Zinada ittiham edilən qızın atasından son xahişi...

12-06-2018, 09:59           

Dünyada, ətrafımızda baş verən hadisələrə bir az diqqətlə baxsaq, əslində, bütün insanların qatil olduğu qənaətinə gəlmək olar. Bir qarışqanı tapdalamaqla, bir çiçəyi qoparmaqla, bir ağacı susuz saxlamaqla da qatil ola bilərik. Dostoyevskinin dediyi kimi: “Hamını öldürürük, sevgili dostum, kimini mərmilərlə, kimini sözlərlə, kimini etdiklərimizlə və kimini də etmədiklərimizlə...”

Ölüm nədir?

Bu, cavabını ancaq ölənlərin bildiyi və buna görə də dünyadakı insan sayı qədər müxtəlif cavab ehtimalı olan sualdır. Ancaq bir şeyi dəqiq demək olar ki, kainatın var oluşundan bu günümüzə qədər bütün insanların yekdilliklə qəbul etdiyi, daha doğrusu, inkar edə bilmədiyi yeganə həqiqət ölümdür. Və maraqlısı budur ki, bunca “ədalət” deyə fəryad qoparan insan övladı dünyada ən ədalətli olan bir gerçəyə - ölümə nifrət bəsləyir. Bəli, ölüm, ömrümüz boyu görə biləcəyimiz ən ədalətli həqiqətdir, hərənin cəmi bir payı var...

Nitşe “Allah öldü” demişdi, mənsə deyirəm ki, bu qədər günaha batmış dünyada Allah sadəcə ölə bilməz, Allahı ancaq öldürmək olar.

Necə ki, dinindən, irqindən asılı olmayaraq bütün “Allah-Allah” deyənlərin əlində bu qətlin izləri var.

Oğurluq edənin əlinin kəsilməsi, zina edənin daş-qalaq edilməsi şəriətdə vacib hesab edilib. Bəli, oğurluq çirkin əməldir, amma İlahi əmr “əlini kəsin” deyirsə, bunu hərfi mənada anlayıb, adamın əlini kəsmək vəhşiliyin ən çirkin formasıdır.

Keçən dəfə İŞİD terror qruplaşmasının yayımladığı bir video-çarxı izlədim. Qız zina etdiyi üçün daş-qalaq edilməyə hazırlanır. Atasından bağışlanma diləyir, atası qızı daş-qalaq etməyə hazırlaşan terroçuların “onsuz da öləcək, bağışla getsin” demələrinə məhəl qoymadan qızına nifrət qusur. Və nəticədə qızı öldürürlər, ilk daşı da atası atır.

Bu, bir qızın öldürülməsi faktı deyildi, bu, Allahın öldürüldüyü anın görüntüsüydü.

Adamların inandıqları Allahı zalım, vəhşi təqdim etməsi digər bütün insanların təfəkküründə Allah anlayışını öldürməkdən başqa bir işə yaramır. Çünki pis insan yoxdur, pis düşüncə var. Və Allahın insanları doğru yola çağırışlarındakı bütün ideya, doğru düşüncəyə çağırışdır.

Əgər Allah “oğurluq edənin əlini kəsin” deyirsə, anlamaq lazımdır ki, bir insana oğurluq etmə fikrini aşılayan onun əlləri deyil, düşüncəsidir. Demək ki, insanın pis düşüncəsini kəsib atmaq lazımdır, əllərini yox. Allah insanda yaratdığı heç bir üzvün istifadəsini qadağan etməyib.

İndi o bədbəxt ata öz qızını öldürürsə və ya bizim cəmiyyətimizdə insanlar analarını, bacılarını, həyat yoldaşlarını öz cahil təfəkkürlərinə qurban verib qətlə yetirirlərsə, bu, əslində, Allahı öldürməkdir, insanı yox.
Allah zalım deyil, Allah sevgidir, eşqdir! Və nə yazıq ki, hər kəsi öldürürük, sevgili dostum, hər kəsi, Allahı belə...
axar.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.