Gəncədə məmur məmuru dövlətin rəmzi adlandırır... - QALMAQAL
7-05-2019, 11:10

Çoxsaylı oxucularımızın diqqətinə onu çatdırmaq istəyirik ki, təqribən üç-dörd gün bundan öncə Gundemxeber.az saytında, Gəncə şəhərində 37-ci ilin repressiya qurbanlarından biri olan İbrahim Abdulla oğlu Eminbəylinin adını daşıyan parkda qol qoyulan olmazın hoqqalarla bağlı tənqidi açıqlama dərc etmişdik.
Yazıb onu qeyd etmişdik ki, bu gün gəncəlilər Eminbəylinin adını daşıyan parkı, vaxtilə inşa olunmuş və hal-hazırda da fəaliyyət göstərən “İzmir kababxanası”nın adı ilə daha yaxşı tanıyırlar. Parkın dörd tərəfində ayrı-ayrı şəxslərə məxsus obyektlər fəaliyyət göstərir ki, onlardan biri də Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayevə məxsus "AL market"dir. Bundan əlavə, "AL market"lə üzbəüz ərazidə bu şəxsə məxsus bir çox obyeklər də fəaliyyət göstərməkdədir. Adı çəkilən vəzifə sahibinə məxsus olan və xarici dil hazırlıq kurslarında dərs keçmək məqsədilə inşa olunmuş obyekt isə, yolun mühafizə zolağında inşa olunub. Bu da istər piyadaların, istərsə də nəqliyyat vasitələrinin hərəkəti zamanı çoxsaylı problemlərin əmələ gəlməsinə səbəb olmaqdadır.
Bu günlərdə isə, əməkdaşımız Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Elnur Rzayevlə bağlı daxil olmuş başqa bir məsələni araşdırmağa çalışarkən, o, olduqca maraqlı və hər kəsi şoka sala biləcək situasiya ilə üz-üzə qalır. Yəni, məsələnin maraqlı və təəccüb doğuran tərəfi o olur ki, əməkdaşımız İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Həsən Məmmədovla əlaqə saxlayıb, ondan məsələlərə münasibət bildirməsini xahiş etdikdə, həmin vaxt o, tarixin canlı salnaməsinin üzərindən keçərək qarşı tərəfin maraqlarının qorunması yöndə çıxış edir. Hələ bu azmış kimi o, Elnur Rzayevi dövlətin rəmzi adlandırmaqdan da çəkilnmir. O halda ortaya belə bir sual çıxır ki, Azərbaycan Respublikasının ikinci böyük şəhərində şöbə müdirinin müavini vəzifəsini daşıyan Həsən Məmmədovun, dövlətimizin rəmzləri haqqında elementar təsəvvürə malik olmamasına səbəb nədir? Axı, adı çəkilən bu şəxsin daşıdığı vəzifə heç də sıradan bir vəzifə deyil. Çünki, Həsən Məmmədov ŞİH Aparatının aparıcı şöbəsində çalışdığından, o, ən azından bilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsində qeyd olunub ki, “Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir. Azərbaycan Respublikasının Dövlət bayrağı, gerbi və himni, həm də Azərbaycan dövlətinin müstəqilliyinin rəmzidir”. Bu belə olduğu halda sual oluna bilər ki, görəsən Həsən Məmmədov belə bir “ixtira”sını nəyə və hansı mənbəyə əsaslanaraq açıqlayır və nə vaxtdan dövlət qurumunda çalışan məmur dövlətin rəmzi hesab olunur?