Mikayıl Cabbarov üçün məşğuliyyət tapıldı... - Ağcabədidə təhsil biabırçılığı...

4-12-2015, 14:28           
Mikayıl Cabbarov üçün məşğuliyyət tapıldı... - Ağcabədidə təhsil biabırçılığı...
Redaksiyamıza təqdim olunan açıqlamalarda vurğulanır ki, RTŞ müdiri bu dəfəki pul yığımının birbaşa Ağcabədi RİH-nin başçısı Şahin Məmmədovun tapşırığı əsasında həyata keçirildiyinibəyan edib. Məqalədə həmçinin qeyd olunmuşdu ki, Mehdi Əhmədov məktəb direktorlarına hər müəllimdən 50 manat məbləğində pul yığılması barədə göstəriş verib. Dünən aldığımız növbəti açıqlamada isə, bu məsələnin bəzi təfərrüatları da təqdim olunur. Məlumatda deyilir: “Bu dəfə yığılan pulların kimin “ehtiyaclarının” təmin olunmasına məsrəf olunacağı barədə tam məlumatımız yoxdur. Direktorlar Mehdi müəllimə istinad edərək bildirirlər ki, bu şəxsən başçının tapşırığıdır. Heç inanmağımız gəlmir ki, bu boyda rayonun bütün resursları tükənib, indi də yeganə ümid qalıb müəllim maaşına. Amma bunun bizim üçün elə də fərqi yoxdur. Guya bundan əvvəl yığılan pulların hara xərcləndiyini bilirdik? Əsas odur ki, göstərilən məbləğ müəllimlərin oktyabr ayına olan əmək haqqlarından tutulur...” Ötən materialda biz artıq qeyd etmişdik ki, Ağcabədi məktəblərində dərs deyən müəllimlərdən müxtəlif bəhanələrlə pul yığılması halları barədə ölkə mətbuatında əvvəllər də dəfələrlə məlumatlar dərc olunub. Elə dünən aldığımız və yuxarıda sizə təqdim etdiyimiz açıqlamada da bu fakt öz təsdiqini tapıb. Bundan başqa isə, elə həmin məlumatda Ağcabədi məktəblərində həyata keçirilən pul yığımlarında xüsusi canfəşanlıqları ilə seçilən bəzi direktorların da adları vurğulanır: “İnsaf naminə demək lazımdır ki, bəzi direktorlar bu soyğunçuluğa qarşı zəif də olsa, etiraz səslərini çıxarmağa cəhd göstərirlər. Amma bir çoxları sanki bu anı çoxdan gözləyirmişlər kimi, elə canfəşanlıq nümayiş etdirirlər ki, adamı heyrət bürüyür. Məsələn, 1 saylı məktəbin direktoru Səadət xanım, 3 saylı məktəbin direktoru Tofiq müəllim, 6 saylı məktəbin direktoru Əsgər müəllim, 8 nömrəli məktəbin direktoru Anar müəllim. Başa düşmək olmur ki, bu direktorlar yığılan pullara şərikdirlər, yoxsa sadəcə özlərini rəhbərliyin “gözünə soxmaq” niyyəti güdürlər. Yeri gəlmişkən, 3 saylı məktəbin direktoru Tofiq müəllimin özbaşınalıqları da tamamilə ayrıca bir mövzudur. Rayonda hamı onu Ağcabədinin deputatı Tahir Rzayevin adamı kimi tanıyır. Buna görə də, Tofiq müəllimin necə deyərlər, qılıncının tiyəsi də kəsir, qəbzəsi də...” Digər tərəfdən isə, bizimdovr.az-a daxil olan məlumatlarda Mehdi Əhmədov tərəfindən həmçinin dövlət vəsaittlərinin mənimsənilməsi məqsədilə də mütəmadi olaraq müxtəlif maxinasiyalara yol verildiyi iddia olunur. Bildirilir ki, RTŞ rəhbərliyi rayonda təhsil sahəsinin inkişafına ayrılmış dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə daha çox məhz “tender maxinasiyaları”na üstünlük verir. Ötən materialda da biz qeyd etmişdik ki, istər bu şübhəli əməliyyatların mahiyyəti, istərsə də bu günlərdə rayonun orta məktəb müəllimlərindən yığılan pullar barədə aldığımız məlumatlara RTŞ rəhbərliyi tərəfindən hər hansı münasibət bildirilməsini çox istərdik. Amma Mehdi müəllimin başı hələlik sırf prosesin özünə bərk qarışıqdır. Ona görə də məqaləmizin düzgün yazılmadığını deməklə canını qurtarmağa çalışır. Bu məqsədlə direktorları başına toplayıb bir müraciət də hazırlayıblar ki, güya yazdıqlarımız düz deyil.

Materialda adı keçən bütün tərəflərin mövqeyini dinləyə bilərik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.