın.
SSRİ beynəlmiləlçi bir dövlətdi və bu məntiqdən çıxış edəndə Moskva Qarabağı ayırıb Ermənistana bağışlamaq istəsəydi, bunun əleyhinə çıxacaq azəri kommunistlərini asanca “millətçilik”də suçlaya bilərdi. Ancaq Malenkovun teleqramından da göründüyü kimi, Stalinin dövründə belə bu məsələ bir qələmlə yox, müzakirə, arqumentasiya və konsensusla həll olunurdu. Yoxsa ki Stalin “Hə” desəydi, guya Azərbaycan rəhbərliyi Qarabağın ermənilərə verilməsinin qarşısını ala biləcəkdi? Əlbəttə, yox.
Yeri gəlmişkən, Ermənistan kommunistlərinin başçısı Qriqori Arutinov həm də Lavrenti Beriyaya xüsusi yaxınlığı ilə seçilən fiqurlardandı. 1900-cü ildə Tiflisdə doğulmuş bu şəxs 37 yaşında - Ermənistan kommunist partiyasının bir çox rəhbərləri güllələnəndən sonra Yerevana katib göndərilmişdi. 1953-cü ildə Beriya çökəndən sonra Arutinovu da vəzifədən çıxaracaqdılar. O, 1957-ci ildə hamı tərəfindən unudulmuş halda öləcəkdi.
İndi isə qayıdaq mövzuya. Bağırov Malenkova nə cavab verə bilərdi? Sadəcə desəydi ki, “razı deyiləm”, tənqid və ittihamlar dalbadal düzüləcəkdi. Minimum halda onu “millətçilik”də suçlayacaqdılar. İşdən çıxarıb yerinə də elə kadr qoyacaqdılar ki, erməniləri sevindirəcəkdi. Odur ki, Bağırov həm ittihamlara bəhanə olmayacaq, həm də Qarabağın Azərbaycanda qalmasını təmin edəcək bir taktika seçməliydi. O isə bunu bacardı.
Artıq dekabrın 10-da Bağırov Malenkova cavab teleqramı yollayır. Əvvəlcə tarixi yada salır. Qarabağ xanlığı, Şuşanın Pənah xan tərəfindən salınması, 1826-cı ildə xanlığın Rusiya imperiyasına birləşdirilməsi barədə məlumatlardan sonra Mircəfər Bağırov qeyd edir ki, 1920-ci ildə Sovet hakimiyyəti qurulandan sonra 3 il bütün Qarabağ Vilayət İnqilab Komitəsi tərəfindən idarə olunub. Bağırov onu da xatırladır ki, artıq bir dəfə - 1923-cü ildə Qarabağın dağlıq hissəsinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi müzakirə olunub. Bağırov yazır:
“Ancaq ərazinin Ermənistanla birbaşa sərhədləri olmadığından və o, Qubadlı, Laçın, Kəlbəcər və Dəstəfyur rayonları vasitəsilə Ermənistandan ayrıldığından 1923-cü ilin 7 iyulunda Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə mərkəzi Xankəndi (indiki Stepanakert) olmaqla Dağlıq Qarabağ Muxar Vilayəti yaradılıb. Beləliklə, vilayət ərazi cəhətdən Ermənistana heç vaxt bitişik olmayıb və bitişik deyil”.
Sonra Bağırov Xankəndinin yoxsul bir kənddən mədəni bir şəhərə çevrildiyini, Azərbaycan SSR-in Ali məktəb və texnikumlarında təhsil alanların 20,5 faizinin erməni (əsasən də vilayətdə yaşayan) olduğunu misal çəkir.
Əlbəttə, bu faktlar Arutinovun təşəbbüsünü beşiyində boğmaq üçün yetərli deyil. Odur ki, Bağırov “ağır artilleriya”nı işə salır və yazır:
“Bununla belə, biz vilayətin Ermənistan SSR-in tabeçiliyinə verilməsinə etiraz etmirik, ancaq Şuşanın Ermənistan SSR-ə verilməsinə razı deyilik. Şuşa DQMV-ə daxil olsa da, orada əhali əsasən azərbaycanlıdır. Şuşa əsası qoyulandan bəri nəinki Qarabağın inzibati-siyasi və mədəni mərkəzi olub, həm də Azərbaycan xalqının işğalçılara qarşı mübarizə tarixində istisna rol oynayıb... Bu şəhərdə Azərbaycan xalqının zəngin mədəni irsi formalaşıb, onun adı ilə İbrahim xan, Vaqif, Natəvan və başqa siyasi və mədəniyyət xadimlərin adı bağlıdır”.
Və bu, hələ girişdir. Sonra Bağırov müdafiədən hücuma keçərək yazır:
“Eyni zamanda ÜK(b)P MK-nin nəzərinə çatdırırıq ki, DQMV-nin Ermənistan SSR-in tərkibinə verilməsi məsələsi ilə bir vaxtda Ermənistan SSR-in Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycanın tərkibinə verilməsi məsələsinə də baxılmalıdır. Bu rayonlar Azərbaycana bitişikdir və əsasən azərbaycanlılarla məskunlaşıb”.
İndi isə hücumun ən bariz nümunəsi: “Biz bu rayonların Azərbaycana verilməsini həm də ona görə təklif edirik ki, onların hədsiz mədəni və iqtisadi geriliyini aradan qaldırmaq üçün tədbirlər görək”. Yəni, Yerevan azərbaycanlılar yaşayan ərazilərə qətiyyən diqqət etmir və bu rayonların inkişafında maraqlı deyil.
Məsələ bununla da bitmir. Bağırov Gürcüstan rəhbərliyinin Zaqatala, Qax və Balakən rayonlarını istədiklərini əlavə edir və yazır: “Baxmayaraq ki, bu rayonlarda cəmi 9 min gürcü-ingiloy və 79 min azərbaycanlı yaşayır, biz bu məsələnin də müzakirəsinin əleyhinə deyilik. Ancaq eyni vaxtda Gürcüstanın azərbaycanlılar yaşayan və bilavasitə Azərbaycan SSR ilə sərhəddi olan Borçalı rayonunun Azərbaycan SSR-ə qatılması məsələsi ilə bir yerdə müzakirəsini istəyirik”.
Hələ bu da son deyil. Bağırov daha bir təklifdə bulunur: “Və nəhayət biz Dağıstan SSR-in azərbaycanlılar yaşayan və bilavasitə sərhəddimiz olan Qasımkənd və Dərbənd rayonlarının Azərbaycan SSR-ə verilməsini müzakirə etməyi təklif edirik. Bu rayonlar vaxtilə Azərbaycanın hissəsi, Bakı quberniyasının tərkibində olub. Onsuz da onların heyvandarlıqla məşğul olan əhalisinin yarısı ilin 9 ayını Azərbaycan ərazisində keçirir”.
Sonda Bağırov bütün təkliflərin müzakirəsi üçün ÜK(b)P Mərkəzi Komitəsinin nəzdində komissiya yaradılmasını təklif edir.
Bu bircə teleqramla bütün iddialara cavab verilir. Bundan sonra Arutinovun qaldırdığı məsələ də dərhal “unudulur” və təbii ki, heç Mərkəzi Komitədə müzakirəyə də çıxarılmır...
Məmməd Süleymanov
karabakhmedia.az