Elşad Miridən İlahiyyat institutunun rektoruna suallar: "Başı açıq qızımızın Quran oxuyarkən başını örtmək nə deməkdir?" FOTO
25-06-2019, 19:17

Teref.az olaraq məşhur ilahiyyatçı Elşad Miri İlahiyyat institutunda yaz imtahanları zamanı bir səhnəni profilində paylaşaraq fikir bildirib. Şəkildə göründyü kimi auditoriyada şagirdlər var. Oğlanlar və 1 qız. Qızın başı və qolları açıq müasir geyimlidir və qarşısında kitab var. Lakin qıza içəri girən komisiya üzvləri qarşısında isə başını bağladaraq ona Quran oxudurlar.Elşad Miri bu hadisəni tənqid edərək status paylaşıb.
Elşad Mirinin statusunu təqdim edirik:
"Bu şəkil sizə nə deyir?
İlahiyyat institunda yaz semestri imtahan sessiyasında bir qızımız Quran oxuyarkən... Bəlkə Qurandan imtahan verərərkən... Daha doğrusu üzündən təcvidlə oxumaqdan...
İlahiyyat institutunun bu yanaşması mövhumat deyilmi?
Mövhumata və xurafata qarşı mütəxəssis yetişdirmək budurmu?
Başı açıq qızımızın Quran oxuyarkən başını örtmək nə deməkdir?
Fazil Bəy, siz nə deyə bilərsiniz? Rektor Ceyhun bəyi əlavə etsəm də, dərhal buradan çıxır. Komitə sədrinin müavini Gunduz bəy isə yəqin ki, susmaqla "cavab" verəcək... "
Teref.az yazır ki, daha sonra Elşad bəy daha 3 sualla müraciət edib:
1. Başıaçıq Quran oxumağın həmin kitaba hörmət və ədəb baxımından düzgün olmadığını iddia edirsiniz. Bunu nəya əsasən deyirsiniz? Quranın belə bir tələbi və ya Quranı insanlara çatdıran Allahın Elçisinin belə bir əmri və ya tövsiyəsi olubmu?
2. Qeyd etdiyiniz ədəb niyə qadınlara aid olur, kişilər isə hətta şortiklə də olsa, oxuya bilirlər?
3. "Quran Allah kəlamı olduğu üçün imkan daxilində hicaba riayət etmək lazımdır" deyirsiniz. İmkan yoxdursa, başı-açıq Quran oxumaq o zaman sizin yazdığınız kimi, Qurana qarşı hörmətsizlik və ədəbsizlik olmurmu?
Teref.az bu suallarla Aİİ-na müraciət etdi və onların mövqeyini öyrənərək oxuculara çatdırır.
İlahiyyat İnstitutunun bu yanaşması mövhumat deyilmi?
Mövhumata və xurafata qarşı mütəxəssis yetişdirmək budurmu?
Başaçıq qızımızın Quran oxuyarkən başını örtməsi nə deməkdir?
Azərbaycan İlahiyyat İnstitutu dünyəvi ali təhsil müəssisəsidir. İnstitutun məqsədi din sahəsində dərin biliklərə malik mütəxəssislər yetişdirməkdir. Dünyəvi təhsil sisteminin üstünlüyü ondadır ki, orada heç kəsə geyim tərzi ilə bağlı məcburiyyət tətbiq oluna bilməz. İlk gündən bəri İnstitutun yanaşması da belədir. İstəyən hicab geyinir, istəməyən geyinmir. Bu barədə heç bir məcburiyyət yoxdur.
Qeyd edək ki, İnstitutumuzda tələbələrin dünyəvi təhsil müəssisəsinə uyğun rəsmi geyim forması mövcuddur. Dünyanın əksər ölkələrində bu təcrübə mövcuddur, həmçinin ali dini təhsil müəssisələrinin bir çoxunda vahid geyim forması tətbiq olunur.
Paylaşılan fotoya gəldikdə isə, “Qurani-Kərim” fənnindən keçirilən imtahana baxış zamanı İctimai Nəzarət Şurasının nümayəndələri tələbələrimizin Quran oxumasını dinləmək istədilər. İki nəfər tələbə Quran oxudu. Birinci kursda oxuyan həmin tələbəmiz də öz təşəbbüsü ilə başını örtərək Quran oxudu. Oxuduğu Quran qonaqların da xoşuna gəldi. Hətta qonaqlardan biri həmin tələbədən niyə başını Quran oxuduğu əsnada örtdüyünü və bunun hansı mənaya gəldiyini soruşdu. Tələbənin cavabı eynilə belə oldu: “Örtməyə də bilərdim, amma hörmət əlaməti olaraq örtürəm”.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunda həm dini, həm də dünyəvi fənlər tədris edilir. Dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları tədris olunmaqla yanaşı, eyni zamanda, Müqayisəli dinlər tarixi; Din psixologiyası; Müqəddəs mətnlərin hermenevtikası; Elm və din; Müqayisəli teologiya; Mistisizm; Din fəlsəfəsi; Din sosiologiyası; Din psixologiyası; Müqəddəs kitabların müqayisəsi; Yeni dini hərəkatlar; Qərbdə İslam tədqiqatları; Sosial elmlərin metodologiyası; Yəhudilik və Xristianlıq; Hind-Çin dinləri öyrədilir.
Həmçinin Aİİ-də Azərbaycan tarixi; Azərbaycan dili və nitq mədəniyyəti; İnformatika və kompüter texnologiyası; Mülki müdafiə; Multikulturalizmə giriş; İslam ölkələri tarixi və coğrafiyası kimi fənlər də geniş tədris olunur.
Tələbələr ingilis, ərəb, klassik ibrani və fars dillərini yüksək səviyyədə öyrənmək imkanına malikdirlər. Bütün xarici dillər peşəkar mütəxəssislər tərəfindən müasir metodlar əsasında 4 dil bacarığının – oxuma, dinləmə, danışma, yazma inkişafı istiqamətində tədris edilir.
Aİİ Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin olunması məqsədilə müasir təhsil standartları və dünya təcrübəsi əsasında təsis edilən yeni ali dünyəvi təhsil müəssisəsidir.
Teref.az

